Aydın Məmmədovun
xatirə günü keçirildi
GÖRKƏMLİ SİYASİ
VƏ İCTİMAİ XADİMİN 70 İLLİK
YUBİLEYİ ƏSASINI QOYDUĞU AZƏRBAYCAN
TƏRCÜMƏ MƏRKƏZİNDƏ QEYD EDİLDİ
Ötən gün görkəmli ictimai və siyasi xadim, alim
türkoloq Aydın Məmmədovun 70 illik yubileyinə həsr edilmiş anım günü keçirildi. Görüş
onun yaradıb əsasını qoyduğu
və dünyasını
dəyişdiyi günəcən
rəhbərlik etdiyi Azərbaycan
Tərcümə Mərkəzində
keçirildi. Aydın
Məmmədovun çiyin-çiyinə
çalışdığı həmkarları, dostları,
qonaqlar bir masa arxasında toplaşmışdılar. İllər
keçməsinə baxmayaraq,
Aydın Məmmədovun
sağlığında olduğu
kimi onun iş otağının qapıları onu sevənlərin üzünə
taybatay açıq idi. Yanvar ayının 16-sı Aydın Məmmədovun yubileyinə həsr edilmiş bu görüş rəsmiyyətdən
kənar olması ilə fərqlənirdi.
Onunla birlikdə çalışan
insanlar, dostları Aydınlı günlərdən
danışıb, sevindilər
də, kədərləndilər
də. Masa arxasında Afaq Məsud, Ramiz Rövşən, Vaqif Bayatlı, Xanım İsmayılqızı, Tofiq
Abdin, Zakir Fəxri, Saday Budaqlı, Yaşar və Tərcümə Mərkəzinin bir sıra digər işçiləri, qonaqlar
Aydın Məmmədovun
sönməz işığına
yığışaraq heç
vaxt unuda bilməyəcəkləri xatirələrdən
danışdılar, onlar
üçün əziz
olan anları yada saldılar. Aydın Məmmədovun əsasını qoyduğu
Tərcümə Mərkəzinin
hazırkı sədri
Afaq xanım öz xatirələrini belə dilə gətirdi : " Aydın
bir çox titulların sahibi olsa da mən
bu gün onun haqqında, xatirimdə kövrək uşaq ürəyi, səmimiyyəti ilə qalan dostumuz kimi danışmaq istəyirəm. Mərkəz onun üçün
çox doğma və əziz bir yer idi.
Bu gün bizi
də bu ocağa çəkən
Aydının miras qoyduğu sevgidir. Onun kitablarını, məqalələrini
dərc edib çıxarmağı özümə
mənəvi borc bilirəm. Bunun üçün də çalışdığım
insanlarla birlikdə əlimdən gələn
hər şeyi etməyə hazıram.
Aydın o qədər
sadə insan idi ki, biz onu sədr, bizdən rütbəcə böyük
biri kimi görmürdük. O, hamımızdan
biri idi... "
Hər zaman bir dost kimi Aydın Məmmədovu xatırlayan,
tez-tez onu yad edən Vaqif
Bayatlı da, alimin yoxluğuna təəssüf etdiyini bildirərək, şeirlərinin
birindən sitat gətirdi :
"Ölən dostları görməyə
ən kəsə yol ölməkdi indi,
odu ki, öldük gəldik yanına,
deyirsən, ölməyəydik,
səni gözləyəydik
bir az da yenə,
axı, Aydın, biz hardan biləydik,
sən daha qısa, daha kəsə
ölümsüz bir İlahi yolu
tapmaq üzrəymişsən
bu yana".
Zakir Fəxri
Aydın Məmmədovun
xüsusiyyətlərindən, özünəməxsusluğundan, vəfatından bir neçə gün əvvəl onunla etdiyi söhbətdən ürəkdolusu danışaraq
həyatın qəribəliklərindən
şikayətləndi.
Xanım
İsmayılqızı da
Aydın Məmmədovun
onun yaradıcılığında
oynadığı roldan,
üstün zəkasından
söz açdı : " O heç vaxt getdiyi tədbirlərə
hazırlaşmaz, özü
ilə nə dəftər, nə qələm götürməzdi".
Ramiz Rövşən onunla dostluq münasibətlərindən
söz açaraq, Aydın Məmmədova
Allah tərəfindən bəxş
edilmiş istedaddan, yaddaşından, etdiyi zarafat dolu söhbətlərdən
və unudulmaz anlardan danışdı. Yaşar Aydın Məmmədovun insani keyfiyyətlərindən
danışdı. "Aydın zamanla birlikdə hərəkət
edən insandır.
47 yaşında vəfat etməsinə baxmayaraq, mən onu qəribə də olsa o vaxt da, indi
də elə 70 yaşında insan kimi təsəvvür edirəm. Bu müdriklik onda sanki anadangəlmə və əbədidir".
Sonda Afaq Məsud mərasimi yekunlaşdıraraq Aydın
Məmmədovun işıqlı
xatirəsinin bütün
Azərbaycan xalqının
daim ürəyində
yaşayacağına əminliyini
qeyd etdi.
Məhəbbət
Firəngiz
525-ci qəzet.-
2019.- 17 yanvar.- S.7.