Köhnə tanışlar: Aydın Məmmədov-( 70 )- 4

 

AYDIN HAQQINDA FRAQMENTLƏR

 

SƏHİFƏNİN QONAQLARI YAZIRLAR

İllər öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə Mərkəzidir və həm də burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir,ötənlər yada düşür və yavaş-yavaş xatirələr qımıldanır. Hərə öz bildiyindən danışır. Bu danışıqlar zamanı  həqiqətən rəhmətlik Aydın müəllim hər dəfə xatırlanır və onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev adında. Onun da yavaş-yavaş qırışığı açılır və Aydın müəllimlə işlədiyi günləri  açıb çözələyir. Mən hər dəfə ona deyirəm ki : kişi bunları qızmaqara elə, ardını mən düzüb qoşaram.Bax neçə illərdi bu beləcə davam edir.Amma ay danışır ha Aydından. Danışmağa nə var ki... Danışmağa hamı pərgardır.Di gəl yaz e...Keç  kompüterin arxasına yaz ey... 

 

 

 

Şakir Yaqubov

 

AYDIN MƏMMƏDOVLA SON GÖRÜŞ

 

(Yaddaşımın küncündən...)

 

 

...90-cı il dekabrın 4-ü, ya 5-iydi. “Kommunist”dəki iş otağımda oturub işləyirdim. Tutqun, sərin havalı bir gündü. Mənsə, adətim üzrə, balaca otağın qapısını yenə aralı qoyub işləyirdim.

Ayaq səsindən  qarşımdakı kağız-kuğuzdan nəzərlərimi ayırıb qapıya tərəf boylananda həmin dövrdə respublikada az qala Əbülfəz Elçibəy qədər, rəsmi dairələrdə isə ondan da çox populyar olan filoloq-tənqidçi Aydın Məmmədovu gördüm. Aramızda 6-7 il yaş fərqi vardı, amma təxminən on beş ildi ki, çayxana tanışı idik: professor Kamil Vəlinin, yazmaqdan daha çox şəbədə qoşmağa meyilli olan və xeyli əvvəl “Ulduz” jurnalında çap etdirdiyi “Çarpaz bucaqlar” hekayəsi ilə tanınan Vidadi Məmmədovun (Vidoşun), “eMVeDe” Oqtayın (Məmmədovun), can bir qəlbdə olduğum qələm dostum Pərviz Əliyev-Elsevərin, məşhur “Roma” – Ramizin, Gənc Tamaşaçılar Teatrının artistləri Niyazi və Vahidin tez-tez, şairlər Ramiz Rövşənin və Vaqif Bayatlının isə təsadüfdən-təsadüfə yığışdığı Filarmoniya bağındakı çayxanadan.

Ən son görüşümüz 90-cı il yanvarın... gərək ki, 25-i axşamı “Kommunist” nəşriyyatının mətbəəsində olmuşdu – məşhur qazax yazıçısı Oljas Süleymenovla qəzet sexinə, təkcə “Kommunist”in növbəti nömrəsinin hazırlandığı sexə gəlmişdi: oradakı işçilərə, mətbəə fəhlələrinə ürək-dirək, öyüd-nəsihət vermək üçün. O  mənada ki, “bu qan yerdə qalan deyil”, “işləmək lazımdır, qəzeti buraxmaq, bu faciəni tarix üçün əbədiləşdirmək lazımdır”...

Aydın elə həmin “Qara yanvar” hadisələri ilə bağlı MK-da keçirilmiş hansısa yığıncaqdakı ağıllı, təmkinli, dərin məzmunlu, qeyri-standart nitqi ilə məşhurlaşmışdı, eləcə onun “filoloji təfəkkür” ifadəsi nəyə desən dəyərdi...

İndi isə 90-cı il başa çatmaqda idi, sentyabrın 30-da Ali Sovetə seçkilər bizim kim olduğumuzu bir daha özümüzə sübut eləmişdi, məsələn, əvvəlki 45 il ərzində sovet hökumətinə də boyun əyməyən ALİM-QƏHRƏMAN Ziya Bünyadovu həmin seçkilərin birinci turundaca (ikinci tur oktyabrın 14-də keçirilmişdi – Ş.Y.) uduzdurmaqla. “Ölərik, Qarabağı vermərik” deyə-deyə Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini həmin Aydın Məmmədovu da “qapı dalında” qoymuşduq. Mən o dövrdə bilavasitə reportyorluqla məşğul olmasam da, redaksiyanın “ştab”ına – katibliyə rəhbərlik elədiyim üçün respublikada gedən proseslərə dair məlumatlardan, necə deyərlər, kimin əlinin kimin cibindən çıxmasından yetərincə xəbərdar idim.

...Aydını otağa dəvət elədim, rəsmi hal-əhval tutduq və gəlişinin səbəbini soruşdum, əli ilə yuxarı mərtəbəyə işarə edərək:

– Vaqifin yanına gəlmişdim, – dedi.

Heç yadımda deyil ki, səbəb nəydi: saat təxminən 11 olardı, adi, qeylü-qalsız iş günü idi, amma redaksiyada son dərəcə az adam vardı, Vaqif, yəni Bəhmənli Vaqif beşinci mərtəbədə otururdu, mən isə üçüncüdə – bu qədər məsafədə məskən salmağa Aydın özünə bab olan bir otaq-adam tapa bilməmişdi.

– Vaqiflə... xeyirdimi, – çəkinə-çəkinə soruşdum. Onacan həmişə odlu-odlu, əl-qolunu ölçə-ölçə danışan gördüyüm Aydın çox sönük tərzdə, hətta mən deyərdim ki, ümidsizcəsinə:

– Özüynən sözləşmişdik, məndən yazasıydı, – dedi.

Mən anladım: bir sıra dairələr üzrə Ali Sovetdə boş qalan deputat yerlərinə dekabrın 16-da təkrar seçkilər keçiriləcəkdi, Aydın da sentyabrın 30-da keçmədiyi dairənin əvəzinə yeni dairədən – Nərimanov rayonundakı 37 nömrəli Cıdır seçki dairəsindən namizədliyini irəli sürmüşdü və o düşüncədəydi ki, əgər “Kommunist” qəzetində onun haqqında yazı verilmiş olsa, yəqin ki, bu, onun namizədliyinin ən yüksək səviyyədə dəstəkləndiyinin göstəricisi olacaq və xalq deputatı (o vaxtkı seçkilərdə parlament üzvlərinin rəsmi statusu belə idi – Ş.Y.) seçilməsinə ağıllı-başlı yardım edəcək. Həmin an mən bu məqama sidq-ürəkdən şübhə eləsəm də, bunun əksini düşünənlər xeyli çoxuydu və görünür, elə Aydın da onlardan biriydi.

Mən düşündüyümü dilimə gətirdim:

– Sənə nə yazı?! Nəyin varsa, göz qabağındadır, daha səni də seçməyib bəs kimi seçəcəklər?

Aydın hər halda mənim də bu redaksiyada həlledici söz sahiblərindən biri olduğumu və sanki bu sözlərlə Vaqifin yazısına mane olacağımı zənn edərək ümidsizcəsinə:

– Baxma da, yazı da bir dəstəkdir, hər halda xeyri olmamış olmaz, – dedi.

Necə deyərlər, daha uzatmağın yeri deyildi, həm də bir daha təkrar edirəm ki, Aydının həmin andakı çarəsizlik əhval-ruhiyyəsi məndən mövzunu qapatmağı tələb edirdi. Ona görə də qətiyyətlə dedim:

– Sən arxayın ol, Vaqif gələn kimi ona çatdıraram, tapşıraram ki, işi sürətləndirsin. Tərtibatına isə bacarığımız dairəsində “maya qoyarıq”...

Görünür, həqiqətən də mənim otağımda oturmağın mənasızlığını başa düşərək xudahafizləşib getdi.

...Vaqif Bəhmənlinin deputatlığa namizəd Aydın Məmmədov barədə o yazını yazıb-yazmadığını xatırlamıram. Amma Aydın dekabrın 16-da xalq deputatı adını qazandı...

1991-ci il fevralın 5-də Ali Sovetin birinci sessiyası açıldı. Aydın ilk gündən məntiqli çıxışlarıyla yenə önə çıxdı, parlamentin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri seçildi və...

Deputatlığı cəmi iki ay yarım çəkdi – aprelin 19-da elm və siyasət üzrə həmkarı Dilarə xanım Əliyeva ilə ata yurdu Şəkiyə gedərkən avtomobil qəzasında həlak oldu.

Mən isə canlı Aydın Məmmədovun simasında sonuncu dəfə gördüyüm o məhzunluğu, o ümidsizliyi, o yazıqlığı 22 ildir ki, unuda bilmirəm...

 

 

AZƏR ABDULLA

ESSEDƏN SƏTİRLƏR

 

 

...Dissertasiya işimi rus dilinə çevirməyi Aydın boynuna götürəndə başqa tərcüməçilərlə müqayisədə ödəyəcəyim əmək haqqının daha sərfəli olmasından başqa mənim dissertasiya işimdə qüsur sayılmış bədii üslubumun onun tərcüməsində bir cümlə, bir ifadə, bir sözün belə dəyişdirilib, yaxud əlavə edilib elmi üslubda səslənəcəyini güman etdiyimdən içimdə gizli bir arxayınlıq, sevinc duyurdum. Ancaq dissertasiyamı tərcümə edib mənə verəcəyi ayı, günü – dəqiq vaxtı dəfələrlə təyin edib, vaxt bitəndə isə birinci dəfə sözləşirmiş kimi, son dərəcə arxayın soyuqqanlıqla yeni bir müddət təyin edirdi. Müdafiəmin vaxtına lap az qaldığından mən əsəbiləşib onunla mübahisəyə girir, sözləşir, üz-göz olurdum.

“Əgər bu dəfə də aldatsa, onunla dalaşıb dissertasiyamı geri alacağam” – düşünürdüm.

Akademiyanın beşinci mərtəbəsində uzaqdan mənə sarı gəldiyini görəndə, bu dəfə onun üzünə gülümsəmədim, Ədəbiyyat İnstitutu direktorunun kabeninin önündə ayaq saxlayıb məni gözləyirdi. Ona çatanda soyuqqanlı əlini mənə uzatdı, sonra qoluma girdi: – Qurtarmışam, bir az qalıb – başıyla direktorun kabinetinə – Əziz müəllim çağırıb, bir dəqiqəyə girib çıxıram. Gedək bir yerdə qurtarım verim.

Onun iş otağında masanın üstündə yazılarımın və onun vərəqin yarısınacan elədiyi tərcümə işini yazıb davam etməyə başlayanda bir az toxtadım. Ancaq vərəqi yenicə yazıb doldurmuşdu, qapı açıldı. Moskvadan qonaqların gəldiyi, yenidən direktorun yanına çağrıldığı bildiriləndə o, narazılıqla başını bulayıb sakitcə:

– Görürsən də – dedi. Ayağa qalxıb qapıdan çıxanda: – Otur gəlirəm, darıxma, çətini başlayıncadı, iki günə qurtaracam, – söylədi.

Bundan sonra Aydın hər dəfə bir-birinə bənzəməyən, orijinal səbəblər söyləyib, bir neçə dəyə yenidən vaxt təyin etsə də, məni həyəcan və narahatçılıqdan qurtara bilmədi. Hər dəfə onun yanından əliboş qayıdanda əsəbiləşir, qanım qaralır “gələn dəfə yalançı çıxsa” ona ağır sözlər söyləmək və onunla dalaşmaq, lap yumruq davasına çıxıb münasibətlərimizə son qoymaq ağlıma gəlsə də, onunla qarşılaşanda bunları bacarmırdım. Bəlkə səbəbi bir vaxt Yazıçılar Birliyinin “Natəvan” klubunda kürsüyə qalxıb bir nəfəsə söylədiyi dərin məzmunlu, parlaq bir çıxışının, ədəbi jurnallarda oxuduğum bənzərsiz tənqidi, nəzəri, analitik yazılarının, bəlkə inanıb hörmət bəslədiyim alimlərin onun barəsində söylədikləri “qeyri-adi təfəkkürü var” fikirlərinin, bəlkə birgə yarışdığı dostları, həmkarlarını on üç il irəli – qabağa buraxandan sonra gəlib onlara çatması, onları ötməsi, onları çox-çox arxada qoymasının xofu idi məni basan?..

Yox, yox, bunlar deyildi, sonralar, çox sonralar ağlıma gəldi ki, dilimin bağlanmasının əsas səbəbi, yamyaşıl, işıqlı may günü ilanlar qabığından çıxan təkin adamlar isti qış paltarlarını yenicə soyunub quş kimi yüngülləşdiyi, uçmaq istədiyi bir vaxt Sabir bağının yanındakı küçədə qabağımıza çıxıb ruhu bədəndən oynadan gözəllər barəsində şirin-şirin, bir az da yanğı və həsrətlə danışa-danışa Nizami muzeyinə sarı sallanarkən, bəlkə məni özünə doğma, məhrəm bilib ürək qızdırdığından, inanıb etibar etdiyindən, onun dediklərini heç vaxt, heç kimə söyləməcəyimə əmin olduğundan (tanışlar, dostlar deyəsən həm də bu xüsusiyyətimə görə mənə hörmət edir) içindəki azadlıqdan, demokratik hisslərinin hüdudsuzluğundan, son dərəcə müasir-avropasayağı olmasındandı, özünü məndən və yaşadığımız yüzillikdən min il qoca – qosqocaman sandığındandır ki, ata-anaya, bacı-qardaşa, dost-sirdaşa belə deyilməsi mümkün olmayan bir intim sirrini asanlıqla, çox asanlıqla, sanki onun həyatına dəxli olmayan bir xəbəri – “sabah havanın yağacağını” sakitcə mənə söylədi. Bu vaxtacan heç yerdə, heç kimə demədiyim və indən belə də heç yerdə, heç kimə deyə bilməyəcəyim həmin sirkin qeyri-adiliyindən çox, onun bu gizli əhvalatı, bu sirri dostu və doğması olmayan mənə inanıb etibar etməsi idi. Məncə bu intuisiya, bu fəhm və qeyri-adi bu cəsarət Aydın fenomeninin bənzərsiz çalarlarından, komponentlərindən biri idi. Əslində Aydın Məmmədov barəsində yazmaq istədiklərim bunların heç biri deyildi...

 

26 oktyabr, 2001-ci il

 

Tofiq ABDİN

525-ci qəzet.- 2014.- 25 yanvar.- S.23.