Musiqişünasın portreti: görkəmli alim, tənqidçi və pedaqoq Elmira Abasova

 

 

Əməkdar incəsənət xadimi, professor Elmira Abasova (1932, I - 2009, II)  Azərbaycan musiqişünaslığının inkişafında çox mühüm xidmətləri olan görkəmli elm və mədəniyyət xadimidir. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tənqidi və publisistikası; müəllimlik; təhsilin   idarə olunması; musiqi tərbiyəsi və maarifçiliyi; musiqi jurnalistikası və təbliğatı; musiqi-ictimai fəaliyyət. Elmira Abasova bu istiqamətlərin hər birində elm, incəsənət və mədəniyyətin inkişafına, təbliğinə və tədrisinə dəyərli töhfələr verib.

 

Bu baxımdan, E.Abasovanın zəngin yaradıcılıq irsi Azərbaycan musiqişünaslıq məktəbinin elmi-nəzəri əsaslarının formalaşması və inkişafı aspektində də qiymətləndirilə bilər. Görkəmli musiqişünas-alimin peşəkar tənqidçi kimi uzun illər Bəstəkarlar İttifaqında məhsuldar bir şəkildə işləməsini də nəzərə alsaq, onun milli bəstəkarlıq məktəbinin və musiqi tənqidinin inkişafına fəal təsirini də qeyd etmək zəruri olar.

 

Elmira Abasovanın professional musiqişünas kimi elmi maraq dairəsi genişdir: XX əsr Azərbaycan musiqi tarixi və musiqi prosesləri; milli bəstəkarlıq məktəbinin təkamülü və inkişafı; fərdi yaradıcılıq üslubları; əsərlərin təhlili və qiymətləndirilməsi; bəstəkar yaradıcılığının problemləri, təmayülləri və nailiyyətləri; gənc bəstəkarların yaradıcılığı; peşəkar ifaçılıq sənəti; peşəkar muğam sənəti; musiqi tənqidi; musiqi təhsili; musiqi tərbiyəsinin nəzəri, praktik və təşkilati məsələləri; musiqi-mədəni əlaqələr; musiqişünaslığın vəzifələri və perspektivləri.

 

AMEA Memarlıq və İncəsənət İnstitutunda, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) və Azərbaycan Bəstəkarlar İttifaqında məqalə və monoqrafiyalar yazdığı, televiziya, radio və mətbuatda musiqinin ən müxtəlif məsələlərindən davamlı olaraq bəhs elədiyi, məktəblilərin və gənclərin musiqi-estetik tərbiyəsi naminə ən fəal bir şəkildə çalışdığı, ümumittifaq və beynəlxalq elmi konfranslarda məruzə etdiyi, Konservatoriyada rektor kimi işlədiyi, bir pedaqoq kimi gənc musiqişünas kadrları yetişdirdiyi dövrlərdə - bir sözlə, həyatının-yaradıcılığının-fəaliyyətinin bütün mərhələlərində, məqamlarında və istiqamətlərində o, həmişə elmin, incəsənətin, təhsilin ali mənəvi-etik və peşəkarlıq tələblərinə ən yüksək səviyyədə əməl etmiş, cavab vermişdir.

 

lll

 

Elmira Abasova Üzeyir Hacıbəyli musiqisinin ən nüfuzlu tədqiqatçılarındandır. Ü.Hacıbəylinin yaradıcılığı, bu yaradıcılığın ictimai və mədəni qayəsi çoxşaxəli olduğundan, dahi şəxsiyyətin irsi filosoflar, filoloqlar, dramaturqlar, jurnalistlər, kulturoloqlar, musiqişünaslar tərəfindən öyrənilməkdə davam edir. Bununla belə, bəstəkar Ü.Hacıbəylinin yaradıcılığı daha çox musiqişünaslığın obyekti kimi qavranılır. Təsadüfi deyil ki, Azərbaycan musiqişünaslığında XX əsr boyunca Hacıbəyli musiqisini tədqiq edən musiqişünas nəsilləri yaranmışdır: Əfrasiyab Bədəlbəyli, Xurşid Ağayeva, Qubad Qasımov, Elmira Abasova, Zemfira Səfərova, İzabella Abezqauz, Xanlar Məlikov, Zemfira Qafarova...

 

E.Abasova hələ Sovet dönəmində Ü.Hacıbəyli yaradıcılığı üzrə samballı mütəxəssislərindən biri kimi qəbul edilirdi. Belə yanaşma onun elmi maraqlarından və peşəkarlığından qaynaqlanırdı. Belə ki,  konservatoriyanı bitirəndən dərhal sonra, gənclik illərində çox çətin və məsuliyyətli bir işi öhdəsinə götürmüşdü: "Üzeyir Hacıbəyovun operaları və musiqili komediyaları" mövzusunda dissertasiya. Elmi iş Moskvada - SSRİ Elmlər Akademiyasının İncəsənət İnstitutunda təsdiq olundu, yerinə yetirildi, müzakirə edildi və 1962-ci ildə müdafiəyə çıxarıldı. Rəsmi opponentlər V.Belyayevin, N.Şahnazarovanın resenziyalarında və elmi şuranın qərarında işin yüksək elmi-nəzəri səviyyəsi, aktuallığı və əhəmiyyəti öz əksini tapdı.

 

XX əsrdə Azərbaycan, eləcə də, Şərq, türk xalqlarının görkəmli musiqi tədqiqatçısı, tarixçi və nəzəriyyəçi kimi beynəlxalq miqyasda şöhrət qazanmış alim, professor V.Belyayevin dissertasiya haqqında müfəssəl rəyi bu dissertasiya ilə Hacıbəyovşünaslıqda yeni elmi mərhələnin başlandığını deməyə əsas verir. Nəzərə alaq ki, V.Belyayev Ü.Hacıbəyli ilə yaxın yaradıcılıq, dostluq əlaqələrinə malik olmuş, bəstəkar "Azərbaycan xalq musiqisinin əsasları" kitabının ilk nüsxəsini ona göndərmişdir. V.Belyayevin tarixi oçerkləri, məqalələri, eləcə də, həmin kitab haqqında əlyazma rəyi, onun Ü.Hacıbəyli irsinə dərindən bələd olduğunu göstərir. Maraqlıdır ki, dissertasiyanın müdafiəsində görkəmli alimin Ü.Hacıbəyli üslubu ilə bağlı E.Abasovaya ünvanladığı bir neçə çətin və mahiyyətli suala iddiaçı arqumentli cavablar vermiş, özünün irəli sürdüyü "muğam operası" ideyasından geri çəkilməmişdir. V.Belyayev sonrakı illərdə E.Abasova ilə elmi-yaradıcılıq əlaqəsi saxlamış, Azərbaycan musiqisinin yenilikləri haqqında gənc alimlə fikir mübadiləsi aparmışdır. Əldə etdiyimiz bir maraqlı fakt da E.Abasovanın elmi rəhbəri, Moskva Dövlət Konservatoriyasının professoru İ.Rıjkinin gənc musiqişünasın dissertasiyasına yazdığı rəy, onun istedadlı kadr kimi musiqi elmindəki gələcək perspektivləri haqqında AMEA-ya yazdığı məktub və yaradıcılıq xarakteristikasıdır. Yeri gəlmişkən, bu alim Azərbaycanın üç böyük musiqişünasının - Elmira Abasova, Zemfira Səfərova və Solmaz Qasımovanın elmi rəhbəri olmuş, onların tədqiqatçı kimi formalaşmasında, Moskva elmi mühiti ilə əlaqələr qurmasında, elmi bioqrafiyasında yaxından iştirak etmişdir. 

 

E.Abasovanın "Ü.Hacıbəyovun operaları və musiqili komediyaları" monoqrafiyası 1961-ci ildə "Azərnəşr" tərəfindən rus dilində nəşr olunur. Bundan əvvəl, 1960-cı ildə isə yenə də dissertasiyanın əsasında "Leyli və Məcnun" operasına həsr etdiyi monoqrafiya işıq üzü görür. Müəllif Azərbaycan xalq musiqisinin janrları, lad sistemi haqqında məlumat verəndən sonra ayrı-ayrı bölmələrdə operanın forması, səhnələri, obrazları, musiqisi haqqında təhlili fikirlər irəli sürür, əsərin üslubunu, musiqinin milli köklərini, ədəbi qaynağın muğamla əlaqəsini, Şərq-Qərb sintezini izah edir, onun "muğam operası" olması qənaətinə gəlir. Kiçik həcmli olsa da, "Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası" bu əsərə həsr olunan ilk xüsusi musiqişünaslıq monoqrafiyasıdır və Şərqin ilk operası haqqında əlli beş ildir ki, hələ də ilk və yeganə monoqrafiya olaraq qalmaqdadır.

 

O zaman SSRİ-nin kitabxanalarına daxil edilən bu monoqrafiyalar indi də Azərbaycan musiqisinin klassiki haqqında elmi qaynaq kimi maraqla oxunur, müxtəlif konservatoriyaların elektron kitabxana fondunda bu gün də adları göstərilir.

 

(Ardı var)

 

Ariz ABDULƏLİYEV

525-ci qəzet.- 2015.- 12 fevral.- S6.