İlk görüş

 

 

köpüklü nazənin ləpələr sahildə oturan qızın yalın, ağappağ baldırlarını yalayırdı. Oğlan bir qədər qıraqda durub qızın gah islanmış uzun hörüklərinə, gah da topuğunadək qumun içinə girmiş zərif ayaqlarına heyran-heyran baxırdı. Ürək eləmirdi ləpədöyənə girməyə.

 

- Niyə qıraqda durmusan? Sən gəl mənim yanımda otur...- qız dedi.

 

Oğlan sanki bu sözə bənd idi, dərhal yaxına gəldi, oturdu qızın yanında.

 

- Ayaqqabılarını niyə çıxartmadın? Üst-başını da bulaşdırdın...-qız qayğıkeş ədayla sanki yumşaq bir tənə vurdu.

 

- Belə yaxşıdı. - Oğlan özünü sındırmadı.

 

- Sənin çimərlik paltarın yoxdu ki?

 

- Var. Qoymuşam qurusun... Bayaqdan çimirdim.

 

- Hımmm...Üzə bilirsən?

 

Oğlan bir qədər fikrə getdi. Bilmədi cavab versin. Görünür, yalan danışmaq istəmirdi. Lakin:

 

- Xoşlamıram, burda oturmaq daha yaxşıdı,-deyə başladı qızın baldırlarını yaş qumla örtməyə. Örtdükcə ləpələr yuyub aparırdı. Qız isə gülürdü.

 

- Mənim burda oturmaqdan xoşum gəlir, -qız dedi.-Sən sabah gələcəksən?

 

- Həəəə...

 

- Eviniz uzaqdadı?

 

- Yox, burda oluruq, dəniz qırağında.

 

- yaxşı! Onda görüşərik.

 

(Oğlan daha çox sevindi, bir qədər ürəkləndi).

 

- Adın nədir?

 

- Pərvanə.

 

- Mənim adım Ziyadır.

 

Qız gülümsündü, qəflətən durub gün çətirinin altında qarnı üstə uzanan qara eynəkli qadının yanına qaçdı. Sonra nə düşündüsə, geri boylandı, səsləndi:

 

- Səni gözləyəcəm, Ziya! Gəl a, yaxşı?

 

Oğlan qürurlandı, yaş ayaqqabılarını sürütdəyə-sürütdəyə qırağa çəkildi, heç kim eşitməsin deyə öz-özünə pıçıldadı:

 

-Yaxşı...

 

Birdən anası oğlanın üstünə şığıdı.

 

-Sənə demədim ayaqlarını batırma, ay heyvan! Axı indicə paltarını dəyişmişdim! Bu gün-sabah məktəbə gedəcəksən, hələ də ağıllanmamısan!- deyə ana hiddətləndi, oğlanın qulaqlarını möhkəmcə burub üzünü-yanını şillələdi. Qız yerində donmuşdu. Oğlan hıçqıra-hıçqıra gah gözlərini qızdan gizlətməyə çalışır, gah da anasına həqarətlə baxırdı.

 

Mərdəkan, 19 iyul, 2014

 

 

 

Kamran NƏZİRLİ

525-ci qəzet.- 2015.- 4 aprel.- S.29.