Alimlik adını uca tutan ziyalı

 

ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR TİMUÇİN ƏFƏNDİYEVİN ELMİ İRSİNƏ BİR NƏZƏR

 

Taleyinə alimlik şərəfi yazılmış ziyalılar aydınlar içində xüsusi ada, fərqli mövqeyə malik olan seçilmiş kəslərdir. Çünki onların qismətinə elmin dərin qatlarına sirayət etmək, onun uca zirvələrinə qalxmaq səadəti düşüb. Elə müqəddəs kitabımız Qurani-Şərifdə də alimlik mənsəbi uca tutulur, alimlik ləyaqətindən, alimlik nəcabətindən ehtiramla söz açılır. Hər dəfə alim adından, alimlik şərəfindən söz düşəndə bütün dövrlərin ölməz bəşəri söz ustadı Nizaminin məşhur kəlamı bir daha yada düşür:

 

Rütbələr içində seçilir biri,

Hamıdan ucadır alimin yeri.

Elmlə, biliklə, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

 

Heç vaxt köhnəlməyən bu dəyərli misralar həm də onunla qiymətlidir ki, burada alimə bir şəxsiyyət olaraq layiq olduğu şərəfli qiymət verilir, onun cəmiyyətdə tutduğu rol, yüksək amal poetik dillə çox sərrast və ifadəli formada təsvir edilir.

Azərbaycan elmində özünəməxsus mövqeyi ilə seçilən istedadlı, yorulmaz alimlərdən biri də Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevdir. Zəngin, tükənməz mənəvi xəzinəmiz olan milli mədəniyyətimizi çoxplanlı müstəvidə illər uzunu araşdıran və bu gərgin zəhmətdən usanmayan Timuçin müəllim artıq yarım əsrə yaxındır ki, şərəfli elm yolunun daimi yolçusuna çevrilmişdir. Alimin mədəniyyətimizin müxtəlif sahələrini, problemlərini işıqlandıran çoxsaylı araşdırmaları müasir ictimai-humanitar elmlər şəbəkəsinin əhatəli çevrəsinə işıq salmaqdadır.

Timuçin Əfəndiyev Azərbaycan mədəniyyəti və incəsənətinin öyrənilməsində məhsuldar fəaliyyət göstərən alimlərdəndir. Professorun 20-dən artıq monoqrafiya və dərsliyi çap olunub, yüzlərlə elmi-nəzəri və publisistik yazıları işıq üzü görüb. Timuçin Əfəndiyev dünyanın əksər ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti mövzusunda mühazirələr oxuyub, elmi-nəzəri konfranslarda iştirak edib. Alimin elmi kadrların hazırlanmasında mühüm xidmətləri var. Onun əsas elmi prioritetlərini Azərbaycan mədəniyyəti və incəsənətinin ayrı-ayrı sahələri, bu sahələrin tarixi-nəzəri və tənqidi problemləri təşkil edir.

Xətti inkişafda olan elm adətən rasional yanaşma tələb edir ki, bu da çox zaman konkret bir problemlə çevrələnir. Empirik nəzəriyyələrə əsaslanan alimlər məşğul olduqları problemi dərinləşdirməklə, onun yeni-yeni qatlarını üzə çıxarmaqla elmi zənginləşdirirlər. Əlbəttə, bu cəhət elm adamlarının cəmiyyətə olan mühüm xidmətidir. Lakin elmdə metanəzəriyyə sistemi də mövcuddur ki, onun əsasında bir deyil, bir neçə xətti inkişaf proseslərinin  ümumi nəzəri kontekstdə birləşdirilməsi dayanır. Adətən həmmərz elmi problemlərin təmas nöqtələrini, problem identikliyini aşkar etmək üçün tətbiq olunan metanəzəriyyə prinsipi fərqli problematikaya malik müxtəlif sahələri ümumi nəzəri müddəalar əsasında qiymətləndirməyə və müvafiq hökm çıxarmağa imkan verir. Bu prinsipin üstün cəhəti ondan ibarətdir ki, ümumi konseptual müddəa qurmaqla onu müxtəlif sahələrin nəzəri baxımdan eyni metodla araşdırılmasına yönəltmək olur.

Çoxcəhətli Azərbaycan mədəniyyəti və incəsənətinin ayrı-ayrı problemlərini vahid nəzəri kontekstdə araşdırmaq üçün professor Timuçin Əfəndiyev məhz belə bir nəzəri əsas yaradıb, onu öz əhatəli elmi maraq dairəsinə daxil edib. Nəticədə həmmərz sahələri öz çevrəsinə alan unikal metodologiya təşəkkül tapıb, elə bir metodologiya ki, burada filologiya, sənətşünaslıq və kulturologiyanın sahə, növ, tarix, nəzəriyyə, tənqid və s. cəhətlərindən irəli gələn prinsiplər humanitar aspektdə öz dolğun, ümumiləşdirilmiş qiymətini alıb. Bu elmi sistemi qısa olaraq milli mədəniyyətin metanəzəriyyəsi adlandıra bilərik. Zənnimizcə, bu sistemin ərsəyə gətirilməsi professor Timuçin Əfəndiyevin mühüm elmi xidməti kimi dəyərləndirilə bilər.

Əlbəttə, professor Timuçin Əfəndiyevin elmi metodologiyası birdən-birə universal konseptual nəzəriyyə kimi meydana gəlməyib, bu proses uzun illər inkişaf edərək cilalanıb. Fəaliyyətinin erkən dönəmində Timuçin Əfəndiyevin məşğul olduğu başlıca sahələr dramaturgiya və teatr olub. Hələ ötən əsrin 60-70-ci illərində elmin zirvələrə aparacaq geniş yollarına qədəm qoyan gənc tədqiqatçı dramaturgiya və teatr problemlərinin tədqiqinə başlayıb. Ölməz romantik-ədib Hüseyn Cavidin ideyalar aləmini əks etdirən namizədlik dissertasiyası tədqiqatçının bu sahədə ilk tutumlu və uğurlu əsəri oldu. Sonralar teatr problemlərini yaradıcı sənət və səhnə mühiti kontekstlərində genişləndirən tədqiqatçı Azərbaycan teatrşünaslığının daha da inkişaf etməsinə öz töhfəsini verdi. Hələ ötən əsrin 70-80-ci illərində teatr sənətinin ayrı-ayrı problemlərinə aid tənqidi yazılarla ardıcıl çıxış edən müəllif həmin dövrdə bir neçə kitab da nəşr etdirmişdi. “XVIII əsr rus teatrı”, “Ukrayna və Belorus teatrı”, “Böyük dramaturq” kimi nəşrlər orijinallığı ilə diqqəti cəlb edirdi. Çünki rus, həmçinin Ukrayna və Belorus teatrı tarixi Azərbaycanda, azərbaycanlı müəllif tərəfindən və Azərbaycan dilində ilk dəfə idi ki, qələmə alınır, əsərlərdə geniş analitik təhlillərə yer verilir, müqayisələr aparılırdı. Əlbəttə, slavyan teatrı haqqında bilgilər Azərbaycan elmində mövcud idi, lakin onların ardıcıl surətdə öyrənilməsi, sistemləşdirilməsi və vahid əsər kimi təqdim olunması məhz Timuçin Əfəndiyevin xidmətidir. Alimin slavyan teatrları haqqındakı tədqiqatları bu gün də öz aktuallığını qoruyub saxlayır və həm elmi mənbə, həm də dərslik kimi istifadə olunur.

Artıq ötən əsrin 80-ci illərində Timuçin Əfəndiyevin elmi potensialı özünün universal xarakterini büruzə verməyə başlamışdı. O, dramaturgiya və teatr problemləri ilə yanaşı, kino, musiqi, təsviri sənət məsələlərini də araşdırırdı. Bununla da mədəniyyətə universal yanaşma tərzinin erkən inkişaf prinsipləri təşəkkül tapdı. Sonralar bu xüsusiyyət müəllif tərəfindən daha da inkişaf etdirildi. 

Milli mədəniyyətimizin metanəzəriyyəsini yaratmaq heç də asan deyil. Əksinə, çox çətin, zəhmət və həm də universal biliklər tələb edən işdir. Təsadüfi deyil ki, milli mədəniyyət və incəsənətimizin ortaq metanəzəriyyəsini yaratmaq, onu həm tarixi, həm də nəzəri kontekstdə inkişaf etdirmək məhz Timuçin Əfəndiyevə nəsib olub. Əlbəttə, burada bir qanunauyğunluq var. Uzun illər Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləmiş, təkcə elmi-pedaqoji yox, həm də rəhbərlik-təşkilatçılıq funksiyasını yerinə yetirib. Fərqli bədii sahələrin, nəzəriyyə və təcrübənin üz-üzə gəldiyi, sənət korifeylərinin görkəmli nəzəriyyəçi-alimlərlə eyni yaradıcılıq mühitini paylaşdığı zəngin, rəngarəng kollektivə rəhbərlik etmək missiyası, həmçinin tükənməz alim marağı professor Timuçin Əfəndiyevi milli kino, musiqi, xoreoqrafiya, təsviri incəsənət və digər sənət sahələrinin universal metanəzəriyyəsini yaratmağa ruhlandırdı. Beləliklə, cəmiyyətdə tutduğu məsul mövqe - unikal sənət məbədinə rəhbərlik etmək məsuliyyəti və tükənməz tədqiqatçılıq enerjisi onun elmi fəaliyyətinin çoxprofilli xarakterini müəyyənləşdirdi.

Professor Timuçin Əfəndiyevin teatr və dramaturgiya problemlərini, həmçinin XX əsrin əvvəllərində ədəbi-nəzəri görüşləri əhatə edən, elmi fəaliyyətində özünəməxsus yer tutan “Azərbaycan dramaturgiyasında metodlar” monoqrafiyası (Bakı, 2002) ədəbi-bədii və elmi ictimaiyyət tərəfindən rəğbət hissi ilə qarşılandı, eyni zamanda problemin daha əhatəli, həmmərz elmlərlə qarşılıqlı öyrənilməsi zərurətini ortaya qoydu. Artıq o dövrdə Timuçin Əfəndiyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti özünün çoxprofilli ixtisaslaşmaları, əhatəli elmi-nəzəri potensialı ilə diqqəti cəlb edirdi. Timuçin müəllimin səyi ilə universitetdə yeni ixtisaslar açılmış, kafedra və fakültələr yaradılmış, tanınmış elm və incəsənət xadimləri burada pedaqoji fəaliyyətə cəlb edilmişdi. Belə bir şəraitdə milli mədəniyyətin öyrənilməsində universal elmi metodun tətbiq olunması günün təxirəsalınmaz vəzifəsinə çevrildi.

Təbiətən təvazökar insan olan Timuçin müəllim heç zaman öz elmi metodikasının orijinal xarakterini dilə gətirməyib, metanəzəriyyənin konsepsiyasının ayrıca sistem halında nəşr olunmasını lazım bilməyib. Alim bu nəzəriyyəni metodoloji əsas, vasitə olaraq qəbul edib, öz çoxcəhətli fəaliyyətini bu orijinal fundament üzərində qurub və inkişaf etdirib.

2003-cü ildə İranda nəşr edilmiş “Azərbaycan mədəniyyəti və incəsənəti” kitabında professor Timuçin Əfəndiyevin sənətin ayrı-ayrı sahələrini kulturoloji kontekstdə birləşdirmək ideyası ilk dəfə olaraq reallaşdırıldı. Doğrudur, alim buna qədər də sənətin ayrı-ayrı növ və problemlərindən çox yazmış, təhlillər, ümumiləşdirmələr aparmışdı. Lakin onları ideya baxımından əlaqələndirməmiş, ortaq nəzəri konsepsiya tətbiq etməmişdi.  “Azərbaycan mədəniyyəti və incəsənəti” monoqrafiyasında isə artıq belə bir konsepsiya var idi. Həmin əsərdə dramaturgiya və teatr problemləri musiqi sənəti ilə əlaqələndirildi, sənətin ideyası və estetik tutumu milli kulturoloji təfəkkürlə qarşılıqlı şəkildə təhlilə cəlb olundu. Kitabda Azərbaycan xoreoqrafiya sənətinin əhatəli tarixi oxucuların diqqətinə təqdim edildi. Müəllif həmçinin təsviri sənət, miniatür sənəti kimi sahələri də tədqiqata daxil etdi, onun universal xarakterini qəti olaraq müəyyənləşdirdi. Tədqiqatçılıq fəaliyyətinin erkən (XX əsrin 60-70-ci illəri) və orta (80-2000-ci illər) dövrlərindən sonra milli-kulturoloji təfəkkürə əsaslanan üçüncü dövr (2000-ci illərin əvvəllərindən bu günə qədər) professor Timuçin Əfəndiyevin baxışlarındakı elmi-nəzəri təkamülün inkişaf etmiş mərhələsinə çevrildi.

Görkəmli alimin milli mədəniyyətimizin universal izahedici konsepsiyasını yaratmaq cəhdinin ən uğurlu nümunələrindən biri, şübhəsiz ki, 2011-ci ildə çap olunmuş “Mədəniyyətdə tarixilik və müasirlik” monoqrafiyasıdır. Məhz bu monoqrafiyada alim öz konseptual fikirlərinə geniş meydan vermiş, mədəniyyət və incəsənətin müxtəlif sahələrinin işıqlandırılmasında vahid ideya-estetik əsas və təhlil metodu tətbiq edib.

Professor Timuçin Əfəndiyev incəsənət tarixi ilə yanaşı, nəzəri problemlərlə də ciddi məşğul olur. Onun universal bilik nəzəriyyəsi sənətlə yanaşı bədii tənqidi də əhatə edir. Alim sənətşünaslıq, teatrşünaslıq, kinoşünaslıq, musiqişünaslıq, həmçinin kulturologiya, muzeyşünaslıq və digər sahələrin tarix və metodologiyasını əks etdirən silsilə tədqiqatların müəllifidir. “Mədəniyyətdə tarixilik və müasirlik” əsərində sənətşünaslıq elminin əhatəli təfsiri verilib, onun ayrı-ayrı sahələrinə ayrıca nəzər salınmış, Azərbaycanın sənətşünas, teatrşünas, kinoşünas, musiqişünas alimlərinin elmi metodları araşdırılıb, onların fəaliyyətinin təhlili verilib.

 

Professor Timuçin Əfəndiyevin elmi-tədqi

 

qatçılıq fəaliyyətinin nəzəri əsasını azərbaycançılıq ideyaları, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətimizə verdiyi böyük qiymət təşkil edir. Tədqiqatçı-alim özünün əksər elmi əsərlərinin ideya-estetik əsasını məhz ulu öndərin sənətə olan baxışları kontekstində qurmuşdur. Heydər Əliyev və Azərbaycan mədəniyyəti mövzusu professorun elmi fəaliyyətinin ideya mərkəzində dayanır. Bu qlobal, taleyüklü və daim aktual mövzuya istinad etməklə professor Timuçin Əfəndiyev özünün milli mədəniyyət metanəzəriyyəsini daim inkişaf etdirir.

Ulu öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti mövzusunda görkəmli alim müxtəlif tədqiqat işləri aparmış, əsərlər yazmış, məqalələr dərc etdirmişdir. 2011-ci ildə nəşr edilmiş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” kitabında müəllif bu əhatəli mövzunu öz nəzəri konsepsiyası əsasında ümumiləşdirmiş, mədəni intibahımızda ulu öndərin rolunu bir daha vurğulamışdır. Sonralar Timuçin Əfəndiyev yenidən həmin mövzuya qayıtmış, “Mədəniyyət və əbədiyyət” kitabını nəşr etdirmişdir (ingilis dilində, 2013). 

Qeyd edək ki, professor Timuçin Əfəndiyevin çoxşaxəli elmi fəaliyyəti diqqətdən kənara qalmamış, onun haqqında bir sıra kitablar yazılaraq işıq üzü görüb. Tanınmış ədəbiyyatşünas-alim Nizaməddin Şəmsizadənin 2005-ci ildə nəşr etdirdiyi “Böyük nəslin davamçısı” kitabında professor Timuçin Əfəndiyevin elmi-nəzəri və təşkilatçılıq fəaliyyətinin əhatəli mənzərəsi öz əksini tapır. Kitabda həmçinin Timuçin Əfəndiyevin təmsilçisi olduğu şərəfli nəslin tarixçəsi, alimin həyatının ayrı-ayrı səhifələri də işıqlandırılır.

2013-cü ildə alimin çoxcəhətli fəaliyyətini əks etdirən biblioqrafik göstərici nəşr olundu. Burada ilk dəfə olaraq professor Timuçin Əfəndiyevin kitabları, müxtəlif qəzet, jurnal və elmi məcmuələrdə dərc olunmuş məqalələrinin siyahısı ardıcıllıqla öz əksini tapdı. Biblioqrafik göstəricinin əsas xüsusiyyətlərindən biri də budur ki, həmin kitab üç dildə - Azərbaycan, ingilis və rus dillərində işıq üzü görüb.

Nəhayət, bu yaxınlarda professor Timuçin Əfəndiyevə həsr olunmuş daha bir kitab oxucuların diqqətinə təqdim edildi. “İllərin izi ilə” adlanan həmin kitabda alimin mətbuat səhifələrində nəşr olunmuş məqalələrinin xeyli qismi yer alıb. Qeyd olunan bu kitablar Timuçin Əfəndiyevin elmi-nəzəri fəaliyyətinə işıq salmaqla onun alimlik fəaliyyətinin nisbətən ətraflı mənzərəsini yaradır.

Timuçin Əfəndiyev bu gün də Azərbaycan mədəniyyət təhsilinin ən qabaqcıl təşkilatçıları və rəhbərləri cərgəsindədir. Vaxtilə geri qalmış, cəmi bir neçə ixtisas üzrə mütəxəssis hazırlayan İncəsənət İnstitutunu qabaqcıllar cərgəsinə çıxaran bu yorulmaz tədris təşkilatçısı bu gün məsul və şərəfli bir sahəyə - Bakı Xoreoqrafiya Akademiyasına rəhbərlik edir. 

Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, Şöhrət ordenli professor Timuçin Əfəndiyev öz elmi fəaliyyətinin məhsuldar dövrünə qədəm qoymuşdur. Bir neçə on il bundan əvvəl olduğu kimi, Timuçin müəllim bu gün də yorulmadan çalışır, öz elmi konsepsiyasını inkişaf etdirir, Azərbaycan mədəniyyəti və incəsənətinin universal tədqiq metodlarını təkmilləşdirir. Hörmətli professora bu nəcib, gərəkli və məsuliyyətli işdə yeni uğurlar, elmin daha uca zirvələrini fəth etməyi arzulayırıq.

 

Xəzər ZEYNALOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2015.- 1 avqust.- S.19, 22.