Bomboz bir günün əlvanlığı...

 

 

...Dünyanın darıxdırıcı, bomboz bir günü idi. Dünyadan təcrid olunmuş kimi televiziyanın qarşısında oturdum. Kompüterdən yazılarım da silinmişdi, narahatlıq içində düşünürdüm. Beləcə, xeyli keçdi, amma televiziyada göstərilənlərdən kimlərinsə ailəsində baş verənlər, şoular, sağlamlıq haqqında verilişlər diqqətimi çəkmədi. Nəhayət, ANS televiziyasında Mir Şahinin "Milli Metr" verilişinin məqamı çatdı. Verilişin budəfəki qonağı, həm ilk Aşıq qonağı, "aşıq" deyəndə adı birinci sırada çəkilən ustad sənətkar - Aşıq Ədalət idi. Söylədikləri bir tarix, bir qaynaq bir məktəb olan, sazına, sözünə qiymət qoyan, adı-sanı dünyanın bu başından-o başına, ellərə, dillərə yayılan, özü kirayədə yaşayan Aşıq Ədalət idi bu...

 

Deyirdi, 75 yaşım var, amma, Mir Şahin demiş, maşallah, yaxşı idi, öz diliylə desək, sazıydı. Onun sazlı-sözlü sinəsindən qopan şeirlər, söyləmələr sel kimi çağlayırdı. Saatlarla, bəlkə günlərlə danışardı... Bir deyirdi, heç kəsin sazında çala bilmir, kimsə onun sazını çala bilməz, şübhəsiz... Onun sazına-sözünə baxdıqca əlinə saz alıb onu hörmətdən salanlar düşdü yadıma. Əlindəki sazı əyləncəyə çevirən, qaş-göz atan, sinəsini-başını açan, məzmunsuz danışan o idrakı dayazları, ədəbdən uzaq olanları düşündüm...

 

Aşıq Ədalət həyatdan gileyləndi, kimsədən narazılıq etdi. Əksinə, öz millətini, xalqını necə bir təmənnasız məhəbbətlə sevdiyi göz önündə idi. Aşıq Ədalət o qədər maraqlı danışırdı ki, bircə kəlmə sözünü buraxmaq istəmirdim. Sanki dərs zamanı maraqlı bir mühazirə dinləyirdim. Söylədikləri bir möcüzə, sazı ayrı bir möcüzəydi...  Mir Şahinə, bu "dərsi" təşkil etdiyinə görə təşəkkür etməmək, düşünürəm, nankorluq olar.

 

Aşıq deyirdi ki, 5 yaşında əlinə caz alıb, o vaxtlar gözəl səsi olub. 15 yaşı olanda ona xain əliylə bir zərbə vurulub. Düşünüb ki, daha bu sənət onluq deyil. Amma nurani bir insan, Dədə Qorqud misallı qoca gecə yuxusuna gələrək ona uğurlu sabahlardan, böyük gələcəkdən xəbər verir. Onun bir xüsusi müəllimi olub, bir məktəbi. Amma aşıq ədəbiyyatını, saz sənətini elə gözəl öyrənib ki, özü bir məktəbə çevrilib.

 

...Bomboz başlanan günüm sona yaxınlaşsa da, artıq rəngi-ruhu özünə gəlmişdi. Bax, əsl sənətkar, gerçək sənət belədir: işığı aləmə yayılır, ətri dünyanı tutur. Əsl sənətkar lap özü kirayədə yaşasa da, Aşıq Ədalət kimi, sazı-sözü könüllərdə saraylar ucaldır...       

 

Mina RƏŞİD

525-ci qəzet.- 2015.- 3 fevral.- S.7.