Qədir Rüstəmov haqqında "Qeybdən gələn səs"...

 

...SURXAY ƏLİBƏYLİNİN TƏQDİMATINDA

Bu yaxınlarda publisist Surxay Əlibəylinin görkəmli muğam ifaçısı, Xalq artisti Qədir Rüstəmova həsr olunan "Qeybdən gələn səs" kitabı işıq üzü görüb.

Toplu bir neçə bölmədən ibarətdir. İlk hissədə Qədir Rustəmovun ümummilli lider Heydər Əliyevlə görüşü, Prezident İlham Əliyevə ünvanladığı məktub rəsmi təbriklər yer alıb.

"Xatirələr" bölümündə isə görkəmli sənətkarla bağlı memuar yazıları öz əksini tapıb. Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov "Qədir Rüstəmov Ağdama bağlı idi" yazısında mərhum sənətkarın səsini ona Tanrı tərəfindən bəxş edilmiş töhfə kimi səciyyələndirib: "İlahi, bu səsdə, necə yanğı var idi. O elə bil hamının adından oxuyurdu. O elə bil hamının qəlbinə girib onlara rahatlıq verməyən dərdi, əzabı oradan çıxarmağa çalışırdı. Qarabağın, Ağdamın işğalı Qədiri sarsıtdı. Qəddini çəydi. Harada yaşadısa, özünə yer tapa bilmədi Qədir. Köçəri quş oldu Qədir. Ağdama sarı qanad çalıb uçmaq istədi...". Bu bölümdə həm xalq artistləri Arif Babayev, Qəndab Quliyeva, Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov, Bilal Hüseynov, şair Abdal Qəhrəman, Aydın Mehrəliyev, əməkdar incəsənət xadimi Çingiz Abbasov, əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmov, Ağdam suvarma sistemləri idarəsinin rəisi Hafiz Əzimzadə, "Qarabağ bülbülləri" ansamblının yaradıcısı bədii rəhbəri Murad Rzayev kitabın müəllifi Surxay Əlibəylinin xatirə düşüncələri toplanıb.

"Məqalələr" bölümündə isə Aqil Abbas, Bəxtiyar Vahabzadə, Mustafa Çəmənli, Yelmar Qasımov, İntiqam Mehdizadə, Qəşəm İlqar, Surxay Əlibəyli, Akif Səməd, Firudin Şuşinski, Fəxrəddin Hacıyev, Kamil Vəli Nərimanoğlu, Raqub Kərimov, Yusif Savalan, Vüsalə Mahirqızı, Sevinc Akifqızı, İmran Bədirxanlı, Əbülfət Mədətoğlu, Asif Mərzili, Şərif Ağayar, Ulduzə Qaraqızı, Ələmdar Quluzadə, Ceyhun Musaoğlu, Fariz Çobanoğlu başqalarının müxtəlif dövrlərdə mətbuatda çap olunmuş yazıları oxuculara təqdim olunub.

"... Qədir gəlmişdi. İstəyirsiniz inanın, istəyirsiniz dünəndən inanmayın. Mən Qədirin səsini gördüm.

Qədir oxudu mən Qədirin səsini bir daha gördüm. O rəngləri gördum, o rənglərin içindən boy verib görünən Ağdamı gördüm, Qarağacını gördüm, Əsgəranı gördüm, amma Şuşaya çata bilmədi. Namərd Şuşaya çataçatda səsini kəsdi. Sanki demək istədi ki, buracan səni mən gətirdim, kişiliyin var, burdan belə özün get...". Bu məqalə kitabda Qədirlə bağlı çoxsaylı məqalələr qələmə almış Aqil Abbasın yazılarından birindən götürülüb.

Kamil Vəli Nərimanoğlu "Qədir əzabı" adlı maraqlı yazısında vurğulayır: "Dünyada bir Qədir Rüstəmov əzabı var. Qədir Rüstəmov dərdinin səsə çevrilmiş varlığı yox olanların, itirilənlərin əzabı, harayı, hönkürtüsü. Bu yaxınlarda bəlkə neçə mininci dəfə "Sona bülbüllər"i dinlədim. Yenə heyrətləndim, yenə hövlləndim, yenə sarsıldım. Qədirin səsindəki tale qaçınılmazlığı məni yenidən böldü, parçaladı bu bölünmə, parçalanma mənə yeni qapılar açdı. Neçə min il əvvəl dünyada dərd olub. Bu dərdi "Sona bülbüllər" bilib. Allah insana sonsuz dərd verdiyi kimi sonsuz əlac da verib. Füzuli əzabının Füzuli əlacı var. Qədir əzabının da əlacı elə Qədir özüdür".

Kitabın tərtibçisi Surxay Əlibəylinin "Qeybdən gələn səs" məqaləsində isə həm Qədir Rüstəmovla bağlı xatirələr, həm mərhum sənətkarla səmimi müsahibəsi qələmə alınıb: "Bir gün gecə Dağlıq Qarabağın kəndlərindən birində 12-13 yaşlarında uşağı qoyun otaran gördük: "Balaca kişi, gecənin bu vaxtı pasibanın varmı?" Dedi var: "Qulağıma Qədirin səsi gəlir". Fikirləşirəm ki, belə bir səsi olan xalqın uşağı heç yerdə, heç kəsdən qorxmamalıdır".

Kitabda "Qədir bədii əsərlərdə" mövzusu da öz əksini tapıb. Eyniadlı bölmədə Bəxtiyar Vahabzadə, Əbülfəz Hüseyni, Seyran Səxavət, Zakir Fəxri, Hüseyn Kürdoğlu, Teymur Qəhrəmanov, Ruzgar Qurbanova, Mahmud Vəli, Qaçay Köçərli, Rafiq Oday, Nazlı Ağayeva digərlərinin mərhum sənətkara həsr olunmuş hekayə şeirləri verilib.

Topluda həmçinin Qədir Rüstəmovun müxtəlif vaxtlarda görkəmli sənətkarlarla fotoşəkilləri yer alıb.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 24 yanvar.- S.7.