MƏNİM QƏHRƏMANIM, QALX!

 

Öz adın var, sanın var igidlik aləmində,

Qoymazsan intiqamı zalımlar zalımında!

Döyüşlərdən ötrüdü ömrün də, ölümün də?

Haqdı əməlin, işin

mənim qəhrəmanım, Haqq!...

Mənim qəhrəmanım, qalx!

 

Çoxları elə bilir, çoxdan ölüb getmisən,

Yox- yox, sən ölməmisən! Yox, sən ölüb getmisən?!

Sən yox ola bilməzsən, yoxsa olub getmisən,

And verirəm, ləngimə, sən dinim-imanım, qalx,

Mənim qəhrəmanım, qalx!

 

And içmişdik, yurd üçün töküb qan, öləcəyik,

Versək də, qələbəyə verib can, öləcəyik!

Sən məzardan təzədən qalxmasan, öləcəyik,

Bir hədəf var- sinəmiz, bir şərəf var-vuruşmaq!

Mənim qəhrəmanım, qalx!

 

Güc üstdən güc olarsan... istəsən güc olmağı,

Ucalaraq qalxmağı, qalxaraq ucalmağı!

Ancaq sən bacararsan Qarabağı almağı,

Qalxmaq zamanıdırsa,

mümkündümü qalxmamaq?!

Mənim qəhrəmanım, qalx!

 

Söyləmək istəsə də, bu torpağa çoxu can,

Heç kim söyləyə bilməz sənin kimi, axı, can!

Axı sən deyildinmi ömür boyu oxuyan,

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

Mənim qəhrəmanım, qalx!

 

Tək qalmısan ruhumun yalquzaq-qurdu kimi,

Tək qalmısan millətin təklənmiş dərdi kimi.

Bu dünyanın sonuncu döyüşü, hərbi kimi,

Bir döyüş başlayacaq...

Mənim qəhrəmanım, qalx!

 

...O qəhrəman özüməm, mən özüm qalxmalıyam,

Hər ağrıya-əzaba mən dözüb qalxmalıyam!

Ay canım, qalxmalısan,

Ay gözüm, qalxmalıyam,

Yoxsa Tufan qopacaq!

Mənim qəhrəmanım, qalx!

 

İgid odur deyirlər, hər bəlaya qatlana,

İgid odur deyirlər, atdan düşə, atlana!

Dur, özün qənim kəsil Vartazara, Vartana,

Özün kimi mərdləri məzarından dartaraq,

Mənim qəhrəmanım, qalx!

Mənim qəhrəmanım, qalx!

 

ANALAR ÖLƏNDƏ...

 

Hər ölən adamla mən ölmürəm ha,

Analar öləndə yaman ölürəm!

Şükür yaradanın məsləhətinə,

Tapılmır dərdimə dərman, ölürəm,

Analar öləndə yaman ölürəm!

 

Hər kəsin bir ölüm zamanı varmış,

Mənim də Axilles dabanım varmış.

Amma zəif yerim ürəyim imiş,

Mən ordan vurulur, ordan ölürəm,

Analar öləndə yaman ölürəm!

 

Sanırdım ölümü öldürə billəm,

Çiynimə ölümü götürə billəm.

Ağlım qalıb, yoxsa itib... nə billəm,

Bir yolluq ölənmir, hər an ölürəm,

Analar öləndə yaman ölürəm!

 

Mən ta insan deyil, mən ta asiyəm,

Mən qanqal olana qanqal asiyəm.

Mən insan ömrü yox, qan bahasıyam,

Varımdan çox, mən yoxumdan ölürəm,

Analar öləndə yaman ölürəm!

Bağlanır, geriyə yolum qalmayır,

Ölürəm, dirilən halım qalmayır.

Ana söyləməyə dilim gəlməyir,

Kim ayrılsa anasından, ölürəm,

Analar öləndə yaman ölürəm!

 

Bu kağız, bu qələm, ölən deyiləm,

Ölüm istər öləm, ölən deyiləm.

Bilir hələm-hələm ölən deyiləm,

Demərəm ay aman, aman,ölürəm,

Analar öləndə yaman ölürəm!

 

lll

 

Qorxmuram yıxılıb ölüm bu düzdə,

Qorxuram içimdə öləcəyimdən!

Ölməyə nə var ki, torpaq, su üstdə,

Qorxuram içimdə öləcəyimdən!

 

İçimdə ölməmək adımdı mənim,

İçimdə ölməmək dərdimdi mənim.

İçimdə ölməmək andımdı mənim,

Qorxuram içimdə öləcəyimdən!

 

Nə vaxtdı qapımı bir qorxu sarıb,

Getmir öz işinə bir qorxu, varıb.

Qorxular içində bir qorxu qalıb,

Qorxuram içimdə öləcəyimdən!

 

Dayanıb baxtımla üz-üzə, gülsəm,

Köhnə ağlayanam ey təzə gülşən!

Ölmərəm, ölümlə üz-üzə gəlsəm,

Qorxuram, içimdə öləcəyimdən!

 

Nə sərvət toplayıb, nə zər gəzmişəm,

İçimi əks edən əsər yazmışam.

İçimdə ay Barat, səngər qazmışam,

Qorxuram içimdə öləcəyimdən!

 

SAZ MƏCLİSİ

 

Ustad Aşıq Hüseyn Şəmkirlinin xatirəsinə

 

Yol üstündə qar uçqunu baş verib,

Atı sərpib, atı çöküb qəfildən.

Bir ün yetməz qar altında qalıbdı,

Aşıq Hüseyn atı təki, qəfildən.

 

Aşıq Hüseyn qar altında qalıbdı,

Qar- özü də, qar-atı da yanırmış.

Əfsanəymiş, odda yanmaq, əfsanə,

Əsl aşıq qar altında yanırmış,

Əsl aşiq qar altında yanırmış!

 

Qar altında neyləyəsən, neyləyə,

Hay-harayın kimə çata, yetişə.

Bircə yol var, sağ qalmaqdan ötəri,

Özünə də, atına da od düşə,

Qar üstə yox, qar altında od düşə...

 

Yaxında bir yar-yoldaşın olmaya,

Yer uçruma, göy uçruma oxşaya.

Aman Hüseyn! Ölən aşıq olmaya,

Aman aşıq! Saz qırğını başlıyar?!

 

Qar altında sağ qalasan yenidən,

Qar altında alovlanıb qalasan.

Deməyəsən qar altında qalmışam.

Deyəsən ki, yol gedirəm hələ də,

Qar özümdə, qar atımda qalmışam!

 

Aşıq Hüseyn məclisdədi yenə də,

Qar içində alovlanır, odlanır,

Qar altında saz məclisi başlayır,

Yer üstündə necə ötür saz belə,

Yer altında saz məclisi başlayıb?!

 

ŞEİR YAZANDA

 

Yazmaq üçün dağa-daşa düşmürəm,

Bax, yenə də ilham gəlib, yazıram.

Özüm duru... sözüm duru olsunmu?

Ona görə ölüb...ölüb, yazıram.

 

Bircə əllə yazmayıram mən, xeyr,

Qoşa əllə şeir yazır bir şair.

Bir əlimlə Səməd Vurğun söyləyir,

Bir əlimlə Hüseyn Arif yazıram.

 

Hər nə yazsam, sazımın da payı var.

Yolumun da, izimin də payı var.

Əlimin də, gözümün də payı var,

Ürəyimi yarı bölüb yazıram!

 

Yalan yazır, düz yazıram, ay Barat,

Allah deyir yaz!-yazıram, ay Barat!

Mən bu qədər söz yazıram, ay Barat,

Elə bil ki, bircə hərf yazıram!

 

GÖY TÜRFƏ

 

(Deyilənə görə biri sünni, biri şiə olub. Vəsiyyət edib

qəbir qazdırıblar ki, qoy ziyarətə gələnlər görsünlər ki,

sünni var, nə şiə, boş şeydi bu fərqləndirmə)

 

İncə Dərəsindədir, qəbri Göy Türfədədir,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

Özləri dərədədir, məzarı zirvədədir,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

İki qəbir yanaşı... iki qəbir bir qəbir,

Gör necə dönüb olub iki qəbir birədi.

Fikirləri birdədi, zikirləri birədi,

Hacı Mahmud Əfəndi,

Seyid Yasin Ağanın!

 

Nəzəri üstümüzdə, özləri nəzərdədir,

Bu hər iki övliya sanmayın məzardadır.

Vallah, qəbirləri də Kəbəyə səfərdədir,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

Hər ikisi işıqlım, hər ikisi üz nurum,

Hər ikisi dipdirim, hər ikisi öz ölüm!

Qəbrinə qurban olum, qəlbinə qurban olum,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

Ayrılıblar yer üstə, söyləyiblər: hələlik!

Elə bil ki, deyiblər qəbirdə görüşərik!

Qəbirləri deyir ki, qəlbidə görüşərik,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

...Nə sünnü var, nə şiə, qəbirləri yanaşı,

Qəbirləri hələ də pir insandan danışır.

Qəbirləri hələ də bir insandan danışır,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

lll

 

Mənim bir ovcumda məchul şəkli var,

Bəlkə onçün belə məchul adamam.

Bütün adamlardan baş olmasam da,

Bütün adamlara məsul adamam.

 

Allaha asimi olmuşam bir vaxt?

Mən ki, sübh Nəsimi olmuşam bir vaxt!

Nəsimi... Nəsimi olmuşam bir vaxt,

Mən məşhur adamam, məşhur adamam!

 

Baş vuram ümmana, baş vuram sənə,

Allahım, bir başı beş verəm sənə!

Mən könül verməklə məşğulam sənə,

Mən ömür sürməklə məşğul adamam!

 

ŞABRAN QALASI

 

Şabranlı qələm dostum Aydın Tağıyevə

 

Burda bir şair tutuldu,

Qaldı Şabran qalasında.

Qalalara zinət verdi

Gəldi, Şabran qalasında!

 

Sandılar ki, yox olacaq,

Hirs-hikkədən boğulacaq.

Doğulduqca doğulacaq

Bildi, Şabran qalasında!

 

Tanıyırsan Xaqanini,

Xalqın olan Xəlqanini!

Özü boyayıb qanını,

Aldı... Şabran qalasında?!

 

Min il yaşa, min il gözlə,

Yol yaranmaz o mil gözlə!

Məni ilan bir iblislə

Çaldı Şabran qalasında!

 

Yazırdı, Tufan sözündə!

Üzürdü, ümman üzündə,

Ayağında hər bir kündə

Saldı... Şabran qalasında!

 

Özü qəmin qəmin çəkdi,

Gözü nəmin nəmin çəkdi.

Az qalmışdı: öləcəkdi,

Oldu! Şabran qalasında!

 

Bu nə ömür-gündü, canım,

Düşmənlərim kimdi, qanım!

Söz yüyürdü, intiqamım

Aldı Şabran qalasında!

 

Mən bilirdim Haqq var, Haqq var,

Haqsızları haqlar... haqlar!

Noldu taxtlar, noldu şahlar?

Noldu, Şabran qalası da?!

 

Qaldı şair, qaldı dünya,

Bax, Barat Vüsaldı dünya?!

Şairliyə yoldu dünya,

Yoldu Şabran qalasından!

 

 

 

 

Barat Vüsal

525-ci qəzet.- 2015.- 28 fevral.- S .26.