Parisin Rus dünyası qalereyasında Qadın incəsənəti sərgilənir

 

Parisin Vlll rayonundakı Rus dünyası qalereyasında Qadın incəsənəti (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə ölkəmizi əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.

 

Sərgidə Gürcüstandan beş, Türkiyədən dörd, Kiprdən iki rəssamın, Azərbaycandan isə yalnız mənim rəsm əsərlərimin dünyanın mədəniyyət beşiyi sayılan Parisdə nümayiş olunması çox təqdirəlayiq haldır. Assosiasiya digər ölkələrdən olan qadın rəssamların əsərlərinin dünyanın müxtəlif yerlərində sərgilərini təşkil edir.

 

Rəssam mətbuata açıqlamasında bildirib ki, sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqla qarşılanır. Assosiasiyanın sədri Şükran Üst qadın rəssamları vaxtaşırı Türkiyəyə dəvət edir, onların yaradıcılığına hərtərəfli şərait yaradır. Mən Rus dünyası qalereyasının rəhbərliyi ilə danışıqlar apararaq bugünkü sərginin təşkilinə yardımçı oldum.

 

Qadın incəsənəti Assosiasiyasının sədri Şükran Üst isə müsahibəsində bildirib: Rəhbərlik etdiyim qurum 2007-ci ildə şəxsi təşəbbüsümlə yaradılıb. Assosiasiyanın Türkiyədə 12, digər ölkələrdə isə 5 şöbəsi var. Qadın incəsənəti müxtəlif millətlərin rəssamlıqla məşğul olan yaradıcı qadınlarını öz ətrafında birləşdirib. Hazırda 28 ölkədən qadın rəssam Assosiasiyanın üzvüdür. Burada fəaliyyət göstərməyə məhdudiyyət qoyulmayıb. Qapımız hamının üzünə açıqdır. Assosiasiyanın məqsədlərindən biri də rəssamların təmsil etdikləri ölkələri dünyaya tanıtmaqdan ibarətdir. Digər məqsədimiz isə dünyaya sülh mesajı verməkdir. Dünyanı qadınlar və onların sənətləri gözəlləşdirəcək.

 

Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Onların arasında Ə.Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanır.

 

Sərgi aprelin 5-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 4 aprel.- S.17.