Sözün Küründəsən, Arazındasan, yaxud qan çəkir adamı...

 

Uşaqlıqdan beləydi...

 

Yerindən duran kimi Xudafərinə doğru qaçardı.

 

Özü də bilməzdi ki, niyə?

 

Qan çəkirmiş onu.

 

Araza daş atmazdı.

 

Arazdan daş götürüb Xudafərinin uçmuş oyuqlarına qoyardı.

 

Deyərdi ki, mənim ulu babalarım bərpa etdirib bu körpünü, Şeyx babalarım! Şeyx Məhyəddin və Şeyx Qiyasəddin - XIV əsrdə!

 

Onçün də kəndimizə Şıxlar (Şeyxlər) deyiblər (Şıxlar Xudafərin ifadəsi də burdan ilgilənib).

 

Yazda Arazın suları aşıb-daşırdı.

 

Onunsa Araza, Xudafərinə, yaxınlı-uzaqlı yurd yerlərinə övlad eşqi.Bu eşq sonralar aşiqliyə çevrildi. Allah eşqinə, Vətən eşqinə, şair eşqinə döndü.

 

Yazdığı şeirləri uşaqlığından Xudafərinin uçmaqda olan daşlarının,tağlarının altına verdiyi çiyinləriylə yazmağa başladı.

 

Ən gözəl və təsirli misralarını əliylə, qələmiylə yox, o tərəfdə Təbrizə, Mərəndə, bu tərəfdə Diri dağa baxan gözləriylə yazdı.

 

Sərhəd dirəkləri və məftilləri onu görsə də, o, belə şeyləri görmürdü və görmək istəmirdi...

 

lll

 

...Sərhəd məftillərində çiçəkləyən sarmaşıqlara da aldanır şair.

Və oturub o saat şeir yazır.

Unudur onun sarmaşıq olduğunu.

 

Sərhəd məftillərində çiçəkləyib deyə bağışlayır bütün günahlarını...

 

Az qala adamın özü də sarmaşıq olmaq istəyir. Sarmaşıq tək sərhəd məftillərinə sarılıb çiçəkləmək istəyir.

Təki Vətəni iki yerə bölən sərhəd xətləri, sərhəd məftilləri yox olsun.

Sərhəd məftilləri öz işindədir.

Sarmaşıq da!

 

Nə sərhəd məftilləri, nə də sarmaşıqlar bilmir ki:

 

Burda bir millətin məhşər ayağı,

Nələr qada olub, nələr qan olub.

Arazdan o yana adlamaq nədir,

Hətta baxmaq belə qadağan olub.

 

Yaxud

 

Bəlkə çiçək deyil bu gördüklərim,

Bir ana qəlbinin ağrılarıdır.

Quş gəlib hədəfə, keçə bilməyib,

Burdan o tərəfə keçə bilməyib,

Sarmaşıb qalıbdı bu məftillərə?!

 

...Sarmaşıqlar Xudafərin körpüsünün düz tuşunda!

Sərhəd məftilləri şair ürəyinin param- parça olmuş tellərində, bağrı başında!...

Bəs şair özü hanı?

 

Gördüm! Odur! Babalarının ruhu dolaşan Xudafərin körpüsünün ən uçuq yerinə verib çiyinlərini. Uçduğu bəsdir, daha uçmasın, deyə...

 

Şairi ağrıdan təkcə bu qanlı məftillər deyil. Sarmaşıqların bəzi siyasətçilər kimi humanist donunda görünməsidir və bir də çiçək yığmağa gələcək uşaqların aldanmaq təhlükəsidir (faciəsidir).

 

... Biz duya bilmirik, bəlkə nəsə var,

Dünyadan xəbərsiz uşaqlar hələ

Gələ bu yerlərə çiçək yığmağa,

Bir də görələr ki, məftil yığıblar?!

 

... Məftil yığıblar?! O yerdən ki...

 

Məşhur ziyarətgahlardan biri Diri dağ da o tərəflərdədir.

İllər boyudur Vətənimizin erməni təcavüzünə məruz qalmış ərazilərini yada salır və düşünürəm: Nə gözəl yer adlarımız var... Diri Dağ! Diri baba! Xızır zində! (Diri Xızır!)

 

Bir sözlə, ölümsüzlüklə bağlı adlar! Bəs onda niyə bu boyda diri olduğumuz halda bəzən ölüvay görünürük?! Nədi bu ölümsüzlük içindəki Ölümümüz?!

 

Yer adlarına baxın: Qarqar! Tərtər! Gərgər! Mormor! (Baxın adlardakı şeiriyyətə və düşdüyümüz zillətə!)

 

Gözə gəlmişik bəlkə?!

 

Yuxarıdakı şeirin müəllifi şair Xasay Mehdizadənin 525-ci qəzetin ötən saylarından birində çıxmış silsilə şeirlərinin altında ünvan yerində yenə də Cəbrayıl adını yox, Bərdə adını gördüm, şeirlərini oxudum və istər-istəməz qəzetdəki Bərdə sözünün altından Cəbrayılın adını yazdım...

 

Gəldim su üstünə (şairin başqa bir şeiri belə adlanır). Gəldim ki, dərdlərimi sularla bölüşüm. Bu şair də başqaları tək Bakıya, ya elə Şəkiyə, nə bilim, dünyanın harasınasa gedə bilərdi.

 

Ancaq Bərdəyə gəlib-faşist xislətli mənfur qonşularımızın təcavüzkar işğalına məruz qalmış Cəbrayıldan.

Bərdəyə gəlib ki, bir az Cəbrayıla yaxın olsun, Cəbrayılın iyini yaxından alsın.

 

Arazdan aralı düşsə də, yaralarını Kürə sarıtsın.

 

Bir də ki... şair su üstündən( Arazdan, Kürdən) kənarda necə yaşaya bilər ki?!

Və kimə, nəyə üz tutmaq olar- sudan, su paklığından başqa!

 

Bir kimsə varmı ki,

Tapılarmi ki,

Üstünə gedəm.

Məni başa düşə çətin ayaqda?

Gəldim su üstünə!

 

...Anamın bir inam yeri vardı-su,

Pis yuxu görəndə bulağa enib,

Suya danışardı,

Aparardı su...

 

Mən elə o vaxtdan alışdım suya,

Yüz dəfə, min dəfə qarışdım suya.

 

Üstəlik, onu da deməyin yeridir ki, əziz şair dostum, sən suya elə- belə qarışmadın. Ruh kimi qarışdın. Bir də baxıb gördün ki... dedin ki...

Sözün Küründəyəm, Arazındayam!

 

Söz də bir Vətəndir. Söz də Vətənimiz tək param-parça edildiyi, ayaqlar altına atıldığı, bir sözlə, işğala məruz qaldığı bir zamanda sözün Kürü olmaq, Arazı olmaq hər şairin hünəri, işi ola biməz! Bunu varlığında Məmməd Araz ruhunu, Xəlil Rza Ulutürk çılğınlığını, üsyankarlığını yaşadan, onların yolunu param-parça edilmiş ürəyiylə şərəflə davam etdirən Xasay Mehdizadə deyə bilər! Və sən sözün Küründə, Arazında da ayrılıqlara tuş gəldin, Xudafərindən o yana həsrətlə baxdığın azmış kimi, indi də didik-didik edilmiş, parçalanmış Nizami, Füzuli, Nəsimi Vətənindən - Sözdən (Sözün Küründən, Arazından) baxa-baxa qaldın... Sözün ilkinliyinə! Sözün ülviliyinə! Sözün bütövlüyünə! Özümüzün ola-ola düşmənlərimizin tapdağı altda qalan yurdlarımıza!

 

Özümüzü öldürməyə qıymayıb, özümüzdən qabaq ölən dərdlərimizə!

 

Sən su üstünə elə -belə gəlmirsən ki...

 

Bu dünya çarxından çıxıb yenə də,

Nuhun əyyamında olduğu kimi;

Suya çəkilməyə məhkumdu bəlkə?!

 

Elədir ki, var!

 

Nitsşe deyirdi ki, Tənhalığa çəkil mənim dostum, tənhalıq qurtaran yerdə bazar meydanı başlanır.

Sən məcburiyyət üzündən Araz qırağından köçüb, köçkün düşüb Kür qırağına gəlmisən (qaçmamısan).

 

Tənhalığına qaçmaq istəmisən bəlkə? Hesab etmisən ki, indiyə qədər axtardığın adamları adamlar içində tapmasan da, burda tapacaqsan?!

 

Eeh, qardaş, şairsən ki, şairsən! Özü də çox böyük şairsən! Vətəndaş ruhlu şair! Vətən ünlü, Vətən yanğılı şair!

 

Səni tanıyanlar tanıyırlar və sevirlər mənim kimi!

Səni tanımayanlar Sözü tanımırlar, səni sevməyənlər Sözü sevmirlər. O aradığın da harda vardı ki, burda da olaydı! Adam axtaran adam şeirində çox doğru deyirsən ki:

 

Bəşər soy yığını, soyad yığını,

Ay adam axtaran, bu da iş, axtar!

 

Yəni ki, iş gəzirsən, bu da sənin üçün ən yaxşı iş!

 

Tikanlı məftillər sərhəd dirəklərinə dolaşmaqda, sarmaşıqlar sərhəd məftillərində gül açmaqda!

Əcəb kefdəyik!

 

Bu dərdi car çəkməliyik bütün yer üzünə! Abır -həya etdiyimiz, utandığımız bəsdir. Yolum, yol yoldaşım- utancaqlığım deyən şairim!

 

İsmayıl Şıxlı deyirdi ki, hədsiz özündən razılıq nə qədər qorxuludursa, hədsiz təvazökarlıq ondan da təhlükəlidir.

 

Mən deyərdim ki, hədsiz utancaqlıq da!

 

Mən öz dərdimi də örtülü yazdım,

Açıq görünməyə dərdim utandı.

 

Ucalığa bax, böyüklüyə bax! Əxlaqa bax, Allahım!

Heç belə də utancaqlıqmı olar?

 

Utancaqlığın, təvazökarlığın həddinə bax ki, sənin özün və sözün göründüyü halda yazırsan ki, çör-çöp yığını kimi qalar Kürün üzündə, Çətin görünə sözüm Olmaz! Vallah özünü bu qədər danmaq olmaz!

70 illiyin ərəfəsində çap etdirdiyin şeirlərdə 7 yaşlı uşağın sevincini duydum. Bəzi misralarındakı ümidsizliyi nəzərə almasaq, bütövlükdə Nə yazıq şeirinin adını nə mutlu qoymaq olardı. Yazırsan ki:

 

Kimliyimdi ürəyim,

Son günümə son tikəmdi,

Yaman günlüyümdü ürəyim!

 

Başqa bir şeirində deyirsən ki:

 

...ta dönüb söz oldum,

Sonum bu, yəni,..

 

Olsun! Bir vaxtlar özün inləmisən, indi Sözün inləyəcək.

 

Elə Diri dağ kimi!

Elə Diri baba kimi!

Elə Xızır Zində kimi!

 

Qarqar, Tərtər, Gərkər, Mormor qafiyə tapmaqda (qafiyə gözəlliyində) sənə yardımçı olacaqlar.

Yazırsan ki, Bu qədər yaşadım, quruca adım... Özümün Özümə əlim çatmadı.

 

Özünə əlin hardan çatsın ki?!

 

Heç bilirsən, sən hardasan? Hansı ucalıqdasan?! Dediyin o quruca adın yanındakı əlçatmazlıqda! Nəsiminin dediyi Göyçək adla dodaq- dodağa öpüşməkdəsən!

Sən adamlar içində gəzdiyin adamsan elə! O adam sən özünsən!

 

lll

...Qan çəkir adamı.

 

Yanılmıramsa bu mövzuda bir şeirin olmalıdı. Olsun ki, mən bu yazını yaza bilməyəcəkdim...

 

Qan çəkdi!

 

...Hər şeyin axırı var.

 

Sərhəd məftillərinin də, elə sarmaşıqların da. Bir gün inanıram ki, sarmaşıqların yerinə barmaqlarımız sarmaşacaq tikanlı məftillərə (həm bu tayda, həm o tayda!).

Sərhəd məftillərində çiçəkləyən sarmaşıqların yerinə yaralı barmaqlarımız çiçəkləyəcək.

 

O barmaqların içində yenə də qan çəkəcək məni. Sənin sözünü tanıdığım kimi baxıb o dəqiqə özünü də, daha çox qana batmış barmaqlarını da tanıyacam.

 

Gərək qan çəkərim qan üstə əsə,

Ey vah neçələri burda xam, artıq.

Qanım çəkməyəni təbim çəkdisə

Mən getdim güdaza... mən yoxam artıq.

 

lll

 

... Xəlil Cibran Xəlil deyir ki, Vətən cəsur insanların omuzları üstündə yüksəlir.

Çox doğru fikirdir!

 

... Başımı çiyninə söykəmək istədim.

Gördüm çiyinlərin yoxdu.

 

Yadıma gəldi ki, çiyinlərini Xudafərinin uçmaq təhlükəsi qarşısında qalan oyuqlarının altında qoyub gəlmisən...

 

Gördüm elə xəstəhalsan ki! Ürəyini Qarabağdaki gizli sərhəd məftillərinə çiçək kimi səpib güclə, qırıq-qırıq belə deyirsən:

 

-Ta ürəyim də qalmayıb!

 

Mənim də ürəyim o çiçəklər içindədir.

Gəl mən də sənə bir şeir oxuyum şair qardaşım! Ürəyimi tutmağıma baxma!

 

Qırılıb göylərdə durnalarımı,

Xəstə Vidadimi yoxsa o yatan?

İtirib dünyada dünyalarını,

Sonku vidadımı yoxsa o yatan?

Xəlil Rzalardan, Məmməd Arazdan

Qalan sədadımı yoxsa o yatan?

Bəlkə mən özüməm... bəlkə... bəlkə də...

Bir şair dostum var, orda, Bərdədə!..

 

O, yatır Təbrizdə yatırmış kimi,

Yastığı eyləyib Diri dağını.

Düşmən ordusuna dönüb dərdləri,

Geriyə qaytarmır biri, dağını.

Olmaya Arazın qırağı sanıb,

Köçüb yaşadığı Kür qırağını?

Bir əli ocaqda, biri pirdə də...

Bir şair dostum var, orda, Bərdədə!

 

Dikəndə göz dikib öz ürəyinə,

Qalıb, yurda baxan gözünə qalıb.

Tut, onun qolundan qaldır ayağa,

Tanrım, yenə əlac özünə qalıb.

Yolçuluq eyləmək yaraşır ona,

Yolların, izlərin düzünə qalıb,

Sonda oturubdu ən ön cərgədə,

Bir şair dostum var, orda, Bərdədə!

 

Gedəcək dünyanın o başınacan,

Salanda məni də salıb yanına!

Dur, qalx, qoy yerində mən özüm yatım,

Belə deyəcəyəm, gəlib yanına!

Köhnə vəfalıdı, unutmayacaq,

Alanda məni də alıb yanına,

Vətən deyəcəkdir getsə, gorda da,

Bir şair dostum var, orda, Bərdədə!

 

 

 

 

Barat VÜSAL

525-ci qəzet.- 2015.- 25 aprel.- S.27