Ayrılığın yetəri yox...

 

 

"Hər kəs həyatdan indicə doğulmuş kimi gedir" .

Epukur

 

...Onu qürurundan tanıdım ilk dəfə, çörək verəninə etibarından sevdim. Özünü yox, əvvəl imzasını gördüm, qəbul etdim... Şəhanə idi... Rəhmətlik Arif Cəfərovdan geniş, təbii, saf bir könül yazısı hazırlamışdı. Həm özünə, həm haqqında söhbət açdığı adama layiq, həsrət məhəbbətlə, itkisinə cızdağı çıxa-çıxa... Bilirdim yerli "Suqovuşan" qəzetinin aktiv əməkdaşı olub, ta Sovet dövründən daimi aktual sahələrdə dəyərli yazılar hazırlayıb... O zamanın da əsas yazı obyektləri pambıqçılıq, əkinçilik, zəhmət adamları idi. İndi sərbəst jurnalist kimi işləməsi əl-qolunu bir az da açmış, fikir düşüncələrini cilalamışdı. Ürəyinə yatan, ruhuna düşən hər şeydən yazırdı. Çoxlarının baxıb ötdüyü adi bir həyat elementi onun qələmi ilə bəzənib başqa dona girirdi...

 

Sonralar tale bizi ümumi yerimizdə görüşdürdü. Arabir imkan tapanda dünyalarımıza baş vurduq, narahat məqamlarımızı bölüşdük, sevincli anlarımıza şahid durduq. Onun Mahmud Qaşqarinin 1000 illiyi münasibətilə 2008-ci ildə keçirilən Beynəlxalq hekayə müsabiqəsində xüsusi mükafata layiq görülən "Polonez"ini sevdim. Üz-üzə əyləşib əsərin mövzusu haqqında daha geniş məlumatlar aldım. Onu cəmiyyətə tanıdan da deyərdim ki, "Polonez" oldu. Bundan sonra mətbuatın qapıları daha geniş mənada üzünə açıldı. Onu "Polonez"lə kəşf etdilər, sevdilər, haqqında yazdılar...

 

... Vəsilə xanımla söhbətimiz tuturdu, birlikdə yazılarımızı müzakirə edirdik...

 

Fikrimi bildirəndə həmişə məndən obyektiv olmağımı, düzgün qiymətləndirməyimi xahiş edirdi. Deyirdi, Şahnaz xanım mən istəyirəm məni tənqid etsinlər, lap yıxıb sürüsünlər, amma yetər ki, bundan ədəbiyyat udsun. Xətirə-xətir söz deməsinlər.

 

Mənim ilk publisistik yazım da elə onun həyatının ən böyük itkisi olan oğlu İlhamla bağlı olmuşdu... Həmişə həyatının bu səhifəsindən sükutla keçirdi. Mən yarasını qanatmaq istəmirdim. Amma bir gün söhbətin axarı çəkib apardı onu... Danışdı... dinlədim, susdum... Sonra "Təklik tənhalıq deyil" yarandı. Oxudu, bəyəndi, amma xahiş etdi ki, "Ədalət"ə göndərməyim. O, dərdini biruzə verməyi xoşlamazdı. Xahişini nəzərə alıb başqa bir qəzetə göndərdim. Yazını qəzet səhifəsindən bir oxudu. Üzümə təəccüblə baxıb "Şahnaz xanım, publisistika Sizdə gözəl alınır, əcəb məşğul olmursunuz?!" söylədi. Bəlkə onun sözləri mənə yeni mövzular üçün stimul oldu...

 

... "Ədalət"də köşə yazarı idi. Hər həftəsonu yazısı çıxmalı idi. Yazı göndərə bilməyəndə narahat olurdu.

 

"Boynumun borcudu" deyirdi, "yazmalıyam". Hərdən şikayətlənirdi ki, belə yazılar adamı tükədir. O daha sərbəst olmaq istəyirdi. Heç kəsdən, heç nədən asılı yazmaq istəmirdi. Özündən narazı qalırdı, elə bu məqamların birində yazmışdı. "Sən dilənçinin ayaqlarını yuyarsanmı?" məqaləsini. İlk cümləsini etirafla başlamışdı:

 

"Son zamanlar yazdıqlarım məni qane eləmir. Mən istəyirəm yazdıqlarım təkcə maraq xatirinə oxunmasın, həm təzə ovqat , həvəs oyatsın, oxucunu nələrəsə ruhlandırsın... Əgər həyata marağı sönübsə, özünə qayıtsın... yarımçıq qoyduğu işinə daha ürəklə girişib başa çatdırsın. Həm elə işlərə baş qoşsun ki, bundan həm özü, həm cəmiyyət xeyir görsün..." O hər kəsdə yaxşılıq, gözəllik görmək arzusu ilə yanırdı. Heç bir sözü boğazdan yuxarı söyləməz, işini ürəklə görərdi... Həmişə acı olsa da həqiqəti söylər, həm eşitmək istərdi. Arzuları çox idi hələ, yazılarını kitab halında görməyi necə arzulayırdı... Deyirdi gərək bütün arxivi tökəm, elə yazılar var ki, bu günlə ayaqlaşmır, seçim etməliyəm...

 

... Təkliyi çox sevirdi, bayağı adamlardansa təkliyi ilə baş-başa qalmağa üstünlük verirdi... Bu dünyanın pisliklərindən uzaqlaşmaq üçün romantik xəyallar qururdu: "Adam istəyir lap gedib meşə kənarında bir alacıq qursun, ya qamışdan ev düzəldib yaşasın..." Pensiyaya çıxıb bu fikrini müəyyən mənada reallaşdırmağı da planlaşdırırdı...

 

... Doğulub böyüdüyü doğma Kolanı, kəndin çoxdan dünyasını dəyişmiş yaxşı adamları, ağsaqqal ağbirçəkləri onun həm söhbət, həm yazı mövzularındandı, sönməz ilham mənbəyi idi... Tərəkəmə olmaları ilə qürur duyurdu. .. Onun içində yeri bugünədək dolmayan qiymətli insanlara aid guşələr vardı...

 

... Qələm dostları, tələbə yoldaşları əziz idi ona... Çox zaman üç xanım yazar qonşu yerləri bölüşərdilər.

 

"Ədalət"də - hər birinin öz dəsti- xətti, üslubu, qələmi vardı... Zarafatla "Xanımlar yenə birləşib ha, Vəsilə xanım, Allah piz gözdən saxlasın" deyərdim...

 

... Son vaxtlar onun səhhətində olan bəzi xoşagəlməz halların şahidi olurdum, gah danışarkən öskürək tuturdu, gah da səsi xırıldayırdı... Səbəbini soruşanda bunun əsəb, sinirlə bağlandığını söyləyirdi...

 

Keçəcək deyir, müalicə təyin edirdilər... amma keçmirdi... Narahatlıqları artanda təkidlə ciddi müayinəyə ehtiyacı olduğunu məsləhət gördüm. Getdi... Amma bu o zaman oldu ki, bəlkə ağır xəstəlik öz işini bitirmişdi...

 

... Günlər yığılıb həftə, həftələrsə ay olurdu. Vəsilə xanımın səhhətində yaxşıya doğru dəyişiklik isə yox idi...

 

Rəhmətlik Əli Kərim xəstəxanada yazdığı şeirlərinin birində yazırdı:

 

Yeri oldu - olmadı,

həkim ki, girdi

xəstənin qılığına,

Nəsə pıçıldadı

dostlarından

birinin qulağına-

Onda həkim,

Salam-əleykim!...

...Heç kim inanmır ki,

Öləcək...

Elə mən ...

Amma ölüm

Oğlanlarımın

kədərli təbəssümüylə

Gülümsəyəndə,

İnandım öləcəyimə...

Demədim heç kimə...

 

Vəsilə xanım da ümidlə xəstəxanaları dolanıb, sonda həkimlərin baxışlarını ondan yayındırdıqlarını görəndə əl-qolu üzülüb yanına düşmüşdü... çəkdiyinə isə heç kəsi şərik etmək istəmirdi... hətta yeganə övladı Nərgizi belə !...

 

... Sorağını alıb görüşünə tələsdim. Uşaqlıq, gənclik xatirələrinin közərdiyi kənddə idi Vəsilə xanım... Halı yaxşı deyildi... Ölüm onu qova-qova gətirib balaca bir otaqda çarpayının bir güncünə qısnamışdı... O da nəfəsi qarala-qarala o qədər qaçmışdır ki, daha birqalxmağa gücü, taqəti qalmamışdı... O, bu oyunda məğlub idi... Qalib isə həmişə olduğu kimi O idi... Ölüm...

 

... Necəsən?-soruşdum. Səsimi eşidib azca geri çevrildi: "Çox darıxıram, Şahnaz xanım..." söylədi...

 

Bu bir neçə kəlmədə nələr yox idi... İlahi!

 

İztirab, kədər, intizar, giley, iki dünya arası nigarançılıq, yarım qalan istəklərin açısı, əbədi vüsal və ayrılıq ağrısı... və çoxdan içinə yol edən göz yaşları...

 

Payızda durnalar köçdü,

Ürəyimdən ağrı keçdi.

ömürdü gəldi, keçdi

Sevinci az, kədəri çox...

 

Tanrım qurdu Göyü, Yeri.

Göynəyir həsrətin yeri.

vermişdi aldı geri,

Daha bundan betəri yox...

 

Bir sevdanın yolçusuydum,

Yorulmazdım arasaydın.

Sənə Leyli olasıydım

Ayrılığın yetəri yox...

 

PS. Cəmi bir gün sonra Vəsilə xanım ruhunun daha azad olacağı bir məkana köçdü... O, pilləkənləri bir-bir düşdü getdi...Yaradanına ucalaraq Dünyasını dəyişdi...

...Yeni dünyan mübarəkdi, Vəsilə xanım...

 

 

 

Şahnaz Şahin

 

525-ci qəzet.- 2015.- 30 aprel.- S.8