İlham Qəhrəmanın özü ilə , sözü ilə iki min ildir ki, tanışam. Təəccüb etməyin, İlhamı doğrudan da keçən minillikdən tanıyıram. Şeir, müsahibə, tərtibatçılıq kimi müxtəlif janr sahələrlə bağlı üç kitabına ön söz yazmışam.

 

İlham milli ənənələrə bağlı şairdir, amma təqlidçi yox, özünəməxsusdur bununla da göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq, orijinal ruhlu şeirlər yazmaq olar; onun bədii obrazları bəzən ağlagəlməz dərəcədə yenidir, həyatidir buna görə yaddaqalandır; poetik dilinin xəlqiliyi baxımından onunla kimisə müqayisə etmək isə ümumən mümkünsüzdür - bu, artıq İlhamın stixiyasıdır; fəlsəfi ümumiləşdirmələrlə incə müşahidə qabiliyyətindən xəbər verən detalçılığın, heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin başlıca məzmun forma özəlliyidir.

 

Bütün sadaladığım xüsusiyyətləri İlhamın sizə təqdim etdiyim bu son şeirlərində görürəm. Bu şeirlərində İlham mövzu ampluası tanımır - sevgi şeirləri yazır, bəzən kəskin səciyyə alan sosial-siyasi mövzuya da, vətənpərvərlik lirikasına da üz tutur, fəlsəfi düşüncələrə meyllənir... Amma əvvəlkilərlə müqayisədə bu şeirlərdə bir fərq aydın görünür - səsin amplitudasının maksimum düşməsi. bunun öz yerini səssiz düşüncə axarına verməsi. Bu şeirlər, musiqiçilərin diliylə desək, artıq bir gəncin bəzən pərdədən çıxan şaqraq zəngulələri deyil, durub-toxtamış, səsi tam oturuşmuş bir xanəndənin incə boğazlar, ustalıq tələb edən qaynatmalarla şərtlənən mükəmməl, püxtə ifasıdır. Bu şeirlər göstərir ki, Puşkin düz deməyib, nəinki 26, hətta 56 yaşda da şair qalmaq mümkündür.

 

Yaş söhbətini elə-belə salmadım, dünən - aprelin 24-ü çağdaş Azərbaycan şeirində təkrarsız üslubu özünəməxsus xarakteri ilə seçilən İlham Qəhrəmanın doğum günü idi. Şair dostuma uğurlar arzu edir, onun ürəkdən gələn duyğularının oxucuların qəlbinə yol tapacağına inanıram.

Əsəd CAHANGİR

 

TƏK

 

Bir düzün ortasında, bitən

ağac kimi təkəm, telli balam...

Mənim təkliyim yerdə

çəkdiyim ahdan,

Göydə Allahdan gəlir,

telli balam.

Kim bilir başıma

gəldi, telli balam?!

Təklər bu dünyada

tək əldi, telli balam.

Sevinc göz yaşında boğulur,

Kədərin çiçəyi çırtdayıb,

kədərim gülüşür,

telli balam.

Bütün qəmli mahnılar

təkliyin səsidi,

qəmli mahnılar sümüyümə düşür,

telli balam!

 

İtsəm məni necə nişan verərsən,

Necə soraq edərsən, telli balam?!

Heç kimin qəlbinə dəyməyən,

qəlbi ipək adamı,

Ürəyi sözə pətək adamı,

Adamların arasında

tək adamı, necə soraq edərsən,

telli balam?!

 

Təkəm, telli balam, -

tək səbir kimi,

Şamaxı yolundakı

tək qəbir kimi!

Belə tək olan

tək mənəm,

Bu təkliyimlə

görk mənəm, telli balam!

 

09.11.2014

lll

 

Canım, telli balam,

Hissim torpaq kimi

Əsirdi, ilhaqdı.

Hər yerdən görünür,-

Mənim yurd həsrətim

Yol kimi çılpaqdı.

 

17.09.2014

 

PORTRET

 

Masanın üstündə,

Əli əlinin üstündə,

Çənəsi əllərinin üstündə,

Pəncərədən uzaq məchul nöqtəyə

gözündə bir sualla baxmaq -

Görəsən vaxt?

 

12.10.2013

 

YAXŞIDI

 

Yardan ayrılanda zar-zar ağlayan,

Yarının böyrünü kəsə yaxşıdı.

Bir adam yol ala səfər eyləyə,

Tələsə tez çatsın kəsə yaxşıdı.

Səvabdı şirin söz xalqa dadırmaq,

Günahdı hav günü qıraqda durmaq.

Qələm hüzurunda qulluqda durmaq,

Tanrıdan vergili kəsə yaxşıdı.

 

Yazda çiçək aça, payız bar tökə,

Allah var tökəndə o ki var tökə...

Axşamdan başlaya narın qar tökə,

Səhər açılanda kəsə yaxşıdı.

 

05.02.2015

 

SƏHƏNGDƏKİ QARPIZIN NAĞILI

 

(uşaqlar üçün)

 

Körpə vaxtı qış axşamları

Nənəm yığıb uşaqları

Bir şirin nağıl başlardı.

Nağılın yarısında

diqqətimiz üzülər,

bizi mürgü tutardı.

Nənəm tez ortalığa

belə bir söz atardı -

Kim yatsa,

səhəngdəki qarpızı kəsəcəyik...

Qarpızın yuxu dağıtmağına əvəz yox!

Bundan sonra ilan vuran yatardı,

biz yox!.

 

Qarpızın yolunu

gözlədə-gözlədə

Bizə nağıl söylər,

tapmaca satardılar.

Səhəngdəki qarpızı nənəm

özünə şərik qoşardı -

Nağılın mürgüyə qədərini nənəm,

Mürgüdən sonrasını qarpız danışardı.

 

Nağıllar bitərdi,

Səhəngdəki qarpız kəsilməzdi.

Ümidimiz sabahkı

nağıl axşamına qalardı,

ümidimiz əksilməzdi.

 

Qışın nağıl gecələri...

Evimizin isti sobası,

Pəncərədən sallanan

sal buz yadıma düşür.

O vaxtdan harda

qarpız görsəm səhəng,

Səhəng görsəm

qarpız yadıma düşür.

 

Xatirələr boyunbağıdı

Bu gün bir muncuğun bağı qaçıb.

Bir sözlə səhəngdəki qarpız

Bizə çox nağıl danışıb,

Başımıza çox nağıl açıb.

 

8 Mart 2015

Antalya hava alanı

 

ÇİÇƏKLƏR

 

Çiçəklər örüş yeridi,

yeridi arılara.

Çiçəklər səhnədi quşlara.

Çiçəklər sevirəm! deməkdi

bir bəy əlində.

Sevilirəm! deməkdi

bir xanım əlində.

Ən ağır günümüzdə

hamı bizi tərk edər,

Çiçəklər gecəni

bizimlə qalar qəbrimizdə!

 

25.03.2015

 

ARİF ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ

 

Bu yola vaxtsız buruldun

Niyə belə tez yeridin?!

Ağacın alt budağıydın,

Əlimiz çatan yer idin.

 

Yığışıb yazarların

Küçəsindən getmisən.

Səni sevən dostların

Kisəsindən getmisən.

 

Haqqı-salam sənlə idi

Haqqı-salamın itməzdi,

Sucuq yerdən ot yaşılı,

Səndən xoş sifət getməzdi.

 

Sən ki, orda yaxındasan

Bizdən pıçılda Tanrıya.

Qapın məscid qapısıydı

Açıq olardı hamıya.

 

Bakının ortasında

hər səni görəndə

Adamı vurardı kəndin ətiri.

Yanına gələni əyləşdirərdin

Qızlara deyərdin bir çay gətirin.

 

Sən baxan səmtə baxanda

Başda Vətən gəlir, -

Kür, Araz, Həkəri görünür.

Siqareti külqabına qoyub

Aldığın salamın yeri görünür.

 

...Birər-birər gəzdim bu dağı,

Dərəsi, təpəsi, tapı qalmadı.

Ağac yıxılanda səmtinə aşar

Səndən sonra bizə aşacaq yer,

Açılacaq qapı qalmadı.

 

06.04.2015

 

ACI ŞEİRLƏR

SİVİL CƏZA

 

Cəza cürbəcür olur, telli balam,

Baş üzəni, əl üzəni...

Cəza da var sivildi,

Sadəcə adamı

adam yanında qızardır, telli balam -

Layiq olanın haqqını

layiq olmayana vermək

birincinin yanında

ikinciyə verilən cəzadı, telli balam.

 

10.03.2015

Sabiha Gökçen

 

GÜNƏŞİ ÜÇ ADAMLAR

 

Hər adam sən deyən deyil,

telli balam,

Hər adamın açılacaq qapısı,

dönəcək dönəlgəsi olmur.

 

Elə adam var,

telli balam,

Sacayaq kimi göydə günəşi üçdü,

yerdə kölgəsi olmur!

 

11.03.2015

 

QURBAN YAQUBOĞLUNA

 

Kim halından halı bilər

Bu halı haldan olmuşun?!

sağı haraya yetər,

solu, soldan olmuşun.

Həsrət sevgi sazağıdır,

Əriməyən buz dağıdır.

Bizim dağlar göz dağıdır.

Yox yolu yoldan olmuşun.

 

Sel çayda həşir qoparır,

Dalğalar enir, qabarır...

Həm körpünü sel aparır,

Həm salı saldan olmuşun!

 

18.07.2014

Nabran

 

QÜRUR

 

Polkovnik-leytenant Etibar Məhərrəmova

 

Çayın gendə dayaz,

Darda gur yeri var.

Cənab zabit, çoxdandı

qürur deyilən hissi yadırğamışdım,

Səni kimi oğullarda

xalqın qürur yeri var.

 

Səni görəndən sonra səndən

çoxuna dedim,

Səndən çoxuna bəhs etdim.

Səni tanıyandan sonra

Bir körpə əlini əlimdə hiss etdiyim kimi

qürur yerimi hiss etdim.

 

Cənab zabit, öyrətmək olmasın...

ordu odu ki,

Əsgəri özünü yurdun

ağacı, daşı, otu,

qatlanmayan dizi bilsin!

Zabit o kəsdi ki,

əsgəri vətənin özü bilsin!

Cənab zabit, əsgəri sevən zabitdi

Vətəni sevən zabit!

Cənab zabit,

Əsgərlik bazar,

Müharibə can sovdasıdı!

Qarabağ əsirlikdə...

deyə bilmirəm

Allah bazar versin,

deyə bilmirəm

Allah bazar verməsin!

Hamı qələbə gözləyir -

İstər cavan olsun,

İstər qoca olsun,

Qoy qürur yerimiz

Bayraq yerimiz kimi

Həmişə uca olsun!

 

08.02.2014

 

İlham QƏHRƏMAN

525-ci qəzet.- 2015.- 25 aprel.- S.28