Düşüncələr silsiləsindən

 

 

RUHUN RƏNGLƏRİ

 

Gələcəyinə qonaq getmişdi. Xəyalatla ayıqlıq arasında ətrafı seyr edirdi. Qocalmış bulvarda çürüyüb torpağa qarışan güllərin fərqi qalmamışdı: hamısı qapqara torpaq rəngindəydi. Ətri də gəlmirdi.

 

Beli bükülmüş ağaclar Onu layiqincə qarşılaya bilmədiklərindən başlarını aşağı dikmişdilər. Ağacların seyrəlmiş saçları xəcalətdən yer süpürürdü.

 

Yollar da qocaldığından asfaltın üzü qırış-qırış olmuşdu. İllərin naxışını çöhrəsində gəzdirən qarı nənələrə oxşayırdı.

 

Qocalmış itlər də dilini çıxarıb tənbəl-tənbəl ağzının suyunu axıdırdı. Kimsəyə hürmür, irəli cummurdu.

 

Dəniz də qocalıb əldən düşmüşdü. Daha heyi yoxuydu dalğalanmağa. Məlul-məlul Onun üzünə baxırdı.

 

Bulvar qocalmışdı. Şəhər qocalmışdı.

 

Üşəndi bir anlıq. Ətrafına baxındı. Heçmi həyat eşqi qalmamışdı keçmişindəki tanış məkanlarda?! Hamısınımı israf edib tükətmişdilər? Can atdıqları gələcək onları beləmi qarşılayacaqdı?

 

Təbiətdən əlini üzüb insanlara diqqət yetirməyə başladı. Gələcəyində rastına çıxanlara. Gözlərini zilləyib sifətlərin cizgilərini saf-çürük edirdi. Aaaa! Bunlar ki həmkarlarımdır... Yerindən qımıldanmaq istədi. Xatirələrin tozunu çırpmağa macal tapmamış cütlük ötüb keçdi. Heç dönüb Ona tərəf baxmadılar da. Məyus oldu: Məni tanımadılar. Yəqin... Tez də özünə ürək-dirək verməyə başladı: Yadıma zorla saldığım gözlərdən, illərin yükünü daşıyan üzlərdən ilıq baxış ummaq ağılsızlıqdır. Heç öz qəlbim də çırpınmadı.

 

Qocalmış sifətlərin altında Onun gəncliyi yatırdı. Bircə anlıq da olsa, oyada bilsəydi gəncliyini... Bu qoca şəhərdə Onu nə görən varıydı, nə axtaran, nə tanıyan. Yadplanetlilər kimi laqeyd keçirdilər yanından.

 

Elə təklənmişdi ki, gələcəyində. Kimsəsiz qalmışdı. Yaradan Onu niyə yaratmışdı? Niyə bu vaxta saxlamışdı? Hansı günahlarının cəzasını çəkirdi təkləndiyi bu məkanda? İstəmədi gələcəyini. Allahım, belə yaşamaqdansa, canımı al, dedi sakitcə.

 

Cavanların qeybə çəkildiyi dünyadan pıçıltıyla söylədiyi ricası yuxarılara tez yetişdi. Ondan başqa bəndə qalmamışdı ki Yer üzündə. Keçmişində belə şanslı olsaydı, nə bəxtəvər idi! İndi, gələcəyinə qonaq getdiyi bu məqamdasa heç xoşbəxtlik də Ona gərək deyildi. Gəlsə, qovardı. Qapını açmazdı xoşbəxtliyin üzünə. Qocalmış üzlərin soyuq ifadələri doğmalıqdan çox uzağıydı. Çox. Allahım, bu qoca maskaların altındakı həqiqi sifətlər kimə məxsusdur? düşüncəsindən əzab çəkirdi.

 

Yenə ətrafına baxındı. Quşlar da tənbəl-tənbəl oxuyurdu. Gümrah, şən, şaqraq heç nə yoxuydu buralarda. Xəyalları bir-bir suya düşürdü.

 

Qəfil öskürək səsi qonaqlığını alt-üst etdi. Onu indisinə qaytardı. Yan-yörəsi boşalmışdı. Deyəsən, O, qonaqlıqda olanda indikilərin hamısı tərk etmişdi bu zamanı. Bircə öskürək səsi qalmışdı. Onun da yiyəsi gözə dəymirdi.

 

Durub bulvarın bu başından o başına yol aldı. Nə qədər axtarsa da, qocalmış bulvarda cavan bir nəfəsə, hənirtiyə rast gəlmədi.

 

Birdən musiqi səsi qulaqlarını sığalladı. Sevindi. İçi güldü: Deyəsən, tapdım. Gələcəyimdə də həyat varmış! Sevincək ətrafına baxındı. Kimsə yoxuydu. Görünür, gəncliyindən gəlirdi o səs. Qonaq gələndə özü ilə gətirmişdi. Hə. Yadına düşdü. Qəlbində gətirmişdi bu təranəni.

 

Qulağını sığallayan səsin sehrindən vücudunda həyat eşqi qaynamağa başladı. Bayaqdan məlul-məlul baxan Xəzər də canlanıb Onun üzünə gülümsədi.

 

Bulvarda meh əsdi. Ağacların budağından bərk-bərk yapışmış təkəm-seyrək yarpaqlar əl çalıb oynamağa başladılar. Torpağa qonub tənbəl-tənbəl oturmuş yarpaqlar da halay qurub yallı getdilər. Deyəsən, hələ canları suluydu.

 

may 2014

 

ANAM GƏLİB

 

Sədaqətə, sevgiyə bax o dünyadan ANAM gəlib dərdimə dərman olmağa, bu dünyadakılar yatır... Bağlılığa, vəhdətə bax o dünyadan ANAM gəlib sarsıntımı yumşaltmağa, bu dünyadakılar qaçır... ANAM duyub, ANAM bilir. Uğruna fəda olduğum əzizlərim nankor çıxıb. Bu nankorluq sevgimi də yox etsəydi, dərd yarıydı. Edəmmədi. Qəlbi qara, kinlə dolu İfritənin fitnəsinə uyanlara qəzəbliyəm, kin duymuram. Əməlindən hirslənsəm də yadlaşmıram, yad olmuram. Pərtliyinə şad olmuram. Bir günün, anın içində illəri silə bilmirəm. Şəfqət dolu ürəyimdə məhəbbətin yuvasını nifrətə verə bilmirəm.

 

Sağım doğmam, solum doğmam. Doğmaların arasında körpüyəm mən. Haqsızlığa uğrayan da, haqsızlığı törədən də mənimkidi. Dar günündə söykəndiyi doğmaları şad günündə yad bilən də mənimkidi. Hansı zəfər, hansı qisas buna dəyər? Bəraəti varmı görən? Hansı ölçü, hansı meyar bu peşmançılığı yuyar?

 

...Qırılan qəlblər, axan göz yaşları xeyir işə xeyir verməz. Nəslə ayrı-seçkilik salmaq istəyən nəsli itirər, əli boşda qalar. İfritələr özünü qalib sanmasın. Bu yolla qazanılan qələbə ən böyük məğlubiyyətdir. Təəssüf ki, hər iki tərəf üçün...

 

Daşıdığım yükün ağırlığı əzdi məni. Birlik və mehribanlıq yolunda cəhdlərim bir qolda boşa çıxdı. Yanlışın qarşısını ala bilmədim. O qolun kəsilib atılması daha betər yandırar. Sayğısızlığa uğrayanlardan keçə bilmədiyim kimi, sayğısız davrananlardan da keçə bilmirəm. Femidanın tərəzisini taraz saxlamaq asan deyil. Günahkar cəzasını almalıdır. Yoxsa münasibətlərin mizan-tərəzisi pozular, insanlıq itirər...

 

Yara çox dərinə işləmədən hər şeyi yoluna qoymaq, qopan telləri yerinə bağlamaq müşkül görünür. ANAM bu müşkülün həlli üçün gəlib! Öncə mənim yaralarımı sarır. Qəlbimin ağrısı keyləşər-keyləşməz mənə əmanət etdiyi missiyanı yerinə yetirməyimi istəyəcək.

 

2010

 

BACIMA MƏKTUB

 

Gündəlik həyatımızdakı neqativ hadisələri nəzərə almasaq, hesab etmək olar ki, hər şey yaxşıdır, əzizim! Mən Səninçün çox darıxıram, bizim səmimi, könül söhbətlərimizin həsrətindəyəm, hər şey üçün burnumun ucu göynəyir, nostalji hissləri ruhumu çığnayır... Günlər yanımızdan ötüb keçir, əslində gedən həyatdır, amma biz bunu görmürük, çünki xırda problemlərlə çox məşğuluq, gündəlik qayğılar başımızı qatıb. Elə yaşayırıq, sanki məcburən tapşırıq yerinə yetiririk. Biz HƏYATı kənardan çiyinlərimizə qoyulmuş ağır yük kimi daşıyırıq. Halbuki biz gözəl və rahat yaşamalıyıq, hər xırda şeyə sevinməliyik, məişətimizi elə tənzimləməliyik ki, hər dəqiqəmiz, qayğılarla hər qarşılaşmamız bayrama çevrilsin, bizə zövq bəxş etsin. HƏYATı elə qurmalıyıq ki, UĞUR özü dalımızca qaçsın, özü bizi axtarsın!.. Amma təəssüflər olsun ki, nə Mən, nə Sən, nə də doğmalarımızdan heç biri özünə belə həyat qura bilməyib. Çox heyf! Bizə çox şey öyrədiblər, yaxşı tərbiyə veriblər, ancaq ən başlıcanı xoşbəxt yaşamaq bacarığını aşılamayıblar!

 

Əziz Bacım, bir-birimizdən bu qədər uzaq yaşamağımız necə də ədalətsizlikdir... Əminəm ki, məsafənin yaxınlığı problemlərimizin həllini xeyli yüngülləşdirərdi. O problemlər ki istər-istəməz toqquşuruq və bununla barışmaq məcburiyyətindəyik. ALLAHa və texnikaya şükürlər olsun ki, bizə tez-tez yazışmaq, ürəyimizi boşaltmaq imkanı verir. Çalış əhval-ruhiyyəni qoruyasan, ruhdan düşməyəsən. Sağlamlığını qoru, fiziki imkanlarını zorlama, onlar hüdudsuz deyil. Əgər bir gün orqanizminə çox əziyyət verirsənsə, sonrakı günlərdə elə rejimlə yaşa ki, qüvvəni bərpa edə biləsən. İllər ötür, özüylə birgə gücümüzü də alıb aparır, enerjimizi tükədir, gözəlliyimizi soldurur. Əvəzində yalnız müdriklik verir (onu da hamıya bəxş etmir). O da var ki, müdriklik nə gəncliyi, nə də itirilmiş, yaxud küləklə sovrulmuş illəri qaytarmaq iqtidarında deyil. Qocalığın gözəlliyidir MÜDRİKLİK!

 

2009

 

ƏLAQƏ

 

Hər hansı əlaqə necə başlanırsa, eləcə də davam edir. Yəni başlanğıc, təməl əsasdır. Nə qədər xoşməramlı olsa da, çətinliklə hasilə gələn və tərəddüdlərlə, fasilələrlə paralel ömür sürən əlaqə sonadək bu sayaq neqativ nüanslarla müşayiət olunacaq. İstər mənəvi aləmdə olsun, istər maddi cəbhədə fərqi yoxdur. Mahiyyət dəyişməz qalacaq. Təsadüfi deyil ki, insanı tanımaq istərkən onun nəsil-şəcərə köklərinə, hüquqda cinayəti araşdırarkən onu doğuran səbəblərə və hal şahidlərinə, təbabətdə xəstəliyin müalicəsini tapmaqçün onun peyda olmasına təkan vermiş amillərə diqqət yetirilir. Bütün hallarda məsələnin mahiyyətində nəyin dayandığı çox önəmlidir, narahatlıq doğuran amilin nədən qaynaqlandığı mühüm əhəmiyyət kəsb edir.

 

mart 2009

Mənzərə Sadıqova

525-ci qəzet.- 2015.- 14 fevral.- S26.