Portret hekayələr ustası - Əjdər Ol

 

 

 

 

Yazıçı dostum Əjdər Olun “Eynək” hekayəsini bu yaxınlarda maraqla oxudum.

 

Rəhmətlik Adil Mirseyidin gerçək kövrək obrazını yaradıb. Onunla münasibətini şirin yadda qalan dillə anladıb. Adilin Paris sevgisi incə yumorla dəqiq verilib. Ona hədiyyə edilən paltarları oğluna verib, oğlunun köhnəsini geyməsi təsirlidi dəqiq yazıçı müşahidəsidi. Mən vaxtı ilə Adilin şeirlərinə parodiya yazmışam, əvəzində bəndənizə rəsm əsəri bağışlayacağını demişdi. Yəqin, son anda yadından çıxıb, ya da zamanı çatmayıb.  Bu hekayə illər öncə yazdığım məqaləni yadıma saldı. Mən köşəmdən istifadə edib, onu indi çap edirəm.

 

“...Həmkarım Əjdər Ol  haqqında bu xırdaca qeydlərimi təptəzəcə hissin təzahürü saymaq olar, həmkarının uğurlarına sevinən bir yazıçının ürək sözləri kimi başa düşmək olar.

 

Mən yazar həmkarımın şeirlərini , hekayələrini öncələr oxumuşdum (onda  dostluğumuza çox vardı), daha çox vərəqləmişdim (yazıçı eqoizmindən yana), amma onun ədəbi portretlər silsiləsini oxumamışdım. Çünki ədəbi portretlər həmişə mənə cansıxıcı gəlib. Amma hər bir insanın istedadı onun hansısa peşə keyfiyyətlərində üzə çıxır.

 

Mən Əjdər Olun “Qrafoman” yazısını “525-ci qəzet”də oxudum, Yazı qəhrəmanının taleyinə acısam da, müəllifin ustalığına heyranlığımı gizlətmədim. Sən demə, zırıltı daldaymış mən istər-istəməz, yəni instinktlərimin vicdanımın səsi sayəsində  Əjdər Olun bir neçə gün əvvəl mənə bağışladığı “Ölümlə zarafat” kitabını götürüb, Əlisəmidlə, Rafiq Tağı Namıq Abdullayevlə bağlı portretlərini oxumağa başladım. Bu kitabdan sonra mən ona yazıçı dostum deyə bilərəm. Əjdər Ol bu yazılarında nəsrlə publisistikanın sintezini elə gözəl vermişdi ki, istedadlı adamlar ona sevinə, istedadsızlar qəzəblənə bilərlər (bu da özünü tərifləməyin bir qaydası). Düz tapdınız, mən sevindim. Çünki oxunaqlıydı, çünki maraqlıydı. Onun bu yazılarını roman kimi , esse kimi , hekayə kimi oxumaq olar mənə aydın oldu ki, Əjdər Ol mifik obrazlar yox, real obrazların ustasıdır. Onun qəhrəmanlarının xarakter hərəkətlərini bir rəssam kimi cızması, bir psixoloq kimi bəlirtləməsi...valehedicidir. O öz qəhrəmanının obrazını, onun yaşantılarını, əhvalatları arasında keçidləri elə ustalıqla, elə məharətlə qələmə alır ki, adam yorulmur. Yazıçılığını oxuculuğuna qısqanan bəndəniz bir neçə gün dalbadal, işdə, kompüter arxasında oturub Əjdər Olun bayaqkı kitabını sonunacan oxudum bayaq dediyim kimi, onun real obrazlar ustası kimi nasirliyini bəyəndim.

 

Əjdər Ol mənasız xatirələr yazanlardan deyil. Onun üçün xatirə daşıyıcısı da, xatirə sahibkarı da, onların ərsəyə gətirdikləri yazı forması da maraqlı cəlbedicidir.

 

Onun qəhrəmanları diridir, baxılandır, kino kimi görünəndir. “Əlisəmid adamın üstünə dörd tərəfdən gəlir” (“Kür Əlisəmid”).

 

Qələm dostumun yumor hissi əndazəlidir.  “Rafiq Tağı birdən öz ləhcəsinə keçdi: Sən düz demersən...” Rafiq Tağı ki Rafiq Tağı”).

 

Əmir Pəhləvanın dilindən:

 

“Rüstəm, bir azdan sənin şaman ruhun Allahın dərgahına qovuşacaq. İndi biz Allaha daha yaxınıq”.Ölümlə zarafat”)

 

Namiq Abdullayevin xarakter cizgiləri unudulmazdır.

 

Əgər istintaqa düşsəydi, yaxud Rafiq Tağı ilə Əlisəmid Kürün (Namiq Abdullayevi tanımırdım) xarakteristikası haqqında bu cür arayış hazırlansaydı, mən ora öz imzamı qoyardım.

 

Əjdər Olun qələmə aldığı müəlliflər həm mənim qələm dostlarımdır. Mən onların yerinə olsaydım, nəinki Əjdər Oldan zərrə qədər inciyər, əksinə, ona minnətdar olardım. Çünki bu qələm qardaşlarımızın haqqında çox ədəbi-tənqidi məqalələr yazılacaq, ancaq onların ədəbiyyat tarixində  Əli Səmid,  Rafiq Tağı,  Namiq Abdullayev kimi obrazları məhz onun qələmi sayəsində oxucuların yaddaşında qalacaq.

 

Bir neçə il bundan öncə mən bu yazını Əjdər Ola sürpriz eləmək istəyirdim. Düşünürdüm ki, zaman gələr yazar dostum haqqında bir kitab bağlanar mən bu kiçik yazını ona ərməğan edərəm. Sən demə, məsələ qəliziymiş, Əjdər Olun ipinin üstünə odun yığılmalı deyilmiş. Əjdər Ol günlərin bir günü özünün çağdaşları çağdaşlarının onun haqqında yazdığı “Əjdər Olam” kitabını şapbadan stolumun üstünə qoydu. Daha doğrusu göndərdi. İşə bax, cəmi bir neçə gün öncə mən Əjdər Ol haqında qeydlərimə yenidən baxmışdım qayğıların çoxluğundan onu əməlli-başlı işləyə bilməmişdim. İndi qatar getmişdi mənim yazar dostuma sürpriz istəyim havada qalmışdı. İndən belə bu yazı sürpriz yox, priz olsa yaxşıdır.

 

Əjdər Olu, gec olsa, bu yazılar münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram. Bu yazar qardaşımızın ədəbi portretlər silsiləsini gözləməyə dəyər, çünki o, doğrudan da bənzərsizdir...”

 

2009-2015

 

 

 

Elçin Hüseynbəyli

 

525-ci qəzet.- 2015.- 18 aprel.- S.21