Sarı qarğa - (hekayə)

 

 

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiramla

 

Qarlı-çovğunlu, sazaqlı bir gecə idi. Umud kişi palıd yarmaçalarını sobaya qoyandan sonra bayıra çıxdı. Boz dağ tərəfdən yenə də fişəng atırdılar. Həmin fişənglərdən bir qədər sonra avtomat və pulemyot silahlarından Umud kişigilin kəndi atəşə tutulurdu. Yenə də elə oldu. Güllələr quduz canavar təki ulayırdı.

 

Umud kişi nigaran-nigaran kəndin ətrafındakı səngərlərə tərəf baxdı. Oğlu Mübariz də həmin səngərlərdə keşik çəkirdi. Neçə gün idi ki, oğlu ev üzü görmürdü. Beləcə götür-qoy etdiyi zaman darvaza cırıltı ilə açıldı və Mübariz həyətə girdi. Umud kişi sevincək dilləndi:

 

- Gəldin ay oğul, yəqin bərk üşümüsən, keç evə, sobanı qalamışam.

 

Ata oğul evə keçdilər. Sərvinaz da oğlunu görən kimi gündüz təndirdə bişirdiyi xamralı çörəyini və motal pendirini süfrəyə düzdü. Tikə Mübarizin boğazından keçmirdi. Bu Umud kişinin gözündən yayınmadı. Elə ortalığa da dedi:

 

-Deyəsən vəziyyət yaxşı döyül, nəsə ürəyimə damıb?!

 

Mübariz bu sözə bəndmiş kimi dilləndi:

 

- Bizə kömək gəlmir, patronumuz tükənib, düşmən isə bizi mühasirəyə almaq istəyir. Adamı yandıran odur ki, ruslar da ermənilərə kömək edirlər. Vəziyyət çox ağırdır. Hansı namərddirsə kəndin ətrafından fişəng ilə ermənilərə işarə verir. Biz o sarı Murtuzanın oğlundan şübhələnirik, indi onu güdürük, tutan kimi o satqını, oğracı güllələyəcəyik. Ay ata deyirəm bəlkə qadınları, uşaqları kənddən çıxaraq?! Ermənilər qəfil hücum etsələr qız-gəlinlər, uşaqlar ələ keçəcəkdir. Nə deyirsən?!

 

Umud kişinin içində nəsə bir şey qırılıb düşdü. Ta bu günə kimi onu yaşadan da elə o içindəki qırılıb düşən ümidiydi. Buna baxmayaraq özünü toparlayıb çox çətinliklə dilləndi:

 

- Ay oğul, nə deyim vallah, qalmışam fikir, xəyalın altında, deyirəm bəlkə bir az da dözək, ümid Allahdan üzülməz, yəqin kömək göndərərlər, heç inanmıram ki, bu qədər əhalini burada güdaza versinlər?!

 

Mübariz bir qədər əsəbi şəkildə dedi:

 

- Ay rəhmətliyin oğlu, köməyi kim göndərəcək, başları vəzifə, kreslo davasına qarışıb. Neçə gündür ratsiya ilə yuxarılara silah-sursatın tükəndiyini deyirik, nə xeyri var, daşdan səs çıxır, onlardan yox. Ermənilər də bizim bütün danışıqlara qulaq asırlar.

 

Umud kişi oğlundan bir də soruşdu ki, o ermənilərə işarə verən kimin oğludur?!

 

- Hamımız sarı Murtuzanın oğlundan şübhələnmişik. Əclafın və oğraşın yekəsidir.

 

Umud kişi fikrə getdi. Vaxtı ilə atasından eşitdiyi söhbət yadına düşdü.

 

- Həmin o sarı Murtuzanın babası İbiş 1918-ci ildə öz silahdaşlarını ruslara satmışdı. Oğlu sarı Murtuza da Böyük Vətən müharibəsində əsir düşəndən sonra almanlara satılaraq həbs düşərgəsində neçə-neçə qeyrətli oğulu  cığallayaraq  güllələtmişdir. İndi də demək o satqın sarı Murtuzanın oğlu ermənilərə işləyir. Neynəmək olar?! Satqından satqın törəyər. Öz ata-babalarının şərəfsizlik yolunu davam etdirir, dayna. Day beləsindən nə gözləmək olar?!

 

Bu barədə oğluna heç nə deməsə də ürəyində bayaq qırılıb düşən o inam və ümidin bir də baş qaldıracağına zərrə qədər şübhəsi qalmadı.

 

Gecədən xeyli keçmişdi. Qəfildən çox şiddətli güllə-boran başlandı. Ağır hərbi texnika və rus-erməni qoşunu kəndi üzükqaşı kimi mühasirəyə almışdı. Kəndin ətrafındakı səngərlərdən səs-soraq yox idi. Umud kişi qoşalülə tüfəngini götürüb camaatın qabağına düşdü. Qadınların, uşaqların çığırtısından qulaq tutulurdu. Mal -qaranın böyürtüsü, itlərin ulartısı və şaxtalı gecənin vahiməsi Umud kişinin taqətini kəsmişdi. Əllərini dizinə çırparaq öz-özünə deyirdi: bu namərdlər, bu satqınlar, bu biqeyrətlər camaatı qırğına verdilər.

 

Kəndin kənarında yüzdən çox qadın-uşaq var idi. Umud kişi camaatı bir qədər uzaqdakı çaya tərəf aparmağa başladı. Umud kişi mühasirəni ancaq çayın yatağından yara biləcəklərini düşünürdü. Oğlu Mübariz və bir neçə nəfər camaatın çaya tərəf getməsinə kömək edirdi. Çayın buz kimi suyu iliyə qədər işləyirdi.

 

Umud kişi qəfildən geriyə, kəndə tərəf qaçmağa başladı. Mübariz onun hara getdiyini soruşanda Umud kişi vaysınaraq itin bağlı qaldığını və onu açmağa getdiyini bildirdi. Kəndə çatanda gördü ki, qonşu erməni kəndindən olan Siranuşun əri Akop onun evinə od vurub.

 

Umud kişi qoşalüləni Akopun sinəsinə dirəyib dedi:

 

- Ay namərd, bu evi sən tikmisən ki, onu yandırırsan?! Sizə verdiyimiz çörək burnunuzdan gəlsin, süfrəmizin artıq-urtuğu ilə böyümüsünüz. Nə alçaq və şərəfsizsiniz.

 

Akop yalvarmağa başladı. Umud kişi iti zəncirdən açandan sonra tüfəngin qundağı ilə Akopun başına vuraraq yerə yıxdı və onun iyrənc sifətinə tüpürdü. İti də götürüb camaatın arxasınca getdi.

 

Yolda Qara Abdullaya rast gəldi. Abdulla Umud kişiyə təəccüblə baxaraq dedi: A kişi dəli olmusan, erməni-rus kəndə girib, hardan gəlirsən?!

 

Umud kişi Qara Abdullaya dedi ki, it qapılarında bağlı qalmışdı, onu zəncirdən açıb gətirirəm.

 

Qara Abdullanın köntöy səslə dediyi sözlər Umud kişinin xoşuna gəlmədi: Əə adamda bir itdən ötrü özünü güdaza verərmi? Dədəmin goru haqqı sənin başın xarab olub...

 

- Elə demə, sən Allah, o dilsiz, ağızsız it çoxlu adamdan etibarlı, çoxundan vəfalı, çoxundan da sədaqətlidir. Əl boyda çörək veririk, ölənə qədər o çörəyin qədirini bilir. Əə, ay Qara Abdulla, yediyi çörəyin qədrini çox adam bilmir, çörək yediyi boşqaba tüpürür, onlardansa elə bu it yaxşıdır! Görmədin başımıza nə oyun açdılar?!

 

Çayın yatağında ermənilər camaatı qəfildən atəşə tutmuşdular. Yüzə yaxın insandan on-on beş nəfər sağ qalmışdı.               

 

Çayın o biri tərəfində adamların qaraltısı göründü. Sərvinazın qışqırtısı Umud kişinin ayaqlarını taqətdən saldı.

 

- Ay Umud tez gəl, belimiz qırıldı, evimiz yıxıldı, Mübarizi ermənilər vurdular.

 

Qara Abdulla Umud kişi ilə adamlara çatanda Sərvinaz da oğlu Mübarizi qucaqlayaraq xırıldayırdı. Ermənilər onu kürəyindən atmışdılar. Qara Abdulla baxdı ki, hər tərəf meyitlə doludur. Səkkiz yaşlarında bir qız uşağı can verirdi. Onun qana batmış başını sinəsinə sıxan Qara Abdullanın da taqəti kəsildi.  Ha çalışırdısa yaralılara kömək edə bilmirdi.

 

Umud kişi Sərvinazı qarın üstünə uz

 

adanda gördü ki, Mübarizin nəfəsi gəlir, tez onu qucağına aldı. Ermənilər onu sinəsindən vurmuşdular.

 

Mübariz kəsik-kəsik səslə deyə bildi: ay dədə, məni yaralı halda apara bilməyəssən, özünü gör xilas edə bilərsənmi?!

 

Umud kişi Mübarizin qan hopmuş sinəsinə cib dəsmalını bassa da qan kəsilmirdi.

 

Şaxta qılınc təki adamı kəsirdi. Ermənilər onların lap yaxınlığına çatmışdılar.

 

Mübariz bir də dilləndi: mənim yaralı halda ermənilərin əlinə düşməyimi istəmirsənsə, ay dədə, mənə bir güllə vur.

 

Umud kişi onu birtəhər qaldırıb kürəyinə alaraq sürünməyə başladı. Uzaq gedə bilməyəcəyini yaxşı anlayırdı. Yenə də ümid Allahdan kəsilməz deyərək yaralı oğlunu qarın üstü ilə sürüyərək qarış-qarış irəliləyirdi.

 

Çaqqal təki kol-kosa doluşmuş ermənilər lap yaxına gəlmişdilər. Umud kişi qoşalüləni kürəyindən alaraq patronu xəzinəyə verdi. Üzünü göyə tutaraq: ay Allah, məni övlad qatili eləmə, ilahi mənə bu dərdi göstərmə!

 

Şaxta vurmuş barmaqlarını tətiyə toxundurdu. Umud kişinin ayrı bir yolu qalmamışdı: ya gərək yaralı oğlu ilə ermənilərə əsir düşə, yaxud da...

 

Bir qədər aralıda ermənilərin hənirini eşidəndən sonra qoşalülənin tətiyini çəkdi. Güllə açılmadı. Tətiyi bir də çəkdi, güllə yenə də açılmadı. Umud kişi bir az toxtadı.

 

- İlahi şükür böyüklüyünə, məni övlad qatili etmədin deyə dilləndi.

 

Mübariz isə zarıyaraq deyirdi:

 

- Ay dədə, ay dədə, məni vur, qoyma ermənilərin əlinə keçim. Bu sözlərdən sonra Mübariz canını tapşırdı. Umud kişi onun qana batmış sinəsini sığallayır və hönkürtü ilə ağlayırdı. Umud kişi yurdunu və oğlunu itirmişdi.

 

Qoşalüləni əlinə götürüb yaxınlıqdakı kolun dibində özünə səngər qurdu. Patronları cibindən çıxarıb yanına düzdü. Erməniləri lap yaxına buraxdı və tətiyi çəkəndə güllə açıldı. Ona çatmaqda olan erməni vaqqıldayaraq yerə sərildi.

 

Qoşalülənin səsi dağlarda, daşlarda, quduz canavar təki ulayan küləkli düzlərdə əks səda verdi.

 

Ermənilər pərən-pərən düşdülər. Bir qədər əvvəl öldürdükləri arvad-uşağın meyitlərinin arxasında gizlənməyə çalışırdılar. Umud kişi onları yaxşı görürdü və elə buna görə onun güllələri boşa çıxmırdı. Patronu qurtardı. Umud kişi dağa-dərəyə, düzə səpələnmiş meyitlərə baxırdı. Öz-özünə sual verirdi: axı bizim günahımız nə idi?! Bizi niyə bu günə saldılar?!

 

Gözlərini dolandırıb kəndlərinə tərəf baxdı. Kənd alova bürünmüşdü. Kənd yanırdı...

 

Şər qarışırdı və meyit dolu bu yerlərə axşam düşürdü. Artıq ermənilər geri qayıdırdılar.

 

Umud kişi oğlu Mübarizin meyitini iri çalaya gətirəndən sonra cib bıçağını çıxararaq buz bağlamış torpağı qazmağa başladı. Torpağı əlləri ilə eşir və onu nəfəsi ilə qızdırırdı və yenidən  qazmağa başlayırdı. Dayaz olsa da qəbir hazır olanda artıq səhər açılmışdı. Oğlunu qəbirə qoyub üstünə torpaq tökdü. Nəfəsini dərib geriyə çevriləndə bir rus və iki erməni ilə üz-üzə gəldi. Əlindəki bıçağı həmin rus əsgərinin sinəsinə çırpdı və həmin o rus diz üstə çökdü. Ermənilər qorxuya düşdükləri üçün Umud kişini güllələdilər.

 

Torpaq qana bələnmişdi. Daş qan içində idi. Qar qıpqırmızı rəngdə idi. Ağaclar qandan don geyinmişdilər. Kolların sırsıra bağlamış tikanlarından qan süzülürdü.

 

Umud kişi və ümid öldü.

 

Qara qayanın üstünə bir sarı qarğa qonaraq həmin o qan rəngli çöllərə baxırdı.

 

Qara qaya elə həmin yerdədir. Həmin o kaftar və qana susamış  sarı qarğa yenə də o qayanın üstünə qonub...

 

 

Salman Alıoğlu

525-ci qəzet.- 2015.- 26 fevral.- S.7.