Sözün Cahangiri

 

 

(esse)

 

...Dənəbir-dənəbir yağış yağır. Torpaq göy üzündən dənəbir-dənəbir naxış yığır. Az sonra yağış səngiyir, səngiyir, kəsir. Son damcılar torpağa düşər-düşməz Göy üzünün göy qurşağı - göyqurşağı görünür. Bu, yağışdan sonra göy üzünün yazdığı şeirdi. Görüntü-şeir. Yaxşı yazını(əsəri), düşündürücü yazını (əsəri), könül xoşluğuna dönən yazını (əsəri) duyğularına göyqurşağı bilənlərdən biri mənəm.

 

Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim miqdar olsa, əhlin eylər ol miqdar söz. Ustad Füzuli belə deyib. Ustad sözünə qail olmayanın kündəsi küt gedər. Anlamı: ustad sözünü vəhy bilməyənin sözü söz urvatında tutulmaz; Əsəd Cahangir oğlu - Əsəd Cahangir urvatlı sözü urvatla incələyənlərdəndi...

 

Əsəd Cahangir illərdi sözə sığınıb söz deyir (yazır). Dediyi (yazdığı) söz (lər) sıradan söz deyil; Əsəd Cahangir duyduğunu yazır, duyulmalıdan yazır. Onun yaradıcılıq düsturu belədi. Nədən yazırsa yazsın, kimdən yazırsa yazsın, sözün nazını çəkə-çəkə yazır, sözlə bədii fikrin (əsasən poetik fikrin) şəklini çəkə-çəkə yazır. Əsəd Əsədovun Əsəd Cahangir olmasının (ola bilməsinin) sirri elə budu bəlkə...

 

Bəşəriyyət başlanğıcını SÖZdən götürüb. Bəşəriyyət söz-söz böyüyüb, dirçəlib, inkişaf edib. Söz bəşər misallıdı, böyüyür, dirçəlir, inkişaf edib SÖZ olur. Hamısı yox, söz cahangirlərinin diqqətini çəkənlər.

 

Bəşəriyyət bəşəriliyinə görə SÖZə borcludu. Bu baxımdan sözün ilahiliyini kimsə dana bilməz.

 

Söz qüdrətdi. Qüdrətə söykənənə zaval yoxdu; Əsəd Cahangir qüdrətə (SÖZə) söykənib yaşayır ömür payını. Kim yatmış, kim oyaqın zəmanətiylə bir daha inandım ki, SÖZün cahangiri olmaq üçün SÖZə söykənmək şərtmiş. Əsəd Cahangir sözün rəngini görür, sözün rənginin çalarlarını ayırd eləyə bilir, sözü SÖZdən seçməyi bacarır. Söz sərrafı (sözün sərrafı) deyimi var. Bu kəlam qulağa xoş gəlsin deyə deyilmir, daha incə mətləbləri bəlləndirmək üçün deyilir. Belədə sözün şəhdi-şəkərinə bələd olmayana söz sərrafı deyilməz. Dədə Qorquddan üzü bu yana belə olub, qiyamətəcən (qiyamətdə !) belə olacaq. Kimin sözünün necəliyini, necəliyinin niyəsini bəyanlamaq üçün sözün cahangiri olmalısan. Günümüzün söz cahangirləri sırasında Əsəd Cahangir var. O Əsəd Cahangir ki, cığırlarda təntiməyib, zaman anlamında dünənlərdən günümüzə özünün açdığı cığırla gəlib. Söz yolu yollar çoxluğudu (həm riyazi anlamda, həm gerçəklikdə). Söz yolunda öz yolu olub (var) Əsəd Cahangirin...

 

Yazda gözəllik bircəsini çox görmüşük. Kimsə Qurbani kimi sərraflıqla görə bilməyib. Görüb ...heç görən olmadı düz bənövşəni... deyib. Dədə Qurbaninin söz bircəsini oxuyanda da, dinləyəndə özünü o bənövşənin üç addımlığında hiss eləyirsən. Söz bənövşə misallıdı. Ürəyinin gözü ilə baxanlar sözlər sırasında bənövşə misallı (təyin olaraq) sözləri görə bilir. Əsəd Cahangir sözə ürəyinin gözüylə baxır. Sözün cahangiridi axı!..

 

Sözün üzərlik qüdrətində olduğunu Əsəd Cahangir duyur. Neçə illərdi dəyərli SÖZün başına söz dolandırır...

 

Əsəd Cahangir sözə ehya verən (Füzuli), SÖZün obrazını yaratmaq istəyən (buna nail olan) söz yiyəsidi.

 

...Qışın şaxtasında SÖZün ocağında hənirlənənlərin, yayın bürküsündə SÖZün kölgəsində sərinləyənlərin çoxu bilir ki, könül söhbəti qabırğa söhbəti (Aşıq Hüseyn Saraclının ifadəsidi) deyil ki, çimir alınana kimi çəksin. Kim yatmış, kim oyaqda Haradasan, Əsəd? sorğusu var. Bu sorğunun cavabını mən bilirəm: SÖZlə könül söhbətindədi Əsəd. Əsəd Cahangirin SÖZlə könül söhbəti tükənəsi deyil. Belə könül söhbətlərinin göyqurşağı misallı işığı Doğudan Batıyacan sezilir , görünür ...

 

Kaş dənəbir-dənəbir yağış yağa. Yağışdan sonra göyqurşağı görünə...

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2015.- 8 avqust.- S.21.