"Baku Guide" kataloqunun fevral sayı çapdan çıxıb

 

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun fevral sayı işıq üzü görüb.

 

Nəşrin bu sayı da paytaxtımızın qonaqları və aktiv istirahət həvəskarı olan şəhər sakinləri üçün maraqlı informasiyalar, müxtəlif mövzularda yazılar, təqdimat xarakterli materiallarla zəngindir.

 

Kataloqun fevral buraxılışının ilk müsahibləri "Bakı-2015" Birinci Avropa Oyunlarının "Ulduz elçiləri" - əməkdar artistlər Tünzalə Ağayeva, Murad Dadaşov və tanınmış teleaparıcı İlkin Həsənidir. Dünya kinosunun tanınmış simalarından olan Kşiştof Zanussinin paytaxtımız, incəsənətimizlə bağlı fikirləri, sənətkar düşüncələri də oxucuların marağına səbəb olacaq.

 

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə paytaxtımızın mədəni və işgüzar həyatı, fevral ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, gənclərin xüsusilə maraq dairəsində olan əyləncə gecələri barədə məlumatlar yer alıb.

 

Yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Bu bölmədə paytaxtımızın kino mərkəzlərinin yayımladıqları filmlər haqqında qısa məlumatlar da verilir.

 

"Bakı bulvarında gəzinti" yazısı şəhərimizin qonaqlarını bu əsrarəngiz məkanı yenidən kəşf etməyə sövq edəcək. "Azərbaycanda qış turizmi" rubrikası isə mövsümün ən yaxşı çağında xizək sürmək, istirahətini mənalı keçirmək istəyənlər üçün əsl bələdçi rolunu oynayacaq. "Azərbaycan mətbəxi" rubrikasında oxucular daha bir ləzzətli milli yeməyimizin - yarpaq dolmasının hazırlanma qaydası ilə tanış olacaqlar.

 

Tarixi günlər bölməsində Xocalı soyqırımından söz açılır, bu faciənin bəşəriyyət əleyhinə cinayət olduğu bir daha əcnəbi qonaqların diqqətinə çatdırılır.

 

Kataloqun turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi barədə məlumatlara yer verilib.

 

525-ci qəzet.- 2015.- 5 fevral.- S.7.