Azərbaycan mülki aviasiyası:

keçmişi, bugünü və gələcəyi

 

Bir əsrlik tarixə malik Milli Aviasiyamız

 

18-ci əsrin sonlarına qədər buludların üzərinə qalxmaq insanların əlçatmaz arzusu olub. Nəyin bahasına olursa-olsun öz məqsədlərinə çatmaq istəyən insanlar qanadları olmasa da ağılları sayəsində uçmaq arzusunu reallaşdırmağa çalışıblar. Hətta bunun bir ucunda ölüm dayansa belə.

Əsrlər bir-birini əvəz etdikcə dövrün insanları müxtəlif möcüzələrin, o cümlədən, "sehirli xalça"nın reallığa çevrildiyinin şahidi olublar. İlk dəfə 1783-cü ildə Jozef və Etyen Monqolfye qardaşları hava şarını ixtira ediblər. Bu havaya qalxan ilk uçuş aparatı kimi tarixə düşüb. Lakin hava şarları vasitəsilə istənilən məsafəyə uçmaq mümkün deyildi: anidən küləyin qopması müxtəlif fəsadların baş verməsinə səbəb olurdu. Nəhayət, arzuları reallaşdıran uçuş aparatı bundan 2 əsr sonra ixtira olunub. Uilbur və Orvill Rayt qardaşları 1903-cü ilin dekabrın 17-də ixtira etdikləri iki pərli, primitiv uçuş aparatı ilə təyyarə erasının başlanğıcını qoyublar.

 

Səmanı fəth edən ilk azərbaycanlılar

 

Azərbaycan səmalarında ilk dəfə uçan aparat 105 il əvvəl görünüb. 1910-cu ilin 20 oktyabrında Bakı şəhərində təyyarə ilə ilk sınaq uçuşu uğurla həyata keçirilib. Sergey Utoçkinin idarə etdiyi "Farman-4" sistemli fransız biplanı kiçikdən tutmuş böyüyə kimi görənləri heyran edib. Çünki buna qədər Azərbaycanda demək olar ki, heç kəs göy səmada quşlardan savayı uçan hər hansı bir obyektə rast gəlməyib. Aviasiya tarixinə düşmüş ilk azərbaycanlı aviatorların fəaliyyəti də 1910-1920-ci illərə təsadüf edir.

Əli bəy Verdiyev 1910-cu ildən başlayaraq Fransada aviamühəndislik təhsili almış, 1916-cı ildə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən pilot-aviator diplomuna layiq görülüb. Birinci Dünya müharibəsi dövründə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmiş, sonra isə məzunu olduğu məktəbin müdavimlərinə uçuş dərsləri verib.

O, yeni təyyarələrin sınaq uçuşlarını tənzimləyən təlimatçı olmaqla yanaşı, həm də mühəndis-mexanik kimi, təyyarələrin sazlığına nəzarət edib. Ə.S. Verdiyev 1918-ci ildə Azərbaycana qayıdaraq, mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib. Fərrux ağa Məmmədkərim oğlu Qayıbov Azərbaycanın aviasiya tarixinə ilk hərbi təyyarəçi kimi düşüb. 1910-cu ildə məktəbi əla qiymətlərlə bitirən Fərrux Peterburqdakı Konstantinov artilleriya məktəbinə daxil olub. Buradakı təhsil illərində gənc Fərrux özünün iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, cəsurluğu, xüsusilə topdan dəqiq atəş açmaq bacarığı ilə diqqəti cəlb edib.

Nəticədə o, məktəbin birinci mükafatına layiq görülüb. Həmin mükafat İseçrədə hazırlanmış qızıl saatdan ibarət idi. Saatın arxasında "Yunker Fərrux ağa Qayıbov, 1913-cü il" sözləri həkk olunub. Az müddət ərzində poruçik rütbəsinə yüksələn F. Qayıbov Birinci Dünya Müharibəsi başlayanda Qərb cəbhəsindəki rus aviasiyası tərkibində hərbi əməliyyatlarda iştirak edib. O, "İlya Muromets - 16" tipli bombardmançı təyyarənin uçuş heyətində mahir atıcı pilot kimi tanınıb. 25 yaşlı Fərrux 1916-cı il sentyabrın 12-də qeyri-bərabər döyüş uçuşunda düşmənin dörd təyyarəsini vurub, özü isə heyət üzvləri ilə birlikdə həlak olub.

 

Cümhuriyyət dövründən

başlanan aviasiya tariximiz

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə aviasiyanın inkişafı istiqamətində bir sıra önəmli addımlar atılıb. 1919-cu ildə Gürcüstanla bağlanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, bir qrup əsgər və zabitimiz təcrübə keçmək üçün bu ölkəyə ezam olunub. Onlardan 9-u hərbi təyyarəçi peşəsi üzrə ixtisaslaşıb. Kapitan Firudin bəy Mirzə Qacar, praporşiklərdən Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə, Qaraşarov həmin zabitlər dəstəsində olublar.

Azərbaycan aviasiyanın tarixində uzaq məsafəyə ilk uçuş da məhz Cümhuriyyət dövründə - 1919-cu ildə həyata keçirilib. Bakı aerodromundan səmaya qalxan "Farman-30" tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın Krasnovodsk şəhərində uğurlu eniş edib. Ölkənin müdafiə qüdrətinin artırılmasında aviasiyanın rolunu düzgün qiymətləndirən Xalq Cümhuriyyəti hökumətinin 1919-cu ildə orduda hərbi aviadəstənin yaradılması barədəki qərarı həmin dövr üçün mühüm əhəmiyyət kəsb edib. Lakin hərbi hava qüvvələrini inkişaf etdirmək, kadrların peşəkarlıq səviyyəsini artırmaq Cümhuriyyətin qurucularına qismət olmayıb.

1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən sonra bütün sahələrə olduğu kimi mülki aviasiyaya da Moskva nəzarət etməyə başlayıb. 1923-cü ildə ZAKAVİA - Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. Bu Cəmiyyətin təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" Birliyi olub. ZAKAVİA-nın təyyarələrindən aerofoto çəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə olunub. Artıq 1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib. İki il sonra isə Keşlədə aerodrom istifadəyə verilib və mülki "Hava stansiyası" yaradılıb. 1926-cı ildə Mineralnıye Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirilib.

Həmin dövrdə Bakıda, Yevlaxda və Şəkidə "Dornye-Kometa-3" və "Dornye-Merkuri" tipli təyyarələrin yerləşdiyi hava limanları da fəaliyyət göstərib. Qeyd edək ki, bu tip təyyarələrin ekipajı 2 nəfərdən ibarət olub. Hər bir uçuşun müvəffəqiyyətli sonluğu onların məharətindən asılı idi. Çünki həmin dövrdə təyyarələrdə heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək kursu müəyyənləşdiriblər. Lakin təyyarəçilərin ixtiyarında olan hava gəmilərinin qeyri-mükəmməl olmasına baxmayaraq, 1929-cu ildə Xarkov-Bakı-Pəhləvi beynəlxalq xətti açılıb. 1938-ci ilin iyunun 2-də isə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Məhz bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü elan edilib. Həmin dövrdə Sovet İttifaqının əsas neft istehsalçısı olan Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib. Sözsüz ki, bu inkişafda aviasiyamızın da xüsusi rolu olub. Qeyd edək ki, o illərdə təyyarəçi Teymur Mustafayev Xəzər dənizi üzərindən uçarkən suyun üzərində neft ləkələri görüb. Hava limanına qayıtdıqdan sonra o, bu yerin koordinatları haqqında geoloqlara məlumat verib. Sonradan bu yerdə böyük karbohidrogen yataqları kəşf edilib. Beləliklə, mülki aviasiya həm də yeni sahənin-dənizdə neftçıxarmanın yaradılmasının iştirakçısına çevrilib.

Lakin İkinci Dünya Müharibəsinin başlanması və 1941-ci ildən 1945-ci ilədək "Hər şey cəbhə üçün" devizi mülki aviasiyamızı müharibə qanunlarına tabe edib. Bu baxımdan, Azərbaycan təyyarəçilərinin əmək və döyüş qəhrəmanlıqları qələbə uğrunda canlarını qurban verənlərin adları ilə birgə tarixə həkk olunub.

 

MDB məkanının lideri - AZAL

 

Mülki aviasiyamızın bu günü haqqında danışarkən Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1992-ci ilin 15 iyunundan fəaliyyət göstərən Milli Aviasiya Akademiyasının kadr hazırlığında oynadığı rolu qeyd etməmək olmaz. Hal-hazırda Milli Aviasiya Akademiyasında hava gəmilərinin texniki istismarı, onların idarə olunması, uçuşların təhlükəsizliyi ilə bağlı bir çox ixtisaslarda gələcəyin aviasiya mütəxəssisləri yetişdirilir və bu işdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin rolu olduqca böyükdür. Onun səyləri nəticəsində Milli Aviasiya Akademiyası mütəxəssislərin hazırlanması sahəsində dünyanın müxtəlif ölkələrinin ən qabaqcıl ali təhsil müəssisələləri ilə əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2008-ci il tarixli Fərmanına görə, həmin gündən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tam uyğundur. Hazırda "Azərbaycan Hava Yolları" aviaşirkəti İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınan mötəbər mülki aviasiya birliklərinin bərabərhüquqlu üzvüdür. Hal-hazırda aviaşirkətin aviaparkı təhlükəsizliyin bütün tələblərinə cavab verən müasir avialaynerlərdən ibarətdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun keçən ilin aprelin 23-də açılışı olan yeni aerovağzal kompleksi isə uçuşların təhlükəsizliyinə daha etibarlı təminat yaradan, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə imkan verib. Bununla da ölkənin əsas hava limanının strateji əhəmiyyəti daha da artıb.

Milli aviadaşıyıcımız olan AZAL-ın təyyarə parkında bu gün yetərincə "Airbus A-320", "Boeing-757-200", "Airbus A-319", "Airbus A-340-500", "Boeing-767-300ER" və "Embraer-ERJ 170-100LR", "Embraer ERJ 190-100", "Boeing-787-8 Dreamliner" kimi ən müasir avialaynerlər var. Bununla, uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz aviareyslər həyata keçirmək mümkündür. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, eyni zamanda Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. "Azərbaycan Hava Yolları"nın təyyarələri hazırda dünyanın 32 şəhərinə uçur. Nəhəng aviaşirkətə çevrilmiş AZAL yeni avialaynerlərin sayına görə MDB məkanında liderlərdən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə "Azərbaycan Hava Yolları" 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

Müasir dövrü ən etibarlı və təhlükəsiz minik vasitəsi olan təyyarələrsiz təsəvvür etmək mümkün deyil. Bu gün insanlar uçuş aparatları vasitəsilə dünyanın bir nöqtəsindən digərinə ən qısa zamanda səyahət edə bilirlər. Ona görə də, aviasiyanın inkişafı hər bir dövlətin prioritet istiqamətlərindən biri hesab olunur. Bu mənada 1 əsrdən çox tarixi olan Azərbaycan milli aviasiyası dövlət səviyyəsində göstərilən yüksək qayğı və diqqət sayəsində dövrün ən qabaqcıl tələbləri ilə ayaqlaşmaqdadır. Bunun nəticəsidir ki, hal-hazırda AZAL "Skytrax" marketinq şirkətinin dünyanın 100 ən yaxşı aviaşirkətinin reytinq sıralamasında Almaniya, ABŞ, Portuqaliya, İslandiya, Səudiyyə Ərəbistanı kimi ölkələrin şirkətlərini arxada qoyaraq 66-cı yerə yüksəlib. Bu müstəqillik dövründə yaranan "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün mühüm göstəricidir.

Bu onu deməyə əsas verir ki, uğurlu inkişaf strategiyasına malik "Azərbaycan Hava Yolları" yaxın gələcəkdə dünyanın ən aparıcı aviaşirkətləri sırasında özünə layiqli yer tutacaq və təkcə ölkə miqyasında deyil, həm də beynəlxalq uçuşların həyata keçirilməsində liderliyi ələ alacaq.

 

Ceyhun ABASOV

 

Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 

525-ci qəzet.- 2015.- 15 iyul.- S.6.