Bəxtiyar Vahabzadə poeziyası - fərqli dünyaların harmoniyası

 

Bu gün Batıdan Doğuya, Doğudan Batıya - hər bir türkün sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir.

 

Bu fikrin isbatına heç bir ehtiyac yoxdur-bunu desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib.

 

Bəxtiyar Vahabzadə hər hansı bir türkün yaddaşında "şair", "poeziya", "şeir" sözlərinin ardınsa gələn ilk beş-on sözdən biridir: Nizami, Füzuli, Nəsimi, Rumi, Xətai, Yunis İmrə, Vaqif, Sabir, Hadi, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Nazim Hikmət, Rəsul Rza... Bu müqayisədə heç bir mübaliğə görmürəm. Şairlərin böyüklüyünü xalq bilir, xalqın yaddaşı onun sevgisi kimidir.

 

Neçə il öncə -B.Vahabzadənin anadan olmasının 70 illiyi münasibətilə belə bir kitab nəşr olunmuşdu: "Poeziyamızın Bəxtiyarı". O kitabda B.Vahabzadənin yaradıcılığı, keçdiyi ömür yolu və şəxsiyyəti barədə məqalələr, resenziyalar toplanmışdı. Dünyanın, Azərbaycanın tanınmış sənətçiləri poeziyamızın Bəxtiyarına ən səmimi, ən duyğulu ürək sözlərini izhar edirdilər.

 

Sovet ədəbiyyatının klassiklərindən sayılsa da, ruhən müasir bir yazıçı olan dilimizin, mədəniyyətimizin qorunmasında böyük xidmətləri olan Mirzə İbrahimov yazırdı: "Bəxtiyar Vahabzadə şeirimizin Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevic və mənəvi, estetik ləzzət duyursan".

 

Ustad Rəsul Rza deyirdi: "Bəxtiyar Vahabzadə sözün əsl mənasında şairdir. Onun poetik fırçasının çəkdiyi lövhələr rəngarəng və maraqlıdır. Bəxtiyar Vahabzadənin poeziyası Düşüncələr poeziyasıdır".

 

Tanrının XX əsrdə türk dünyasına bəxş etdiyi böyük yazıçı Çingiz Aytmatov isə B.Vahabzadəni belə qiymətləndirirdi: " Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş "fəna mülkünə" qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi bugünün gözüylə mühakimə edir, bizi inandırır ki, bunun bilavasitə ona və müasirlərinə dəxli var. O, bizi inandırır ki, indiki adamların, indiki zamanın taleyi keçmişdən asılıdır".

 

Rusiyanın böyük şairi Yevgeni Yevtuşenkonu dinləyək: "Bəxtiyarı dinləyəndə, dili bilməsən də, onun şeirləri adama şirin gəlir. Hətta sətri tərcüməni oxuyanda dilin gözəlliyi arxasında gizlənmiş dərin qəm və kədəri hiss edirsən".

 

Mayestro Niyazi deyirdi: "Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir, onun Bəxtiyarı var".

 

Bu seçmələri yan-yana düzməkdə məqsədim nədir? Əcəba, Bəxtiyar poeziyasına, bu poeziyanın Doğudan Batıya, Batıdan Doğuya çatacağına bir şübhəmi qalır? Qətiyyən! Əsla!

 

Hələ mən B.Vahabzadə haqqında yazılan namizədlik və doktorluq dissertasiyalarını, neçə-neçə monoqrafiyanı və sayı-hesabını sağlığında heç özünün də bilmədiyi yüzlərlə məqalələri demirəm. Onların əksəriyyəti məhəbbətdən, Bəxtiyara sevgidən doğub? Bu sevgiyə bir şübhəmi var?

 

Bəxtiyar Vahabzadə poeziyası onun şəxsiyyətindən ayrılmazdır. Əslində, hər hansı bir şeir şairdən kiçik bir zərrədir. Şair havadan poeziya yarada bilməz. Poeziya onun ruhi, iç aləminin bəlirtiləridir. Şairin dünyası isə ÖZ DÜNYASI ilə, yaşadığı dünyanın harmoniyasından, yaxud ziddiyyətindən yaranır. Harmoniya yarananda şair yaşadığı dünyanın gözəlliklərindən hədsiz zövq alır. Amma bəzən elə ifrata varır ki, ətrafında top atılsa da, diksinmir, yaxud o dərəcədə ifrata varır ki, həyatda olmayan gözəlliyə də bir gözəllik donu bəxş edir, despotu adil padşaha çevirir və s. Öz dünyası ilə yaşadığı dünya arasında bu cür süni harmoniya yaradan şairlərin çoxu ilhamına xəyanət edən şairlərdir. Şair ilk şeirindən son şeirinəcən təkcə gözəllikləri vəsf etməməlidir, həm də və bəlkə də ən başlıcası, yaşadığı dünya ilə müxalifətdə olmalıdır. Sevincin içində sevinc bolluğunu görməyə nə var, dərdi gör, qəmi sez, kədəri ara. Gözəlliyin içində gözəlliyin çalarlarını duymağa nə var, bu gözəlliyin faciəsini gör.

 

Mənim fikrimcə, Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirdən sonra dövranla, dünya ilə ən amansız müxalifətdə olan şairlərimizdən birisidir. Dahi Sabirin "Hophopnamə"si göz yaşları içində qəhqəhə idi, üz tutduğu xalqa "özünü dərk et" harayını, fəryadını çatdırırdı. Bəxtiyarın "Bəxtiyarnamə"si isə nə göz yaşlarıdı, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən qəzəbli çağırışlarıdır. "Ey xalqım, özünü dərk et və düşün... əsrlər boyu səni izləyən və qəhr edən bu bəlalardan özün çıxış yolu ara, tarixdən ibrət al!"

 

Törədi Koroğlu dəlilərindən

Savadlı, bilikli "ağıllılar" hey.

Bu ağıl hünərə deyil, bəs nədən

Kölə ehtiyata səcdə qılır hey?

 

Dayaq olmalıykən öz elinə sən,

Elin kürəyində bir bıçaq oldun.

Sən igid olmalı, ər olmalıykən,

Özgənin əlində oyuncaq oldun.

 

Əllinci illərin sonları. Sovet imperiyasının hələ heç sarsılmadığı, daha da güc topladığı o illərdə Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını yazdı. Birsə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində huşyar insanlar da vardı, biri də Bəxtiyar Vahabzadə idi. Ötən illərdə yazılan bir məqalədə oxumuşdum ki, guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə özü haqqında ucuz şöhrət, illüziya yaratmaq istəyirmiş. Bəlkə də həmin müəllif poemanın yazıldığı illərdə ali məktəbdə marksizm-leninizm kursu keçirdi və təpədən dırnağa komsomolçu idi. Cürət, qeyrət, milli amal insana heç də əlli-altmış yaşında bəxş olunmur, insanla birgə doğulur, qanda, ilikdə yaranır bunlar.

 

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınctək.

 

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

 

Xalqın, millətin sevimli şairinə ilk mənəvi zərbə də elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı, bəziləri kimi etirafda bulunmadı.

 

Biz millət şairi, xalq şairi ifadələrini tez-tez işlədirik. Bəzən buna layiq olmayanların və haqqı çatmayanların adlarının qarşısında bu ifadələri işlətməkdən çəkinmirik. Bəxtiyar Vahabzadənin həm şəxsiyyəti, həm də yaradıcılığı onu millətin, xalqın böyük şairi anlamına gətirir. Onun üçün dünya Azərbaycandan başlayırdı, Azərbaycanla da bitirdi. Bu xalqın dəli-divanəsiydi .

 

Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın əsas təbliğçisi və tərənnümçüsü idi.

Bu fikri söyləməklə onun poeziya tarixində xidmətlərini şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur ki, milli birlik, Azərbaycanı vahid görmək ideyası Sovet dönəmində Bəxtiyar Vahabzadə poeziyasından başlayır. Onun bu xalqın fikri-mənəvi intibahına səsləyən harayına qoşulanda istər-istəməz fikirləşirsən: yalnız ÖZ XALQINI SEVƏN bir şair, onun tarixi keçmişiylə qürrələnən, həm də fasilələrini görən bir insan bir böyük ərklə onu qınaya bilər,həm də ona qarşı hər hansı haqsızlığa dözümsüzlük göstərər.

 

Dünya quru bir səs,

Qəm çəkməyə dəyməz.

Yüz-yüz itən olsun,

Min-min də bitən var.

Şükr eyliyəlim ki,

Bizlərdən həm əvvəl,

Həm sonra Vətən var.

 

 

Bəxtiyar poeziyasında həmişə Zamanın ahəngi, ritmi, hətta addım səsləri aydınca duyulub. Zaman onun poeziyasında həm konkret mənada-dəqiq ayı, ili, əsri ilə məlum çərçivədə, həm də bütün keçmişləri, indiyə və gələsəyə sığışdırılan bir dairədədir. Zamanın ayrı-ayrı bölümlərini ifadə edən yazılarında Bəxtiyar Vahabzadə "Gülüstan", "416", "Şəhidlər", "Yollar-oğullar" şairidir. Yəni konkret tarixi hadisələrin konkret Zaman bölümündə əksi..Amma unutmaq olmaz ki, burada konkretliyin özündə də bir şərtilik var.

 

"Gülüstan" bir xalqın tarixi faciəsinin ibrət dərsidir, bir zamanın başqa bir zamanda ehyacı, sonrakı zamanın da əbədi ağrısıdır. "Şəhidlər" də həmçinin.

 

Amma elə şeirləri, poemaları var ki, orada Zaman dəyişməz və bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır. Məsələn, "İnsan və zaman" silsiləsindən olan bir sıra şeirlər, "Latın dili", "Gəl, ana təbiət", "Muğam", "Mənə nə var?", "Özümdən narazıyam", "Həyat, sən nə şirinsən", "Ana dili" ..və s. bu qəbildən olan poetik nümunələr:

 

Fırlandıqca bu dünya, yox da dönüb var olur,

Quruyan çeşmələrdən sular yenə car olur.

Bu dünyanın xeyri də, şəri də təkrar olur,

Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

 

Min-min illər bu dünya beləcə fırlansa da,

Bir yuvanın bülbülü min budağa qonsa da,

Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

 

Mərhum tənqidçi Aydın Məmmədov yazırdı: "Bəxtiyar Vahabzadə poeziyası əzabkeş fikrin, dünya, insan, sevgi və azadlıq haqqında çırpıntıların poeziyasıdır. Bu poeziya tarixin şah damarını axtarır, bir sözün, bir obrazın maqnit sahəsində keçmiş, bu günü və gələcəyi qovuşdurur. Hər dəfə də dünyanın taleyinə bir nöqtədən-bütün mənəvi qüdrətini insanların yolunda sərf etməyə hazır olan fədakar humanizm zirvəsindən yanaşır". Şairin "İnsan və zaman" silsiləsi onun bütün yaradıcılığı boyu davam edən lirik-fəlsəfi düşüncələrinin ifadəsidir. Bu silsilədə dünyada baş verən hər hansı yeni olaya, hadisəyə həssas şair münasibəti hiss edilir. Fikir axtarışı Bəxtiyar poeziyasının əqli-intellektual yönünü müəyyənləşdirən başlıca amil idi.

 

    

Dünya-axtarış evi..

Kimi sərvət axtarır,

Kimi fikir axtarır.

Kimi də ürəklərin axtarış həvəsində

Sirr görür, sirr axtarır.

Sərvət, fikir!

                Fərqə bax!

Sərvət-fikir deyilsə,

                Fikir-sərvətdir ancaq.

 

(Ardı var)

Vaqif Yusifli

525-ci qəzet.- 2015.- 26 fevral.- S6.