Firəngiz Əlizadə: "Qremmi" nominasiyası son hədd deyil"

Məşhur amerikalı skripkaçı Hillari Xanın "Deutsche Grammofon" albomu kamera musiqisi nominasiyasında ən yaxşı albom kimi "Qremmi" mükafatına layiq görülüb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin "İmpuls" əsəri bu alboma daxil edilib. Azərbaycanın tanınmış bəstəkarı, UNESCO-nun Sülhməramlı Artisti Firəngiz Əlizadə AzərTAc-a müsahibəsində ulduz nominasiyasına yolu haqda söhbət açıb, habelə öz yaradıcılıq kredosu barədə danışıb.

 

- Firəngiz xanım, ilk növbədə, Hillari Xanın ifasında skripka üçün "İmpuls" əsərinizin "Qremmi" mükafatının nominantı olması münasibətilə Sizi təbrik etmək istərdim. Özünüzü necə hiss edirsiniz? Yaradıcılıq həyatınızda bu hadisəni necə qiymətləndirirsiniz?

 

- Özümü əla hiss edirəm. Əlbəttə, "Qremmi" mükafatının həndəvərindən keçmək çox xoşdur. İndiki halda "Qremmi" mükafatına istedadlı gənc skripkaçı Hillari Xanın kompakt-diski layiq görülüb. Həmin diskə yazılmış əsərlərdən biri mənimdir. Kamera musiqisində "Qremmi" nominasiyası həmin mükafata təqdim olunmuş 85 nominasiyadan biridir, kamera musiqisində bu mükafatı almaq isə böyük şərəf uğurdur. Lakin başa düşürəm ki, bu, hələ son hədd deyil yenə işləmək lazımdır. Mən hətta öz xüsusi albomumu yazdırmağı qərara almışam, istəyirəm ki, Hillari Xan mənim bütün əsərlərimi ifa etsin. Yeri gəlmişkən, onunla bu barədə söhbətimiz olub. Söhbət əsnasında Hillari Xan qeyd etdi ki, bu əsər son dərəcə uğurlu olub, buna görə o, yalnız mənim əsərlərimdən ibarət albom yazdırmağı planlaşdırır. Onda həmin albom artıq mənim "Qremmi"m olacaq.

 

- Bu ulduz mükafata gedən yol necə olub?

 

- Dünya şöhrətli ulduzlar məni, necə deyərlər, ərköyün öyrədiblər: həmişə mənə diqqət yetirirlər. Mənim musiqimə məşhur Mstislav Rostropoviç dirijorluq edib. O, həmin musiqini Parisdə keçirilən, onun adını daşıyan müsabiqə üçün sifariş etmişdi. Çin mənşəli amerikalı violonçelçalan Yo-Yo Ma neçə illərdir ki, mənim əsərlərimi ifa edir. Əfsanəvi ingilis perkussionisti Evelina Qlenni mənim "Silk Road" əsərimi ifa edib. Hillari Xan elektron poçt vasitəsilə mənimlə əlaqə yaradanda elə ilk dəfədən dialoqumuz uğurlu oldu. O dedi ki, müasir musiqi bir ifaçı kimi onu cəlb edir, lakin virtuoz ifaçı kimi bu musiqi onu əsla qane etmir, çünki bu musiqidə onun öz imkanlarını nümayiş etdirməsi üçün material yoxdur. Hillari Xan məndən xahiş etdi ki, öz texniki imkanlarını üzə çıxarmaq üçün Nikkolo Paqanininin "Kapriççio" əsərinə oxşar bir əsər yazım. Eyni zamanda bu, gözəl musiqi olmalı idi. Açığını deyim ki, bu sözlər məni heyrətləndirdi, çünki adətən ifaçı bəstəkardan sadə musiqi yazmağı xahiş edir, burada isə hər şey əksinə idi. Bir sözlə, bu təklif mənim üçün talenin qisməti oldu. Nəticədə razılaşdıq ki, mən skripka fortepiano üçün pyes yazım. Berlində olduğum on gün müddətində "İmpuls" əsərini yazdım.

 

- Bu qeyri-adi "İmpuls" adı ilə bağlıdır?

 

- Hillari Xan mənə həmişə ulduz kimi sayrışan impulsiv xanım təsiri bağışladı. Məndə belə təsəvvür yarandı ki, bu skripkaçı xanım həmin impulsu dinləyicilərə göndərmək üçün səhnəyə çıxır. Onun skripkada virtuoz ifası tamaşaçıların əhvalını daha da yüksəldir. Buna görə təəccüblü deyil ki, Hillari Xan bu əsəri ifa etməyə başlayanda mən bütün dünyadan heyranlıq bildirən rəylər alırdım. Qeyd etməliyəm ki, bu cür sanballı musiqiçilərlə ünsiyyətdə olmaq insana böyük məmnunluq bəxş edir. Bu səbəbdən, birgə məşqlər zamanı biz hər hansı texniki məqamlar barədə deyil, yalnız sırf musiqi ilə bağlı detallar haqda danışırıq. Mən onlara bizim milli musiqimiz barədə, eşitdiyim detallar barədə danışıram. Bu gözəl ünsiyyət mənə qeyri-adi sevinc bəxş edir, mən bu hisslərlə yaşayıram. Hər bir insan həyatda öz yolunu seçir, mən musiqini seçmişəm. Mənim musiqimə müraciət edən ifaçıları görəndə isə bu mənə həyat eşqi bəxş edir.

 

- Firəngiz xanım, sizin uğurlarınızın sirri nədədir?

 

- Elə bir sirr yoxdur. Bəzən 10 yaşlı oğlanları ya qızları mənim yanıma gətirib deyirlər ki, bu uşaqlar musiqini sevirlər mənim kimi olmaq istəyirlər. Bunun üçün lazımdır? Mən bu sual üzərində düşünməyə başlayıram. Bunun üçün çox şey lazımdır: bizim Vətənimiz, torpağımız, suyumuz, mənim valideynlərim, ətrafımda eşitdiyim musiqi... Bunların sayı o qədər çoxdur ki, mən həmin adamlara belə cavab verirəm: "Mənim kimi olmaq lazım deyil. Özü kimi olmaq lazımdır". Məsələn, dahi Qara Qarayevin dahiliyi məhz onda idi ki, o bizə - öz şagirdlərinə heç vaxt "mənim kimi yazın" demirdi. Qara Qarayev deyirdi: "Müasir musiqi dünyası çox böyükdür, mən sizə yolu göstərirəm, öz cığırınızı isə hər kəs özü seçir".

 

- Siz öz yaradıcılıq kredonuzu necə səciyyələndirirsiniz?

 

- Təəssüf ki, istər müasir musiqidə, istər təsviri incəsənətdə, istər kinoda, istərsə teatrda çox vaxt müasirliklə identifikasiya edilməyə başlamış eybəcərlik görürük. Bəziləri hesab edir ki, rəsm əsəri qədər cansıxıcıdırsa, bir o qədər müasirdir. Mən bunu qəbul etmirəm. İncəsənət, ilk növbədə, gözəl olmalıdır. Hətta faciəni ya insan xarakterinin eybəcər cizgilərini gözəl təqdim etmək olar. Axı, incəsənət naturalizm deyil. Mənim kredom gözəl sənətdir.

 

- Əlbəttə, "Qremmi" mükafatı nominasiyası yalnız başlanğıcdır. Hələ hər şey irəlidədir. Sizin gələcək yaradıcılıq planlarınızı bilmək istərdim.

 

- Mən Bakıda artıq dördüncü dəfə keçiriləcək Muğam Festivalının bədii rəhbəriyəm. Mənə böyük məsuliyyət həvalə edilib. Bu geniş miqyaslı tədbir ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsüdür. Biz bu tədbiri üç il yüksək səviyyədə keçirmişik. Yayda bizi musiqi aləmində daha bir geniş miqyaslı hadisə gözləyir - Şəkidə "İpək yolu" adlı musiqi bayramı keçiriləcək. Biz bu bayrama da hazırlaşırıq. Bununla yanaşı, bir neçə əsər üzərində işləyirəm. Mən üzərində işlədiyim əsərlər barədə heç vaxt əvvəlcədən danışmıram, bu barədə yalnız onlar səslənəndən sonra isə deməyə haqqım var. Təkcə onu deyə bilərəm ki, bu, qlobal əsər olacaq. Mənə belə gəlir ki, Motsart kimi mən özüm üçün rekviyem sifarişi almışam. Allaha dua edirəm ki, bu möhtəşəm vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün mənə imkan versin. Ümumiyyətlə, həmişəki kimi, planlarım çoxdur. Lakin onları həyata keçirməyə dərəcədə müvəffəq olacağımı bilmirəm, çünki mənim məkanımda yalnız bir problem var - vaxt problemi.

 

525-ci qəzet.- 2015.- 12 fevral.- S7.