Milli tariximiz üçün hüznlü və unudulmaz məkan, yaxud Nargindən kimlər keçdi

 

1915-ci ildən 1940-cı ilədək əvvəlcə çar Rusiyası, sonra da Sovet imperiyası Nargin adasında onminlərlə Anadolu və Azərbaycan türkünü qətlə yetirib. 1915-ci ildən başlayan bu tarixin hər səhifəsi tük ürpədir, ürək dağlayır, göz yaşı tökdürür.

 

Yüz ildir ki, Nargində şəhid olan türklərin nigaran ruhuna bir dəfə də olsun fatihə oxunmayıb, salavat çevrilməyib. Hələ də tarixin qaranlığına gömülmüş sirr olaraq qalır. Bu tarix gün üzünə çıxarılmalı, baiskarlardan hesab sorulmalı, cavab istəməlidir. Rusiyanın ermənilərlə birlikdə törətdiyi əli qanlı siyasəti ifşa olunmalıdır. Nargində Azərbaycanın minlərlə işıqlı insanı, ziyalısı, elm-irfan sahibi, millətini zülmətdən çıxara biləcək siyasi və hərbi xadimləri güllələnib. Olmayan "erməni soyqırımı"nın yüzilliyinə qatılmaq üçün Yerevana gələn Rusiya rəhbərliyi arxivləri açmalı, Birinci Dünya savaşı dönəmində erməni çetələri ilə bərabər Qafqaz cəbhəsində türk xalqının başına gətirdiyi insanlıq dramına cavab verməlidir. Bu hesabın sorulma vaxtıdır artıq!..

 

Birinci Cahan savaşında ağır duruma düşən, müsibətlərlə üz-üzə qalan Osmanlının o dönəm tarixinin ən faciəli səhifəsindən biri də Qafqaz cəbhəsində ruslara əsir düşən türklərin acı taleyi oldu. Dünyanın kar olmuş qulaqlarının duymadığı, kor olmuş gözlərinin görmədiyi əsir düşərgələrində zülüm və işgəncələrlə öldürülən günahsızlar naləsi kimsənin qulağına çatmadı. Nə yazıq ki, yüz ildə bu hadisələr bir dəfə də olsun gün üzünə çıxarılmadı, əsirlərin acı dramı dünyaya duyurulmadı. Əksinə, olmayan erməni soyqırımı yüz ildir dünyanın qulağını dəlir.

 

Qafqaz cəbhəsindən əsir götürülən Osmanlı əsirlərinə qarşı cinayətlər Qars, Gümrü, Batum, Qori, Aleksandropol, Tiflis, Rostov, Tambuk, Kamışlı, Krosnayarosk, İrkutusk, Sibirin Otlağa, Çohluma, Noryevski, Açinski, Skotof, Stavropol, Maykop və başqa şəhərlərində, Moskvada, Nijni-Novqorodda, Petroqradda, Ziç adasında və Xəzər dənizinin Nargin adasında törədilib. Bu qədər əsir düşərgələrində 1915-1918-ci illər arasında Osmanlı dövlətinin 100 minə qədər vətəndaşı amansızlıqla öldürülüb, ağlagəlməz işgəncələrə məruz qalıb. Sarıqamış məğlubiyyətdən sonra bölgə tamamilə Rusiyanın əlinə keçdi. Daşnaksütyun Partiyasının birləşmələri rusların onlara yaratdığı şəraitdən yararlanaraq türklərə qarşı kin və nifrət bəsləyir, işğal olunan bölgəni qan gölünə döndərirdilər. Ərzurum, Qars, Sarıqamış, Ərdəhan və ətraf bölgələr döyüşçüləri və insanları ilə bərabər düşmən əlinə keçmişdi. Əsirlər heyvanlara məxsus vaqonlara doldurularaq öncə Tiflisə, oradan da Rusiyanın müxtəlif bölgələrinə ölüm düşərgələrinə göndərilirdi. 1915-ci ilin ilk aylarında Qarsdan Batumiyə, oradan da Tiflisə çox böyük sayda əsir gətirilir. Bakıda dərc olunan "Kaspi" qəzetinin 1915-ci ildəki nömrəsində yazılırdı: "Əsirlərin içərisində mülki vətəndaşlar, qocalar, uşaqlar da var idi. Yaralıların sayı da çox idi. Hər gün ölüm faktları artır, yoluxucu xəstəliklər baş alıb gedirdi". Tiflisə gətirilən əsirlər burada hər dörd nəfərlik yerə 12-13 nəfər yerləşdirməklə vaqonlara doldurulur.

 

...Və buradan da tarixin yaşadığı ən ağır insanlıq dramı başlayır. Vaqonların qapıları çöldən kilitlənir və qatar ölümə yol alır. Vaqonun qapıları 4-5 gündən bir açılır və hər açıldığında aclıqdan, susuzluqdan və soyuqdan donub ölmüş əsirlərin cəsədləri Sibirin şaxtalı meşələrinə atılır, qalanlara bir para çörək və su verildikdən sonra yenə qapılar kilitlənərək yola davam edilirdi. Bir ayın tamamında qatar Sibirin Qamışlı stansiyasına yetişir. Bu vaxt vaqonlarda əsirlərin sayı xeyli azalmış, qalanlar da vaqondaki pisliklərdən, aclıq və soyuqdan yoluxucu xəstəliklərə tutlmuşdu. Sarıqamışdakı IX Qolordu qərargah əsgərlərinin geyimləri, şəxsi əşyaları əsirlərin üstünə rəhbər təyin edilən general Prezevalskinin tapşırığı ilə kazak süvariləri tərəfindən alınmış, onlara haqarət edilmişdi. Rusiya imperiyası əsir hərbçilərə dair davranış qaydalarının əksinə olaraq Osmanlı hərbçiləri ilə amansız davranır, işgəncəylə öldürürdülər. Alman və avstriyalı əsirlər Rusiyanın Avropa hissəsindəki şəhərlərinə aparılarkən türk əsirləri ən dözülməz düşərgələrdə yerləşdirildi. Döyüş meydanından əsir götürülən yaralı əsgərlərin yarası sarınmır, bəziləri qan itkisindən keçinirdi. Rus ordusunda Osmanlıya qarşı savaşan ermənilər it sürüsü kimi əsirlərin üstünə yürüdülürdü.

 

Əsirlərin ikinci böyük hissəsi işğal olunmuş ərazidən Tiflisə gətirilir. Bu dəfə də yaşlı, uşaq, əsgər, yaralı, xəstə demədən minlərlə insanı vaqonlara doldurub Sibirin ölüm düşərgələrinə yola salırlar. Vaqonlarda nəinki oturmaq, ayaqüstə belə durmaq çətin idi. Bu dəfə ölüm yolçuluğu tam iki ay sürür. Baxımsızlıq, həkim, dərman verilmədiyindən əsgərlərin yarası sarılmadığından çoxu yolda dünyasını dəyişirdi. Qanlı hadisələrin şahidi olmuş isveçli Qraf Londrof gördükləri haqqında yazırdı: "İzdihamdan və üfunətdən yanlarına yaxın düşülməsi mümkün olmayan qapalı, kilitli, içərisi tıka-basa Osmanlı əsirləri ilə dolu böyük bir vaqon 1915-ci il yanvar ayının sonunda Sirzan istasyonuna gəldi. İçindəki əsirlər sümükləri çıxmış, yerindən tərpənməyəcək şəkildə yorğun və qüvvətdən düşmüş, əyinlərində geyimləri yox, ayaqları çılpaq, kainatda mövcud bütün bulaşıcı xəstəliklərə mübtəla bir halda idilər. Bu fəci mənzərə insanlığın üzünü qızardacaq və ürəklərini sızladacaq dərəcədə idi. Tiza stansiyasında vaqonların qapıları yenidən kilidləndi və həmin ərazi tərk edildi. Əsirlərin içərisində qadın, uşaq və ixtiyar yaşlı insanlar daha çox idi. Günlərlə sürən ürək partlayıcı fəryadlar, aclıqdan, susuzluqdan, havasızlıqdan vaqonların içində inləyən insan dramına qulaq verilmədi. Bir neçə gündən sonra əraziyə gedildi, tərpəniş və səs-səmir gəlmirdi. Bütün əsirlər ölmüşdü. Bu cinayətdən bir iz qalmasın deyə ruslar içi cəsədlə dolu vaqonları atəşə verdilər". Daha bir xatirəsində Londrof yazırdı: "Ruslar xəstəlik bəhanəsilə 500 əsir əsgərin paltarını soyundurmuşdu. Onlar Tiza şəhərinə varana qədər tamamən soyuqdan donmuşdular. İçlərində yalnız bir nəfər sağ qalmışdı..."

 

"Frankfurt Saytong" qəzeti 22.06.1916 tarixli sayında yazırdı: "1916-cı ilin fevralında Krosnayarskdan Primorskiyə göndərilən 10 min Osmanlı əsirindən sadəcə 200-ü Primorskiyə yetişdi, əsirlərin paltarları soyundurulmuş, Sibirin soyuğuna buraxılmışdı. Yaralıların çoxu oturduqları yerdə, bəzən ayaqüstə ölürdülər. Düşərgədəki sağlam və xəstələr qucaq-qucağa yatırdılar. Xəstəxanalara göndərilənlər orada erməni doktorlar tərəfindən öldürülür və ya günlərlə yemək verilmir".

 

Sibir düşərgəsində çox az bir qismi qalan türklərə sonralar Rusiya müsəlmanları sahib çıxır. Ərzaq və isti geyimlə onları təmin edirdilər. Onlar Moskvada, Petroqradda, Kazanda, Ufa və Orenburqda yardım komitələri təşkil edərək 1917-ci il mayın 17-də Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında məsələ qaldırırlar. Sibirin müxtəlif şəhərlərinin saxlanan türk əsirlərinin durumunu gündəmə gətirir və təcili tədbir görülməsini tələb edirlər. Bundan sonra onlar Rusiyanın hərbi naziri Kerenskiyə teleqram göndərirlər. Nəticədə əsirlərdən 100-ə qədəri öz başarıları və müsəlmanların yardımı ilə Əfqanıstana, oradan da Türkiyəyə gedə bilirlər.

 

 

NARGİN ADASI

 

 

Mirzə Fətəli Axundovun başladığı mədəni türkçülük XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğluların, Hüseyn Cavidlərin fəaliyyəti ilə siyasi türkçülüyə çevrilmişdi. Odur ki, Osmanlı dövləti ilə Azərbaycan arasında yaxınlaşma münasibətlərin dövlətlərarası hüquqa əsaslanmadığı vaxtdan yaranmış, can, qan yaxınlığı bu inkişafı xeyli sürətləndirmişdi. Birinci Dünya savaşı başlayarkən Azərbaycanda heç kim Türkiyənin bu savaşa girməsini arzu etmirdi. Türkiyə kommunistlərinin lideri Mustafa Sübhi 9 avqust 1914-cü ildə Bakıda dərc olunan "Bəsirət" qəzetində "Türkiyənin daxili işləri" adlı məqaləsində yazırdı ki, Türkiyə ilə Rusiya arasında savaş rüzgarları əsir. O, düşüncələrini belə paylaşırdı ki, bu savaşın ola biləcəyi ağlabatandır və gözlənilir. İstanbulda dərc olunan qəzetlərdə Sübhinin savaş yanlısı məqalələri dərc olunurdu. Arzu olunmasa da, onun düşüncələri doğru oldu və Osmanlı dövləti Birinci Dünya savaşının tən ortasında qaldı. Çar Rusiyasının Azərbaycan türklərinə qarşı basqılarına baxmayaraq, Bakının zəngin neft maqnatlarının sahibləri və ziyalılar aşkar-gizli Türkiyə ilə təmasları yaxınlaşdırır, Rusiya əleyhinə broşur və vərəqələr yayımlayır, Türkiyənin durumu ilə bağlı yazılar dərc olunurdu. Türk ordusunun məğlubiyyətləri Azərbaycan türklərini üzür, Anadoludan gələn fəlakətli xəbərlərdən pərişan olurdular. Osmanlının məğlubiyyəti Azərbaycan xalqının istiqlal arzularını xəyal qırıqlığına uğradırdı. Sarıqamış məğlubiyyəti Qafqaz cəbhəsi savaşlarında sanki ümidləri bitirmişdi. Türk qüvvəsi böyük miqdarda gücünü bu savaşda itirdiyindən Ərzurum, Güney Anadolu və Qaradəniz bölgəsində savaşlarda uğur qazana bilmədi, bölgə müdafiəsiz qaldı. Rusiya bölgədə yaşayan türklərə qarşı ağlagəlməz soyqırıma başlamışdı. Çoruh vadisində 52 min nəfərlik əhalidən 7 mini sağ qalmışdı. Ərdahana girən Sibir kazakları "Türkləri alqışlayıb onlara yardım etdiniz" deyə bütün qəsəbəni qılıncdan keçirmişdi. Erməni çetələri işğal altındakı Ərzurum, Ərzincan, Trabzon və Van bölgəsində müdafiəsiz xalqa amansız divan tutur, yüzminlərlə insanı qılıncdan keçirirdilər. Anadoluda türk-müsəlman əhalisinə qarşı törədilən fəlakətlər çox keçmədən Rusiyada yaşayan müsəlmanları ayaqlandırdı. Azərbaycan türkləri qardaş yardımı üçün hər cür təhlükəyə girməkdən çəkinmədi. İmperiyanın güclü senzurasına baxmayaraq Qafqaz cəbhəsində yaşanan fəlakətlər, türk-müsəlman xalqının başına gətirilən faciələr Bakıda dərc olunan qəzetlərin səhifələrinə çıxarılırdı.

 

Xəzər dənizinin ortasındakı Nargin adası Birinci Dünya savaşına qədər imperiyanın bir növ dustaqxanası olmuşdu. Çar Rusiyası ona xəyanət edən, cinayət törədən əsgərini ən ağır cəzaya məhkum edəndə Nargin adasına sürgün edirdi. Birinci Cahan Savaşı başlayanda Rusiya buranı əsir düşərgəsinə çevirdi. Savaş illərində Qafqaz cəbhəsində 100 minədək türk əsgəri və mülkü şəxsi çar Rusiyasının əlinə keçmişdi. Onlardan 10 mindən çoxu Xəzər dənizinin ortasındakı Nargin adasına gətirilmişdi. Gözdən uzaq ciddi rejimli əsir düşərgələrindən biri də Nargin adası idi. 1905-ci ildə burada həbs düşərgələri salınmışdı. Xalq yazıçısı Qılman Musayev yazırdı: "Burada taxtadan düzəldilmiş baraklara işıq damdan açılmış pəncərələrdən düşürdü. Bir neçə barakda taxtlar olsa da məhbusların əksəriyyəti quru torpaq döşəmə üstündə yatırdılar. Qış aylarında baraklar qızdırılmırdı. Su çatışmırdı: hərdənbir şəhərdən gətirilirdi. Belə yaşayışdan məhbuslar cana doymuşdular..."

 

(Ardı var)

 

Rəsmiyyə QARAYEVA

"Azərnəşr"in redaktoru

525-ci qəzet.- 2015.- 12 avqust.- S.4.