Sənin mifin dağıldı, Apollon...

 

...Məktublar silsiləsindən...

 

 

Uzaqlardan, hardansa çox uzaqlardan liranın səsi gəlir, Apollon. Bəlkə heç sənin liranın səsi deyil, bəlkə mənim ruhumun qulağı səsə düşüb? Sən bir zamanlar gözəl nəğmələr çalırdın və ətrafındakı muzaların hər biri elə bilirdi ki, sən bu ifanı ona həsr eləmisən. Bircə özünə məlum idi ki, onların hamısı yanılır, çünki o ifalar sənin ruhunun damlaları deyildi, sadəcə Troya Tanrılarının amansız bəhsəbəhs dünyasında həndəvərinə yığdığın və əl-ələ tutub yallı getdiyin muzaların diqqətini cəlb etmə, fərqlənmə cəhdlərindən biri idi. Sadəcə biri. Sən təkcə çalmaqda yox, rol oynamaqda da usta idin, Apollon. Xarici görkəmin də səhnəyə uyumlu idi... Özün haqqında özündən qat-qat maraqlı bir mif uydurmuşdun. Axı uydurulan nə olursa olsun- istər mif, istərsə də qeyri-mif, onun ətrafında əvvəlcə ilahi, mistik halə yaranır. Başlanğıcda hər şey maraqlı olur. Amma bilirsən, miflər də hansısa bəlli vaxta kimi cazibəliliyini, mübhəmliyini, əsrarəngsizliyin və sehrini qoruyur. Sonra isə gözəl günlərin birində o mif darmadağın olur. Ya kimlərsə-həqiqətən mif olanlar dağıdır, ya da eləcə öz-özlüyündən dağılır o miflər...

 

lll

 

Sən danışmağın və inandırmağın ustası idin, ey tanrıların ən gözəli... Deyəsən, səni belə adlandırırdılar hə? Zarafat deyil, o boyda Troyanın şeir və incəsənət məsələləri sənin sərəncamına verilmişdi. İnsan qəlbinin və eqosunun dərinliklərinə hesablanmış bəlağətli nitqinlə, həm savadlı, həm də coşqulu danışığınla sən qarşına qoyduğun məqsədə çatmağa çalışardın həmişə. Və ehtimal ki, çatdığın da çatmadıqlarından çox olurdu. Boşuna kahinlik Tanrısı seçilməmişdin ki... İnsanların ürəyindən keçəni oxumaq qabilliyyətin səni həm də kifayət qədər özündənrazı eləmişdi. Heç izahat verməyə belə lüzum görmədən- hisslərlə oynamaqda, insanların heysiyyəti və əsəbləri üzərində istədiyin eksperimentləri aparmaqda, onları arzuladığın kimi idarə etməkdə mislin-bərabərin yox idi. Nə istədiyini heç özün də bilmirdin. Bunlar sənin üçün adi, bağışlanılan oyunlar idi. Kimsə buna etiraz eləyəndə qəribə bir şəkildə cırnamağın da vardı. Axı ürəyinin dərinliyində iliyinəcən haqsız olduğunu bilirdin, Apollon... Sən nə qədər coşqulu olsan da, Dionisə çata bilməzdin, təbii ki. Amma Dionisdən bir üstünlüyün vardı. Sənin ilk başdakı coşqulu cəhdlərini sonralar özünün qəsdən və heç bir iradə, güc hesabına deyil də, sadəcə amansızlığına söykənən, daxilindən gələn soyuqqanlılığın, kənarlaşdırma enerjin əvəzləyirdi. Ətrafındakılar çaşıb qalırdı. Bilməzdilər ki, bu ani və həmçinin xroniki dəyişiklikləri sənin hərdəmxəyallığınamı, axmaqlığınamı, qorxaqlığınamı, yoxsa ürəyinin dərinliyində hələ də Zevsin himayəsinə möhtac, onun xırdaca oğlu olaraq qalan, yetkinləşməyən bir tanrıcığazın növbəti əllaməliyinəmi yozsunlar?

 

lll

 

Sən nə Eros deyildin, nə Helios, nə də Dionis... Çünki səndə Eros kimi sevmək istedadının, ya da Helios təki Günəşi daşıya bilmək qüdrətinin olmamasından əlavə, Dionisin səmimiliyinin heç onda biri də tapılmazdı axtarsaydın belə. Hərdən Heliosla bəhsləşməyə çalışıb bir ara Günəşi daşımağa da cəhd elədin. Amma sonra özün də başa düşdün ki, Günəş sənə görə deyil, onun alovuna, istisinə tab gətirə bilməzsən, Apollon. Sən Günəşin qaynarlığına dözəcək qədər möhkəm deyildin. Baxmayaraq ki, özünü möhkəm, iradəli, soyuqqanlı və ciddi göstərməklə o misilsiz mifinə az qala hamını inandıra bilmişdin. Amma sənin o soyuqluğun, o təmkinin, o əyilməzliyin yalnız zahiri görüntü üçün idi. Sən Günəş görünər-görünməz elə əriyirdin ki, bu məsələdə Heliosla qarşı-qarşıya gəlmək cəhdinə ancaq gülmək qalırdı.

 

Vaxtilə mif hesab elədiyin dağılanda əvvəlcə ağrıdıcı olur, amma sonra adamın gülməyi gəlir, Apollon, gərək bağışlayasan. Həm də təkcə dağılan mifə deyil, hərdən adam öz zövqünə də ürəkdən qəhqəhə çəkməkdən özünü saxlaya bilmir.

 

Sən heç sevməyi bacarmadın ki, necə Erosa tən tuta bilərdin özünü? Sevilmək istəyən sevməyi də bacarmalıdır, bunun üçünsə məhz eşqin Allahı olmaq gərəkdi, Apollon. Rol oynamaqla bunun öhdəsindən gəlmək çox çəkmir, ey tanrıların ən müqtədiri... Sən zahiri soyuqluğunun altında məharətlə gizləməyə çalışdığın ötəri ehtiraslarının qurbanı olmamaq üçün əlindən gələni edirdin. Amma bununla sona qədər bacara bilmirdin. Ətrafındakı ilahlardan ən zəif xarakterlisi sən idin və özün də bunu bilirdin. Və bunu bildiyin üçün də xaraktersizliyini zahiri amansızlıq, görünən soyuqqanlılıqla pərdələməyə çalışırdın. Həmişə yet(in)mədiyin və sənə yetməyən nələrsə, kimlərsə vardı. Məsələn, ardınca qaçdığın, sənin heç bir məziyyətinə diqqət yetirməyən, kim olduğunu heç vecinə almayan və sənin ağuşundansa, ömürlük bakirə qalmağı, ağac olmağı seçən Dəfnə kimi əlçatmazın... Və şüuraltının diqtəsi ilə ağına-bozuna baxmadan, həm də soyuq müharibə şərtləriylə ömrünün hansısa məqamında sənin olmaqdansa ağaca çevrilməyi üstün bilən Dəfnənin acığını çıxırdın hər rastına çıxanla.

 

Sən çox ağıllı idin, ey tanrıların ən müdriki... Amma biləsən, elə məsələlər var ki, orda ağıl yox, hissiyyat, intuisiya işləyir. Sənin kahinliyin də mifin kimi yarımçıqdı. Əgər kəhanətin ali dərəcədə olsaydı, bu qabiliyyəti ötürdüyün Kassandranın da səndən qaçacağını öncədən görməyi bacarardın. Sən özünü sevdirə bilmirdin, ey tanrıların ən maraqlısı.... Başqaları haqqında dediklərin özün haqqında danışdıqlarından daha yaxşı anladırdı sənin Tanrılığını... Səni tanımaq üçün özün haqqında uydurduqlarını yox, digərləri haqqında nəyi necə, hansı tonda deməyini eşitmək kifayət idi. Hardasa bir yerdə, ürəyinin dərinliyində bir Tanrı özəlliyinin mövcudluğunu və bu unikal, əsrarlı nəsəni gizlətməyə çalışmağında bir hikmət olduğunu düşünənlər də vardı. Ortalıqda külün qalanda eşələyib içində o nəsəni ərinmədən axtaranlar da oldu. Özünü o qədər ağır, sanballı göstərməyinə baxmayaraq külün o qədər yüngül idi ki, elə ilk üfürmədən göyə sovruldu və yox oldu. Yerdə heç nə qalmamışdı...

 

lll

 

...Atdığın oxlar əzab-əziyyətsiz öldürürmüş, ey tanrıların ən mərhəmətlisi... İnsanlar rahat yuxuya gedirmiş kimi canlarını tapşırırlarmış. Bəzilərinə şəfa verən oxun, bəzilərinə ölüm gətirirmiş. Anlamıram, kimisə qəsdən hədəfə alıb gözünü belə qırpmadan oxlamağın və sonra da verdiyin əzabdan sadistcəsinə zövq almağın sənə qəzəbli, ehtiraslı Zevsdənmi keçən irsi xüsusiyyət idi? Zevs demişkən, lirada Zevs haqqında oxuduğun himn hamı kimi məni də çox təsirləndirmişdi zamanında. Riqqətə gəlmişdim, hətta gözlərim dolmuşdu. Haqqındakı mif dağılandan bəri daha dodaqlarımda duz tamı hiss eləmirəm, Apollon...

 

Bu, sənə yazdığım birinci və sonuncu məktubdu. Bəlkə ürəyinin dərinliyində hətta bunun üçün də darmadağın olmuş əsatirinlə, yüngül küllərinlə də olsa hələ də diqqət çəkdiyinə, ya da yadda qaldığına görə sevinirsən... Bu yeganə məktub- özlüyündə yalnız söz kimi mövcud olanları birdəfəlik keçmişin qəbiristanlığına göməndən sonra məzar başında söylənən son vida nitqidir, deyim biləsən. Hafizədə həmişəlik hifz olunmaq da, yaddaşda sağ qalmağı bacarmaq da tanrıcığazlara yox, əsl Tanrıya nəsib olur. Tanrı birdir!

 

lll

 

Sən heç vaxt dincliyin nə olduğunu bilməyəcəksən. Yaratdığın mifin dağılmaması üçün ömrün boyu dayanmadan çabalamağa məhkumsan. Kamillik sevdası başını elə xarab eləyib ki, mükəmməl olmaq üçün yox, sadəcə saxta mükəmməllik görüntüsünü saxlamaq üçün gecən-gündüzün olmayacaq. Sənə nəticələr yox, həmişə proses özü maraqlı gələcək, Apollon... Bilsən, sənə necə yazığım gəlir. Acımaq həm də bir zaman mif sandığın obyektə acımaq qəribə duyğudu, bunu anlamazsan. Acımaq hissi özündən sonra silsilə şəklində yalnız daha da acıma duyğusu yaradır, başqa heç nə. Acıyırsan, acıyırsan və getdikcə artan yazıqlıq artıq mərhəmət yox, ikrah doğurmağa başlayır.

 

Sən lazımsız gözlərə daha çox girməyə başladıqca, lazımlı gözlərdən düşürdün, Apollon. O mübhəm mifinin canı, özəyi olan o mənəvi nəsədən azalmalar başlamışdı. Bəlkə ətrafında daha qüdrətli tanrılar peyda olmuşdu, bəlkə daha gözəl muzalar meydana çıxmışdı, bəlkə həndəvərində nimfalar quzular kimi atılıb-düşməyə başlamışdılar, amma bütün bunlara rəğmən, sən artmırdın, əksinə azalırdın... Bir dəfə demişdin ki, Zevsdən törəyən əskik ola bilməz. Bilmirəm bəlkə də heç deməmişdin, mifindən belə bir nəticə çıxmışdı? Ancaq sən hərəkətlərinlə Zevs haqqındakı bütün gözəl təxəyyüllərə də son qoydun. Günü-gündən əskilməyə, azalmağa başladın, Apollon. Bunları sənə demək üçün fürsət aradım, amma sənə artıq fürsət lazım deyildi. Elə kəmfürsətmişsən ki... ya da bəlkə doğru ifadə eləmədim, əsl fürsətçiymişsən... Qarşına çıxan hər fürsətdən yararlanmağı özünə sığışdıracaq qədər fürsətçi! Bu, ilk başdan ürəyimə dammışdı, amma özümü bunun belə olmadığına inandırmaq üçün xeyli çabaladım da. Çünki miflər əziz, qiymətli olur, onları hələm-hələm itirmək istəmirsən, ziyarətçisiz qalan məbədlər kimi gözünün qarşısındaca dağılıb tökülməyinə dözə bilmirsən. Ancaq dözüm də bir yerə kimi davam edir. Miflər təkcə onları yaradanlar üçün yox, inananlar üçün də dəyərlidir. Çünki mifi dağılan başqalarını inandırmaq üçün yenidən insafsızcasına hərəkətə keçər, daha bir illüziya mif yaratmaq üçün çabalayar və bəlkə də çabası boşa çıxmaz. Amma əsatirə inananın mifin süqutundan sonra dəyər anlayışları atrofiyaya uğrayır. Düzdür, əvvəlcə mifsiz yaşamaq çətin olur, amma sonra hər şey unudulur, bunu da biləsən. Mif də, onu yaradan da, ümumiyyətlə, mif anlayışının mövcudluğu da...

 

lll

 

Deyilənə görə, miflər nə zamansa həqiqət imiş. Lakin əvvəl-axır bütün əfsanələr, miflər, əsatirlər tarixin burulğanlarına qarışır, ən yaxşı halda yadda söz kimi qalır, quruca söz kimi... Elə bu məktub kimi... Bəlkə də bu məktubu yazmamağım daha yaxşı olardı, ancaq istədim ki, artıq yalnız söz kimi mövcud olan bu darmadağın mifin xarabalığından canımı həmişəlik qurtarıb nəhayət ki, ölümlü, səhvli, günahlı, savablı, eşqli, coşqulu, sevincli, kədərli və bütün bunlarla birgə çox yaşamalı real insan dünyasına qayıdım. Bu mif başa saldı ki, yanlışlı-düzgünlü, eşqli-nifrətli, günahlı-savablı, amma bütün hallarda anlayışı, ürəyi, hissləri, coşqunu, saflığı və səmimiliyi qorumaqla insan olmaq çox gözəldir. Bunu bilməzsən, bu, insanlara xas duyğulardır, sən isə insan deyilsən, ey tanrıların ən əlçatmazı...

 

Bax, məktubumun sonundaca hiss elədim ki, indi artıq elə rahat, elə hüzurlu, elə sakit, elə dincəm ki... Lap torpaq kimi... Axı miflərin dağılmasının ardınca heç də həmişə məyusluq deyil- bəzən də boşuna aludə olduğundan əbədilik qopmanın məsudluğu gəlir. Qurtuluşuma və azadlığıma xeyir-dua verməyinə artıq nə mənim ehtiyacım, nə də sənin səlahiyyətin yoxdu. Sənin mifin dağıldı, Apollon...

 

Yazı Ulduz jurnalının 2015-ci il, fevral sayında dərc edilib.

 

 

 

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 28 fevral.- S 25.