Milli opera səhnəmizin təkrarsız Ərəbzəngisi

 

Bənzərsiz sənətkarımız, Azərbaycan opera səhnəsinin şahzadəsi Gülxar xanımla heç vaxt yaxından ünsiyyətdə olmamışdım. Yalnız bir dəfə Gülxar xanımın ömrünün sonlarına yaxın bu xoşbəxtlik mənə nəsib oldu.

 

Uşaqlıq illəri və ata ocağı

 

"Sənətkarın ömrü sənətin ömrü qədərdir" - deyənlər yanılmayıblar. Bir əsrə yaxın sənət ömrü yaşamış Gülxar Həsənovaya Allah hər kəsə nəsib olmayan uca boy, gözəl qamət (hərtərəfli gözəllik), ən başlıcası isə bənzərsiz istedad, məlahətli, ürəyəyatımlı səs vermişdi.

 

Bəzən adama elə gəlir ki, məşhur və tanınmış şəxsiyyətlər heç uşaq olmayıblar. Həmişə bu insanları gördüyümüz, tanıdığımız görkəmdə təsəvvür edirik. Onların özlərini təsdiq edənə kimi keçib gəldikləri çətin və mübarizəli, enişli-yoxuşlu, əzab-əziyyətli yolları unuduruq. Bütün uşaqlar kimi onların da bəzisi sakit təbiətli, üzüyola, bəzisi isə dəcəl və nadinc olub.

 

Həsənova Gülxar İbrahim qızı 1920-ci ilin ayazlı-şaxtalı dekabr ayının 10-da Şəmkir rayonunun Kolxozkənd (Bayramlı) kəndində dünyaya gəlib. Gülxar xanımın atası İbrahim kişi, anası Nabat xanım tanınmış bəy nəslindəndir. Atası İbrahim kişi Bayramlı kəndində poçt şöbəsinin rəisi işləyib. Bu ailənin uşaqları Zəyəm stansiyasındakı yeddiillik məktəbdə oxuyublar. Gülxar xanım elə körpəlikdən çox bacarıqlı idi. Kiçik olmasına baxmayaraq, böyük qardaşları Həmid, Nazim və Səlim nə eləsə onlara qoşulardı: əlifbanı öyrənənlə əlifbanı öyrənərdi, hesabı öyrənənlə hesabı öyrənərdi. Bir sözlə, heç nədə qardaşlarından geri qalmazdı.

 

7 yaşlı Gülxar məktəbə getməzdən əvvəl sərbəst oxumağı və yazmağı bildiyi üçün Zəyəmdəki yeddiillik məktəbin birbaşa ikinci sinfinə qəbul edilib. O deyirdi: "Mən bütün fənləri sevirdim, lakin ən çox sevdiyim dərs nəğmə dərsi idi. İstəyirdim ki, hər gün nəğmə dərsi olsun. Buna baxmayaraq, xəyalıma da gətirməzdim ki, mən nə vaxtsa müğənni olacağam".

 

Gülxar orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakıda ali məktəbdə oxuyan qardaşlarının yanına gəlir və xalasıgildə qalır. Ailəsi Gülxarı həkim görmək arzusunda idi. Həmin il Gülxar uğurla imtahan verib, Tibb Texnikumunun mamalıq şöbəsinə qəbul olundu. Lakin musiqiyə olan məhəbbəti Gülxarı bir an da olsun tərk etmirdi. Buna görə də o, texnikumun nəzdində, habelə Əli Bayramov adına Qadınlar klubunda özfəaliyyət dərnəyinə üzv yazılmışdı. Gənc qız nəfəsli alətlərin ifaçılığı ilə yanaşı, yaxşı səsi olduğu üçün xalq mahnıları oxuyar, həm də dram dərnəyində müxtəlif rollar oynayardı.

 

Keşməkeşli həyat yolu və iztirablı anlar

 

Gülxar Tibb Texnikumunu bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutunun Mamalıq fakültəsinə qəbul olunur, ancaq onun bu sevinci uzun çəkmir. Cəmi 3 ay oxuduqdan sonra onu institutdan xaric edirlər. Səbəbi də bu idi ki, atasının yaxın qohumu Həmid Sultanov və onun həyat yoldaşı Ayna Sultanova xalq düşməni kimi tutulmuşdu. Gülxarın qardaşlarını və atasını da işdən qovurlar. Beləliklə, ailə böyük məhrumiyyətlərlə üz-üzə qalır.

 

Qızının gələcək taleyindən narahat olan İbrahim kişi gizlicə kənddən ona başqa bir yaş kağızı göndərir. Bu yaş kağızında babasının adı ona soyad kimi yazılmışdı, anadan olduğu il isə 1918-ci il (2 il ondan öncə olub, körpə ikən ölən bacısının təvəllüdü) göstərilmişdi.

 

Lakin Gülxar təhsilini davam etdirmək arzusundan vaz keçmədi. Amma bu dəfə sənətə olan həvəsi onu 1935-ci ildə Bakı Teatr Texnikumuna gətirdi. Gülxar texnikumu 1937-ci ildə əla qiymətlərlə bitirdi. Təhsil ala-ala 1936-cı ildə Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə başladı.

 

1941-ci il Gülxar üçün çox unudulmaz oldu. Günlərin bir günü Dənizçilər klubunda keçirilən konsertdə görkəmli sənətkarlarla birlikdə çıxış etdi. Konsertdə Gülxar xanımı tarda ustad tarzən Qurban Pirimov müşayiət edirdi. Qurban Pirimov qızın səsinə valeh olmuşdu. O, konsertdən sonra Gülxarı yanına çağırdı: "Yaxşı olar ki, sən Opera Teatrına gedəsən, orada sənə daha çox ehtiyac var" - deyib, onu uğurlu çıxışına görə təbrik etdi.

 

Gülxar xanım bu əhvalatı belə xatırlayırdı: "Söhbətdən 3 gün keçmişdi. İncəsənət İdarəsinin (indiki Mədəniyyət Nazirliyi) işçisi Ağasəlim Manaflı bizim teatra gəlib mənə dedi ki, Üzeyir Hacıbəyov sənin səsinə qulaq asmaq istəyir. Səhəri gün məni filarmoniyada keçirilən konsertə dəvət etdilər ki, orada çıxış edim, Üzeyir bəy səsimi dinləsin. Küçələrdə divarlara vurulmuş afişalarda isə tamaşaçılara Münəvvər xanım Kələntərli, Şirzad Hüseynov və Xanlar Haqverdiyevin konserti haqqında məlumat verilirdi. Deməyim odur ki, afişada mənim adım yox idi... Nəhayət, gözlənilən məqam gəldi. Mən səhnəyə çıxdım. Amma məni heç kim tanımırdı. Nə adım çəkiləndə, nə də səhnəyə çıxanda heç kim məni alqışlamadı... Elə ki başladım oxumağa... Ani sükutdan sonra alqış sədaları kəsilmək bilmirdi. Utandığımdan mahnını tez qurtarmaq üçün "Bayatı-Şiraz"ın ortadakı şöbəsini oxumadım. Üzeyir bəy o vaxt İncəsənət İdarəsinin rəhbəri Mirzə İbrahimovla lojada oturub mənə qulaq asırdı. Konsert qurtarmamış məni filarmoniyanın direktorunun otağına çağırdılar. Fikirləşdim ki, yəqin mahnını yarımçıq oxuduğum üçün danlayacaqlar. Narahatçılığa səbəb olmadı, əksinə, Üzeyir Hacıbəyovla Mirzə İbrahimov məni təbrik etdilər. Üzeyir bəy soruşdu ki, bəs niyə yarımçıq oxudun, axı yaxşı oxuyurdun?! Utandığımı söylədim və fikirləşdim ki, bəlkə tamaşaçıların heç xoşuna gəlmir, bu səbəbdən də mahnını tez qurtardım... O, sözümü kəsərək, - Yox, qızım, çox yaxşı oxudun, təbrik edirəm. Sən sabahdan operaya gələrsən, - dedi. Orada isə bədii şuranın iştirakı ilə başda İsmayıl Hidayətzadə olmaqla, Bülbül Məmmədov, Əlövsət Sadıxov, Məmmədtağı Bağırov, Hüseynağa Hacıbababəyov, Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli və Qurban Pirimov səsimə qulaq asıb, xarici görkəmimə baxıb, məni Opera Teatrına qəbul etdilər..."

 

Bənzərsiz sənətkar, bənzərsiz istedad

 

Beləliklə, Opera Teatrına qəbul olan Gülxar xanım 1942-ci ildən 1980-ci ilədək Azərbaycan Opera və Balet Teatrının solisti oldu. İşinin çox, vaxtının az olmasına baxmayaraq, 1959-cu ildə ADU-nun Biologiya fakültəsini də bitirdi. 1980-ci ildən isə Gənc Tamaşaçılar Teatrının məşqçi-pedaqoqu oldu. Bununla yanaşı, "Leyli və Məcnun"da Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da xanəndə qız, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Bahadır və Sona"da Təravət xanım, "Arşın mal alan"da Telli, "Vaqif"də qarı, "Gəlin qayası"nda Ana kimi yaddaqalan obrazlar yaratdı.

 

Azərbaycan xalqının fəxri, Şərqin ilk opera yazan qadın bəstəkarı, Xalq artisti mərhum Şəfiqə xanım Axundova danışırdı:

 

"Bir dəfə tanınmış şəxsiyyətlərlə bərabər Üzeyir bəylə mən də operada "Şah İsmayıl" operasına tamaşa edirdik. Ərəbzəngini Gülxar oynayırdı. Böyük həvəslə baxırdıq. İnandırım sizi, zalda o qədər sakitlik var idi ki, elə bil zal boş idi. Tamaşadan sonra Üzeyir bəy başını bulayaraq dedi: "Bu qız Ərəbzəngini necə oynayırsa, mən yadımdan çıxarıram ki, bu, Gülxardır. Elə bilirəm hansısa bir kişi müğənnidir. Halaldır ona". İnanırsan, qızım, mən özüm də Gülxarın səsinə heyran qalırdım. İnana bilmirdim ki, rolda Gülxardır".

 

Opera səhnəsində özünəməxsus iz qoymuş SSRİ Xalq artisti, dünya şöhrətli sənətkarımız mərhum Lütfiyar İmanovla söhbətimizdən: - "Mən Gülxarı operada işləməmişdən əvvəl də tanıyırdım. Hər şeydən əvvəl, o, gözəl insan, sadiq dost idi. Opera səhnəsində Gülxar Həsənovanın oynadığı rollar Xalq artisti Həqiqət Rzayevanın oynadığı rollardan geri qalmır. Mən operada Gülxarla tərəf-müqabili də olmuşam. Biləndə ki, onunla oynayacam əhvali-ruhiyyəm tam başqa olurdu. Daha da həvəslə oynayırdım. "Vaqif"də mən Vaqifi, Gülxar isə qarını, "Koroğlu"da mən Koroğlunu, o, xanəndə qızı, "Bahadır və Sona"da isə Gülxar Təravət xanımı oynayırdı. Hal-hazırda Gülxar xanımın oynadığı rolları Gülxar səviyyədə oynayan aktrisa görmürəm. Məndən heç kəs inciməsin. Onun yetişdirdiyi tələbələri də indi heç kəs yetişdirmir. Gəlin Gülxarın oynadığı rollara nəzər salaq: "Leyli və Məcnun"da Leyli hara, "Əsli və Kərəm"də Əsli hara, "Vaqif"də qarı hara, "Şah İsmayıl"da Ərəbzəngi hara? Lakin Gülxar hər obrazı özünəməxsus oynayırdı. Gülxar xanımın pedaqoqluğu da əvəzsiz idi... Nəhayət, onu da deyim ki, Tanrı Gülxar Həsənovadan heç nəyi əsirgəməmişdir, bütün gözəlliklərlə yanaşı, hərtərəfli istedad da bəxş etmişdir".

 

Gülxar xanımın oxuduğu muğamları, təsnifləri, xalq mahnılarını, opera səhnəsində saysız rollarını xatırlayanda heyrətlənməmək mümkün deyil. Sənətkarın yaradıcılıq palitrası o qədər zəngin, o qədər genişdir ki, onun operalarını, muğamlarını nəinki yığcam bir yazıda, hətta böyük bir kitabda da təhlil etmək qeyri-mümkündür. Bundan ötrü gərək müğənninin yaşadığı o yetmiş ilin sənətkar narahatlığını, sənətkar əzabını, sənətkarın yuxusuz gecələrini, həyəcanlı dəqiqələrini onunla birlikdə yaşayasan...

 

Qəlblərdə həmişə yaşayacaq

 

Böyük sənətkarımız Gülxar Həsənova 2005-ci ilin mart ayında dünyasını dəyişib. Lakin Azərbaycan xalqı yüz il keçsə belə, bu gözəl sənətkarı yaddaşına əbədi həkk edib və gələcək nəsillər bu sənət məktəbindən hələ çox faydalanacaqlar.

 

Sənətdə öz sözünü demiş Gülxar xanım daim rəhbərliyin diqqətində olub. O, "Şərəf nişanı", "Şöhrət" ordenləri, "Müharibə Veteranı" nişanı və saysız-hesabsız dövlət mükafatları ilə təltif edilib. 1954-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.

 

Bənzərsiz səsə malik unudulmaz sənətkarımız Gülxar xanım həm də Azərbaycan teatr və kino tarixində öz yaradıcılıq dəst-xətti ilə seçilən aktyor, dünyasını çox erkən dəyişən mərhum sənətkarımız Hamlet Qurbanovu dünyaya gətirib.

 

Allah hər ikisinə rəhmət eləsin!

 

Məleykə QASIMQIZI

525-ci qəzet.- 2015.- 24 fevral.- S.6.