Yusif Nəğməkarın 60 illiyi qeyd edilib

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Yusif Nəğməkarın 60 illik yubiley tədbiri keçirilib.

 

Tədbiri AYB katibi Rəşad Məcid açaraq şairin yaradıcılığından şəxsiyyətindən danışıb: "Yusif Nəğməkarın tədbirləri həmişə belə gur olur. O, həm gözəl insan, həm gözəl şairdir. İlk gənclik yaşlarından onun şeirləri diqqəti cəlb edib. Rəsul Rza, Bəxtiyar Vahabzadə onun şeirləri haqda müsbət fikirləri yazıblar".

 

Professor Nizami Cəfərov çıxış edərək şairin şeirlərinin mövzusunu və poeziyasının məziyyətlərini səciyyələndirib: "Yusif Nəğməkar üçün şeirdə, poeziyada məhdudluq yoxdur. Əksinə, ailə-məişət mövzusundan tutmuş dövrün konyukturası, ideoloji səpkili düşüncəyə qədər çoxşaxəli yaradıcılıq sahəsi var. Eləcə də şeirlərində ən müasir formalara qədər müxtəlif ədəbi texnikalardan istifadə olunub. Onun poeziyasında "şeir-ideyalar" da deyə biləcəyimiz qeyri-poetik informasiyalar var ki, sözün pedant mənasında bunlar şeir hesab olunmur. Ancaq həmin şeirlər məqalədən daha qüvvətlidir... Hər şairi bir şeir kimi təsəvvür edə bilmiriksə, deməli, o, şair deyil. Yusif Nəğməkarın yaradıcılığını bir şeir kimi görə bilirik. Bunun özü metod, üslub, texnika deməkdir".

 

Professor Nizaməddin Şəmsizadə çıxışında şairin irihəcmli əsərdə də uğur qazanmağını yaradıcılığının önəmli məqamlarından biri kimi vurğulayıb: "Etiraf edim ki, öz ədəbi nəslim haqda danışmaqdan, yazmaqdan zövq alıram. Onlardan biriYusif Nəğməkardır. Yusif populyar şairdir. Onun şeirlərinə musiqilər bəstələnib. Yusif çox yaxşı bilir ki, ədəbiyyatında Füzuli olan xalqın şairi olmaq çətindir. Ancaq bununla yanaşı onun yaradıcılığını poeziyamızda qalıcı hesab etmək olar. Mən onun "Vəslin edamı" poemasını xatırlayıram. Çox maraqlı əsərdir. Həmin kitaba məmnuniyyətlə müqəddimə də yazmışdım. Yaddaşın qayıtması kimi fəlsəfi məzmunlu, dərin, psixoloji bir mövzu işlənmişdi orada".

 

Şair Ənvər Əhməd çıxış edərək şairin insani keyfiyyətlərindən danışıb: "Yusif həssas şairdir. O, sözdən qorxmur, onu nar kimi sıxıb məna, dad çıxarmağı bacarır. Onun şeirləri nikbindir, yaradıcılığı zəngindir".

 

Tədbirdə qiraətçi Azad Şükürov, tənqidçi Qurban Bayramov, müğənni Niyaməddin Musayev, Xalq artisti Məleykə Əsədova və başqaları çıxışı zamanı şairin yaradıcılığı barədə fikirlərini bölüşüb, şeirlərini ifa ediblər. Sonda yubilyar şairə  mükafatlar təqdim olunub.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 29 dekabr.- S.7.