BDU-da Pənah Xəlilovun yubileyi qeyd olundu

 

 

Bakı Dövlət Universitetində görkəmli ədəbiyyatşünas, tənqidçi tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun 90 illik yubileyinə həsr olunan Respublika elmi konfransı keçirilib.

 

BDU ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Pənah Xəlilov 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib 70 ildir taleyini həmişəlik bu ali məktəblə bağlayıb.

 

Rektorun sözlərindən məlum olub ki, Pənah Xəlilov elmi şuranın qərarı ilə universitetdə saxlanıb, aspiranturada təhsil alıb, 1951-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə isə filologiya elmləri doktoru elmi adına layiq görülüb. Akademik həmçinin bildirib ki, Pənah Xəlilovun Bakı Dövlət Universiteti qarşısında, dolayısı ilə Azərbaycan elmi, ədəbiyyatı xalqı qarşısında müstəsna xidmətləri var.

 

O,1973-cü ildə BDU-nun filologiya fakültəsində açılan “SSRİ xalqları ədəbiyyatıkafedrasının ilk müdiri seçilib.

 

Sonralar adı “Türk xalqları ədəbiyyatı” kafedrasına dəyişdirilən bu kafedra üçün Pənah müəllim güclü potensiala malik alimlər seçib, bir qismini isə şəxsən özü yetişdirib. Onun rəhbərliyi altında 20 nəfərə yaxın elmlər namizədi, 5 elmlər doktoru dissertasiya müdafiə edib. Pənah Xəlilovun ölkənin ümumtəhsil məktəbləri üçün bir sıra proqram və dərsliklərin hazırlanmasında yaxından iştirak etdiyini diqqətə çatdıran rektor, onun akademik Məmməd Arif Dadaşzadə ilə birlikdə yazdığı “Ədəbiyyat” dərsliyi, professor Mir Cəlal Paşayevlə birlikdə qələmə aldığı “Ədəbiyyatşünaslığın əsasları” kitabı müxtəlif dövrlərdə dəfələrlə nəşr olunub.

 

Pənah Xəlilovun ölkəmiz və elmimiz qarşısındakı mühüm xidmətlərinin dövlət tərəfindən layiqincə qiymətləndirildiyini deyən rektor onun “Əməkdar müəllim” adına layiq görüldüyünü, həm də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olduğunu diqqətə çatdırıb. Rektor çıxışının sonunda Pənah Xəlilovu “Gənc nəslin yetişdirilməsində göstərdiyi xüsusi xidmətlərinə, elmin, təhsilin inkiafındakı böyük rolunaanadan olmasının 90 illik yubileyi münasibətilə” Fəxri fərmala təltif edib.

 

Eyni zamanda alimə təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” təqdim edilib və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz xanım Paşayevanın təbrik ünvanı oxunub.

 

Yubilyarın həyat və elmi yaradıcılığına həsr olunan film nümayişindən sonra filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyevin “Böyük alimin şərəfli həyat yolu” adlı məruzəsi dinlənilib.

 

Tədbirdə AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov, professorlar  Abuzər Xələfov, Tofiq Hüseynoğlu, Ramiz Əsgər, Əməkdar jurnalist İlyas Adıgözəlov, eləcə də Türk xalqları ədəbiyyatı kafedrasının professor-müəllim heyəti çıxış ediblər.

 

Sonda çıxış edən professor Pənah Xəlilov 90 illik yubileyinin keçirilməsinə görə universitet rəhbərliyinə, o cümlədən tədbir təşkilatçıları və iştirakçılarına təşəkkür edib.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 19 dekabr.- S.3