Səni sevirəm, teatr!..

 

"Teatr asılqandan başlayır!" - deyiblər bu sehirli aləmin hər cür cəfasına dözənlər! Salon dolu tamaşaçı alqışına, bir dəstə çiçəyə, bir tərifli rəyə, bir təbəssümə görə aylarla, illərlə çəkdikləri əziyyəti unudanlar, səhnənin tozunu dünyanın ən qiymətli ənlik-kirşanı sayanlar, bəzən də ən adi insani xoşbəxtlik və səadətlərini, sevdiklərini sevildiklərinə qurban verənlər, ağrı-acılarını, qayğı və narahatlıqlarını elə teatrın giriş qapısında soyunub asılqandan asan sənət fədailərinin çoxusu bu fikirdədir!

Həmin gün, yəni özünün növbəti 105-ci mövsümünü bağlamaq üçün bir araya gələn Azərbaycan Dövlət Musiqili Teatrı da öz kollektivinə bu həqiqəti bir daha xatırlatdı və onu da vurğuladı ki, "Həyat bir teatr, insanlarsa aktyor olsalar da" burada hər şey təkcə asılqandan başlamır. Əslində, bu bir məcazdır və teatra vurğunluğunu izhar edib, çox vaxt özünü onun zahiri parıltısına və şöhrətinə qurban verənlərin hər kəsdən daha çox diqqətə, sevgiyə, qayğıya ehtiyacı var.

Daha dəqiqi, Teatr asılqandan başlasa da sənət Sevgidən qaynaqlanır!

Sevgi təəccüb və maraqdan başlayır!

Maraq - bu mürəkkəb və keşməkeşli dünyanı dərk etmək zərurətindən!

Təəccüb-şüuraltı bilgilərini hər fürsətdə təkrar yaşamaq eşqinin yaratdığı minnətdarlıq hissindən barınır!

Beləcə bir sevginin və minnətdarlıq hissinin qürurunu yaşadı həmin gün bütün kollektiv və mənə elə gəlir ki, həmin gün o teatr asılqanın qarşısındakı foyedə yaşananlar da, açılan hər zərfdən adı səslənən şəxsin fərdi sevinci deyildi, hər kəsin bölüşə biləcəyi bir fərəh duyğusu idi.

İllər boyu ənənəyə çevrilmiş bağlanış mərasimlərinin məzuniyyət öncəsi keçirilən rəsmi iclaslarında rəhbərliyin mövsüm boyu teatrda görülən işlər, oynanılan tamaşalar, qazanılan uğurlar, teatra gələn yeni işçilər, təqaüdə gedənlər, dünyasını dəyişənlər barədə məlumatını, bir sözlə, istehsalat hesabatını dinləməyə hazırlaşanlar qarşılaşdıqları mənzərədən çaş-baş qalsalar da ümumi ab-hava, təntənəli musiqi sədaları hər kəsi tamam başqa bir ovqata kökləyirdi.

Teatrın tanınmış aktyoru, Əməkdar artist Əkbər Əlizadə nəhayət ki, həmkarlarını da, tədbirə dəvət olunanları da "intizardan qurtardı".

- Sizi təbrik edirəm, bu gün heç kəs danlanmayacaq, heç kəsin xətrinə dəyilməyəcək, hövsələnizi basıb bu istidə müdiriyyətin də hesabatını dinləmək məcburiyyətində qalmayacaqsınız. Bizim teatr ölkənin sənət ocaqları arasında ilk dəfə öz işçilərini məzuniyyətə bu il bir az fərqli yola salmağı planlaşdırıb. Təfərrüatı sizə teatrımızın direktoru, bu işin təşəbbüskarı Əliqismət Lalayev açıqlayacaq.

Həmin gün həm də doğum gününü qeyd edən direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev hər kəsə mövsüm boyu çəkdiyi zəhmətə, sənətə sədaqətinə, teatra məhəbbətinə görə təşəkkür edir və bildirir ki, rəhbərlik 105-ci mövsümün başa çatması ilə əlaqədar olaraq il boyu istedadı ilə seçilən, maraqlı obrazları, sənət uğurları ilə fərqlənən yaradıcı gənclərin, tamaşaların qüsursuz və yüksək texniki təminatla nümayişinə nail olmaq üçün bütün imkanlarını səfərbər edən və öz peşəkarlıqları, məsuliyyət hissi ilə hər kəsin rəğbətini qazanan texniki işçilər, teatrın inkişafina xidmət edən ayrı-ayrı sex və sahələrin əməkdaşları müxtəlif nominasiyalar üzrə xüsusi mükafata layiq görülüblər və bu proses çox ciddi şəffaflıqla və gizli səsvermə yolu ilə aparılıb.

- Elə bilirəm ki, bir azdan adı açıqlanacaq hər kəsin bu mükafata layiq olduğunu sizin alqışlarınız da təsdiq edəcək! Əminəm ki, teatr tariximizdə ilk dəfə arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara yeni ruh, yeni həvəs, böyük stimul verəcək.

Təntənəli mərasimdə ilk nominasiyanı - "Mövsümün ən yaxşı aktrisası" nominasiyasının qalibini müəyyən etmək üçün Xalq artisti, "Şöhrət " ordenli Afaq Bəşirqızı dəvət olunur. Afaq xanım illərdən bəri onunla çiyin-çiyinə çalışan bütün iş yoldaşlarını-həmkarlarını, zəhmətinin bəhrəsi səhnədə göz önündə olan, özləri isə həmişə səhnə arxasında qalan yaradıcı və texniki işçiləri daha bir mövsümə uğurla yekun vurduqları üçün təbrik edir, onlara xoş istirahət, növbəti mövsümdə yeni sevinclər arzulayır və onu da əlavə edir ki, yenicə layiq görüldüyü Prezident təqaüdünün alacağı ilk pulu ilə qaliblərin şərəfinə qonaqlıq təşkil edəcək.

Sonra o, zərfi açır və "Mövsümün aktrisası" nominasiyasının qalibi kimi gənc və istedadlı aktrisa Gültac Əlilinin adını elan edir.

Gültac sözün əsl mənasında mövsümün ən məhsuldar və cəfakeş aktrisalarından sayılır. Teatrda son illər yenidən tamaşaya qoyulan əsərlərdə - "O olmasın, bu olsun", "Qızıl toy", "Toya bir gün qalmış" tamaşalarında yaratdığı maraqlı rolları ilə tamaşaçıların sevimlisinə çevrilən ifaçı həm də sonuncu tamaşanın premyerasından cəmi bir neçə gün sonra yenidən ana olması ilə yadda qaldı. Bu həm də gənc xanımın hər kəsin qaldıra bilməyəcəyi böyük və məsul bir yükə çiyin verməsinə, fədakarlığına və böyük səhnəyə tükənməz məhəbbətinə yaxşı bir sübutdur.. Gültac mükafatı alandan sonra həyat yoldaşı və tərəf müqabili Hüseyn Əlili ilə bərabər "Səni sevirəm" mahnısını ifa etdi. Əslində bu mahnı təkcə bu iki gəncin yox, bütövlükdə böyük səhnəni öz doğma evi bilən, hər an teatrın qayğıları ilə yaşamağı bacaran insanların etiraf nəğməsi sayıla bilər: "Səni sevirəm, Teatr!" -deməyə haqqı var bu insanların!

- Mən illər boyu xəyal edirdim ki, kaş böyük səhnədə lap balaca bir obraz oynayaydım! İnana bilmirəm ki, 105-ci mövsümdə mənim bu xəyalım gerçək oldu, özümü kiçik bir obrazda görmək istəsəm də, mənə daha böyük şans verdilər. Dahi Üzeyir bəy Hacıbəylinin məşhur "O olmasın, bu olsun" operettasında Sərvər obrazını mənə həvalə edəndə çox həyəcan keçirdim. İndisə sizin qarşınıza "Mövsümün ən yaxşı aktyoru" nominasiyasının qalibi kimi çıxmışam və sevinirəm bu mükafatı mənə Xalq artisti, "Şöhrət" ordenli aktyorumuz, professor İlham Namiq Kamal təqdim edir. Başa düşürəm ki, bu kollektivimin mənə göstərdiyi böyük etimaddır və mən onu doğrultmaq üçün daha səylə çalışmalıyam". Bu sözləri isə gənc vokalçı Amil Həsənoğlu "Mövsümün ən yaxşı aktyoru" mükafatını qəbul edərkən söylədi.

Digər teatr ocaqlarından fərqli olaraq Musiqili Teatrda həm mükəmməl aktyor oyunu, həm yüksək musiqi qabiliyyəti, yəni vokal, səs imkanları, həm də peşəkar səviyyədə rəqs və balet bacarığı tələb olunur. Elə buna görə də hər adam bu teatrda uzun müddət duruş gətirə bilmir. Yalnız yaxşıların ən yaxşısı kollektivin daimi üzvü, bu böyük ailənin bir fərdi ola bilir. Bütün tamaşa boyu səhnə əsərlərinin əsas ideyasının açılmasına yönələn, həm də tamaşaçılara xoş ovqat bəxş eləyən zərif rəqslər həmişə məmnuniyyətlə baxılır. Bu üzdən də təşkilatçılar növbəti nominasiyanı "Mövsümün ən yaxşı balet artisti" üçün nəzərdə tutublar. Qalibin adını açıqlamaq üçün teatrın baş baletmeysteri Zakir Ağayev dəvət olunur və o zərfdən çıxan kiçik vərəqədə Cəlalə Novruzlunun adını oxuyur.

"Mövsümün ən yaxşı balet artisti" kimi onun da yaradıcılıq uğurları göz qabağındadır. Cəlalə "Qızıl toy", "www.fərzəli.com", "Talelər qovuşanda", "Mən dəyərəm min cavana", "Düyməcik", "Skapenin kələkləri", "Ər və arvad" musiqili komediyalarında öz plastikası, maraqlı rəqs elementləri ilə tamaşaçı rəğbəti qazanan balet artistlərindən biridir. Sənət dostlarının, xüsusilə də, balet qrupunun gurultulu alqışı onun bu mükafatı almağa haqqı olduğunu bir daha təsdiq edir...

Həmin gün digər mükafatlar da öz sahiblərinə çatdırılır.

Səma Cəfərova "Mövsümün ən yaxşı xor artisti", Hacı Məmmədov "Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)", Yelena Almazova "Mövsümün ən yaxşı sex rəisi", Məcid Hüseynov "Mövsümün ən yaxşı texniki işçisi", Əzizağa Əzizov "Mövsümün sevilən aktyoru", Əliməmməd Novruzov "Mövsümün perspektivli aktyoru", aktrisa Svetlana Bulax "İlin yubilyarı" və rəssam Nabat Səmədova "Günün yubilyarı" seçilir. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi "Toya bir gün qalmış" tamaşası isə "İlin ən yaxşı tamaşası" nominasiyasının qalibi kimi alqışlanır...

Teatrın direktoru Əliqismət Lalayev yenidən söz alır. O, teatrın bu təşəbbüsünün Mədəniyyət və Turizm Nazirliyində maraqla qarşılandığını deyir və elə bu arada nazir müavini Ədalət Vəliyev zəng vurur. Telefonun səsgücləndiricisində onun tanış səsini eşidən yaradıcı heyət hər vaxt onlara qayğı və diqqətlə yanaşan nazir müavininin təbrik nitqinə məmnuniyyətlə qulaq asır və sonda öz alqışları ilə ona minnətdarlıqlarını bildirirlər.

Sonra Ə.Lalayev bildirir ki, Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıxovun ailəsi də bu tədbirin daha dolğun keçməsi və yaddaqalan olması üçün çalışıb və böyük sənətkarın adına təsis olunan "Büllur alma" mükafatı Əməkdar artist Səidə Şərifəliyevaya və aktyor Səmədzadə Xasıyevə verilir. Bütün qaliblərə pul mükafatları və xüsusi prizlər təqdim olunur. Daha sonra aktyorlar Emil Heydərov, Marina Litvenonko, Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif olunurlar. Diplomları qaliblərə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov təqdim edir...

Hər kəs maraqla tədbirin növbəti mərhələsini izləyir. Sən demə tədbirin təşkilatçıları onun əsas ideya daşıyıcısından Əliqismət müəllimdən xəbərsiz onun həm doğum gününü, həm də müasirliyə can atması, yeniliyə daha çox üstünlük verməsi, kollektivə dəyər verməsi, onun hər bir üzvünə sayğı ilə yanaşması kimi son vaxtlar təəssüf ki, bir çox idarə rəhbərləri tərəfindən unudulan mütərəqqi cəhətini də diqqətdən kənarda qoymayıb. Onu "İlin ən yaxşı direktoru" nominasiyasının qalibi elan edən kollektiv tədbiri böyük bir tort üzərində alışıb yanan 105 şamın işığında gözəl bir rəqslə yekunlaşdırır.

Əslində bu, qocaman və zəngin ənənələri olan böyük bir kollektivin bugünkü taleyinin və yaradıcılıq bioqrafiyasının tarixə çevrilən bir günü oldu. Mükafat alanlar da, həmkarlarının uğuruna sevinən və qəlbinin lap dərinliyində özünü də növbəti illərdən birində bu mükafatçılar arasında görmək istəyən gənclər üçün bu çox vacib bir addım idi. Söhbət mükafatların maddi mənasından yox, mənəvi dəyərindən gedir. Bu insanlar bilirlər ki, onları sevən, zəhmətinə dəyər verən, istedadlarının cilalanmasına diqqət yetirən, öz əməkdaşının teatr üçün, səhnə üçün arzuolunan, qəbul edilən, yeri görünən olduğunu hər fürsətdə nəzərə çarpdıran bir rəhbərlik, bir kollektiv, bir ailə var! Bu hissi yaşamaq, insanların az qala qurd kimi ağız-ağıza yatdıqları, bütün ülvi dəyərləri az qala heçə endirən bir dünyada yaxşı ki, hələ nələrisə qoruyub saxlamaq mümkündür. Elə buna görə də bu yazımı çox sevdiyim Mövlana Cəlaləddin Ruminin, hikmətini Peyğəmbər nurundan almış bir kəlamı ilə yekunlaşdırmaq istəyirəm:"Yüz Kəbədən yüyrəkdir bir könül ziyarəti!" Könüllərimiz həmişə işıqlı fikirlərə nurlansın!

 

P.S. Teatr bu mövsümün son tamaşasını iyulun 12-də oynayacaq! Həmin gün sevdiyimiz aktyorlar dahi Üzeyir bəy Hacıbəyli ilə bərabər "O olmasın, bu olsun"-deyəcəklər. Baxmağa dəyər! Axı biz yenə "Səni sevirəm, teatr!..."söylədik.

 

Telli Pənahqızı

 

525-ci qəzet.- 2015.- 10 iyul.- S.4.