Muğam sənətimizin ölümsüz Xanı 104 yaşında

 

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət ehtiramla yad olunur.

 

Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski belə sənətkarlardandır (Azərtac).

 

Azərbaycan muğam sənətinin Xanı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb.

 

Xan ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur onlar təbrizli Əbülhəsən xanın ifasında Kürdü Şahnazı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: Bəlkə sən bizim üçün Kürdü Şahnazı oxuyasan? - deyir.

 

İsfəndiyar 12-13 yaşından başlayaraq, saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. Kürdü Şahnazı zilə çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə Əsl xan elə bu imiş ki! - deyir. Vəcdə gələn İslam Abdullayev isə Bu gündən sənin adın oldu Xan Şuşinski - deyərək ona ustad xeyir-duasını verir.

 

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında Mahur-Hindi, Bayatı-Qacar, Qatar muğamları, Qarabağ şikəstəsi, Arazbarı, Heyratı zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

 

Görkəmli xanəndə Xan Şuşinskinin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan Qəmərim, Şuşanın dağları, Ay gözəl, Məndən gen gəzmə, Al yanağında, Dağlarda çiçək, Gözəl yarım, Ölürəm, a Ceyran bala mahnılarının müəllifi əslində Xan Şuşinskidir. Şuşanın dağları mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

 

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə Qaragözü dinləməkdən zövq alırmış.

 

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

 

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

 

Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır.

 

525-ci qəzet.- 2015.- 22 avqust.- S.13.