Xalq artisti Canəli Əkbərovun 75 yaşı qeyd olunub

 

 

M. Maqomayev adına Dövlət Filarmoniyasında, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

 

Tədbirdən əvvəl qonaqlar filarmoniyanın foyesində xanəndənin fotolarından ibarət sərgiyə baxıblar.

 

Yubiley gecəsində mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan musiqi mədəniyyətinin tanıdılmasında böyük xidmətləri olan Canəli Əkbərovun yaradıcılığından söz açıb. Bildirib ki, görkəmli xanəndə mənalı musiqimizin, opera sənətimizin inkişafına töhfə verən sənətkarlardandır:

 

"Muğamın sirlərini əvvəlcə atasından öyrənən Canəli Əkbərov sonra mükəmməl musiqi təhsili alıb, Seyid Şuşinski və Xan Şuşinski kimi ustad sənətkarlardan dərs öyrənib". Ə.Vəliyev diqqətə çatdırıb ki, sənətə gəldiyi ilk illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş xanəndə 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Klassik bəstəkarlarımızın operalarında əsas partiyaların ifaçısı olan sənətkar teatr səhnəsində bir sıra yaddaqalan obrazlar yaradıb. Nazir müavini Canəli Əkbərovun pedaqoji fəaliyyətini də yüksək qiymətləndirib.

 

Xanəndənin fəxri adlara, o cümlədən, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görüldüyünü vurğulayan Ə.Vəliyev nazirlik adından onu təbrik edib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Azərbaycan muğam sənətində xüsusi yer tutan Canəli Əkbərovun gözəl ifaçı, xanəndə olmaqla yanaşı, gözəl pedaqoq olduğunu, Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasına rəhbərlik etdiyini diqqətə çatdırıb.

 

Yubilyar gecənin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

 

Sonra xanəndənin ifası ilə müşayiət olunan foto-slayd nümayiş etdirilib.

 

Yubiley gecəsində Xalq şairi Zəlimxan Yaqub və digər qonaqlar çıxış edərək, ona xoş arzularını bildiriblər. Xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, Səkinə İsmayılova, GülyazGülyanaq Məmmədovalar, Əməkdar artistlər Zakir Əliyev, Səbuhi İbayev və Babək Niftəliyev, həmçinin Ehtiram Hüseynov, Sahib İbrahimov muğamxalq mahnıları ifa ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 10 aprel.- S.7.