Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edilib

 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya ilə görüşüb.

Görüşdə Azərbaycan-Polşa əlaqələrinin tarixindən Azərbaycan musiqi mədəniyyətindən danışılıb. Həsən Həsənov Azərbaycanın dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən musiqimizin çoxəsrlik ənənələrinin olduğunu diqqətə çatdırıb. Səfir Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edib.

Halina Lorkovskaya hədiyyəyə görə təşəkkür edib Azərbaycan tarının Akademiyanın foyesində yerləşən musiqi alətləri sərgisində yer alacağını bildirib.

Görüşdə bu ilin oktyabr ayında Poznan Musiqi Akademiyasında Azərbaycan musiqisi gününün keçirilməsi barədə razılıq əldə edilib.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 3 aprel.- S. 7.