Neftçaladan iki məktub

 

 

Əzizim Əjdər Ol!

 

Salam! Neftçalaya gəlişinlə çoxlarının unutduğu rayonuma təzə nəfəs gətirdin, ömrün uzun, bütün əməllərin xalqı, milləti, ailəni sevindirsin! Kamil şəxsiyyət millətin danışan heykəlidir. Kitablarınızı oxudum, elə bil, danışan heykəllə görüşdüm. Amandır, bu xisləti, bu mənəviyyatı qoruyun! Ən parlaq əmələ belə böyük deməzlər, hərgah o böyük, müqəddəs niyyətdən doğmayıbsa! Bilirsiniz ki, nəsrimiz böhran dövrünü yaşayır. M.S.Ordubadini, İ.Hüseynovu, İ.Əfəndiyevi, İ.Şıxlını əcəl apardı, indi kimsə, elə bil, ədəbiyyatdan bezmiş adamlar zorla qələm götürüb, kiminsə tapşırığını yerinə yetirirlər. SizinCehiz” hekayənizi oxudum, elə bildim ki, İlyas Əfəndiyevin “Söyüdlü arx” romanını təzədən oxudum. Bu üslubu, bu şəhdi qoruyun, mənim əzizim! Bir həqiqətə inanmışam: günah - beyində, etiraf ürəkdə doğulur. Ulu Tanrı Sizi pak niyyətlə yaradıb.

 

Qocalıq və xəstəlik məni əldən salıb. Hərdən uşaqlıq və gənclik dövrünün mənzərəsi mənimlə “görüşə” gəlir; inanıram ki, mən xəyalən itirilmiş cənnətdəyəm. And olsun Yaradana ki, ömrüm boyu sevincə tamarzı qalmışam. Ədəbiyyat, incəsənət bütün sənət növləri kimi bizə həqiqətin yükü altında ölməmək üçün gərəkdir. Siz, ilk gəncliyinizdən xalqın könül dilmancı kimi tanındınız. Yaddaşlarda yaşamaq həyatda yaşamaqdan çətindir.

 

Əzizim! Yaşadığımız bu günlər gələcəyin keçmişidir. İstər indi, istərsə gələcəkdə Əjdər Ol xalqının sevimlisi kimi tanınacaq, seviləcək; bunu heç kəs inkar etməz. Çünki mənəviyyat yaşamağa məna verən mütləq qüvvədir - analarımızın laylasında, nənələrimizin nağıllarında, atalarımızın cəsarətində yaşayan qüvvə! Ətir gülün səsi olduğu kimi Əjdər Ol da mədəni davranışın rəmzidir. Bəşəri əxlaqın mayasında halallıq durur. Siz kiminsə qapısını döyürsünüzsə, bu, halallığın təntənəsidir.

 

Ağır xəstəlik məni nə qədər əzsə də, qəlbimdəki ümidarzulardan ayrıla bilmirəm. İnsan o vaxt yox olur ki, ümid və arzularını itirir. Hər yaş dövrünün öz hüsnü var. Qocalığın qızıl çağı da ədalət, insaf və təmkinlə zühur edir. Kimdə ki, bu mənəvi keyfiyyətlər yoxdur, onun gələcəyi də yoxdur. İndi mən dumanda oyanan səhər kimiyəm, yaxud küləyə qərq olmuş qovaq yarpaqları kimi bir etinasızlıq görəndə özümü dünyanın ən kədərli vətəndaşı sayıram. Dahi Nizamiyə min rəhmət: “Fələyin gərdişi rəqqasə qadınlar kimidir”. Mən Sizi həm də ona görə əzizləyirəm ki, öz əzəli təbiətinizə sadiq qalmısınız; lovğalığı, təkəbbürü qəlb evindən birdəfəlik qovmusunuz. Bu mənəvi keyfiyyətləri öz əməlində yaşadan Əjdər Ola uzun, xoşbəxt, bəxtəvər ömür arzulayıram.

 

Heç nəyə ehtiyacım yoxdur. Əziyyətsiz ömür arzusundayam.

 

Məktubumun cavabsız qalmayacağına əminəm.

 

Ehtiramla

 

Sizi əzizləyən İmamverdi ƏBİLOV

 

Neftçala   

23.XI.2015

525-ci qəzet.- 2015.- 12 dekabr.- S.20