Köç - (hekayə)

 

Hər dövrün, hər mövsümün özünəməxsus gözəlliyi də var, çətinliyi də. Düşünürəm ki, kənd həyatını yaşamayan, onun qarlı-çovqunlu, palçıqlı günlərini görməyən, tövlədə heyvanlara qulluq etməyən ondan söz aça bilməz...

 

Yaylaq mövsümü yaxınlaşdıqca hamıda bir ruh yüksəkliyi yaranırdı. Hər kəs bu mərasimə çox ciddi hazırlaşırdı. Kəndimizdə araba çox az idi. Yaylağa yükün çoxu atlarla, ulaqlarla daşınırdı. Arabası olanlar elə zənn edirdilər ki, qapılarında minik avtomobili var. Öküzü olmayanlar kolxozun baş bilənlərinə ağız açırdılar. Böyük ailəlilər köçlərini araba ilə daşıyırdılar. Bəri başdan deyim ki, araba ilə köç aparmaq çox zülümlü iş idi. Bir baxırdın, təkər oxdan çıxır, öküzün biri güclü, biri gücsüz olurdu. Bu müvəqqəti çətinlik insana zülüm edirdi.

 

Əşrəf kişinin də ailəsi qohum-əqraba kimi yaylaq tədarükü görmək və onun sevincini yaşamağa başlamışdı. Bu, nəyə desən dəyərdi. Hazırlıq gedə-gedə hamı öz təsərrüfatına əl gəzdirirdi. Yaxşı yadımdadır ki, Tavat xanım el dilində adına farmaş deyilən, yundan toxunulmuş enli uzun çuvalsız arabaya pal-paltar qoymazdı. Həmişə deyərdi: "Ay kişi, bir gün tez, bir gün gec - bizə nə verir? Hamı öz arzusu ilə köçməlidir. Sən get araba məsələsini həll elə, gününü dəqiqləşdir. Geri qalan yır-yığış işini özüm görəcəm". Tavat xanım həmişə iki farmaşlıq palaz-paltar götürərdi. Təmizliyə çox fikir verərdi. Ən azı iki farmaş yığıldıqdan sonra barxananın qalığı arabaya yığılardı.

 

Gözlənilən gün gəlib çatdı. Axşamdan arabanı yığmağa başladılar, səhər alaqaranlıqda yola düşməliydilər. Evin böyük oğlu İsmayıl müəllim köməkçi də gətirmişdi. Yaylaqdakı iş qurtarana qədər bir yerdə qalacaqdılar. Əsas məsələ bu arabanı sağ-salamat yaylağa aparmaq idi. Çox şükür, öküzlər say-seçmə öküzlər idi. Hamı inanırdı ki, onlar köçü darda qoymayacaqlar.

 

Bu minvalla alatoranda yola çıxdılar. Yavaş-yavaş gedirdilər. Rəhmətlik Əşrəf kişi öküzləri yormamaq üçün tələsmirdi. "Ay oğul, - deyirdi - bir saat tez, bir saat gec, nə fərqi var?!" Köç yolunun üstündə Qasım kişinin dəyirmanı vardı. Dəyirmanın ətrafında gül gülü çağırırdı. Orada dincəlməyin ayrı ləzzəti var idi. Dəyirman daşının səsi yorğun camışların fısıltısını andırırdı. Dəyirmana dən gətirənlərin xoş təbəssümünü görəndə insanın ürəyi dağa dönürdü.

 

Dəyirmanın qapısı açılanda oradan gələn xoş ətir insanı valeh edirdi. Adamın yadına analarımızın sacda bişirdiyi xamralı düşürdü.

 

Əşrəf kişi öküzləri boyunduraqdan açmışdı. "Bir az dincəlsinlər", - deyirdi. "Çətin yolumuz hələ qabaqdadır". Qasım kişi dəyirmandan çıxıb, Əşrəf kişi tərəfə gəldi. Çox böyük hörmət və ehtiramla ona yaxınlaşdı:

 

- Xoş gördük, ay Əşrəf kişi!

 

- Xoş vaxtın olsun, ay Qasım! Nə var, nə yox? İşlər necədir?

 

- Allahıma çox şükür! Camaata xidmət edirəm, onlar da məni dolandırır. Buğdanın bərəkətinə qurban olum! Tanrıya çox şükür! Bolluqdur, undan korluq çəkənimiz yoxdur. Ay Əşrəf kişi, tələsmə, bir çayımı iç, gedərsən.

 

Əşrəf kişi Qasımın xasiyyətini yaxşı bildiyi üçün etiraz eləmədi, "Baş üstə", -dedi. Həm də fikirləşdi ki, bu arada öküzlər də qarınlarını doyurar. Allahın dilsiz-ağızsız heyvanlarıdır.

 

Sözlü-söhbətli çay fasiləsindən sonra Əşrəf kişi "Süfrən qonaqlı-qaralı olsun, ay Qasım! Bizə icazə ver, yolçu yolda gərək", - deyib, ayağa qalxdı. Qasım kişi ilə sağollaşıb, yola davam etdilər. Dəyirman çayını çox rahat keçdilər.

 

Yaylaq yolu rahat olmasa da, bu işi görməyə məcbur idilər. Əşrəf kişi yavaş-yavaş getməyi məsləhət bilirdi. Öküzlər də bu xeyirxahlıqdan istifadə edib, sürəti daha da yavaşıdırdılar. Bu minvalla Nazlıxan çayına gəlib çatdılar. Buradan iki yol ayrılırdı. Biri Kıxmalaqlıya, o biri isə Danalıqlıya gedən yol idi.

 

Bu köç xoş təəssüratlarla yaddaşlara həkk olunmuşdu. Çox təhlükəli yoxuşun sonuna yaxın əzəmətli fıstıq ağacının geniş açılmış budaqlarının kölgəsi altındakı qonaqların oturub dincəlməsi üçün geniş yer adamı valeh edirdi.

 

Arabanı çox çətinliklə ağacın altında rahatlaya bildilər. Bu mövsümdə fıstıq ağacının yarpaqları o qədər sıx idi ki, güclü yağış yağanda onun dibinə bir damcı su da düşmürdü.

 

Əşrəf kişi vaxt itirmədən öküzləri boyunduruqdan açdı:

 

- Oğlum, gözün öküzlərin üstündə olsun, mən bir az mürgüləyəcəm.

 

- Baş üstə, ata!

 

Övladları Əşrəf kişinin bir sözünü heç vaxt iki etmirdilər, yerinə yetirirdilər. O nəsildə böyük-kiçik yeri həmişə görünürdü. Əşrəf kişi də övladlarına əziyyət verməzdi, çalışardı hər işi özü etsin. İndi çox yorulmuşdu. Köməkçisinə tapşırıq vermişdi ki, gözünü öküzlərdən çəkməsin. Öküzlər də çox keçmədi ki, çəmənlikdə yatmağa başladılar. Nəhəng fıstıq ağacının gövdəsinə yazılmış qədim yazılar diqqət çəkirdi. İlahi, bu ağacın gövdəsində nələr yox idi?! Xatirələrlə dolu bir ağac kitabə... Kövrək notlarla yazılmış şeir parçası, nə bilim nələr, nələr... Köç əhlinə elə gəlirdi ki, bu fıstıq ağacında nəsə bir tilsim var. Bu ağacdakı cazibədarlıq insanı bir anlığa düşünməyə vadar edirdi. Ağacın gövdəsində papaqlı bir kişinin şəkli var idi. Açığı, bu şəkli çəkənin rəssamlıq qabiliyyəti hiss olunurdu. Şəkil çox zəhmli idi. Bir az da yaxınlaşanda şəklin bir tərəfində beşaçılan silahın əksi həkk olunduğunu görürsən. Şəkilaltı yazını oxuyanda isə heyrətlənməmək olmur: "Ey qoçu Talıb, sənin də dövranın bitdi, silahı yerə qoyub Şura hökumətinə qulluq edirsən". Görəsən, sağlığında bu yazılanlar Talıb kişinin qulağına çatsa idi, nə deyərdi. Yəqin ki, bu yazının müəllifinin nəvələrindən biri olduğuna təəccüblənməzdi. "Sən Məşədi Rüstəmli ocağının əzəmətli, yenilməz sütunlarından birisən. Vətənpərvərliyi, qoçaqlığı, igidliyi, namuslu, qeyrətli olmağı sizdən öyrənirik. Hörmətlə, adsız müəllif".

 

Bu xoş sözlərin müəllifi xalqına, vətəninə, torpağına sadiq insan olduğuna görə, paxıllıq hisslərindən uzaq duraraq həqiqəti yazmağa çalışmışdı. Belə oğullara dünyanın hər cür neməti halaldır.

 

Əşrəf kişinin məhəbbətlə dolu həzin səsi köməkçisini feyziyab olduğu bu səhnədən ayırdı. "Buyur ata", - dedi.

 

- Öküzlərimizi gətir, yolçu yolda gərək. Hava qaralmamış mənzil başına çatmalıyıq. Görəsən, comamızın yeri hazırdımı?

 

- Narahat olma, İsmayıl o oğlana bərk-bərk tapşırdı ki, barxana gələnə qədər oralar qaydasında olsun.

 

- Təki sən deyən olsun.

 

Araba hazır idi. Köç yavaş-yavaş yola düzəldi. Hərdən yaylaqdan kəndə gedənlərlə qarşılaşır, bir-biri ilə hal-əhval tuturdular. Otlaq sahələrin vəziyyəti çox yaxşı idi. Köç rahatlıqla öz halal coma yerinə gəlib çatdı. Hamının üstündən sanki ağır bir yük götürülmüşdü. Görəsən, hansı ilahi qüvvə onlara kömək etmişdi. Əşrəf kişi köməkçisinə tərəf dönərək:

 

- Çoxmu yorulmusan?

 

- Yox, nə yorulmaq, nə lazımdır, mən hazıram...

 

Kişi bığaltı gülümsündü:

 

- Deməli, acımısan.

 

O, doğrudan da bərk acımışdı. Coma ürəkaçan mənzərəli bir yerdə qurulmuşdu. Hər tərəfdən köç gətirənlərin yeni mənzilə alışmayan itlərinin səsi ətrafı bürümüşdü.

 

Köç zamanı yorulmağın da öz ləzzəti var. Əşrəf kişi qım-qımı edə-edə ömür-gün yoldaşının qoyduğu yol azuqəsini yavaş-yavaş açmağa başladı.

 

- Hə oğlum, gəl otur yeməyimizi yeyək.

 

Köməkçi Əşrəf kişi ilə oturdu. Əşrəf kişi məhəbbət dolu gözlərlə köməkçisinin iştahla yediyini seyr edirdi. Tələsmədən yeməklərini yedilər. Qardaşı oğulları Cavanşir və Rüstəm də gəldilər. Əşrəf kişi onları öpdü, çoxlu suallar verdi. Əmilərinin təkidi ilə onlar da bir az yemək yedilər. Sonra Əşrəf kişi onlara bir qab verdi:

 

- Oğlum, gedin bulaq suyu gətirin. Köməkçim bir az yorğundur.

 

Uşaqları gülmək tutdu. Köməkçinin yorğun olmağına baxmayaraq, könlündən onlarla getmək keçirdi ki, Əşrəf kişi onu qabaqladı:

 

- Görürəm, sən də dinc duran deyilsən. Gedin, amma çox yubanmayın.

 

- Baş üstə, - deyib, oradan uzaqlaşdılar.

 

Elə bil ki, o andan dünyanı onlara bağışlamışdılar. Zarafatlaşa-zarafatlaşa bulağa çatdılar. Hava qaralmağa doğru idi. Ətrafdan gələn cürbəcür səslər onları tələsməyə vadar etdi. Özlərini comalar qurulan yerə çatdırdılar. Onlar gələnə qədər Əşrəf kişini yuxu tutmuşdu. Ayaqlarının səsini eşidib ayağa qalxdı:

 

- Hə, qoçularım, bir parç süzün içim.

 

Köməkçi parç axtarana qədər, Cavanşir termosun qapağını su ilə doldurub əmisinə verdi. Əşrəf kişi sudan doyunca içdi.

 

- Hə, mənim qoçularım, suyu bir rahat yerə qoyun, mən namaz qılıb qurtarana qədər gəzin, amma uzağa getməyin.

 

Əşrəf kişi dediyi kimi də etdilər. Ağsaqqalın dediyi onlar üçün qanun idi.

 

Qaranlıq düşmək üzrəydi. Ay öz gözəlliyi ilə yaylaq camaatını nura boyamışdı. Onlara elə gəlirdi ki, bu işlərin hamısı bir ilahi qüvvə tərəfindən təşkil olunurdu. Ayın belə gözəl olması, hər tərəfi nura boyaması coma quranlara qol-qanad verirdi. Hamı öz işini görürdü. Bir sözlə, Kıxmalaqlı yaylağında həyat davam edirdi. Uşaqlar bir az dolaşdıqdan sonra əmilərinin yanına gəldilər. Namazını qılıb qurtarmışdı. Əşrəf kişi Cavanşirə dönərək:

 

- Hava bacım necədi? Buralara alışa bilirmi?

 

- Əşrəf əmi, yadımdan çıxıb, məni bağışla, anam dedi ki, əminə de yemək hazırlayacam, mütləq gəlsinlər.

 

Əşrəf kişi başı ilə razılığını bildirdi.

 

- Nə zəhmət çəkirdin, ay oğul? De görüm, odun tədarükü-filan görülübmü?

 

- Əmi, odunumuz boldur, Bəkir bir araba odun gətirib.

 

Yemək süfrəsini yığmaq istəyirdilər ki, İsmayıl müəllimin göndərdiyi coma quran usta da gəlib çıxdı. Bir balaca atı da var idi. Salamlaşıb süfrəyə oturdu.

 

Əşrəf kişi:

 

- Oğul, atını apar örüklə, özün də yemək ye.

 

- Sağ ol, ay əmi, ac deyiləm, indi evdən gəlirəm.

 

- Nə deyirəm, ay oğul.

 

- Əmi, siz narahat olmayın, hər şey istədiyinizdən də yaxşı olacaq. Çatmaları bağlamağa kəndirim də var.

 

- Sağ ol, ay oğul! Üzün olsun!

 

Onlar süfrədən qalxıb yavaş-yavaş Hava bibinin comasına getdilər. Hava bibi onları gülərüzlə qarşıladı:

 

- Ay Əşrəf qardaş, xoş gəlmisən! Səndən çıxmayan iş, arıları buraxıb, nə yaxşı yaylağa gəlməyə razı oldun? Uşaqlardan biri köçü gətirərdi.

 

- Ay rəhmətliyin nəvəsi, uşaqlara qıymaq olurmu? Bu köçü bura sağ-salamat gətirmək hər oğulun da işi deyil. Nazlıxan yuxarı təkərin dalına daş qoya-qoya, zülümlə gəlib çıxmışıq. Buna da şükür!

 

Əşrəf kişi qardaşlarının ailələrinə öz ailəsi kimi baxırdı. Burada da özünü çəkingən kimi apardığını Hava bibi hiss etmişdi.

 

- Ay Əşrəf qardaş, niyə çəkinə-çəkinə yeyirsən? Bura sənin öz evindir.

 

- Sağ ol, Hava bacı! Köməkçimlə yemək yemişdik. Allah süfrənizi bol etsin! Mən bir gedim ustamıza baş çəkim, görüm nə iş görür.

 

Comaların arasındakı məsafə çox az idi. Əşrəf kişi uşaqlara dönərək:

 

- Mənim qoçularım, arxamca gəlin.

 

Uşaqlar bic-bic gülərək: - "Baş üstə, əmi", - deyib yerlərindən qalxdılar. Əmilərinin arxası ilə ustanın yanına getdilər.

 

Usta onları görəndə, elə bil dünyanı ona verdilər:

 

- Sizi çox xoş gəlmisiniz! İndi, uşaqlar, siz mənə lazımsınız.

 

Uşaqlar buna çox sevindilər. Darıxırdılar, bir işin qulpundan yapışmaq istəyirdilər. Cavanşirlə Rüfət çatmaları bağlamaqda ustaya kömək etdilər.

 

Usta səhərə yaxın dirəklərin dibini bərkitmə işini qurtardı. Uşaqlar yatmağa getdilər. Usta onlara göz gəzdirdi. Onlar çoxdan yatmışdılar. Açıq havada yatmağın öz gözəlliyi var idi. Usta çox yorulmuşdu. Könlündən bir az yatıb dincəlmək keçirdi:

 

- Əşrəf əmi, mən bir az yatmaq istəyirəm.

 

- Yat, oğlum, səni çox yorduq. Atından da narahat olma, arada göz-qulaq olaram.

 

Əşrəf kişinin insanları işlətməkdən, yormaqdan xoşu gəlməzdi. Coma quran ustanın əl işini bəyənmişdi. Görülən işə çox sevinirdi. Tavat ananı razı salmaq bir o qədər də asan məsələ deyildi. O, deyərdi: "Coma olanda nə olar?! Hər şey yerbə-yerində olmalıdır. Səliqə-səhman olmalıdır".

 

Elə buna görə də Əşrəf kişi hər şeyi düşünülmüş şəkildə düzəltdirirdi.

 

Namaz vaxtı çatmışdı. Rahat namazını qıldı, ibadətini etdi. Artıq usta da oyanmışdı:

 

- Əşrəf əmi, məni bağışla, deyəsən, çox yatmışam.

 

- Ay, oğul, üzr istəmək lazım deyil, əllərin var olsun. Sənin əl işinə söz ola bilməz. Sən comanı qurarkən güclü küləyi, tufanı nəzərə alıb, işini sağlam görmüsən. Mən sənin işinə kənardan nəzarət edirdim. Çox qabiliyyətli insansan.

 

- Əşrəf əmi, bu gün insan kimi yaşamağıma göydə Allaha, yerdə İsmayıl müəllimə borcluyam. İsmayıl müəllim güclü şəxsiyyətdir. O, eli-obası, biz fağır insanlar üçün yaşayır. Özündən çox bizi düşünür. Bizi kimiləri yaşadan onun kamilliyidir. Hər kəs onun mərdliyindən danışır. Şagirdlər onun hesabına dərsə gəlirlər. Allaha şükür, müəllimlərimiz dərsə vaxtında gəlib-gedirlər. Siniflərimiz qışda yaxşı qızdırılır. Mən də Göyəlli kənd orta məktəbində təsərrüfat işlərinə rəhbərlik edirəm. Camaatımız ondan çox razıdır. Ay əmi, belə oğulun başına dönüm, fəxr etməyə dəyər.

 

Beləcə söhbət edə-edə Salman comanın üstünü tamamilə örtdü.

 

Əşrəf əmi uşaqları yanına çağırdı.

 

- Hə, mənim qoçaqlarım, comanın içini yaxşı sulayın, süpürün, indi taxtı quracağıq.

 

Əşrəf kişi Salmanla oturub yeməklərini yeməyə başladılar. Yeməyi, sağ olsun, Hava bibi hazırlamışdı. Uşaqlar bir göz qırpımında comanı "gülə döndədilər". Usta Salman razılığını bildirdi. Taxtı quraşdırdı.

 

- Əşrəf kişi, icazənizlə mən işimi qurtardım, evə getməliyəm.

 

Usta Salman atını yəhərləyib, Əşrəf kişi ilə sağollaşdı.

 

Taxtın hazır olmasına Əşrəf kişidən çox uşaqlar sevinirdi.

 

Səhərisi gün Tavat ana da gəldi. Onu evin dördüncü oğlu Vilayət gətirmişdi. Vilayət bir-iki gün dağda (yaylaqda) qalmaq istəyirdi, Əşrəf kişi razı olmadı.

 

- Oğlum, - dedi. - Öküzləri kolxoza qaytarmalıyıq. Nazlıxanda bir az odunumuz var, onu da aparmalıyıq.

 

Vilayət atasının sözündən çıxa bilməzdi.

 

- Nə deyirəm, ay ata, gedək deyirsən, gedək.

 

Coma Tavat ananın da xoşuna gəlmişdi. Hava bibi də gəldi. Eltisi Tavatla köməkləşib comanı "abıra saldılar". O gecə yaylaq həyatının ilk gecəsi idi. İnsan oğlu gərək xoşbəxtliyi axtarmasın, xoşbəxtlik onu tapsın. Əşrəf kişinin ailəsi üçün xöşbəxtlik o gecə zühr etmişdi. Nəfəsi nurlu şairim Səməd Vurğundan bir parça yadıma düşdü:

 

Yayda yaylağımdır, qışda oylağım,

 

Yazda seyrəngahım, bu dağlar

 

mənim...

 

Yaylaqda yaşamaq hər oğula da qismət olmur. Bu Əşrəf kişinin ailəsinin şanslı olmağına dəlalət edir. Cavanşir də, Rüstəm də eşidib çox sevindilər. Yaylaq həyatında ilk iş odun tədarükü görmək idi. Qonşunun ulağını alıb, iki əmi oğlu odun gətirməyə getdilər. Quru budaqlardan, ulaq götürə bildiyi qədər, odun gətirdilər. Tavat ana çox sevindi. Uşaqları oturdub yaxşıca doyuzdurdu.

 

O yaylaq "keçəl dağ" kimi də tanınırdı. Bu dağın ətəkləri sıx meşəlik idi. Mal-qaranı otarmaq üçün gözəl otlaq sahələri vardı. Çoxlu bulaqlar var idi... Amma noylu bulağın yerini verən bulaq tapmaq çox çətin idi. Analarımız nehrə quranda uşaqlardan xahiş edərdilər ki, noylu bulaqdan su gətirsinlər. Uşaqlar da belə buyruqları eşidəndə çox sevinirdilər. Tavat ana həmişə deyərdi:

 

- Noylu bulağın ayranını içməklə doymaq olmur.

 

Yaylaq zamanı camaat çox yaxşı dolanırdı. Allah anaların ruhunu şad eləsin, qışın azuqəsi motal pendiri, qarın yağı, qurud yaylaqda hazırlanırdı. Ayrıca qoyun pendiri, nələr və nələr. Çiyələk mövsümü də yaylaq vaxtına düşərdi. Dağ çiyələyinin ayrı ləzzəti vardı. Hələ onun insanı bihuş edən ətri. Aradabir yağış yağardı. Yağış yağanda hamı öz comasına çəkilib Allaha dua edərdi. Ağsaqqallar deyərdi:

 

- Oğlum, bu yağış deyil, yağan nurdu, bu yağış bərəkətdi.

 

İnsan böyüdükcə dərk eləməyə başlayır ki, babalarımız yağışı nə üçün belə təsvir edirdilər. Doğrudan da, bu, bir həqiqətdir ki, yağış torpağa can verir. Hər tərəfi laləzara çevirir. O vaxtlar yağışdan sonra meşəyə göbələk yığmağa gedərdilər. O tərəfin göbələyi əmlik quzu ətini andırırdı, yeməklə doymaq olmurdu.

 

Yaylağın çox maraqlı, yadda qalan tarixçələri var ki, insan onları xatırlayarkən, elə bil ki, bir növ təzələnir, o anları yenidən yaşayır.

 

Yaddaşlara həmişəlik həkk olunmuş "qaynar dərəsi". Söhbət adi bir dərədən getmir. Bu dərə niyə "qaynar dərəsi" adlanırdı?

 

Bu dərəyə gələn su başlanğıcını Leyli, Dürrü, Noylu və sair bulaqlardan alır. Bu çayın ətrafı əsl mənada cənnət dərəsinə bənzəyirmiş. O çayın ətrafında gəzərkən az qala güllər, çiçəklər dil açıb deyəcəklərdi: "Bizi tapdalamayın, bizi əzməyin". İlahi, təbiət necə də gözəl olarmış.

 

Analar həftədə bir dəfə yığ-yığış edib, bu "Qaynar dərəsi" deyilən yerə gedərlərmiş. Uşaqların köməyi ilə böyük mis qazanlar götürərlərmiş. Ocaq çatıb qazanlarda su qızdırarlarmış. Özləri üçün çimmək hazırlığı edərlərmiş. Kiçik ölçülü çadırlardan evcik düzəldib, abırlı-həyalı olsun deyə, orada çimərmişlər. Sonra pal-paltarı yuyub otların üstünə sərirlərmiş. Bu günü camaat "adna" günü adlandırırdı. İnsan bunları yada salanda, "burnunun ucu göynəyir". Hayıf o günlərdən! Bunları görən insanlar o dağların, dünyasını dəyişmiş anaların məhəbbət dolu xatirələri ilə yaşayırlar. Bunları yada salmaq, bir daha xatırlamaq nə qədər çətin olsa da, bu xatirələr həmişə qəlblərdə yaşayacaq.

 

Bax, beləcə həyat öz axarında davam edirdi. Uşaqlar da günbəgün böyüyüb yaşa dolurdular...

 

Soyu-sovu olmayan, həmişə qapılarda nökərçilik edən, indi özlərini millət kimi qələmə verən mənfur qonşulara görə biz yaylaqlarımızdan da olduq. Köç mərasimləri artıq keçirilmir. Öküz arabaları da yoxa çıxdı. İndi köç mərasimləri tarixə çevrilib. Hər kəs şəxsi təsərrüfatı, mal-qarası ilə məşğul olur. Otlaq yeri də bir o qədər geniş deyil. Amma camaat sağ olsun, bu çətinliyin də öhdəsindən gəlir.

 

Həmişə olduğu kimi, şəhərdə yaşayanlar yay aylarında dincəlmək üçün yır-yığış edib kəndə gəlirlər. Yay vaxtı Gədəbəyin laləzarını, saf bulaqlarını heç nəylə əvəz etmək olmaz. O tərəflər Allahın insanlara bəxş etdiyi bir cənnətdir. Oraların havası, suyu çox qiymətlidir.

 

Hər yerdə olduğu kimi, o tərəflərdə də müqəddəs dini ocaqlar var. İnsanlar zaman-zaman o ocaqları ziyarət edirlər. Gədəbəyin Zamanlı kəndində "Qəndaf ana" ocağı var. Kim istəsə, nəyəsə əhd edirsə, nəzir deyərsə, istədiyi vaxt "Qəndaf ana"nın ocağını, məzarını ziyarət edər.

 

Əşrəf kişinin oğlu Rüfətin də köhnədən bir arzusu vardı ki, gedib "Qəndaf ana"nın ya ocağını, ya da məzarını ziyarət etsin. Bu arzusunu gerçəkləşdirmək üçün qohumlardan birindən xahiş etdi ki, onu "Niva" maşını ilə oraya aparsın. Oraya ya "Niva" maşını, ya da atla getməli idin.

 

Əmisi oğlu Azada üz tutdu. O da çox məmnunluqla onun xahişini qəbul etdi və dedi:

 

- Əmioğlu, sənin xəbərin varmı, elə bu gün Qabilin anasının qırxıdır?

 

O tərəflərdə hamı Azadı qoçu Talıbın yadigarı adlandırır. Onda olan bəzi xüsusiyyətlər babasının hərəkətləri ilə üst-üstə düşür. Çox mərd insandır. Qabil Azadın atasının xalası nəvələrindən biri, ehtiyatda olan polis polkovnikidir. Çox mərd, cəngavər bir insandır.

 

Rüfət qırx məsələsini nəsillərinin ağsaqqallarından biri, görkəmli dövlət və elm xadimi qardaşı İzzət Rüstəmova da məlumat verdi. O da yas mərasimində iştirak edəcəyini bildirdi. Onlar Azadın "Niva" maşınında Zamanlı kəndinə yol aldılar. Bu yol onlar üçün çox doğma idi, onun hər addımında bir xatirələri var idi. Yaylağa köçü bu yolla aparırdılar... Yollarının üstündə vaxtilə Qasım kişinin dəyirmanı vardı. Dəyirmana gedən yolu alaq-ulaq bürümüşdü. Dəyirmandan əsər-əlamət qalmamışdı... Onlar üçün ən böyük təskinlik Axıncı çayı idi. Qonaqlı-qaralı Axıncı çayı elə bil ki, gəlib-gedənlərə layla çalırdı. Onun çox möcüzəli səsi vardı. İnsan oturub onun səsinə qulaq asanda elə bil ki, müəllifi məlum olmayan simfoniyanı dinləyir. Çox sirli və cazibədar bir çaydır. Onlar vaxtilə bu çayın daşdığını, acı şıltaqlığını öz gözlərilə görmüşdülər. Ona yaxınlaşanda insanı vahimə bürüyürdü.

 

Amma o, bu gün qonaqları çox məhəbbətlə qarşılayıb, yola salırdı. Çayı keçmədən əvvəl İzzət müəllim hamıdan maşından düşməyi xahiş etdi. Onlar "baş üstə" deyib, İzzət müəllimə yaxınlaşdılar:

 

- Bu çayın suyunda çox möcüzələr var, mən istəyirəm ki, üzümüzü-gözümüzü bu su ilə yuyaq.

 

Onlar belə də etdilər. Bu, bir həqiqət idi. Elə bil ki, insanın gözlərinə nur gəlir.

 

İzzət müəllim dönərək:

 

- Yolçu yolda gərək. Gedək, vaxtında başsağlığımızı verək.

 

Zamanlı camaatı onları çox yaxşı qarşılayıb, yaxşı da yola saldı. Onlar yolüstü "Qəndaf ana"nın məzarını ziyarət etdilər. Qəbri nurla dolsun, çox gözəl bir məkanda uyuyur. Rüfət müəllim kümbəzinə yaxınlaşdı, Fatihə oxudu, əhd etdiyi nəziri kiçik pəncərədən içəri qoydu.

 

O bu ziyarəti çox arzulayırdı. İndi özündə yüngüllük hiss edirdi. Özünü dünyanın ən xoşbəxt insanlardan biri sayırdı.

 

Ziyarətdən sonra gəzə-gəzə yenə Axıncı çayının kənarına gəldilər. Azad maşını qabağa sürüb, rahat bir yerdə saxlamışdı. İzzət müəllim buralardakı keçmiş xatirələrindən danışırdı. Havalar isti olsa da, Axıncı çayının suyu buz kimi idi. Çayın kənarında dayanarkən, mamırlı çay daşlarını da seyr edirdilər. Hərəsinin öz tarixçəsi var, bu çay daşlarının.

 

Söhbətlərinin şirin yerində dağ yolu ilə gələn bir köç arabası diqqətlərini çəkdi. Əvvəlcə elə bildilər ki, bu, bir yuxudur. Onlar həmişə köç arabasının yaylaq tərəfə getdiyini görmüşdülər. Amma çox təəssüf ki, köç arabası yolunu şəhər tərəfə çevirmişdi. İzzət müəllim gülərək Rüfət müəllim tərəfə baxdı:

 

- Çox köçdən danışırdın, bu da sənin köç araban.

 

Rüfət həsrətlə köç arabasına baxırdı, qoşqu arabasındakı öküzlər Axıncı çayını keçmək üçün dirənişirdilər. Çox böyük çətinliklə çayın bu biri tərəfinə keçə bildilər.

 

Köç sahibi tanımadıqları biri idi. Ona bir az da yaxınlaşdılar. Köç sahibi gülümsündü:

 

- Əmioğlu, elə bil araba-filan görməmisən, nə gözünü zilləyib baxırsan?

 

Azad çox hirsli-hirsli onun üstünə gəldi:

 

- Ayə, özünü bir az tərbiyəli aparsana, o nə deməkdir "gözünü zilləyib baxırsan"?

 

Həmin adam Azadı tanıdığına görə özünü yığışdırdı:

 

- Bağışla, Azad əmi!

 

- Sən məndən yox, İzzət müəllimdən, Rüfət müəllimdən üzr istə.

 

Oğlan öz hərəkətindən peşman olmuşdu.

 

- Sən bilirsən ki, bunlar İsmayıl müəllimin qardaşlarıdır?

 

Oğlan İzzət müəllimə yaxınlaşdı, üzr istədi:

 

- Məni bağışlayın, bir qələtdi etdim. İsmayıl müəllim mənə çox çörək verib, onu dansam gözümdən gələr. Mən fəhlə babayam. Bu da başqasınındı. Bu çaya görə barxananı mən gətirəsi oldum. İndi özü də maşınla gələcək. Sizi nə maraqlandırırsa, ondan soruşarsınız.

 

Arabaçı arabanı rahat bir yerə çəkib, yükü boşaltmağa başladı.

 

- Ay qardaş, bizi heç bir şey maraqlandırmır. Çoxdandır nə köç görürük, nə də köç arabası. Bilmək istəyirdik ki, siz bu cənnəti qoyub hara köçürsünüz?

 

- Düz deyirsiniz, qardaş, ermənilərin üzü qara olsun, indi yaylaqlarımız da onların əlindədir. Əvvəllər qış azuqəmiz yaylaqlarımızın hesabına düzəlirdi, indi heyvan da qalmayıb, hamı fəhləlik üçün Bakıya üz tutur. Gedirsən, orada da ev-eşik yox, bu gördüyünüz barxana çiynimizdə kirayə ev axtarırıq. Qazandığımızın da çoxunu kirayəyə veririk. Yaylaq köçü ilə şəhər köçünün fərqi də bundadır.

 

...Allah axırını xeyir eləsin! Bu da bir tarixdir!

 

Rüfət RÜSTƏMOV

525-ci qəzet.- 2015.- 17 fevral.- S.7-8.