"Nabat" filmi  "Boğaziçi" festivalında mükafata layiq görülüb

 

Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi Türkiyədə keçirilən Boğaziçi beynəlxalq film festivalında mükafata layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

Festival noyabrın 20-27-dək İstanbulda keçirilib və Azərbaycan filmi əsas müsabiqə proqramında yer alıb.

Festivalda iştirak edən "Nabat"ın yaradıcı heyətinin üzvləri filmin nümayişində və təltifetmə mərasimində iştirak edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

 

A.Abdullayeva

525-ci qəzet.- 2015.- 1 dekabr.- S.7.