bir gün mən bulud olum

 

bir gün mən bulud olum,

göy üzündən baxım sənə;

sonra qaralım, bozarım,

guruldayım yağım sənə;

 

əllərini uzat göyə,

yağma-yağma deyə-deyə;

mən qoşulum küləyə

toxunsun ayağım sənə;

 

sonra dönüm işıq olum,

baxım sənə, aşiq olum;

yaşıl bir sarmaşıq olum,

dolansın budağım sənə;

 

bir az saral, bir az da sol,

bir az kövrəl, bir az da dol;

sonra bir şirin bulaq ol

qurusun dodağım sənə.

 

belə lal baxış olarmı

 

belə lal baxış olarmı,

istədim su olub axım;

üzünü çevirmə yana,

qoy sənə doyunca baxım;

 

oyansın otlar, çiçəklər,

oynasın xırda böcəklər;

könlümdə həsrət çiçəklər

gəl səni bağrıma sıxım;

 

mənə təntimə, acıma,

əllərini çək saçıma;

ürəyini qoy ovcuma.

qaçım bu dünyadan çıxım.

 

dəli aşiq dersən de

 

dəli aşiq dersən de,

dərdin üzü gülmədi heç;

dünyanın yolları uzun,

gedən yollar dönmədi heç;

 

bulud gəldi, oynaxladı,

Göyün göyüzü laxladı;

anam dağları ağladı,

göz yaşını silmədi heç;

tay mənə şeir oxuma,

həsrət qarışıb ahıma;

bulaqlar girdi yuxuma,

dağlar özü bilmədi heç;

 

dərd dediyin bir pətəkdi,

dağıldı, üstümə səkdi;

ayrılıqlar uzun çəkdi,

ayrılıqlar ölmədi heç.

 

üzün-gözün şirindi

 

duman dağa büründü,

həsrətin yeri göründü;

üzün- gözün şirindi,

dodağında çiyələk var;

 

odumnan, közümnən gəldim,

üzüldüm özümdən, gəldim;

qəlbi Göyüzündən gəldim,

hər çiynimdə bir mələk var;

 

gözlərin ala boyandı,

əllərim alışdı, yandı;

qara tellərin oyandı,

elə bil dağda külək var;

 

gəl, nağıl yoğurum sənə,

yazılsın axırım sənə;

yaxın gəl, toxunum sənə,

qanadlarımda lələk var;

 

bir az da ayrılma dayan,

dərdlə dolub o yan, bu yan;

alnımıza yazı oyan,

aramızda bir fələk var.

 

bilmədim bu səsiydi

 

bilmədim bu səsiydi,

gəldi min atlı, deyəsən;

çığrışdı qara saçlarım,

qulağım batdı deyəsən;

 

bu qış deyil, çillədi ki,

hər yanı bələdi ki;

həsrət elə mələdi ki,

dərd özün atdı, deyəsən;

 

nədi,nədi dərdin adı,

gəldi hər yanı daladı;

o güldü, ağladı

o da boyatdı deyəsən;

 

dedilər ki, qaça-qaçdı,

ürəyimin rəngi qaçdı;

ruhumdan bir dua uçdu,

Allaha çatdı, deyəsən.

 

mən daha, daha da köhnə

 

mən daha, daha da köhnə

mən min illərin adamı;

yazın, yazın ağaclara,

yazın daşlara adımı;

 

bilim, yoxam bəlkə ,

yürüyüb çıxam bəlkədən;

gələm bir uzaq ölkədən,

təzələyəm boyatımı;

 

var, var axı burda,

çıxım gedim itən yurda;

qismət olum bir ac qurda,

bilsin ağzının dadını;

 

ürəyim baxır içimdən,

elə söz axır içimdən;

gəl, məni çağır içimdən,

çağır, könlümün qadını;

 

çağır məni öz adımnan,

çağır Doğumnan, Batımnan;

çağır məni boyatımnan,

yandırım eşqin şamını.

 

ürəyimə bir söz gəlib

 

ürəyimə bir söz gəlib,

gəlib min sözə bölünəm;

gəl, tutum əlindən bir az

bəlkə azacıq ilinəm;

 

yollarım dönməyib hələ,

həsrətim dinməyib hələ;

kösöyüm sönməyib hələ,

ocaqda qalan külünəm;

 

bilmirəm nəyinəm sənin,

dalınca deyinəm sənin;

yağışın, buludun, çənin,

dağlardan gələn selinəm.

 

duman dağların tülüdü,

baxdım, ürəyim ləlidi;

hərə bir cürə dəlidi,

mən yazıq sənin dəlinəm.

 

ulduzlar qopurmuş kimi

 

ulduzlar qopurmuş kimi,

o yankı üzündən göyün;

yuxularım qar-qarışıq,

yuxularım löyün-löyün;

 

bu yuxudu görürəm,

dərdi çiçək tək dərirəm:

hara isə göndərirəm,

qanadında bir mələyin;

 

sən yaşda, mən sində,

buludlar kündə- kündə;

mən quşammı göy üzündə,

qopub tökülür lələyim;

qaçıb bir qəfil yazıdan,

gəlirəm dərdin yasından;

buludların arasından,

üzü görünür fələyin;

 

ruhum hayana tələsir,

yarpağın üstə şeh əsir;

dusdaq dağlardan meh əsir,

dəyir üzümə küləyi.

 

bu yer haradı görən

 

bu yer haradı görən,

dağı, düzü var;

qaranlıq gecəsi,

burda gün üzü var;

 

daşı, ağacı qara,

göyüzü para-para;

suyu çəkilib hara

bir ölü dənizi var;

 

torpağı lilə dönüb,

bərkiyib, gilə dönüb;

ocağı külə dönüb,

xırdaca bir közü var.

 

evlərin damı yoxdu,

kəndin adamı yoxdu;

hardadı hamı,yoxdu,

bir solğun bənizi var:

 

burda necə yaşayır,

üzü kədər daşıyır;

adama da oxşayır

bir qəribə üzü var;

 

bu yuxudu belə,

ürəyim qopur, lələ;

səhərə çox var hələ

gecənin gündüzü var;

 

adam üşüyür burda,

həsrət tövşüyür burda;

ah, kim yaşayıb burda,

burda adam izi var.

 

bu yol yenə uzandı

 

bu bulud yaman qaralıb,

içindəki qarmı, gəlsin;

həsrət dil açıb ləlidi

gözündəki qormu, gəlsin;

 

amanım-ahım perikib,

mənnən Allahım perikib;

min i

ldi ruhum perikib

ruhum mənə yarmı, gəlsin;

 

səs gəlir ahdan o yana,

var, Allahdan o yana;

hardasan ana, ay ana

o sənli çağlarım gəlsin;

 

həsrətim dəli ozandı,

yoruldu, usandı;

bu yol yenə uzandı

mənnən gedən varmı, gəlsin;

 

nədi,nədi balam, adın,

içimdə çırtladı odum;

mən dağları bulamadım

qoy mənə dağlarım gəlsin.

 

 

 

 

 

Nazim ƏHMƏDLİ

525-ci qəzet.- 2015.- 4 aprel.- S.28.