Nəriman Nərimanov - alovlu vətənpərvər, böyük türk təəssübkeşi

 

(Əvvəli ötən sayımızda)

 

Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətində onu çox narahat edən problemlərdən biri Birinci Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində Çar Rusiyasının ordusu tərəfindən əsir alınaraq Nargin adasında zülm edilən Osmanlı əsirlərinin taleyi idi.

 

200 mindən bir az da çox əsir düşən döyüşçü mülki insanların böyük bir hissəsi Rusiyanın uzaq vilayətlərinə aparılarkən, 20 minə qədəri Xəzər dənizinin Nargin adasına gətirilmişdi. Bakı şəhər Dumasına üzv seçiləndən sonra həmfikirləri ilə Dumada komissiya yaradıb Nargin adasına göndərilməsi məsələsini tələb edir. "Hümmət" qəzeti 1917-ci il 28 noyabr tarixli sayında yazır: "Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər tərəfindən yoldaşımız Nərimanov bir neçə adamla Nargin cəzirəsinə gedib əsirlər barəsində mükəmməl məlumat toplayıbdır. Bu barədə Dumada bir məruzə oxuyacaqdır". Dumanın "Təhqiqat komissiyası"nın üzvləri - Nəriman Nərimanov, Əbdülbağı Məmmədov, Ağaməhəmməd İbrahimov, Mürsəlov, Almaniya, Danimarka İsveçrə səfirliklərinin əməkdaşları Nargin adasına gedir, orada əsirlərin vəziyyətindən saxlanma şəraitindən dəhşətə gəlirlər.

 

Nərimanov adada 700-ə qədər səksən yaşında ahılların, 2 yaşından 15 yaşına qədər körpə uşaqların olduğunu bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini bildirərək sözlərini bu cümlələrlə tamamlamışdır: "Bura bir cəzirə deyil, məzardır. Elə bir məzardır ki 1000 nəfərə qədər adam qıraqda oturub ölmək üçün öz növbəsini gözləyir".

 

Ertəsi gün Nərimanovun "Hümmət" qəzetində (28 noyabr 1917-ci il) "Göz yaşı tökdürən Cəzirə" məqaləsi dərc olundu.

 

Nərimanov ürəkağrısı ilə yazırdı: "Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş "əfəndim, su!", "əfəndim, yemək!", "əfəndim, paltar!" sözlərini eşitməyəydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balaca balalarla söyləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim! Min iki yüz insan balası hazır ölüm növbəsində durubdur. Altı min bu növbəyə hazırlaşır.

 

Tifmi, vəbamı ya bir qeyri-sirayətedici mərəzmi bunları cəzirəyə qurban edəcəkdir? Müsəlmanlar: "əfəndim, su!.."- deyib gözlərinizə baxdıqda guya demək istəyirlər: Siz insanmısınız? İnsaniyyətə dair qanunlarınız varmı? Siz millət balasısınızmı? Zavallı millət balalarına cavabınız nədir? ...Mən ağladım, mən gündə mərəzlər arasında gün keçirən, gündə dürlü-dürlü xəstələrin ah-naləsini eşidən, onların axır dəqiqələrinə öyrəşmiş, tab gətirə bilməyib ixtiyarsız ağladım. Nargin bir məzardır bu məzarın kənarında hazır min adam növbədə durubdur 7 min sağlam adam da bu növbəyə hazırlaşır.

 

Gərəkdir daşürəkli olasan da bu vicdansızlığa davam edəsən: acıqlı, hirsli halında insan insan barəsində bu dərəcə vicdansızlığa meydan versə bəlkə təbii ola. Fəqət mürür ilə hər saat, hər gün, həftələr, aylar, illərlə bu hərəkətdə bulunmaq insanlıq hərəkəti deyildir. İnsan balası ilə bu tövr rəftar nəinki azad Rusiyada gərəkdir görünməsin, hətta vəhşilər arasında görünməyibdir". Nərimanovun Dumadaki üsyanı mətbuatdakı çıxışları təsirsiz qalmadı. Rusiya İmperiyasının türk xalqlarına qarşı xəyanətkar siyasəti ifşa olundu. Azərbaycan xalqının türk soydaşlarına doğma münasibətini, sədaqətini, qeyrət dəyanətini göstərdi. Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın  Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi düşərgəsindən ən ağır xəstələrin çıxarılmasına cəzirədə yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verilirdi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində komissiyanın müəyyən etdiyi üç yüz xəstə- türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə yerləşdirdi. Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər körpə türk balaları şəhərə gətirilib Çəmbərəkəndin qabağındakı mülkdə yerləşdirildi. Bunu "Möhtaclara yardım" Cəmiyyəti öz öhdəsinə alıb hər bir məxarici boynuna götürüb.

 

Nərimanov o dövrdə dünyanın məşhur siyasətçiləri kimi solçu ideyalara tapınaraq kommunist hərəkatına inanmış böyük türk lideri idi. Sonda Sovet Rusiyasının Çar Rusiyasından heç bir fərqi olmadığını anlayınca Moskvada şəhid edilir. O, Osmanlı dövlətinin düçar olduğu ağır günlərdə bütün fəaliyyətini bu istiqamətə yönəldir. Varlığını qorumağa çalışan çağdaş türk Cümhuriyyəti qurmaq uğrunda savaşan Atatürkə böyük hörmət bəsləyir, ona maddi mənəvi dəstək olurdu. Türkiyəli tarixçi araşdırmacılar Qurtuluş savaşında Nərimanovun xidmətlərini Atatürkün xidmətlərinə bərabər tuturlar.

 

Tarixçi alim Hüseyn Adıgözəlin "Atatürk, Nərimanov və Qurtuluş savaşımız" əsərində oxuyuruq: "1921-ci il faciələrlə dolu Balkan savaşında Krımdan və Azərbaycan türklərindən gələn maddi və mənəvi dəstəyi ömrü boyu unutmayacağıq. Qurtuluş savaşının şiddətlə davam etdiyi 1921-ci ildə Azərbaycanda Sovet hökuməti artıq qurulmuşdu və dövlətin başında Nəriman Nərimanov idi. Mustafa Kamal paşa 1920-ci il mayın 3-də Şərq Cəbhəsinin Komandanı Kazım Qarabəkir paşaya məktubunda yazır: "Bu an dövlətdə bir quruş para qalmadı və para əldə edəcək qaynağımız da yox. Başqa qaynaqlardan bir şey əldə edilənə qədər Azərbaycan hökumətindən yüksək miqdarda borc almamız üçün gərəkəni yapmanızı rica edirəm".

 

Nəriman Nərimanov üzərində kommunist qılafı gəzdirsə də, Mustafa Kamalın mücadiləsini heyranlıqla izləyir, başarılı olması üçün nələr edə biləcəyini düşünürdü. 19 avqust 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinə məktub yazaraq savaşdıqları mübarizə üçün onları təbrik edirsonra yazırdı: "İmperializmə qarşı bərabər hərəkət etməkdən başqa çarəmiz yoxdu. Müsəlman-Türk kommunistləri imperializmə qarşı yürütdüyünüz haqlı savaşınızda yanınızda olacaq, məqsədinizə çatmaq üçün var gücüylə sizə dəstək verəcəkdir. Əks təqdirdə nə sizin, nə də zülm altında inləyən Şərqin qurtuluşu olmayacaqdır".

 

Nərimanovun məktubu TBMM-də oxunurböyük coşquyla alqışlanır. Bu şanlı məktub o dönəmdə əziyyət çəkən Türkiyəyə və Mustafa Kamal paşaya böyük mənəvi güc verir və onların dostluqlarını sonsuzlaşdırır.

 

Bundan sonra Nərimanov Türkiyədəki vəziyyəti daha çox izləyir, diplomatikiqtisadi yardımını gücləndirirdi".

 

Hüseyn Adıgözəlin  yenə həmin əsərindən: "Nərimanovun 23 mart 1921-ci ildə Atatürkə yazdığı məktubundan daha bir cümlə: "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər fürsətdə bir-birimizin əlindən tutacağız. Bu gün yaptığımız bir qardaşın yapdığından başqa bir şey olamaz". Bu onu ifadə edir ki, Nəriman Nərimanov kommunist olsa da, o, bir türktürkçü idi. Kommunist olması canı qədər sevdiyi türk millətinə və Atatürkə yardım etməsinə, türklüyə xidmət etməsinə əngəl olmayıb.

 

Rəsmiyyə RZALI

"Azərnəşr"in redaktoru

525-ci qəzet.- 2015.- 22 aprel.- S.6.