Məmməd Aslanın Öz dünyası - Söz dünyası

 

 

Ətirli xatirələr - bu ifadə Məmməd Aslana məxsusdur. Allah imkan versə, yazının sonuna yaxın nə vaxt və niyə deyildiyini açıqlayacam...

Hələliksə, Bakıdan Ankaraya uçan təyyarənin sərnişinləriyik. Məmməd Aslan, Məmməd müəllimin oğul əvəzi kürəkəni - Xosrov bəy, Rüstəm bəy və Sultan bəyin nəsil davamçısı Rüstəm və bəndəniz.

Təyyarəmiz havaya qalxandan Məmmədin gözləri illüminatordan çəkilmir. Özü seçmişdi o yeri. Nədənsə mənə elə gəldi ki, təyyarənin Kəlbəcərin üstündən keçəcəyini xəyal etmişdi. Bəlkə də yanılırdım, amma Məmməd dördgözlü olmuşdu: baxır, baxır, sanki illərdir itirdiyi qiymətli bir ləlini axtarırdı. Xəstəliyi də unudulmuşdu. Aradabir nəsə soruşmaq istəyəndə Rüstəmlə mənə baxıb gileyli-gileyli başını bulayır, yenidən artıq buludlardan sıyrılıb masmavi və əngin səmaya qalxan təyyarənin illüminatorundan baxmağa davam edirdi. Yadıma 1984-cü ildə nəşr edilən "Ərzurumun gədiyinə varanda" kitabı düşdü. Onda da Türkiyəyə səfər edib nəticə olaraq ilk dəfə qardaş ölkəyə pəncərə açmışdı. Kütləvi oxucu auditoriyası üçün bu kitab doğrudan da bir nəfəslik idi. Və "Lələm dedi, gəl qayıdaq bu yoldan" misraları təyyarəmiz Ankaranın "Esenboğa" hava limanında yerə enənədək beynimdən çıxmadı. Xəyalən gedəcəyimiz Gülhanə Əsgəri Tibb Akademiyasının bomboz sifətini görüb istəyirdim deyim ki, Məmməd, gəl geri qayıdaq.

Amma... bu "Əmmalar"ın da səbəbini sonra deyəcəm... Hələliksə, Məmməd əngin səmaya, Rüstəmlə mən də Məmmədə hakim kəsilmişdik: Adam göyün yeddinci qatına necə vurulmuşdu?! Rüstəmlə baxışlarımız ani olaraq toqquşdu və Məmmədin xasiyyətini bildiyimizdən susmaqda davam etməkdən başqa əlacımız qalmadı və göyün yeddinci qatında (bəlkə də heç yeddinci qat deyildi, bu, Məmmədlə mənim uydurmam idi) Allaha yaxın olduğumuz üçün səsimi daha tez eşidər deyə, arzumu dilə gətirdim: "İlahi, öz böyüklüyün xatirinə, bizi naümid qaytarma, Məmmədin sağlamlığını həkimlərdən qabaq özün bərpa elə". Təyyarəmiz uçmağında, Məmməd Kəlbəcər axtarışında, Rüstəmlə mən də Məmmədə sağlamlıq diləyində... Bir də xəyallardan ayrıldıq ki, kapitan təyyarənin on beş - iyirmi dəqiqədən sonra Ankaranın hava limanına enəcəyini elan edir. Və mənə elə gəldi ki, nə Məmməd istəyinə çatmışdı, nə də ki, hələlik biz...

Hava limanında bizi qayğıkeşliklə qarşılayan İbrahimin maşını ilə otelə gəldik. Buradakı doğma münasibəti, İbrahimin Gülhanədəki həkimlərlə vaxt təyin elədiyini, ciddi narahatçılığa əsas olmadığını biləndən sonra qırışığımız bir az açıldı. Artıq Məmməd müəllim bizimlə şirin-şirin zarafat edir, İbrahimlə yaxından tanış olur, otel personalına xoş sözlər söyləyir, bir sözlə, sanki ağrısını-acısını unutmuşdu. Formal sənədləşmə işlərini qurtarıb, 1898 -ci ildə yaradılmış qos-qoca əfsanəvi Gülhanəyə gəldik. İlk təmasda olduğumuz həkim Albay Mustafa Öztürk adlı bölmə müdirinə Məmməd Aslanın böyük türk sevdalısı və millətçisi olduğunu deyəndən sonra Mustafa bəy çox səmimi tərzdə: "Məmməd bəy, heç rahatsız olmayın, sizə kəndi babam kimi baxacam" - deməsi, xəstəxananın və Mustafa bəyin bölümünün boz və zəhmli sifəti sanki nura boyandı və içimizdə bir ümid qığılcımı yandırdı. Müayinələr, məsləhətləşmələr başladı və Məmməd müəllim, qənaətimə görə ömrünün ən ciddi imtahanını verirdi... Məndə bir yəqinlik yaranmışdı ki, hər zaman söz və həyat imtahanından qalib çıxdığı kimi, bu dəfə də namərd xəstəliyə qalib gələcək. Albay Mustafa bəyə Məmmədin xəstəliyinin səbəbini özünün yanında yox, Mustafa bəylə ikilikdə olanda izah etməyə çalışdım. Deyəsən izah edə bilmişdim.

Mustafa bəy bu tanıtımdan sonra başını əllərinin arasına alıb bir müddət fikrə getdi... Nə dedyimi indi sizlərə izhar edəcəyəm, əziz oxucular. Dedim Mustafa bəy, dəmirçi kürəsi görmüsünüz, Məmməd Aslanın da sinəsi həmin dəmirçi kürəsi kimi bir şeydir. Sadəcə, orda dəmir yox, söz bişirir. Ən xas qatlı dəmir kürədə tam bişəndən sonra alınır. Məmmədin də sinəsi söz kürəsidir: sözü bişirib dağ etməmiş dilinə gətirmir. Bu yazıq ürək - ciyər nə qədər yanmalıdır? Söz bişirə - bişirə nə qədər bişməlidir?! Düz iyirmi iki ildir Məmməd Kəlbəcər həsrətini bu kürə qəfəsdə bişirə - bişirə sərgərdan qalıbdı. Nə qədər Kəlbəcər bənövşəsi, Kəlbəcər havası, Kəlbəcər suyu, Kəlbəcər mühiti axtarmalıdır bu zavallı?! Yurd çatışmazlığı, torpaq çatışmazlığı, el - oba çatışmazlığı bu biçarənin daxilində sağlam əza qoyardımı qalsın?! Daş da dözməzdi, dəmir də dözməzdi, necə ki bu şairin içi dözdü... Ulu Sabir də dərd əlindən, qəm əlindən, ehtiyac əlindən sabun bişirib utana -utana satanda ciyərini yandırmamışdımı?! O da zəmanəsinin haqsızlığına, cəhalətə qarşı apardığı mübarizədə, gündəlik ruzisini qazanmaq üçün bişirdiyi sabunla bərabər ciyərini də bişirmədimi?!

 

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

 

Zənn edirdim edəcək ona çarə cigərim.

 

Bəxti-mənhusimə bax:

 

mən bu təmənnadə ikən

 

Başladı şişməyə şimdi üzüqarə cigərim.

 

Məmməd də eynən ustadı kimi yurd həsrətindən, Vətən çatışmazlığından bütün içini yara etmişdi. İndi bu yaralar həmin dərdin, nisgilin vurduğu dəhşətli yaralardır. Məmməd deyəndə ki:

 

Qayıtmaz o Kəlbəcər,

 

Qayıtsa yüz Kəlbəcər , -

 

buna ürək dözərdimi,

 

buna ciyər dözərdimi?! Əsla yox!

 

2002-ci ildə mətbuatda getmiş bir yazımda Məmmədin Kəlbəcər həsrəti ilə Murovda Kəlbəcər bənövşəsini necə acgözlüklə axtardığını, ikimizin də əziz dostu Vaqif həkimlə birgə şahidi olduğumuz hadisəni olduğu kimi bura köçürürəm.Düz on üç il əvvəl yazılıb. Məmmədin canından-qanından, hətta bu bişmiş, şişmiş ürəyindən, ciyərindən artıq istədiyi Kəlbəcərin işğalının doqquzuncu ildönümü günləri yazılmış yazıdır.

"...Murovun ətəklərində idik. Məmməd havalanmışdı elə bil. Bənövşə axtarır, nərgiz soraqlayır, peşəməngülü arayırdı. O boyda şair bapbalaca uşağa dönüb kolun - kosun dibini gözləriylə "yeyir", qarın altında yapıxmış xəzəli dırnaqlarıyla ələk -vələk edib bənövşə axtarırdı. Qan bənövşə, qız bənövşə! Tapanda bir anlıq necə də sevinir, - böyük bir xəzinə tapmış kimi! Yanılmadım, bəli, sevinci bircə an çəkirdi. Təzədən gözləri dolur, üzünü Murova tutur - göz yaşlarını gizlətmək üçün. Yox, tapdığı bənövşə idi, əsl qan bənövşə, qız bənövşə! Məmməd isə Kəlbəcər bənövşəsi axtarırdı...

Axtarırdı və tapa bilməyəndə acığını bizdən çıxırdı - Vaqif həkimdən, Nəsibdən (Allah rəhmət eləsin), bir də məndən. Əsir-yesir eləmişdi bizi, o dərəyə də enək, bu dikə də çıxaq, o döşü də arayaq... Yox, Məmməd Aslan, deyəsən, neçə ki bizim kimi oğulları var bu biçarə Vətənin, o sən axtaran bənövşəni tapa bilməyəcəksən, hələ çox yanıb - yaxılacaqsan, göz yaşlarını bizdən hələ çox gizlədəcəksən. Bu gün yenidən - doqquzuncu dəfə işğalının ildönümünü - "Qara bayramını" qeyd edəcəyik, nakam Kəlbəcərim! Yenə də kimlərisə asıb - kəsmək, yenə də bol - bol vədlər, yenə də telequtulardan telebülbüllərin, teleqarğaların əttökən çıxışları, harda aş - orda baş qardaşlarımız... Danışıb - danışıb özündənrazı ədayla evlərimizə qayıdacağıq, sən isə hələ də murdar yağı tapdağı altında inildəməyində, can verdiyin, həyat verdiyin bizləri əbəs yerə gözləməyində olacaqsan. Zavallı Məmməd Aslan da Murovun o üzünə - sənə əli çatmadığı üçün bəri üzündə, Toğana çayının, Quşqara çayının qıraqlarında, Hacıkənddə, Daşkəsən dərəsində, Gədəbəyin meşələrində bənövşə axtaracaq: tapacaq, amma bu, gözünü açandan ətrini duyduğu, doğma bildiyi sənin bənövşən olmayacaq. Neçənci dəfə göz yaşını bizlərdən gizlətmək üçün üzünü yenə sənə tərəf çevirəcək.

Və günlərin bir günü axtardığını burada tapa bilmədiyi üçün bizlərdən küsəcək, sənin doqquzuncu "Qara bayramından" iki-üç gün sonra üz tutub qardaş Türkiyəyə gedəcək. Ərzurumu, Bolunu, Bursanı, Biləciyi, bütün Osman elini ələk-vələk edib bəlkə axtardığını ordan tapdı deyə, vurnuxacaq. Amma yenə də əliboş qayıdacaq. Mən buna əminəm, çünki Məmmədi də yaxşı tanıyıram, səni də... Sənin qan bənövşən, qız bənövşən dünyanın heç bir yerində bitmir, yalnız sənin üzündə, yanağında - yançağında, birçəyində, qolunda - qolçağında bitə bilər. Məmməd də bunu bildiyi üçün Kərəmə dönüb yenə üzünü sənə tutacaq:

 

O dağlar xan Əslidi,

Məmməd yanıq Kərəmdi, -

deyib nalə çəkəcək..."

Bax belə, əziz oxucu!

 

Bu boyda dərdin, bu miqyasda faciənin fonunda sağlam ürək, sağlam ciyər demirəm, heç sağlam zəka da qalmaz adamda. O da ola Məmməd kimi söz ustadında, Vətən sevdalısında! Mustafa bəyin, Şükrü bəyin, digər həkim və tibb bacılarının qayğıkeş, həssas münasibəti Məmmədi ruhlandırmış, doğma Kəlbəcərini görmək üçün hələ xeyli yaşamasına inamını atrırmışdı. Və hər şey yaxşılığa doğru gedirdi. Mən Bakıya qayıtmalı oldum. Dörd gündən sonra da Məmmədgil qayıtmalıydı. Bir -birimizə elə isinişmişdik ki, ayrılmaq çətin idi. Hamımız kövrəlmişdik, amma Məmmədin səhhətinin yaxşılığa doğru gedişi ümidimizi artırdığından sağollaşıb ayrıldıq. Bakıya çatıb təyyarədən düşən kimi zəng vurdum, hal - əhval tutduq.

Yaxşı olduğunu, sadəcə, darıxdığını dedi və özünəməxsus xəfif zarafatla qayıtdı ki, ayə, təzəcə bir-birimizə öyrəşmişdik, indi bizi qoyub getdin. Getdin, amma ətirli xatirən palatamızdan, üst - başımızdan getmir ki, getmir. Anladım nə dediyini: mən gələndə apardığım ətiri Məmmədlə Rüstəmə vermişdim. Məmməd bunu nəzərdə tutub həm həqiqi, həm də məcazi mənada deyirdi mənim üçün xoş olan bu sözləri...

Xəyal yenidən məni ikinci bir ətir əhvalatının yanına apardı: orta məktəbdə oxuyanda 8 Mart qadınlar bayramında oğlanlar qızlara ətir alardı, təbii ki, mən də istisna deyildim. Fevralda da qızlar çox vaxt oğlanlara gizlicə ətir verərdilər, yenə də istisna deyildim... Dərsdən evə gələndə forslanıb bu ətirlərdən boynumuza - boğazımıza vurardıq. Bir dəfə Dədəm bunu hiss etdi və dedi ki, oğul, kişi ətir vurmaz, ətiri qız-gəlin vurar. Utandığımı görüb könlümü almaq üçün dediyi sözlər hərfinə qədər yadımda qalıb: Kişidən tər iyi gələr, ətir iyi yox. Bədənindən tər iyi gələn kişinin evindən həmişə çörək ətri gələr. Təbii ki, kənd yerində yaşayan bizləri zəhmətə belə sözlərlə qatlaşdırardı müdrik ata - babalarımız... indi Dədəmin o ətirli xatirəsiylə Məmməd müəllimin bu ətirli xatirəsini eyni anda xəyalımda canlandırıb xeyli məmnun oldum...

Məmməd Aslan onu namərdcəsinə haqlayan bu can davasında iradəsi, dəyanəti, dözümü hesabına qalib görünür. Bir də axı, Məmmədin bir vəfa borcu da var: Kəlbəcərə qayıtmaq borcu! Özü də həm cismani, həm də ruhi anlamda. İnanıram ki, bir daha poetik səhvə yol verməz: Bilə-bilə ki, Əsli ilə Kərəm qovuşa bilməyiblər, özünü Kərəmin yerinə qoyub. Yoxsa:

 

O dağlar xan Əslidi,

Məmməd yanıq Kərəmdi,

 

- deməzdi

Amma bir məsələ də var ki, bu şeiri yazanda dünyanın düz vaxtı idi. İstədiyin zaman Kəlbəcərə gedə bilərdin. Nə isə... İnsallah, müalicəsi bitən kimi yenidən Murova üz tutacağıq. Kəlbəcər bənövşəsi axtarmağa gedəcəyik. Və Allahın izniylə bir gün Kəlbəcərin özünə qayıdacağıq! Az qalıb, Məmməd müəllim, lap az! Özünü toparla, sağal ki, elimizlə - obamızla, ordumuzla Kəlbəcərimizi azad emək üçün səfərbər olaq, müqəddəs bir Vətən savaşında sözümüzü deyə bilək! Axı, özün də yaxşı bilirsən ki, bizim bütün dərdlərimizin dərmanı o torpaqlardadır, başqa heç yerdə!..

 

Əlövsət Ağalarov

 

525-ci qəzet.- 2015.- 1 aprel.- S. 6.