Karusel - (hekayə)
Fatma bircə
dəfə ağzından qaçırtmışdı ki,
bufetçi Sabir yaman şeydi, həşəridi, adamın
şiltiyin atır – doymaq bilmir, adamı öldürür ee,
bajı...
Fatmanın sirr verdiyi qadın da bircə dəfə
ağzından qaçırtmışdı ki, deyirlər
bufetçi Sabir yaman şeydi, doymaq bilmir.
Bu da, bəs eləmişdi ki, bufetçi Sabir bəzi
qadınların maraq dairəsində “adlı-sanlı”
kişilərdən biri olsun.
Fatma otuz yaşında, suyuşirin, əndamlı, ədalı
bir qadın idi; zahirən xanım-xatınlığı da
vardı. Onun
xanım-xatınlığı işvəsinə
qarışanda, ən zəif adamın da kişi
olduğu yadına düşürdü. Onun
qabarıq, gen sinəsinin cazibəsi kişiləri
gözündən vururdu – ovçu quşu gözündən
vurduğu kimi. Bu, Fatmanın xoşuna gəlsə
də, qəsdən eləmirdi. Onu Allah belə
yaratmışdı və Fatmanın da ixtiyarı vardı ki,
bu rayon mərkəzinin başqa qadınları kimi
dükan-bazara çıxsın. Bir dəfə
də onu şəhərin mərkəzi kitabxanasından
çıxanda görmüşdülər. Fatma on ilin gəlini olsa da, uşağı yox idi.
Əri bu balaca şəhərin qabiliyyətli,
hörmətli dəmirçilərindən biri idi,
özü isə mərkəzi xəstəxanada tibb
bacısı işləyirdi. Fatma dul qalmışdı
– əri keçən il dəmir yol
vağzalından evə qayıdanda avtomobil qəzasında həlak
olmuşdu. İndi tək yaşayırdı.
Bufetçi
Sabir isə çay qırağındakı pavilyonda işləyirdi,
kabab bişirirdi, iş yerinin səliqə-səhmanına
baxırdı, müştərilərə qulluq eləyirdi,
samovar qaynadırdı, hamı ilə zarafat eliyə bilirdi,
yetənə yetir, yetməyənə bir söz atırdı,
adının əvvəlindən də
göründüyü kimi bufetçi də özü idi –
bir sözlə öz əli, öz başı idi.
Bufetçi Sabir qırx yaşının içindəydi. Bir qızı vardı, onu
da keçən il, Fatmanın əri
ölməmişdən üç-dörd gün qabaq
köçürdüb yerbəyer eləmişdi. Kürəkəni mantyor işləyirdi, onun da
adı Sabir idi – mantyor Sabir. Qızının on beş yaşı olanda arvadı qəfil xəstələndi,
dərdinə çarə tapılmadı, üç-dörd
günün içində əriyib çöpə
döndü, son nəfəsində nəsə demək istəsə
də, çatdırmadı. Bu gün də şəhər
camaatına sirdi ki, buz baltası kimi qadına birdən-birə
nooldu...
Bufetçi Sabir dul qalmışdı. İndi tək
yaşayırdı. Qızı tez-tez ona dəyirdi,
ev-eşiyi silib-süpürürdü, qayıdırdı
öz yuvasına.
Fatmanın əri ölmüşdü, bufetçi
Sabirin də arvadı. Bu məqamda ancaq Aşıq Ələsgər yada
düşə bilərdi, elə düşdü də:
Sənin ərin
ölsün, mənim arvadım
İkimiz
də qalaq yaslı-yaralı...
Həyat
davam eliyir axı; nə Fatmanın ərinin, nə də
bufetçi Sabirin arvadının əziz xatirəsi zamanın
gərdişini dayandırıb onu dəyişdirə bilməzdi
– olan olmuşdu... Bu mənada sizə elə gəlmir
ki, aşıq Ələsgər yuxarıdakı beyti yazanda, məclislərdə
meydangirlik eləyib dilinə gətirəndə, elə Fatma
ilə bufetçi Sabiri nəzərdə tutub, hə? Şəxsən mənə elə gəlir ki, Dədə
Ələsgər bu beyti onlara həsr eləyib. Bunu, Dədə
Ələsgərin Fatma ilə bufetçi Sabirə verdiyi
xeyir-dua kimi də qəbul eləmək olardı, baxın də...
Bufetçi
Sabir o vaxt dəbdə olan, yağın içində təzəcə
aldığı, boz rəngli “Moskviç-412”
maşınını pavilyonun arxasındakı sıx
ağaclığın əhatəsində saxladı, yəni
ki, mən burda yoxam, pavilyon bağlıdı. Sonra
da pavilyonun girəcəyindəki qapıya
ağırlığı bir kiloya qədər olan yekə
kilid vurdu, açarını da qoydu cibinə. Pavilyonun dalına hərlənib arxa qapıdan
içəri girdi. Saatına baxdı.
Gecə saat birə iyirmi dəqiqə
qalırdı. Elə Fatmanın gəlməyinə
də o qədər qalmışdı. O, hər dəfə
Fatmanı gözləyəndə belə qabaqlayıcı tədbirlər
görürdü, biabırçılıqdan bərk
qorxurdu. Bu gün-sabah, bəlkə də şəhərin ən
cavan babası olacaqdı və buna, bəri başdan elə
sevinirdi ki...
İşığın biri yanırdı. Bufetçi
Sabir hər dəfə işdən evə qayıdanda
bütün işıqları söndürüb təkcə
onu yandırırdı. Bu, həm də təhlükəsizlik
tədbiri kimi başa düşülürdü. Elektrik lampası pavilyonun alnına bərkidilsə də,
yananda içəri xəfif işıq süzülür,
içəriyə romantik bir görkəm verirdi. Bu,
Fatmanın da xoşuna gəlirdi – rayon romantikası...
Bu cür romantika dünya şöhrətli “Hilton”,
“Palas” otellərinin yuxusuna da girməzdi; onlar başqa yuxular
görürlər.
Bufetçi Sabir axşamüstü bişirdiyi
çoban qovurmasını soyuducudan çıxarıb
elektrik peçinin üstünə qoydu. Balaca, iki nəfərlik
qatlama stolun üstünə göyərti, pendir-çörək
düzdü. İki yonma stəkanı və
iki yonma yüz qramlıq badəni də yadından
çıxarmadı. Stol da,
bufetçi Sabir də hazır idi. Bu vaxt rayonun
yüz on minlik camaatı şirin yuxuda olurdu. Hamı
yatıb, cırtdan cütlüyü oyaq...
Əlli-altmış metr aralıda görünən
qaraltı tələsik, ürkək addımlarla pavilyonun arxa
qapısından içəri girib oldu Fatma. Həmişə
belə olurdu; əvvəlcə Fatmanın qaraltısı gəlirdi,
dalınca da özü.
Bufetçi Sabir qapını arxadan şaqqıltı ilə
bağlasa da, bu səsdən heç biri diksinmədi. Çünki bu səs onlar
üçün doğmalaşmışdı, bu mərhəm
şaqqıltıdan sonra onların həyatı istədikləri
axara düşüb çay kimi onları aparırdı – belə
səsdən kim diksinər ki?...
Durum
yazım ki: “Fatma içəri girən kimi onlar bir-birinə
sarıldılar, bufetçi Sabir onun boynunu,
boğazını, üz-gözünü, qabarıq sinəsini
öpüşlərə qərq etdi” və sair, bu, yalan
olardı, sizi bəlkə də inandırardım, ancaq
özüm inanmazdım.
Fatma içəri girən kimi keçib öz həmişəki
yerində oturdu, bufetçi Sabir də
qızdırdığı xörəyi sabılca
qarışıq gətirib stolun tən ortasındakı
qazanaltının üstünə qoydu.
Əgər mən Fatmanı da, bufetçi Sabiri də həyatda
şəxsən tanısaydım, Aşıq Ələsgərin
o beytini yazıb konvertə qoyar, sonra da onların
ünvanına göndərərdim. Yüz faiz bilirəm
ki, onların bu şeirdən xəbəri yoxdu, oxumurlar də
zalım uşağı, kitab görəndə elə bil
analarının oynaşını görürlər.
– Fatma.
– Hay
can...
– Mənnən
yüz qram konyak içərsən?
– Sabir,
qadan alım, sənnən zəhər də içərəm,
ancaq mən heylə şeylərin dadını bilmirəm
axı.
– Bilmirsən,
bil dana.
– Qorxuram
ee, Sabir.
– Nədən
qorxursan, aaz?
– Qorxuram,
başım gicəllənər... yıxılaram.
– Qorxma,
yıxılsan tutaram.
– Sabir,
içsəm sonra mənnən zəhlən getməz ki?
– Mən
içirəm... neçə dəfə görmüsən
elə burda; sənin mənnən zəhlən gedir?
– Yox...
Allah eləməsin... ancaq sən ayrı, mən ayrı dana...
– Sən
niyə ayrı?
– Axı
mən zənən xeylağıyam...
– Noolsun?
– Axı
deyillər...
– Nə
deyillər?
– Deyillər
zənən xeylağı içirsə, pozğundu.
Bu sözdən sonra bufetçi Sabir duruxdu, elə bil
pozğun sözünü Fatmaya yaraşdırmadı, ona
qıymadı.
–
Yaxşı, – dedi, – özüm içərəm... həmişə
tək içməmişəm? – Fatmanın üzünə
baxmağa ehtiyac duymadı.
– İncimirsən ki? – Fatma işvələndi.
–
İçmirsən içmə, nə deyirəm ki...
Bufetçi
Sabir qalxıb pavilyonun küncündəki gizlincindən
yoğun konyak şüşəsini gətirib stolun
üstünə qoydu:
–
Görürsən bunun üstünə nə yazılıb?
– “Şirvan” – Fatma şüşənin
üstünü tələsik oxudu.
– Ay sağ ol... Bu konyakı böyük adamlar
içir, raykomlar, üzü yuxarı... Heç
ispalkom da bunun dadını bilmir. Bakıya
gedəndə almışdım. Bahalı şeydi... Sənə
görə almışdım... Onda sənin stəkanını
götürüm də...
– Yoox,
buna görə çörəyin üstündən durma,
qalıb də, – Fatma nazı ilə etiraz elədi.
Bufetçi
Sabir “Şirvan”ın ağzını açıb yüz
qramlıq yonma badəsini doldurdu:
– Fatma,
Allah səni maa çox görməsin, – dedi, bu dəfə də
öz ağzını açıb konyakı ora
tökdü.
Fatma hər görüşündə ondan bu cümləni
üç, ya da dörd dəfə eşidirdi. Bufetçi
Sabir uzun-uzadı tost deməyi xoşlamırdı. Bu təkrar Fatmanı yorub bezdirmirdi, çünki o əzbər
bildiyi bu cümləni səbirsizliklə gözləyir və
elə bil birinci dəfə eşidirdi. Bufetçi
Sabir isə hər dəfə bu cümlənin üstünə
yüz qram araq tökürdü – konyak ilk dəfə idi.
–
Böyüklər ağzının dadını bilirmiş, yağ kimi getdi. Deyillər ki, bu,
– başı ilə konyak şüşəsini göstərdi,
– bir başa qana işdiyir. Özü də,
atan kimi gedib yerinə çatır... – əlini
yüngülvari qarnına çəkdi.
Fatma midilənirdi, bufetçi Sabir isə elə bil
aclıqdan çıxmışdı və yeməkdən
kam alırdı. Onun belə yeməyi Fatmaya ləzzət eliyirdi; ona elə
gəlirdi ki, bufetçi Sabirə halaldı, çünki o nə
təhər yeyirdisə, heylə də kişi
idi...
Bufetçi Sabir müştərilərlə əlli-əlli
vuranlardan deyildi. Əvvəllər ona belə təkliflər olanda
deyirdi:
– Sən
harda işləyirsən?
– Bilmirsən
ki, bankda...
– İşdə içirsən?
– Yoox...
– Niyə?
– Olmaz
axı, işdə...
– Mənə
də olmaz, mən işdə dəyiləm, bəs hardayam?..
Yaxın adamların toy-düyünündə ürəyi
açılırdı, yaxşı yeyib-içirdi, sonra da
zümzümə eliyə-eliyə çıxıb gedirdi
evinə-eşiyinə, vəssalam.
Həftədə üç dəfə, cüt günlərdə,
o, adət elədiyi rejimdən çıxıb Fatmanın
rejimi ilə hərəkət eləyirdi. Bu,
günün günorta çağı mümkün deyildi,
adamın pişiyini ağaca dırmaşdırardılar –
yalnız gecənin qırt yarısı. Və
indi də o gecələrdən biri idi.
Əlinin arxası ilə yağlı dodaqlarını
siləndə gördü ki, bu, Fatmanın nəzərindən
yayınmadı. Özünü o yerə qoymadı, kağız dəsmalla
əlinin üstünü silib gülə-gülə Fatmaya
dedi:
– Nəə
baxırsan?
– Bura sənə
baxmağa gəlmişəm də... – Fatma əriyə-əriyə
elə gülümsədi ki, bufetçi Sabir də əridi və
qeyri-adi ərimə prosesi onların əllərinin bir-birinin
üstünə minməsi ilə yekunlaşdı.
Bufetçi
Sabir təkəlli qalmışdı və onun təkəlli
qalmağının İkinci Dünya müharibəsinə dəxli
yox idi ha... O, Fatmanın üzünə gülümsəyən
kimi dərhal da cavabını aldı, haqqında həbs-qətiimkan
tədbiri seçilmiş əli ilə bir topa bulaq
qıjısını ağzına basıb xarta-xurtla elə
yeyirdi ki, elə bil silos doğrayan maşındı. Sol əli hələ amnistiyaya düşmədiyinə
görə sağ əli ilə özünə konyak
süzdü. Rəngi güclə seziləcək dərəcədə
qızarmışdı və bu, onu bir az
da şirinləşdirirdi. O, badəni götürüb bir az da qızarmaq və şirinləşmək
istəyirmiş kimi dedi:
– Fatma,
Allah səni maa çox görməsin.
Fatmanın
ağzında dili yox idi, onun ancaq gözləri
danışırdı, gözləri dil
açmışdı...
Bufetçi Sabirin qidalanma prosesinin ikinci seriyası
titrsiz-filansız necə qəfil başladısa, adama elə
gəldi ki, beş-altı dəqiqədən sonra
sapılcanın dibini də sivirib onu güzgü kimi
parıldadacaq.
Ümumiyyətlə, onun yemək-içmək
prosesi seriallara oxşayırdı və bu serialın ən tələbkar,
istedadlı və yeganə tamaşaçısı Fatma idi.
Dünyanın işini bilmək olmur də, nə
zamansa ikinci bir tamaşaçı – istedadından və
gözəlliyindən asılı olmayaraq peyda olsaydı,
Fatma ortasından çatdıyardı, çünki bu serial
da, onun baş qəhrəmanı da bir nəfərlikdi –
Fatmanındı.
Bufetçi
Sabir deyəsən Fatmanın bayaqkı oğrun
baxışından nəticə çıxardıb
parıldayan dodaqlarını kağız dəsmalla silib dedi:
– Fatma.
– Haycan.
Fatma haycan deməsəydi o, elə birbaşa mətləbə
keçərdi. Ancaq hərə öz işini
görürdü də.
– Fatma,
ağzınnan bir söz-zad qaçırtmamısan ki?
Görüşdükləri
uzun müddətdə ilk dəfə verilən bu sualın
gözlənilməzliyi Fatmanı gözlənilməz hala
salsa da, o, bacarıqla, işvəkarlıqla bu vəziyyətdən
çıxıb dedi:
– Sən
nə danışırsan Sabir, heç heylə şey olar...
bir daş altda, bir daş üstdə...
– Sənə
inanıram haa, Fatma. Yoxsa...
– Yoxsa nə?
– Bilirsən
ki, səni çox istəyirəm. Ancaq
qulağım bir şey çalsa, – üzünə xoş
ifadə verməyə cəhd elədi, – dilini dartıb xirtdəyindən
çıxardaram.
Fatma dilini çıxardıb ona göstərdi. Bufetçi
Sabir çiynindən tutub onu özünə sıxdı,
üzünü də üzünə; əllər öz
işini görüb qurtarmış, bir-birinin üstündən
düşmüşdü.
Fatma
sevinirdi ki, onun dilini dartıb xirtdəyindən çıxara
biləcək bir kişi var yanında – bu
sözlər onun ürəyinə sarı yağ kimi
yayılıb ömürlük bir arxayınçılıq
yaratdı.
– Fatma...
– Haycan...
– Fatma yenə Sabirin birbaşa mətləbə keçməsinə
mane oldu.
– Fatma, o
bodulqanı götür, – konyak şüşəsinə
işarə elədi, – ay sağ ol... indi mənə konyak
tök...
Fatma yoğun, hamar konyak şüşəsini iki əlinin
arasında bərk-bərk sıxıb konyak süzdü. O, o qədər gülməli
görünürdü ki, Sabirin də dodaqları
qaçdı. Sizə zarafat gəlməsin, bu,
Fatmanın ilk “işi” idi. Sabir bu
yaxınlarda bir filmdə görmüşdü ki, fransız
qadını restoranda birlikdə şam elədiyi kişinin
xahişi ilə onun badəsinə necə viski süzür; qəfildən
o yadına düşmüşdü. Bu da
sənə, hələ Sovetin vaxtında Avropaya inteqrasiya –
buyur.
– O
bodulqanı niyə heylə iki əlli tutmuşdun, aaz?
–
Çox yoğundu dana, ona görə.
–
Yoğun yaxşıdı dana...
Fatma
gülümsəyib onun enli sifətinə yaraşan yekə
burnunun ucundan tutub sıxdı:
– Eeey... Şəhadət barmağı ilə onu hədələdi.
Bu hədəni
hansı kişi görsəydi
ağzının suyu axardı, arzulayardı ki, kaş onu da,
heç olmasa ildə üç-dörd dəfə belə hədələyən
olaydı. Sözə, təsvirə gəlməyən
bu işvəli, mərhəm, şirin qadın hədəsini
görsəydiniz, ondan sonra bilərdiniz ki, bu, nə olan
şeydi – ancaq görək Sabir buna razı olardımı?
Heç vaxt...
– Bir
söz demək istəyirəm Sabir... ancaq utanıram...
– Sənin
başın xarabdı?
– Yoox...
niyə ki? – Elə bil bir az da incidi.
– Bəs
onda mənnən niyə utanırsan? Bizim
bir-birimizdən utanan vaxtımız keçib, yadındadı?
Mənim heç vaxt yadımdan
çıxmaz... – Sabir gözüynən onu yeyirdi.
Fatma onun
nəyə işarə elədiyini başa düşüb
dedi:
–
Yaxşı-yaxşı... başına söz qəhətdi?.. – Güldü, əridi...
Burda hər kəs – Fatma da, Sabir də, “Şirvan”
konyakı da öz işini görürdü və belə demək
mümkündürsə, bu üçlüyün işi hələ
qurtarmamışdı. Hələlik “Şirvan” Sabirdən də, Fatmadan da fəal
görünürdü; belə ki, birinci yerdə “Şirvan”,
ikinci yerdə Sabir, üçüncü yerdə isə Fatma
qərarlaşmışdı. Bu, hələlik
beləydi, vəziyyət hər dəqiqə dəyişə
bilərdi.
–
Yaxşı, de görüm nə məsələdi? – Sabir
soruşdu.
– İkimizin aramızda qalacaq? – Fatma onun üzünə baxdı.
– Yoox... qəzetə
verəjəm.
– Sabir, mən
də onnan istiyirəm.
– Konyak?
– Hə...
– Bıy
saa ürəyim qurban, elə bunu saa almışdım dana... – Deyəsən “Şirvan” bir az da fəallaşmışdı.
–
Çox acıdı?
– Saa deyim
dana. Ağızda bir az
acılığı olur, ancaq içəri ki, getdi şirinləşə-şirinləşə
bala dönür.
– Həə?
– Fatma inandı.
– Hə...
indi özün görəzsən dana,
uzaqda dəyil ha.
– Sabir
yadındadı?
– Nə?
–
Keçən il bu vaxt, mən sənin
sağlığına demək istəyəndə
qoymadın...
– Niyə?
– Dedin ki,
içməyənin sağlıq deməyə ixtiyarı
yoxdu. İndi ixtiyarım var?
– Var... döşə gəlsin.
Fatma
balaca yonma stəkanı ovcunun içində tutub nəsə
demək istəyəndə Sabir qoymadı:
– Müstərsən
aaz, stəkanın belindən tut də... bax, belə, mənim
kimi...
– Qorxuram
yerə tökülər ee...
– Yerə
tökülər təzədən dolduraram, qurbandı saa... Çay içəndə stəkanı nə təhər
tutursan? Elə bil çaydı dana,
rəngi də oxşayır.
Fatma
Sabirin dediyini canla-başla elədi, pis də alınmadı:
– Sabir, –
dedi, – Allah sənə dəyməsin... gözü doldu, – sən
olmasan özümü gölə ataram, – dedi və bir
anın içində, sol əli ilə burnunu sıxıb,
acı dərman içən xəstələr kimi, stəkandakı
konyakı qorxusundan necə “peşəkarcasına” atdısa,
Sabirin gözü kəlləsinə çıxdı, sonra
da uğunub getdi, qızarmış sifəti
qıpqırmızı olana qədər güldü.
– Niyə
heylə elədin ki? – Sabir soruşdu.
– Birinci dəfədi
dana... qorxumdan heylə elədim ki,
canım tez qurtarsın.
–
Yaxşı, götür bir loxma çörək ye... Acı dəyildi ki?
– Yox ee...
heç dilimə dəymədi ha... elə, boğazımdan
getdi içəri. Ancaq boğazım bir az
göynəyir.
–
Götür limonad iç... keçdi?
– Hə...
Sabir
saysız-hesabsız lətifə bilirdi və onları lətifə
stilində də dilinə gətirməyi bacarırdı,
çünki özü duzlu adam idi – elə
bir ixtiyarım olsaydı, duzsuz adamların lətifə
danışmasını qadağan eliyərdim, çünki
içinə aftafa alırlar. Bu, doğrudan da
belədi; mənim uşaqlıq dostum var, akademikdi,
dünyanın ən güclü alimlərindəndi. Yüz dəfə eşitdiyi lətifəni bircə
dəfə danışsın, adamın nə tükü tərpənir,
nə də heç harası. Ancaq Sabir
ağzını açan kimi uğunub gedirsən. İndi o, yenə əsgərlikdə olanda öyrəndiyi
lətifələrdən birini danışdı, Fatma gülməkdən
dayana bilmirdi. Ancaq o lətifəni sizə danışa
bilmərəm, çünki bu onların vəziyyətində,
yalnız onlara aid idi – iki nəfərlik...
Fatmanın yanaqlarında bir cüt çiyələk
qızarırdı, qırıb yeyən lazım idi. Ancaq nə sizin, nə də
yazıçının buna nə ixtiyarı, nə də
hünəri çatardı, lap könlümüz istəsə
də – çünki Sabir kələ kimi oturmuşdu
yanında, ürəyi istəyəndə dərəcəkdi
– əli ilə yox, dodaqları ilə... əzilərdi
axı...
– Sabir.
– Can
Sabir. – Bu dəfə də Sabir Fatmanın birbaşa mətləbə
keçməsinə mane oldu, məqamı gəlmişdi.
– Sabir...
– Can
Sabir. – O, yenə mane oldu.
–
Yaxşı, qoy sözümü deyim də... – Fatmanın
özü o qədər olmasa da, işvəsi incidi. İncik işvə də başqa bir aləmdi,
bütün kişilərə qismət olsun.
– Sən
evlənəzsən?
– Heç
vaxt! – Sabir bu sualı yarımnormal qəbul elədi.
– Niyə?
– Ay Fatma,
saa ürəyim qurban, qırx yaşım var, bundan sonra nə
evlənmək? Qırxında evlənən,
gorunda xoşbaxt olar... bəlkə də olmaz.
– Sənin
tayların hələ indi-indi evlənir, eləsi var heç
evlənməyib də...
– Fatma.
– Haycan.
– Qulaq as.
Bax, günü sabah evləndim. Bu gün-sabah nəvəm olacaq. Bir
ildən-zaddan sonra arvadım getdi roddoma, bir oğlu oldu. Nəvəm oğlumdan böyükdü. Ancaq oğlum nəvəmin dayısıdı.
Mənim nəvəm yekələndə, özünnən
çıqqılı olan adama nə təhər dayı
desin, aaz. Biabırçılıqdı – mən
belə şey eləmərəm. Bir də
ki, Allah səni maa çox görməsin, bəsimdi. Sənin kimisin hardan tapajam.
– Tapıbsan dana...
– Yox ee,
dedim axı saa, balabanda qandırdım axı, səni.
– Bəs
evlənsən kimi alarsan?
–
Heç kəsi.
–
Çıxılmaz vəziyyətə düşsən nə
təhər?
– Pis vəziyyətə
niyə düşürəm ki, ağlım başımda,
özüm də ki...
– Sabir...
– Can
Sabir.
– Sabir,
qurban olum saa, məni al dana, noolar?
–
Yaxşı, sarsaxlama, bayaq dedim axı, saa... Bu söhbəti
bağladıq...
Elə
bil Sabirin qəfil ağlına gəldi:
– Bəri
bax, – dedi, bəs sən niyə ərə getmirsən, hə?
– Sənnən
başqa heç kim ürəyimə
yatmır, gözüm səni nə təhər tutubsa... Sən niyə heylə deyirsən? İstəyirsən ərə gedim? – Kövrəldi,
– bezmisən mənnən? – Fatma elə pis oldu ki...
–
Sarsax-sarsax danışma aaz, səni kim
alsa onu doğruyaram... balaca tikəsini qulağı boyda eliyərəm.
Fatma bu
sözlərdən ürəkləndi, elə yaxşı
oldu ki...
...Yaman
şey, həşəri, adamın şiltiyini atan, doymaq bilməyən,
adamı öldürən Sabir, o gecə, Fatmanın bircə
dəfə ağzından qaçırtdıqlarının
hamısını eləyib qurtarandan sonra, gecə saat
beşin yarısında Moskviçinə minib Fatmanı da
yanında oturtdu, parkın yanından keçəndə dedi:
– İstəyirsən
parkda bir az gəzək?
– Gəzək...
– Elə bil Fatma onun bu təklifini çoxdan gözləyirdi,
– ancaq işıqlanmamış gedərik... evə...
Onlar
parkın darvazasının ağzında maşını
saxlayıb içəri keçəndə şəhər
yuxusundan bal çəkirdi...
Bu şəhər yüz illərdi Kiçik Qafqaz
sıra dağlarının ətəyindən
yapışmışdı – əl mənim, ətək sənin. Sıx meşələri
çiyninə salmış dağlar bir-birinə
arxalanırdı, söykənirdi. Günəş
hər axşam o dağların arxasında gecələyirdi;
qışda dağların kürəyini qızdırır,
yayda isə qovururdu. Can dərmanı yetirən qara torpaq
adamların üzünü ağ eləyirdi,
bolluq-bostanlıq idi. Gözəllik, xeyir-bərəkət,
zəhmət, adamları cilaladıqca onlar bir-birinə
qarşı daha da mehriban olur, şad-xürrəm
yaşayırdılar. İlin bütün fəsillərinin
gözəlliyi adamları diri saxlayırdı – dörd
gözəl... Allah bu yerlərdən heç nə əsirgəməmişdi
– nəyi vardısa tökmüşdü bura...
Onlar
parkın yarımqaranlığına girən kimi Sabir dedi:
– Gir
qoluma.
Fatma
Sabirin qoluna girib uşaq kimi sevindi:
– Elə
bil Bakıdayıq...
– Bir dəfə
səni aparajam Bakıya.
Fatma bu xəbərə
də sevindi:
– Görəsən
niyə bizimkilər parkda gəzəndə Bakıdakı kimi
bir-birinin qolundan tutmur, hə?...
– Bura
Bakıdı? – Sabir dedi, – burda olmaz, rayon yeridi, adamı
hoydu-hoyduya götürəllər.
Onlar
qucağında uşaq tutmuş ana abidəsinin yanında
dayandılar, Sabir başını qaldırıb bu
qadının sifətinə diqqətlə baxandan sonra dedi:
– Bu arvad
niyə bikefdi?
– ...
– Sən
bilərsən ee.... ikiniz də arvad
xeylağısınız...
– Yəqin
oğlunu müharibədə öldürüblər,
onçun bikefdi.
–
Qucağındakı kimdi bəs, öz uşağıdı?
– Yox... yəqin
nəvəsidi, görmürsən qoca arvaddı...
– Düz
deyirsən, – Sabir təsdiqlədi.
Onlar bu heykəltəraşlıq nümunəsini rayon
yerində yaşayan bir cüt “sənətşünas” kimi
mükəmməl təhlil eliyəndən sonra
üç-dörd ay bundan əvvəl qurulmuş karuselə
tərəf getdilər. Fatma dedi:
– Deyirəm
ay Sabir, biz nə qədər oğurluq gəzəcəyik ee,
buralarda?
–
Başına söz qəhətdi? Buna da
şükür.
Karuselin
yanında ayaq saxlayan kimi Sabir dedi:
– İstəyirsən səni karuselə mindirim.
– İstəyirəm. – Bu gün Fatmanın sevinc
günü idi.
– Di, gəl
görüm.
Fatma
karuselə baxıb dedi:
– Tək
qorxuram ee.
–
Yaxşı ikimiz də minək.
Onlar qalxıb əyləşdilər. Sabir onu qucaqlayıb gen sinəsinə
sıxdı və bir an dayanıb
üzünün key ifadəsi ilə dedi:
– Bəs
qnopkanı kim basacaq?
–
Doğrudan ee...
– Bu saat,
– Sabir bu işin əlacını tapmış adam
kimi dedi, – sən otur, mən bu saat gəlləm.
O, karuseldən
düşüb xeyli aralıdakı, uzun, hamar qarğu ilə
qayıtdı.
– Yəqin
burda oynayan uşaqlardan kiminsə qarğu “atı”dı,
yadından çıxıb qalıb, – dedi və Fatmanın
yanında yerini rahatladı.
– İndi nağayrazsan? – Fatma maraqla soruşdu.
– Görərsən,
– Sabir dedi və əlindəki uzun, hamar qarğunu karuselin
düyməsinə tərəf uzatdı. Bir-iki
dəfə cəhd eliyəndən sonra düyməni basa
bildi.
Karusel hərəkətə gəldi. Fatma Sabirin bu
“tapıntısı” ilə öyündü. Karuselin sürəti artdıqca Fatmanın qəşəng
saçları dingildəyib bir-birinə
qarışırdı; bu da, ona yaraşırdı və bu
yaraşıq Sabirin gözündən
yayınmamışdı, tez-tez çönüb ona
baxırdı. Fatma başını Sabirin
çiyninə qoydu. Onun saçları ara-sıra
Sabirin üzünə toxunanda o, özündən
asılı olmayaraq gözlərini yumurdu, bu toxunuşda ilahi
bir rahatlıq hiss eləyirdi və bu cür rahatlıq ilk idi
– ilkin...
Karusel
xeyli fırlanandan sonra Fatma dedi:
– Sabir,
vaxtdı, gedək.
– Düz
deyirsən...
Sabir əlindəki uzun, hamar qarğunu karuselin düyməsinə
tərəf tuşladı ki, onun yanından keçəndə
basıb dayandırsın, ancaq yaxına düşə
bilmirdi. Sabir
on-on beş dəfə cəhd eləsə də, heç nə
alınmadı, əlindəki uzun, hamar qarğunu, bir
uşağın sevinə-sevinə mindiyi “atını”
sınıq-sınıq eləyib tulladı. Sabiri
tər basdı, onlar fırlana-fırlana
qalmışdılar. Karuseldən özlərini
atsaydılar, çilik-çilik olardılar. Sabir fikirləşdi
ki, qız rüsvay olacaq... özüm cəhənnəm...
Fatma, onun
qapqara nəm sifətinə ani nəzər salıb
özünü itirmiş vəziyyətdə dedi:
– Rusvay
oldum... – Ancaq özünü nəzərdə tutdu.
Fatma düz deyirdi. Bizdə qadınla kişinin belə müştərək
rüsvayçılığından qadına daha çox
pay düşür, kişiyə nə var ki... Fatmanın
haqqında isə bütün qadınlar belə deyəcəkdi:
–
Qızıxıb...
Bayaq Sabir uzun, hamar qarğu ilə karuseli hərəkə
gətirəndə Fatma onun bu tapıntısı ilə
öyünmüşdü. İndi isə o,
öz varlığını hiss eliyə bilmirdi. Bədəni cumculuq olmuşdu – qan-tər içindəydi.
Sabir,
Sabirin yadından çıxmışdı və ancaq keyləşmiş
başı ilə Fatmanı fikirləşirdi: “Yazıq
biabır olajax...”
Sən demə bu, Sabirin bir dəfə Bakıda, dəniz
kənarında mindiyi karuseldən deyilmiş; onun düyməsini
basırdılar işə düşürdü və on dəqiqədən
sonra özü dayanırdı – rele onun işini tənzimləyirdi
– o, bunu nəzərə almamışdı.
Fırlana-fırlana qalmışdılar, onların
işi Allaha qalmışdı, bir də işıq idarəsinə
– işıq sönsəydi yaxalarını bu
biabırçılığın əlindən qurtara bilərdilər;
bu da dəryada balıq sevdasına oxşayırdı.
Üzüm yığımının qızgın
vaxtı idi.
Camaatı məhsul yığımına səfərbər
eləyən ştab bu parkda yerləşirdi. Bir
azdan Rayon Partiya Komitəsinin birinci katibi Mahmud Mahmudzadə
başda olmaqla bütün partiya və təsərrüfat fəalları,
prokuror, milis rəisi, hamısı bura axışacaqdı.
Şəhərin işıqları Fatma ilə
Sabirin xilas ümidi kimi yavaş-yavaş öləziyirdi.
Fatmanın
ara vermədən axan göz yaşları
şəhərin işıqlarının üstünə
bir-bir damcılayıb onları söndürdükcə
rüsvayçılıq da yaxınlaşırdı.
Saat yeddiyə beş-on dəqiqə işləmiş
yoldaş Mahmudzadənin “Qaz–24” markalı xidmət
maşını parkın girəcəyində dayandı. Onunla
daban-dabana gələn partiya təsərrüfat fəalları
birinci katibi qarğa-quzğun kimi dövrəyə aldılar.
Heç kəs ona yaxınlaşıb əl vermirdi, hamısı
bükülü vəziyyətdə gendən salam
verirdi, o da, bu salamları ağızucu yox ee, gözucu
alırdı – özü də hamısınınkını
bir dəfəyə. Onlar bu vəziyyətdə
parka daxil oldular.
Cütlük
hələ fırlana-fırlana qalmışdı...
Səfərbərlik
ştabının rəhbəri başqa adam
olsa da, son sözü Mahmudzadə yoldaş deyirdi:
–
Maşınlar hazırdı? – Birinci katib soruşdu.
– Bəli,
yoldaş Mahmudzadə. – Avtobazanın rəisi bir addım irəli
çıxıb təzədən yerinə qayıtdı.
– Bu
axşam raport verməliyik ha, plan bu gün dolmalıdı.
– Bilirik,
yoldaş Mahmudzadə.
– “Ukrayna” kolxozunda vəziyyət nə yerdədi?
Cütlük
fırlana-fırlana qalmışdı...
– Şəkərin dərəcəsini
qaldırdınız?
Cütlük
fırlana-fırlana qalmışdı...
– Zavodu
işə saldılar?
Cütlük hələ də fırlanırdı və
onlar partiya-təsərrüfat fəallarına fırlana-fırlana
baxırdılar. Partiya-təsərrüfat fəalları
isə ancaq Mahmudzadə yoldaşa baxırdılar – elə hər
cəhətdən.
Mahmudzadə
bura yığışanların içində ən
boylu-buxunlu, gövdəli adam idi. Birdən
o, sağ əlini karusel tərəfə uzadıb dedi:
– O nədi
heylə?
–
Karuseldi, yoldaş Mahmudzadə.
– O niyə
səhərin gözü açılmamış
fırlanır ki? Özü də deyəsən iki nəfər
də orda...
–
Düzdü, yoldaş Mahmudzadə.
– Get
onları gətir bura. – Milis rəisinə dedi.
Bir suiçim saatda onların ikisi də suyu süzülə-süzülə
birinci katibin hüzurunda dayanıb başlarını
aşağı salmışdılar. Hər ikisi girməyə
siçan deşiyi axtarırdı.
– Bunlar
kimdi belə? – Mahmudzadə camaatın topasından soruşdu.
Polis rəisi
bir addım irəli çıxıb dedi:
–
Yoldaş Mahmudzadə, Sabirdi də, bufetçi Sabir.
– O dilli-dilavər
deyilən oğlan budu?
– Bəli,
yoldaş Mahmudzadə.
– Oboxeisi
göndərərsən getsin bunun pavilyonunu möhürləsin.
– Baş
üstə, yoldaş Mahmudzadə.
–
Özünü də basın getsin üzüm
yığsın.
– Baş
üstə, yoldaş Mahmudzadə.
– Bu nə
vaxtın karuseldə farlanmadığı əə, belə...
türküdurmazdan...
Sabir
Fatmanı bu rüsvayçılıqdan xilas eləməli
idi, başını azca qaldırıb dedi:
–
Yoldaş Mahmudzadə... biz əhd eləmişdik ki, evlənməmişdən
bir gün qabaq gecənin yarısı gələk bura...
heç kim görməsin dana... minək
karuselə, səhər gedək ZAQS–a.... Mindik, heç kim yox idi. Uzun qarğu vardı, onnan qnopkanı
basdım, karusel yerindən tərpəndi, sonra saxlaya bilmədim,
iki saatdır fırlanırıq...
Birinci katibi gülmək tutsa da, özünü
boğdu, təbəssümlə kifayətləndi. Əlinin altında işləyən
bir belə adamın içində gülmək olmazdı,
yoxsa onun ciddilik imici zədələnərdi...
Birinci
katib polis rəisinə dedi:
– Bunnan
işiniz olmasın, – gülümsədi, – qoyun işiynən
məşğul olsun.
– Baş
üstə, yoldaş Mahmudzadə.
– Bəs
bu xanım kimdi belə?
– Bunu
alajam dana, yoldaş Mahmudzadə.
– Bəs
niyə belə gec evlənirsən?
– Rayonda
hamıdan tez mən evlənmişdim... sonra... arvadım
öldü.
– Allah rəhmət
eləsin...
– Sağ
olun, yoldaş Mahmudzadə.
– Bəs,
bu xanım niyə belə gec ərə gedir?
– O da, mənim
kimi hamıdan tez ərə getmişdi, sonra əri avariya
düşdü, öldü.
Elə bil Mahmudzadə bu rayonda işlədiyi illərdə
ilk dəfə idi ki, birinci katib olduğunu unutmuşdu.
– Gedin o
ZAQS-ın müdirin çağırın bura.
– Mən
burdayam, yoldaş Mahmudzadə, – əlli yaşlı
çeçunça kostyum geymiş kişi
bir addım irəli çıxdı.
–
Bunların kəbinini kəs, özü də burda.
– Baş
üstə, yoldaş Mahmudzadə.
Çeçunça kəstyum geymiş kişinin getməyi
ilə qoltuğunda qovluq geri qayıtması bir oldu. Ştabın
qırmızı pərdə salınmış stolunun
üstündə kəbin kəsildi.
Mahmudzadə
qırmızı stola yaxınlaşdı, Sabirin əlini
sıxıb “təbrik eliyirəm” deyən kimi, bütün
partiya-təsərrüfat fəalları bir ağızdan
dedilər:
– Təbrik
eliyirik.
Sabir Fatmanı bu biabırçılıqdan xilas
etmişdi, qalan heç nə haqqında fikirləşmirdi. İndi kim
nə deyə bilərdi ki? Kişinin oğlu öz
halal-hümbət arvadıynan karuselə minib də, burda nə
var ki...
Maşına
minən kimi Fatma, içində baş vermiş
dağıdıcı zəlzələdən sonra
özündə güc tapdı, nəm gözlərini silə-silə
pıçıldadı:
– Sabir...
– Haycan...
– Sabir, sənə
qurban olum...
–
Yaxşı, yaxşı... indi vaxtım yoxdu, sonra qurban
olarsan.
– Sabir...
– Yaxşı də... gedirik bizə, bu gün işə mənim evimdən gedəzsən... ölənə qədər.
– Bəs camaat...
– Camaatınan bayaq qurtardıq də... parkda... indi sən mənim arvadımsan, əlimdə kağızım da var, orda ikimizin də adı yazılıb...
– Nə yazılıb?
– Orda yazılıb ki, camaat otursun yerində, Fatma Sabirin arvadıdı.
...Sabirin dedikləri çin çıxdı. Vaxt-vədə ötəndən sonra bir oğlu oldu Fatmadan. Dayı, bacısı oğlundan iki yaş yarım kiçik idi – Sabirin ağzı fal imiş...
İndi tez-tez bu parka gəlib üçlükdə karuselə minirdilər, heç nədən, heç kimdən də çəkinmirdilər. Bu parka gəlib gəzən qadınlar karuseli görən kimi bic-bic gülümsəyib deyirdilər:
– Fatma karuseli...
Kişilər də deyirdilər:
– Sabir karuseli.
Sizə zarafat gəlməsin, Azərbaycan boyda məmləkətin heç bir klassikinə, dahisinə sağlığında qismət olmayan şey Fatma ilə Sabirə qismət olmuşdu: Onlar balaca bir şəhər parkında olsa da, adlarını beləcə əbədiləşdirmişdilər...
İndi isə... Özünüz bilirsiniz də, göydən üç alma düşdü, biri Fatmanın, biri bufetçi Sabirin, biri də Rayon partiya komitəsinin birinci katibi yoldaş Mahmudzadənin...
Mən alma istəmirəm...
15–16
yanvar, 2015-ci il
Seyran Səxavət
525-ci qəzet.- 2015.- 28 fevral.- S28-29;31