Əjdər Ol: Deyəsən, işi olmayanlar

deyil, içi olmayanlar darıxır

 

İNSAN DAXİLƏN O QƏDƏR ZƏNGİN, O QƏDƏR MƏŞĞUL OLMALIDI Kİ, DARIXMAQ YADINA DÜŞMƏSİN

 

Nasir və şair Əjdər Ol ilə söhbət

 

- Sən düz eləmirsən axı, Feyziyyə.

- Niyə, Əjdər müəllim?

- Dənizi sevməyən adamlar da var, onlarla da dəniz sahilində söhbət edirsən.

- Heç bu haqda düşünməmişdim. Siz heç onu demirsiniz ki, müsahiblərim bir yana, özüm də dənizi sevmirəm.

- Şəhərdə doğulanlar adətən dənizi sevir...

- Mən şəhərdə doğulmamışam.

- Belə de. Bilmirdim. Adətən, bölgələrdə doğulanlar dağa, meşəyə bağlı olur...

- Məndə də dağa-meşəyə qarşı qəribə bir sevgi var, hərçənd onları belə son illər görməyə başlamışam. Uzun illərdi dənizi niyə sevmədiyimin səbəbini tapa bilmirdim. Suallara cavab tapmaq gözəldi.

- Ümumiyyətlə, kim hansı coğrafi ərazidə doğulursa oranın təbiətinə uyğun məkanlara mehr salır. Mən səhraları sevirəm. Dənizi də sevirəm, dəniz də su səhrasıdı.

- Hə, su səhrası...

 

- Heç vaxt darıxmamışam.

Əjdər müəllimin bu sözü insanın beynində qəribə assosiasiya yaradır. Bu həm də bir mesajdı bizə və ətrafımızda dolaşan darıxanlar ordusuna. Yadıma düşür ki, son illər ümumiyyətlə, darıxmağı yadırğamışam və bir dəfə darıxmaq üçün darıxmışam deyəndə, yanımdakılar gülmüşdü.

- İnsan daxilən o qədər zəngin, o qədər məşğul olmalıdı ki, darıxmaq yadına düşməsin. Əslində görüşünə getməli, ziyarət etməli adamlar həmişə var. Amma mən tək olmağa daha çox ehtiyac duyuram, daha çox düşünmək, xatırlamaq üçün. Deyəsən, işi olmayanlar deyil, içi olmayanlar darıxır.

Ədəbi mühitdə Əjdər Olun portret hekayələrini oxumayan yoxdu. Son vaxtlar 525-ci qəzetdə çapdan çıxan Eynək hekayəsinin mərhum şair-rəssam Adil Mirseyid haqqında yazıldığını çox sonralar bildim və hadisənin nə dərəcədə doğru olub-olmadığı ilə maraqlandım. Əjdər müəllim hər şeyi olduğu kimi yazdığını deyir:

- Mənim portret yazılarım ədəbi mühitimiz üçün yeni olduğundan, əvvəllər onlara öyrəşə bilmirdilər. Bizdə Sovet dövründən qalan təqdimetmə qaydaları hələ də yaşadığından, bizim yazıçılar bu çərçivədən kənara çıxmırdılar. Adamları ya müsbət təqdim edib tərifləyirdilər, ya da tənqid atəşinə tutub yazıb biabır edirdilər. Axı insan səhvləri və qüsurları, yaxşı və dözülməz cəhətləri ilə birdi, bütövdü. Buna görə portret yazıları çətinliklə qəbul olunurdu. Amma sonra maraqla qarşılanmağa başlandı, indi isə hamısını izləyirlər ki, görsünlər bu dəfə kimin haqqında nə yazmışam. Portret yazılara qədər imzam daha çox şeirlərlə tanınırdı. Bir məşhur şair dedi ki, sənin şeirlərini portretlərindən sonra oxumuşam. Ədəbiyyat tarixində belə hadisələr çox olur, məsələn, bir yazı səni çox məşhur edir, sonra nə qədər yazsan da, ona çata bilmirsən. Bir dəfə Arif Məlikov dedi ki, mən Məhəbbət əfsanəsindən də gözəl əsərlər yazmışam, amma o daha məşhurdu. Hemenquey kimi yazıçını Qoca və dəniz əsərinə qədər Amerika ədəbi mühiti və oxucusu o qədər də ciddi qəbul etmirdi.

Bu vaxt yoldan keçən orta yaşlı bir kişi bizi çəkən fotoqrafdan fotoların neçəyə başa gəldiyini soruşur. Əjdər müəllim fotoqrafın əvəzinə:

Bu fotoqraf çəkdiyini satmır, qəzetə verir deyincə adam başını bulayıb gedir. Həlim zarafat söhbətimizə mane olmur, fikrimizi yayındırmır.

- Məsələn, Nüsrət Kəsəmənlinin başqa şeirləri onun Getmək istəyirsən bəhanəsiz get! şeirinin haləsində hərlənir. Yaxud da, Əli Kərimin çox güclü şeirləri olsa da, Qaytar ana borcunu şeiri onun digər şeirlərinin üstündə dominantlıq edir. Hər şair də ədəbi mühitdən kənarda tanına, oxuna bilmir. Ələkbər Salahzadəni ədəbi mühitdə çox sevirlər, tanıyırlar. Amma onu fərqli mühitlərdə təqdim etmək çətin olur.

Günün şüası dənizdə romantika adına heç nə qoymamışdı. Əgər qonağı sən dəvət etmisənsə, deməli harda olmağından asılı olmayaraq ev sahibisən və bütün məsuliyyət sənin üzərindədi. Narahat olmağa başladım. Mütləq bir kölgəliyə çəkilmək lazım idi.

- Bir dəfə Çarli Çaplini yamsılamaqla bağlı müsabiqə elan edirlər, Çaplin özü də qrimlənib bu müsahibəyə qoşulur. Nəticələr elan olunanda Çarli Çaplin ikinci yerə çıxır. Yəni son zamanlar portret yazılarının stilində qələmini sınamaq istəyənlərin olduğunu müşahidə edirəm.

Bulvardakı çay evlərinin birində əyləşirik. Söhbətimiz hələ çəkəcəkdi. Əjdər müəllim aparıcılıq etdiyi verilişlərin dayandırmağından danışır. Səbəb kimi vaxt məhdudiyyətini göstərir. Televiziyadakı fəaliyyəti ilə bağlı xeyli maraqlı məqamlara toxunur. Məsələn, mən bilmirdim ki, Əjdər müəllim verilişlərini özü montaj edirmiş. Onu niyə başqalarına həvalə etmədiyinin səbəbini də açıqlayır:

- Montaj eləmək yüksək mədəniyyətdi. Mənim digər montajçılardan fərqim odur ki, Azərbaycan ədəbiyyatını çox yaxşı bilirəm. Dəvət etdiyim yazıçıların bütün əsərlərini oxumuşam. Montajçı qonaqları tanımır. Bilmir, kimin hansı güclü, zəif cəhəti var, filan fikri niyə deyib. Aparıcı var, verilişə dəvət etdiyi yazıçının kitabını yarım saat əvvəl vərəqləyir. Mənsə onun kitabını xatırlamaq üçün bəzi səhifələrə göz ata bilərəm.

Qonağım ədəbiyyatı sistemli öyrənməyindən danışır. Deyir, məsələn, Əbdürrəhim bəy Haqverdiyevi oxuyanda əvvəlcə onun bütün əsərlərini, sonra isə onun haqqında yazılan kitabları və məqalələri oxuyub. Bütün Azərbaycan ədəbiyyatını bu qayda ilə öyrənib. Söhbətin bu yerində Əjdər müəllim çəkiliş zamanı başına gələn əhvalatlardan danışır:

- Bir dəfə verilişə gənc şair dostları çağırmışdım. Onların arasında istedadlı şair Salam Sarvan da var idi. Deyəsən, axşam məclisdə olmuşdu, bir qədər xumar idi, gözümə yarıyuxulu kimi dəyirdi. Veriliş başlayanda yatdı, arada oyanıb söhbətə qoşulsa da, müdaxiləsi yersiz alınırdı. Onu nə ayılda bilmirdim, nə də çəkilişi saxlamaq istəmirdim. Çəkiliş yekunlaşdı. Tamaşaçılarla sağollaşdım və azca fasilədən sonra dedim ki, hörmətli tamaşaçılar, bununla da verilişimiz sona çatır. Bizim dostumuz Salam bu verilişdə iştirak edirdi. Veriliş boyu yatdı. Salama sözüm odur ki, verilişimiz onun üzünə həmişə açıqdı. Haçan istəsə, bizim verilişdə yatmağa gələ bilər. Sağ olun, salamat qalın. Dostlar gülüşdülər. Təbii ki, montajda həmin hissəni çıxartmışdım.

Əjdər müəllim, bayaq dənizi sevdiyini demişdi. Sevib-sevmədiyi başqa şeylər haqqında isə bir azdan danışacaq:

- Mən muzeylərdə olmağı çox sevirəm. Dünyanın bir çox məşhur muzeylərində olmuşam. Bir dəfə Böyük Britaniyadakı Viktoriya və Albert muzeyində Şeyx Səfi xalçasına baxmaq istəyirdim. Onu xüsusi bir otaqda özü də şüşə çərçivədə nümayiş elətdirirlər. Dedilər ki, həmin otaqda restavrasiya işləri getdiyindən otağa girmək qadağandı. Qızım ingiliscə yaxşı bilir, ona dedim, muzeyin əməkdaşlarına izah eləsin ki, mən xalça mütəxəssisiyəm və Bakıdan məhz bu muzeydəki xalçaya baxmağa gəlmişəm. Administrasiyadan bildirdilər ki, yalnız fasilə zamanı, fəhlələr otaqdan çıxandan sonra xalçaya baxmağa izn verilə bilər. Beləcə, mən o nadir xalçanı görmək imkanı qazandım.

Əjdər müəllimdən bizim muzeylərin vəziyyətinin onu qane edib-etmədiyini soruşanda, əslində, eksponatların zəngin olub-olmamasından daha çox, onların qorunmasının, muzeylərimizdəki şəraitin nə dərəcədə qənaətbəxş olduğunu nəzərdə tuturdum. Hələ, paytaxtın mərkəzindəki muzeylərin yalnız göz görünən yerlərinə əl gəzdirilməsini, gözdən-könüldən uzaq otaqlarının da diqqət tələb etdiyini demirəm. Amma söhbəti uzatmaq fikrindən daşınıram:

- Muzey hər bir ölkənin dövlətçilik tarixinin ifadəsidi. Muzeyi yaradan dövlətlərdi, onu xalq yaratmır. Bizim muzeylər də sovetlər dönəmində yaranıb. Təbii ki, eksponatlarımız Luvrun, Topqapının, Metropolitenin eksponatları qədər zəngin ola bilməz. Çünki onlar imperiya mərkəzi sayılır. Bizdə isə muzeylər Sovet dövrünün incəsənətinin, rəssamlığının, heykəltəraşlığının və tapılan tarixi materialların hesabına xeyli zəngindi. Doğrudu, bizim muzeylərdə Avropa incəsənəti ilə bağlı eksponatlar azdı. Fransalılar Misiri zəbt etdiyi zaman oradan gətirdikləri qənimətlərlə muzeylərini zənginləşdirib. Britaniya muzeyində olanda bu sözləri eşitdim, deyirdilər ki, muzey ingilislərindi, amma orda ingilislərə aid heç nə yoxdu. Luvrda mumyalanmış firon və onun on iki ailə üzvü var. Amma Qahirə muzeyində onların sayı otuz səkkizdi.

Mumyalanmış cəsədlər xüsusi otaqda saxlanılır, çoxları qorxudan ora girə bilmir. Adama elə gəlir ki, onlar yatıblar. Lap elə indiki insanlara oxşayırlar, bəzisi keçəldi, bəzisinin burnu donqardı, bəzisi yaraşıqlıdı.

Bəzisinin boyu qısa, bəzisininki uzundu. Bəzilərinin üzündəki sarğılar sıradan çıxıb, üzləri tamamilə görünür.

Çayımız gəlir. Qısa fasilədə Əjdər müəllim tez-tələsik gələn zənglərə cavab verir. Narahat görünür. Deyəsən, kiminləsə görüşməlidi, xahiş edir ki, gözləsin. Sonra yenə başqa bir zəngə cavab verir, kiməsə hansısa işlə bağlı istiqamət verir. Amma söhbətə fasilə verməmişik.

Əjdər müəllimin inişil yeni vəzifəyə təyin olunması xəbərini saytların birindən oxumuşdum. Bir nəfər xəbərin altından şərh yazmışdı ki, əlimdə əlac olsaydı, bütün vəzifələrə şairləri təyin edərdim. Amma yəqin ki, hər şair də uzun müddət tutduğu kürsüdə qala bilməz:

- Mən o qədər də yumşaq adam deyiləm. Müəyyən məqamlarda olduqca sərt, prinsipial oluram. İdarəçilik məsələsində prinsiplərə olduqca sadiqəm. Sürətli düşünmək, qərar vermək hər adamın işi deyil. İnsanlarla ünsiyyət qurmaq, ümumi vəziyyəti idarə etmək də bir bacarıqdı. Fərqi yoxdu, o vəziyyətdə neçə nəfər iştirak edir; bir, yüz, yaxud minlərlə... Söhbət vəziyyəti idarə etməkdən gedir və həmin an hökm verənsən, yəni, vəziyyət sənin hökmündədi. Kim ki, vəziyyəti, qarşı tərəfi idarə edə bilmir, demək həmin adamda idarəçilik qabiliyyəti yoxdu. Mənə hərdən zəng edirlər ki, yanınıza gəlmək istəyirik. Deyirəm, hesab elə ki, yanımdasan, sözünü telefonda de. Çünki yanımda olanda sənə hansı cavabı verəcəyəmsə, elə telefonda da həmin cavabı eşidəcəksən. Düzdü deyirlər ki, üz-üzdən utanır, amma mənim qəribə xasiyyətim var, o şeyi ki, eləyə bilmirəm, dərhal düzünü deyirəm. Adam var ki, uzadır, deyir baxarıq, gələn həftə bir zəng elə, filan. Mən heç vaxt belə eləmirəm.

Əjdər müəllim istirahət etməyindən söz açanda, bulvar tünlük olur deyə, bura gəlməyi çox da sevmədiyini bildirir. Amma deyir, idmanla məşğul olmasa da hər gün axşam piyada gəzir. Bəs görəsən yazmağa necə vaxt ayırır?

- Yayda az yazıram. Amma sentyabrdan başlayaraq maya qədər hər gün saat altıda, yeddiyə işləmiş oyanıb yazmağa başlayıram. Son illər axşamlar yazmıram. Yazmağa başladımsa, deməli gecəni yatmayacam. O da mənim iş rejimimə, əsəblərimə təsir edir. Ümuyyətlə, yazıçılarımıza səhər yazmağı məsləhət görürəm. Səhər yazılan yazıda o qədər də hissiyyata qapılmısan. İnsan hissiyyata qapılanda bəzən mətndə həqiqətləri təhrif edir. Səhərin yazıları daha duru olur. Həm də gecə yazan yazıçı gərək heç yerdə işləməsin. Ümumiyyətlə, təbiət etibarı ilə səhəri sevirəm. Uşaqlıqdan obaşdan yola çıxmağın dəlisiyəm.

Əjdər müəllim dillə bağlı xeyli narahatlıq keçirdiyini bildirir. Deyir, bir də görürsən hansısa aktyor məzəli bir ifadə işlədir, düşür adamların ağzına. Qulağı deşən ifadələri tez-tez işlətmək düz deyil. Deyir, Azərbaycan dili beyninin içində, dilinin altında olmalıdı. Deyir:

- Dil şüurla bağlı məsələdi. Kim yaxşı danışırsa, o aydın düşünür. Ola bilməz ki, aydın düşünən adam, bir müddətdən sonra aydın danışa bilməsin. Dolaşıq danışan adamlar, elə dolaşıq düşünənlərdi. İstəyirlər ki, nəyisə danışsınlar, amma danışıb qurtara bilmirlər. Bütün bunlara rəğmən insan öz dilini yaxşı bilməlidi. Azərbaycan dilində səlis danışmaq üçün hər cür imkan var. Qulağı deşən ifadələri mətndə çox işlətməyə gərək yoxdu. Məsələn, o gün Seyran Səxavətin jurnalda bir yazısını oxuyurdum. Orda tez-tez səbbim alındı ifadəsini işlənir. Bu sözləri mətndə dönə-dönə işlətmək oxucunu yorur. Oxucunu sözə tamarzı qoymaq lazımdı. O fikirləşməlidi ki, filan söz mətndə bir də nə zaman işlənəcək? Söz doğurmağı bacarmaqdan ötrü Azərbaycan dilini yaxşı bilmək lazımdı. Dili bilmək xüsusi bir sevgidi. Yeni uğurlu söz eşidəndə az qala qanad açıram. Azərbaycan dilində bütün yerli və gəlmə sözlərin mənasını bilirəm. Təbii ki, burda mənim ərəb və fars dillərinə bələdliyimin də rolu var. Azərbaycan dilində fellər və saylar son dərəcədə təmizdi, başqa dillərdən qatqı yoxdu. Amma sifətlərdə, isimlərdə fars və ərəb sözləri yetərincədir. Bəzən isə ərəbcə vasitəsilə başqa dillərdən keçən sözlər var. Maraqlıdır ki, bəzən bizim sözlər farscaya keçib sonra fars sözü kimi dilimizə qayıdıb. Sözlərin haradan gəldiyini bilmək lazımdı. Bir dəfə dostum örs-qars olmaq ifadəsinin hardan qaynaqlandığını soruşdu. İnsanların münasibəti korlananda deyirlər adətən bu ifadəni. Birdən yadıma Qarsda baş verən rus-türk müharibəsi düşdü. Rus sözü zamanla örs kimi səslənərək nəticədə örs-qars kimi dillərə düşüb.

Müsahibim deyir söz enerji daşıyıcısıdır, hərəkətvericidi. Sözlər kitablarda yatıbdı. Oxumağa açdığın an hərəkətə gəlirlər. Sözlər diriləndə onların qarşısında durmaq lazımdı, onlarla ehtiyatlı davranmaq gərəkdir. Kitablar sənə müdriklik də, sevgi də təlqin edə bilərlər, ümidsizlik də. Bu arada Əjdər müəllimə daha bir zəng gəlir. Söhbətə qayıdanda isə Əjdər müəllim son vaxtlar dostları ilə görüşməyə imkan tapmadığını deyir:

- Məclisdə uzun-uzadı otura bilmirəm. Bu yaxınlarda bir xarici səfərdəydim. Nahar fasiləsi zamanı təqdimat olan yerə boşqablarda yemək gətirdilər. İyirmi dəqiqə ərzində yeməyimizi yedik, söhbətimizə davam etdik. Yeməkdən ötrü restorana getmək üçün bir saat yol get, sonra üç, dörd saat restoranda vaxt itir, yenidən bir saat da geriyə qayıtmağa vaxt ayır. Saatlarla hardasa yeyib-içmək mənim üçün böyük məşəqqətdi. Ancaq sadə məclislərdə, bir çay süfrəsi arxasında söhbət etməkdən zövq alıram.

Səlim Babullaoğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Xoca Xalid, Rüstəm Behrudi, Vaqif Bəhmənli, Ramiz Rövşən, rejissor Bəhman Osmanov, aktyor Ağalar Bayramov yaxın dostlarımdı, vaxt olan kimi mütləq görüşürük.

Əjdər müəllim deyir ki, ədəbi mühitdən kənarda olan dostları çox azdı:

- Kim deyirsə, dostluq maddiyyat məsələsidi, yalan deyir. Dostluq mənəvi məsələdi. Qalanları sadəcə iş yoldaşları, tanışlar ola bilər.

Soruşuram ki, Əjdər müəllim, indi ədəbi mühitdə dedi-qodu çox dəbdədi. Həmişəmi belə olub, ya bu da keçid dövrünün fəsadlarıdı?

- İş olmayan yerdə dedi-qodu həmişə var. Çox iş görmüş adamların həyatında heç vaxt dedi-qodu ola bilməz. Mən inanmıram ki, Anar müəllim, Fikrət Qoca, Afaq Məsud, yaxud, Musa Yaqub, Vaqif Yusifli, Paşa Qəlbinur, Əli Əmirli, Tofiq Nurəli, kiminsə dedi-qodusu ilə məşğul ola. Amma deyim ki, bunun yaxşı tərəfi də var, ha... Bəzi adamlar bu işlə məşğul olanda stress atırlar, yüngülləşir, ürəkləri soyuyur. Deməli, bir gün yazıçılar Yazıçılar Birliyində İslam Səfərlinin otağında yığışırlar, ordan-burdan danışırlar, yəni dedi-qodu edirlər. Uzun-uzadı söhbətdən sonra danışmağa söz qalmır, axırda İslam Səfərli zarafatla dostlarına deyir ki, biriniz getsəydiniz dalınca danışardıq. Bir dəfə də Süleyman Rüstəm İslam Səfərlinin otağından çıxanda otaq yiyəsinə deyir ki, birinci sən çıx. İslam Səfərli tutulur, deyir, axı bu mənim otağımdı. Süleyman Rüstəm də qayıdır ki, nə olsun sənin otağındı, mən birinci çıxsam, mənim dalımca danışacaqsan axı.

Gülüşürük. Əjdər müəllimin məzəli əhvalatları gözəl nəql eləməsi var. Elə bilirsən hadisəni indicə görməkdən gəlirsən. Söhbətimiz yekunlaşmaq üzrə idi. Qonağım da tələsirdi. Havanın istisindən də narazı deyildi, vaxtın azlığından da, söhbətdən razı qalıb-qalmadığı isə yəqin yazı qəzetdə boy göstərəndən sonra bilinəcək:

- Adam var, ağzını açan kimi gileylənməyə başlayır. Bir balaca gün çıxan kimi deyir, istidi. Yel əsən kimi, başlayır ki, görürsən də necə küləkdi? Deyirəm, axı küləyin vıyıltısı məndə gözəl hisslər oyadır, mən onun musiqisindən zövq alıram. Deyir, hər şeyə şairanə baxırsan. Cavab verirəm ki, noolar, bir dəfə də sən aləmə şairanə bax də. Bir nəfər gileylənirdi ki, dünyada dost yoxdu. Dedim, sən ona görə belə düşünürsən ki, özün dost deyilsən. Adamları sevmirsən deyə, hamı gözünə düşmən görünür. Deyəndə ki, dünyada yaxşı adam yoxdu, çaşıb qalıram. Mən o qədər yaxşı adamlara rast gəlmişəm ki, axı onlar çoxdu. Bəlkə onların hamısı mənə rast gəliblər? Bəlkə bu, mənim adamlara münasibətimin əksidi. Biz insanlarda özümüzü sınayırıq. Hər bir insan bizim güzgümüzdü. Mən öz xarakterimi sizdə sınayıram, siz məndə.

Doğrudu, bədxah adamlar da var. İnsanları sevməyən adam bədbəxt adamdı. Necə olur, Azərbaycanı sevə bilirsən, onun insanlarını sevmirsən? Torpağı sevməyə nə var ki? Sənə mane olmur. Ağacları, çiçəkləri sevməyə nə var ki? Çünki sənə rəqib deyillər. Səmanı sevməyə nə var ki? Günəş sənə təmənnasız xidmət edir. Amma bir adam mənafeyinə toxunan kimi üzün əyilir.

 

Fevziyyə

 

525-ci qəzet.- 2015.- 4 iyul.- S.16-17.