Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti

 

İLK XEYRİYYƏ TƏŞKİLATLARININ YARANMASI

Azərbaycanda ilk xeyriyyə cəmiyyətinin yaradılması Həsən bəy Zərdabinin adı ilə bağlıdır. XIX əsrin 70-ci illərinin əvvəllərində Axund Molla Cavad H. Zərdabiyə müraciət etdi: "Gəlin nəsə edək.Həsən bəy, məktəblərin açılışına şirkət təşkil edin. Türk dilində nizamnaməni yazın. Şəhərin 200 adlı-sanlı vətəndaşının siyahısını təşkil edin, onların hər birindən 50 rubl olmaqla üzvlük ödəmələrini yığın. Və gəlin məktəblər açaq. Bakıda xeyriyyə cəmiyyətini yaratmaq mütləq lazımdır". Buna H. Zərdabi cavab verdi ki, xeyriyyə cəmiyyətinin nizamnaməsi təşkil edilmişdir və ödəmələr yığılır.

Beləliklə, 1872-ci ildə ilk dəfə Azərbaycan milli xeyriyyə cəmiyyəti yaradıldı. Nizamnamənin birinci bəndində yazılmışdı: "Zaqafqaziyanın müsəlman əhalisinin artan ehtiyacını onların yoxsulluğunu nəzərə alaraq, biz oxuyanlara kömək və vəsaitlərə malik olmayanlar üçün cəmiyyət yaradırıq". Həsən bəy Zərdabi Azərbaycanda bütün ziyalı insanları bu işə cəlb edirdi.Tanınmış ziyalılar olan N. Vəzirov və Ə.Gorani də ona kömək edirdilər. Onlar böyük zəhmətlə ödəmələri yığırdılar. Bu, Həsən bəyi qətiyyən ruhdan salmırdı. 1872-ci ildə o, Qafqazı şəhərbəşəhər gəzərək, cəmiyyətə üzv toplamağa başlayır. Üzv yazılanlar ona üzvlük haqqından başqa əlavə ianə də verəcəklərini vəd edirlər. Bakıya qayıdan Həsən bəy cəmiyyətin başqa işlərini də sahmana salmaqla məşğul olur. Bu müddətdə Qafqaz şəhərlərindən cəmiyyətin xəzinəsinə xeyli pul daxil olur. Hətta Bakıda məktəbə düzəlmək üçün onun yanına iki uşaq da göndərirlər. Həsən bəy çətinliklə olsa da, onları şəhər məktəblərinə düzəldə bilir. Ancaq təəssüf ki, bu vəziyyət çox davam etmir. Ödəmələr az-az daxil olurdu və cəmiyyətin ehtiyaclarını təmin etmirdi. Cəmiyyətin nizamnaməsinə görə, hər il gəlirlər və xərclər haqqında hesabat təqdim edilməli idi. Vəsait yetərsiz olduğu üçün cəmiyyətin fəaliyyəti dayanır.1873-cü ildə isə cəmiyyət tədricən bağlanır.

BAKIDA CƏMİYYƏTLƏR

Məşhur "Manifest..." nəşr edilməsindən sonra 1905-ci ildə Azərbaycanda tədricən maarifin yayılmasına xidmət edən yeni xeyriyyə cəmiyyətləri yaradılmağa başlandı. İlk qeydə alınmış Cəmiyyət 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" idi. Cəmiyyət əsasən Bakı varlılarının və varlı ziyalıların cəmiyyəti idi. Onun müəssisləri Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, İsmayıl bəy Səfərəliyev, Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, İsrafil Hacıyev, Həsənağa Həsənov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Əsədullah Əhmədov, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov olmuşlar.

Bu cəmiyyətin fəaliyyətinə xeyriyyə ilə yanaşı, mədəni və təhsil müəssisələri də daxil idi. Bu məqsədlə məktəblərin və tələbələrin dərsliklə təmin edilməsinə, həmçinin ən kasıb şagirdlərin məktəbə daxil olmasına və orta təhsil müəssisələrində təhsillərini tamamlamalarına köməklik göstərirdi.

Birinci iclasda H. Z. Tağıyev sədrliyə, İsrafil Hacıyev müavinliyə, Hacı Mustafayev xəzinədarlığa, Əhməd bəy Ağayev katibliyə, İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədullah Əhmədov İdarə Heyətinin üzvlüyünə seçilirlər.

Birinci Dünya müharibəsi illərində "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin fəaliyyəti xeyli genişlənmişdi. Qaçqın və acları yedirtmək, pul-paltarla təmin etmək sahəsində onun böyük xidməti olmuşdu. Cəmiyyət Nargin adasında saxlanılan əsir türk əsgərlərinə də öz köməyini əsigəmirdi. "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin idarəsi "İsmailiyyə" binasında yerləşirdi. Onun yardımçı təsərrüfatları da elə burada idi.

Qeyd edək ki, 1914-cü ildə Bakı "Müsəlman Xeyriyyə Cəmiyyəti" idarə heyətinin fövqəladə iclasında Peterburqda keçiriləcək müsəlman qurultayına nümayəndələrin ezam edilməsi haqqında məsələ müzakirə edilirdi. İdarə heyəti cəmiyyət adından çıxış etmək səlahiyyətini M. Ş. Əsədullayevə verdi və qurultayın sərəncamına 6 min rubl ayırmağı qərara aldı.

1917-ci ilin 6 aprelində "Müsəlman Xeyriyyə Cəmiyyəti" müsəlman ictimai təşkilatlarının şura iclası keçirildi, orada 45 nümayəndə iştirak edirdi. M. Hacınski iclası müvəqqəti komitənin fəaliyyəti haqqında məruzə ilə açdı. Komitənin layihəsinə əsasən Qafqaz müsəlmanlarının münasibətlərinin möhkəmlənməsi və yeni quruluş hazırlığı,bölgələrdə kənd komitələri yaratmaq üçün hər nümayəndəyə bir rayon komitəsi yaratmaq nəzərdə tutulurdu. Rayon komitələrinin nümayəndələrindən eyni üsulla quberniya komitələri yaradılır və onların tərkibindən mərkəzi komitə seçilirdi. Bu layihənin həyata keçirilməsi üçün aprel ayının 15-də Bakıda müsəlmanların Ümumqafqaz qurultayının keçirilməsi nəzərdə tutulmuşdu.

Aprelin 15-də, saat 11:30-da Qafqaz Müsəlmanları Qurultayının təntənəli açılışı oldu. Qurultayı Müsəlman İctimai Təşkilatları Şurasının müvəqqəti icraiyyə komitəsinin nümayəndəsi M.Hacınski açdı. Rəyasət Heyətinə daxil idilər: Ə. M. Topçubaşov, N. Nərimanov, İ. Heydərov, F. Xoyski, M.Hacınski, N. Yusifbəyli; katibliyə isə - M. Ə. Rəsulzadə, İ. Qabulov, M. M. Axundov, M. Mahmudov, N. Ağayev, M. Mehdiyev.

Qurultayda Qafqaz müsəlmanlarının siyasi proqramının müzakirəsi ilə yanaşı, fondun yaranması haqqında da məsələ qaldırıldı.

Qeyd edək ki, Bakı qubernatorunun 30 noyabr 1906-cı ildə baş idarəyə göndərdiyi məktubda Bakıda qüvvədə olan 25 ictimai təşkilat göstərilirdi. Siyahıda "Bakı Quberniyasının Müsəlman Əhalisinin Arasında Savadın Yayılması Üzrə Bakı Cəmiyyəti" birinci yerdə idi. H. Z, Tağıyev cəmiyyətin sədri idi, sədrin köməkçisi - Ağa Aşurov, xəzinədar - A. Q. Tağıyev, katib - A. İ. Cəfərov; daimi üzvlər - İ. Əliyev, A. A. Kərbəlayi Nəsrulla, Ə. Əhmədov, İ. Heydər, A. Həsənov, A. Mehdiyev, Q. Mahmudbəyov, A. Hacınski, M. Q. Seyidməmmədovdan ibarət idi. Cəmiyyəti təsis edənlərin arasında həmçinin A. A. Həsənov (Bakı taciri), M. Q. Hacınski (mühəndis - texnoloq), A. Q. Axundov (mühəndis), İ. Məlikov (tacir), İ. Səfərəliyev (irsi nöhtərəm vətəndaş) idilər. 1907-ci ildən "Bakı Quberniyasının Müsəlman Əhalisinin Arasında Savadın Yayılması Üzrə Bakı Cəmiyyəti" "Nəşri - Maarif" adlanmağa başlandı. Onun fəaliyyəti başqa maarifçilik cəmiyyətləri ilə müqayisədə xüsusilə məhsuldar idi. Cəmiyyət əsas işini yüksək səviyyədə yerinə yetirirdi.

BALAXANIDA CƏMİYYƏT

Qeyd edək ki, XX əsrin əvvəllərində Balaxanıda Maarifçilik Cəmiyyəti mövcud idi. O, belə adlanırdı: "Orta təhsilin yayılmasının Balaxanı cəmiyyəti". Cəmiyyət sənaye rayonları olan Balaxanı və Sabunçuda kişi, qadın və qarışıq təhsil müəssisələrinin təşkilatı ilə məşğul olurdu. Cəmiyyətin rəhbərlərindən biri olan F. F. Zeys neft sənayesi sahibi idi. Cəmiyyət 1910- cu ildə açılmışdı.

"MÜSƏLMAN DRAM TRUPPASI" VƏ "HƏMİYYƏT" TƏŞKİLATI

1913-cü ildə yeni teatr "Müsəlman dram truppası" və "Həmiyyət" kollektivi yaradılır. Onlar teatr işi ilə fəal məşğul olmağa başlayır. Amma bu cəmiyyətlərin rəqabəti teatra əhəmiyyətli zərər verirdi. İ. Qasımov yazırdı: "Əgər cəmiyyətlər toplaşıb teatr işlərinin vəziyyətini müzakirə etsəydi, teatrın inkişafı üçün vahid yolu seçib müəyyən nəticələrə nail ola bilərdilər". Məşhur yazıçı Haşım bəy Vəzirov bu ideya ilə razı idi: "Əgər truppalar birləşəcəksə, onda əhəmiyyətli müvəffəqiyyətlərə nail olacaqlar". Və 1915-ci ildə bu istiqamətdə Bakıda "Müsəlman Dram Cəmiyyəti" təşkilatının təşəbbüsü də olmuşdu. Cəmiyyəti təsis edənlər isə aşağıdakılar idi: Sadıq bəy, Əhməd bəy, Cəmo bəy Hacınski,. Təsis edənlərin arasında həmçinin Hüseyn Ərəblinski, Hüseynqulu Rzayev (səhnə adı Sarabski)".

Cəmiyyətin hədəfi:

1. Dram sənətinin inkişafına kömək etmək, Bakı bələdiyyəsində daimi və təsadüfi müsəlman tamaşalarının quruluşunu vermək.

2. Senzura qaydalarına riayət etməklə, müsəlman dilində orijinal və tərcümə edilmiş dram əsərlərini hazırlamaq.

3. Müsəlman dilində ən yaxşı dram əsərləri üçün mükafatlar təyin etmək.

4. Bakı şəhərində teatr kassalarını lazımi qaydaya salmaq hazırlığı və aktyorların təkmilləşmələri üçün müvəqqəti kurslar yaratmaq.

Qeyd edək ki, 29 fevral 1916-cı ildə "Müsəlman Dram Cəmiyyəti" N103 altında reyestrə salınaraq rəsmən qeydə alınmışdı.

"MÜQƏDDƏS NİNA" CƏMİYYƏTİ

Bakıda "Müqəddəs Nina" Xeyriyyə Cəmiyyəti" də mövcud idi. Bu cəmiyyətin mərkəzi təşkilatı hələ 1846-cı ildə Tiflisdə yaradılmışdı. 30 aprel 1848-ci ildə Şamaxıda onun bölməsi açılır. "Müqəddəs Nina" Şamaxı bölməsinin üzvləri aşağıdakılar idi: Fatma xanım Əsədbəyova, Hoca xanım Haqverdiyeva, İbrahim xanın qızı Gövhər ağa, Süleyman xanın həyat yoldaşı Güri xanım və başqaları. 1859-cu ildə quberniyanın paytaxtının Bakıya köçürülməsindən sonra "Müqəddəs Nina" Şamaxı bölməsi syni adlı məktəblə birlikdə orada fəaliyyətə başlayır. Bakı bölməsinin sədri qubernator D. S. Staroselskinin həyat yoldaşı Yekaterina Staroselskaya olur. Üzvlər isə qubernator özü, Çimnaz xanım Səlimxanova, Hacı Mirzə Qulu, Hacı Hüseyn Qulu, Səfər Əli oğlu, Məlikməmməd Əliyev, Ağahüseyn Tağıyev və başqaları idilər. "Müqəddəs Nina" Cəmiyyəti yanında olan məktəb maarifin məşhur mərkəzi idi. Bu tədris - tərbiyə müəssisəsinin 1894-cü il ərzində məzunların arasında 128 rus, 36 erməni, 5 gürcü, 3 tatar olmuşdu. Bu, əsasən qadın məktəbi, xristian dininə mənsub olanlar üçün idi.

BAKIDAKI DİGƏR XEYRİYYƏ TƏŞKİLATLARI

Arxiv sənədləri arasında Bakıda yaradılmış bir sıra maarifləndirici cəmiyyətlər haqqında da məlumatlar var: 1) "Bakı şəhər məktəblərinin şagirdlərinə kömək cəmiyyəti" - 1907-1916-cı illər; 2) "Bakı ticarət məktəbinin ehtiyac duyan şagirdlərinə kömək cəmiyyəti" - 1907-1916-cı illər; 3) "İmperator II-ci Aleksandr adına Bakı kişi gimnaziyasının ehtiyac duyan şagirdlərinə kömək cəmiyyəti" - 1907-ci il; 4) "İkinci Bakı şəhər məktəbinin və Bakı şəhərinin rus-tatar məktəblərinin ehtiyac duyan şagirdlərinə kömək cəmiyyəti" - 1907-ci il; 5) "Bakı yəhudi maarifçilik cəmiyyəti "Talmud-Torun" - 1911-1913-cü illər; 6) "Şüvəlan müsəlman maarifçilik cəmiyyəti "Millət bağçası" - 1911-ci il; 7) "Bakı cəmiyyəti "Bizim məktəbimiz" - 1915-ci il; 8) "Elm" özünütəhsil Bakı cəmiyyəti" - 1911-ci il; 9) "Bilik-Güc" cəmiyyəti - 1911-ci il; 10) "Bakı real məktəbinin yoxsul şagirdlərinə kömək cəmiyyəti" - 1911-ci il.

 

(Ardı var)

 

Nəsiman Yaqublu

tarix elmləri namizədi

525-ci qəzet.- 2014.- 29 yanvar.- S.6.