Metamorfoz

 

"Mən həyatı sevmişəm və onun gözəlliyi uğrunda döyüşmüşəm"

 

Yulius Fuçik

 

Dan üzünün qızartısına nə vaxtsa tapınmısanmı?.. Sevincin dadına-tamına necə, aldanmısanmı? Kədərin necə, o qoca, qosqoca kədərin nə vaxtsa şəklini çəkmisənmi?.. Çəkə bilmisənmi? Xatirələr, necə, bilirsənmi nə rəngdədir? Ölmüş duyğularla baş-başa qalanda Tanrıya deməyə söz tapdınmı, dualara tapına bildinmi? Əllərin dərgaha uzananda əllərindən yapışan oldumu?.. Suallar nə qədər desən... Dünya bütövlükdə elə özü də bir sual işarəsi deyilmi? Cavab axtarırsansa, Məzahir Əhmədoğlunu oxu! Amma bu suallar onda cavablanmaq əvəzinə, yeni bir suallaşma biçimində boylanacaq. Bəşəri və ağır kədərilə, dərin və heyrətamiz sevgisiylə, dünyaya, insana doğru aparan, onun dərkinə hayqıran güclü nəfəsi və ruhuyla bu sualların cavabını səninçün açıq qoyacaq. Sonra istəsən də, istəməsən də oxuya-oxuya ona qoşulub duyğular aləmində bu cavabların axtarışına birgə çıxacaqsınız. Burda, bu dünyada, Məzahir məmləkətində çox adama rast gələcəksən. Dosta-tanışa, doğmaya-yada, sevənə-sevilənə... Dünya qarşında canlanacaq, bütün gözəlliyi və qəribəliyilə. Və sən sevəcəksən... İnsanı, həyatı, elə Məzahirin özünü və yazılarını. Biz hamımız orda, Məzahir dünyasında görüşəcəyik. Təbii, Məzahirin münsifliyilə. Onun böyük kədərinin kölgəsində özümüzü axtaracağıq, itmiş ümidlərimizin sorağına düşəcəyik...

 

Sevgi məktubları kimi...

 

Sevginin yaşını bilən varmı? Bəlkə o doğrudan da eləcə 15-20 yaşında olur? Min illər yol gəlsə də. Sevgi bəlkə təzəlikdədir? Duyğular da köhnəlir, hisslər də korşalır... sevgi də qocalır. Bəlkə sevgi müəmmadadır, anlaşılmazlıqdadır. Şair demiş (Camal Yusifzadə), bəlkə ona görə məhəbbət uzaqdan gəlir, lap çox uzaqdan! Haradır o uzaqlıq? Bəlkə bəşəriyyətin durmadan getdiyi ünvan elə üzü məhəbbətədir? Bəlkə elə bütün elmi-texniki tərəqqilər, kəşflər- kibritdən tutmuş atom silahınadək, fəlsəfi-estetik ayrıntılar, bədii əsərlər, poeziya, səmavi kitablar sevgiyə doğru yolumuzun kəsişən, kəsişməyən uçuşlarıdır? Hər halda, nə ediriksə, bütün ibtidai eksperimentlərimizdən tutmuş, mürəkkəb konstruksiyalı nəticələrimizə qədər hər şeyin mayasında sevgi yaşayır. Bu məqamda sözə olan sevgini, əbədən, qeyd etməmək olmur. Sözə olan sevgi, sevginin söz dili... Bəlkə də hər bir yaradıcılıq, hər bir əsər, eləcə sevgi yaşındadır?

Danmayaq. Müasir dövrdə, cəmiyyətimizdə sözün də, sevginin də dəyəri, dəngi düşüb. Çünki dəyərsizliyin dəyərlənən vaxtıdır. Bu gün sözün keşiyində dayanan, sözlə sevgi, məhəbbət ehtişamı quran, müqəddəslik ehramı ucaldanlar azalıb, çox azalıb. Sanki sözün də, sevginin də anoxronizmi yaşanır. Bu gün onları qorumaq və yaşatmaq nə qədər ağrı-acılı olsa da, kişi işidir, mərdlikdir. Mən əziz dostum, qardaşım Məzahir Əhmədoğlunun bu konuda cəfalarını, çabalarını böyük heyrət və məmnunluqla qeyd etməyə bilmərəm. Biz bir az köhnə adamlarıq, sovetdən qalmayıq, Sovet jurnalistikasının patriarxlarıyıq, amma arxaik deyilik. Köhnəliyi burda müəyyən mənada oturuşmuş, professional və həm də təəssübkeş, mərd, yenilməz kimi də almaq olar. Və alın. Mən bunu həm də ona görə deyirəm ki, bu meydanda jurnalistikanın Məzahir Əhmədoğlu kimi müqtədir, qürurlu, nüfuzlu və istedadlı bir nümayəndəsi də var. Və məhz, məxsusən buna görə də fəal yazı-pozu aləmindən müəyyən mənada uzaq düşməyim məni heç də ilgiləndirmir. Məzahir var, Məzahir Əhmədoğlu... Düşünürəm ki, qələmə "xəyanət" edən mənim kimi dostların da əvəzinə yazır, ədəbiyyat və jurnalistika qarşısındakı "üzüqaralığımızı" "pudralayır"...

Dedim ki, Məzahir köhnə jurnalistdir. Mərd, dönməz, sözü bütöv, peşənin təəssübkeşi və həm də sevdalısı... Hər türlü inancların sarsıldığı, bayağılığın və arsızlığın at oynatdığı indiki zəmanəmizdə qələmə, yazıya, sözə, yaradıcılığa bu Məzahir inamı, bu inamdan boylanan Məzahir sevgisi, məhəbbəti hardandır? Bu gücü, bu qüvvəti o hardan alır?.. Sönməyən ehtiras, uşaq şıltaqlığı, yeniyetmə dəcəlliyi, gənclik qaynarlığı bu yazılara hardan süzülüb gəlir? Yenə sevgiyə qayıdaq, eleksiri sevgidə arayaq. Məzahir yazılarındakı mövzunu da, süjeti də, fabulanı da, obrazları da sevgi ilə süsləyir. Onun hər yazısı bir sevgi dastanıdır, hər biri bir sevgi ömrü yaşayan, sanki öz sevgi yaşı olan sevgi məktublarıdır.

Əziz qardaşım, sən həyatda olduğun kimi, yazılarında da sevgi mücəssəməsisən. Səni hamı elə belə sevmir ki?.. Sevən, sevilməlidir. Sən nədən yazırsan yaz (hətta rəsmi regionların sosial-iqtisadi inkişafı barədə qeydlərində də), ora öz qəlbinin istisini, səmimiyyətini, sevgisini, dünyaya və insanlara, Vətənə və torpağa olan məhəbbətini qatırsan. Belə yazıçıya aşiq olmamaqmı olar?.. L.Tolstoy A.Çexov haqqında deyir: "Başlıca olaraq o, səmimi idi, bu, yazıçı üçün böyük bir ləyaqətdir. Səmimiliyi sayəsində də Çexov yeni bir dünya üçün tamamilə yeni bir yazı şəkli yaratdı".

Əzizim Məzahir! Bəs bayaqdan mən nə deyirəm?..Sən, sənin yaradıcılığın bu sözlərə layiqdir. Bu isti, səmimi sözlərə tuş gətirən sənin yaradıcılığının özüdür. Obyekt özü özü haqqında danışır, ədəbi-bədii informasiya verir. Mən hər dəfə deyəndə ki, sənin "köşə" deyib basmaqəlib elədiyin bu yazıların hər biri kamil nəsr nümunəsidir, təvazökarlıqla gülümsəyirsən... Mən deyəndə ki, bu hekayətlər ciddi bir ədəbiyyat hadisəsidir, şedevrlərdir, Mirzə Cəlilin, Ə.Haqverdiyevin, Mopassanın, E.Zolyanın, A.Cexovun, Turgenevin (siyahını nə qədər desən uzatmaq olar) hekayə və novellalarının "qan qardaşı"dır, zarafata salırsan. Bu "köşələr" xalis nəsrdir, bitkin hekayələrdir. Mövzusu, süjeti, dili, bədii ifadə vasitələri ilə...

Bu yerdə mən Azərbaycan nəsrinin və jurnalistikasının mogiqantlarından olan Əli İldırımoğlu yaradıcılığını xatırlamaya bilmirəm. Azərbaycan jurnalistikasına bir sıra yeniliklər gətirən Ə.İldırımoğlunun hekayə və novella səciyyəli oçerk və felyetonları yadıma düşür. Üslubi çalar, poetik vüsət, həyat hadisələrinə yanaşma və onun gerçək təqdimatı baxımından sənin "köşə"lərin də bu sinfə, bu məktəbə, ruslar demiş, bu "şkolaya" mənsubdur. Ə.İldırımoğlunun istənilən oçerk və felyetonlarından gerçək faktları, konkret məkanı, mövcud insan adlarını dəyişib ümumiləşdir, tam süjetli, obrazlı-qəhrəmanlı bədii nümunələr alacaqsan. Sənin "köşə"lərin də eynən belədir...

Məzahir Əhmədoğlunun "Ədalət" qəzetində oxuduğum yazılarının orqanizmi bu keyfiyyətlərdən yoğrulub. Məsələn, "Kanyon", "Qartalı sevmək", "Sevimli şou"dan reportaj" və s. Bundan başqa, poliqrafik cəhətdən son dərəcə nəfis hazırlanmış, içi çölündən də ləzzətli və cazibədar "Uembli arayışı" adlı kitabında toplanan yazılarını bir neçə dəfə baş-ayaq eləmişəm. Bu yazıların hamısı bitkin hekayədir, təmiz nəsrdir. Hətta elə yazılar var ki, onda bir neçə hekayənin materialı sıxılıb. Zamanında bu barədə danışarıq. Sadəcə, birini qeyd edim, hələlik... Məsələn, "Vampyurum" adlı yazıda üç hekayənin materialı var. Bu da Məzahirin ədəbi potensialının gücündən, yaradıcılıq enerjisinin hüdudlarından soraq verir. Onun ayrı-ayrı yaradıcı şəxslər, ictimai-siyasi xadimlər, dostlar, doğmalar barədə yazdıqlarında da nə qədər faktoloji struktur hökmranlıq göstərsə də, bədii siqlət, təxəyyül, estetik yanaşma tərzi bədiiliyin sərhədlərini kifayət qədər nəfəs genişliyi həddinə çatdırır. Məsələn, İradə Tuncay haqqında yazdığı "Çətin söhbət" yazısında istedad və təxəyyül bədii improvizə, səmimi nəqletmə, "povestovaniye" lirik bir yaddaşda çərçivələnir. Və bütün bunların fonunda İradə xanımın ədəbi obrazı, bir insan kimi portreti, xarakter cizgiləri üzə çıxır, bəlkə heç eləcə İradə xanımın özü üçün də gizli olan maraqlı və gözlənilməz, eyni zamanda cəlbedici portret cizgiləri Məzahir qələmində səmimiyyətlə cilvələnir. Məgər bütün bunlar nəsrin işi deyilmi?.. Nəsrin ölçü vahidlərinin çərçivəsini müəyyən etmirmi? İnsan yaratmaq, yaratdığın insanın xarakter cizgilərini ortaya qoymaq, onun ən mübhəm, daxili gizlinlərini, özəlliklərini, doğal və yapma görüntülərini ədəbi fakta çevirmək nəsrin əzəli və əbədi missiyası deyilmi?..

 

Sentimental nostalji

 

Məzahir Əhmədoğlunun yaradıcılığında, heç şübhəsiz, aparıcı xətt həyatın sosial üzü, ictimai sifəti və sosiumun problemləridir. Lakin böyük sənətkarlıqla qələmin iş əmsalına çevrilən bu faktoloji ayrıntılar, eləcə həmin qələmin bədii siqlət və poetik vüsətilə yeni çalarlar alır. Və bəzən sosial mənzərə və sosial mühit o dərəcədə bədii müstəvidə təqdim olunur ki, qabardılan problemdən daha çox bədii sözün cazibəsində vurnuxmalı olursan. Həyat hadisələrinin ən adi detalları Məzahir qələmində bədiiliyin şahanə mənzərəsində aydınlığı və gözəlliyi ilə cilvələnir.

Vətən, el-oba, doğma yurd, munis insanlar haqda yazılan bu yazılarda nə yoxdur?.. Sevgi, məhəbbət, hörmət, bəzən təlaşlı narahatlıq, bu xalqın əxlaq və mənəviyyatına, yaşam tərzinə xal salan saçma keyfiyyətlərdən narahatlıq, hətta xəcalət hissinədək emosional və sentimental, kövrək bir nigarançılıq, nostalgiya... Yazılarında gerçəkliyin fantaziyasını yaşadan və onu sentimental duyğularla süsləyən Məzahir, son anda bu bədii keyfiyyətləri yaradıcılıq leytmotivi kimi, əsas bədii xətt kimi təqdim edir. Emosionallıq və sentimental dəyərlər, artıq ürək söhbətidir, qəlb hadisəsidir. Bəli, "sentimentallıq əgər səmimidirsə, onunla da yaşamaq olar". Məzahir böyük kədərindən danışanda və yazanda, məhz bu səmimi sentimentallığa söykənir. Bu yazılardan bəzisinə nəzər salaq...

"Kanyon", "Qartalı sevmək", "Sevimli şou"dan reportaj", "Milyarderlər yuxu görürmü", "Uembli arayışı", "Kaktus", "Əndazə", "Xəcalətli düşməniniz olsun" və başqa yazılarında, özü demiş, "köşələrində" mövzu, üslub, hadisələrə yanaşma tərzi, qabardılan realizm və sətirlərin altında közərən sürrealizm, bədii ritm, obrazlılıq, kompozisiya, hadisələrin əlvanlığı bir-birini tamamlayır və bu yaradıcılıq tam bir orqanizm kimi nəfəs alır. Mən bunu ədəbi-bədii hadisə kimi qiymətləndirirəm. Çünki yaradıcı bir şəxsin təqdimatı kimi bu əsərlər və onların simasında bu yaradıcılıq bütövdür, qəlpdən, saxtalıqdan uzaqdır, tam orijinal və özünəməxsusdur. Bu yazıların hər biri Məzahirin qələmindən çıxıb və bunu yalnız bu şəkildə, bu formada, bu ictimai-sosial və bədii-publisistik biçimdə yalnız Məzahir yaza bilər. Bu nümunələr, bu hadisələrə yanaşma tərzi, bu obrazlı düşüncə, bəzən tapmacalı və sirli, bəzən baş açılmayan keçidlərlə zəngin dil Məzahirindir. Bir sözlə, sevinirəm ki, Məzahir çağdaş Azərbaycan jurnalistikasında öz möhürünü vurmuş, öz müstəqil və orijinal üslubunu yaratmış, bənzərsiz yaradıcılığı ilə deyərdim ki, yeni bir məktəb yaratmışdır. Bunu onun zəhmət və istedadının bəhrəsi olan istənilən yazısı ilə sübut etmək olar.

Xoşbəxt qələm sahibi odur ki, hansısa bir mövzunu, yaxud həyat hadisəsini heç kim onun kimi yaza bilməsin. Məzahir belə xoşbəxtlərdəndir. İmzası qoyulmasa belə, onun yazdıqlarının müəllif hüququ üstündədir.

Yazıçının, jurnalistin böyüklüyü həyatda çoxlarının görüb sezə bilmədiklərini gözaltı eləmək, ən sadə həyat hadisələrində qeyri-adilikləri, dünyanın mürəkkəb proseslərinin cizgilərini tapıb üzə çıxarmaqdır. Məzahirin əsərlərində biz bunun geniş spektri ilə qarşılaşırıq. O, adilikdə qeyri-adilikləri görə bilir. Həm də çox məharətlə onu bədii publisistikanın predmetinə çevirə bilir. Bəzən yanından sükut və laqeydliklə keçdiyimiz bir hadisəni Məzahirin qələmində oxuyanda, doğrudan da onun çox böyük ictimai yük daşıdığını sonradan dərk edirik. Bu vasitə ilə Məzahir bizi həm də maarifləndirir və bəzən də diqqətsizliyimizə və laqeydliyimizə asta-asta, xısın-xısın "gülümsəyir". Onun yazılarını diqqətlə oxusaq, sətiraltı mənalarında o qədər laqeyd oxucu portreti görərik ki...

Onun "Qartalı sevmək" adlı maraqlı bir "köşə"si var. İlk baxışdan yazı təbiət mövzuludur. Yəni problem təbiətin mühafizəsidir. Elə, belə də var. Azərbaycan təbiətinin zəlil günü anılır, professor Qara Mustafayev, onun "yüz şou əhlindən qiymətli və şirin tembrli "çətin səsi" anılır... və s. Və gözlənilmədən çox önəmli sosial və bir az da dərinə getsək, siyasi mətləblərə keçid alır. Qartalın (Azərbaycan xəritəsi qartal şəkillidir axı) yaralı qanadını (çox güman ki, Qarabağ dərdinə işarədir) məlhəmləmək əvəzinə, ancaq şoularla məşğul olduğumuzu milli bəla kimi qabardır.

Sözlərlə, kəlmələrlə oynamaq, oxucuya mübhəm, sirli mesajlar vermək, onlar üçün intellektual testlər tərtib edərək onları düşünməyə vadar etmək onun üslubi keyfiyyətlərindəndir. Bəzən onun bu testlərini açmaq, bu sualları cavablandırmaq üçün tarixin bir çox künc-bucağına baş vurmaq, bir çox hadisələri tutuşdurmaq, müəyyən paralellər tapmaq, elmi analizlər, sintezlər aparmaq, yaxud bir neçə məlumat kitablarını vərəqləmək, bir-iki cümlənin sirrinə vaqif olmaq üçün yüzlərlə səhifələri oxumaq lazım gəlir. Məzahir istedadlı olduğu qədər də savadlı və intellektual yazardır. Odur ki, oxucusundan da intellektual səviyyə tələb edir. Və həmişə oxucunu öz səviyyəsinə qaldırmağa çalışır. Özü isə heç vaxt oxucunun (sözsüz, səviyyəsiz oxucudan danışılır) səviyyəsinə enmir. "Qartalı sevmək" yazısı da oxucunu düşüncələrə salan, əndişədə qoyan, axtarışa çağıran sonluqla bitir. Buyurun, oxuyun. Açması da yenə sizin öhdənizdə: "Eh, Qoderzi Çoxelli, sən cavan yaşında bu dünyadan köçüncə "öz yaralı qartalından" yazmağa macal tapdın. Həm də dahiyanə..." Bu, bir çoxları üçün tapmaca olsa da, ariflər üçün məlum işarə, məhrəm haraydır.

Böyük filosof C.Mur yazırdı: "Sözlərin arxasında predmet, yaxud anlayış dayanmalıdır". Məzahirin yaradıcılığında böyük və ciddi yazı və istedadlı yazar üçün bu "qəlibə" hörmət və sadiqlik mövcuddur. Sözlərin arxasından hiss olunan predmetlər bəzən özü danışır, anlayışların özü obrazlı təfəkkürün cildində boylanır, onu əvəz edir. Yəni boş və quru sözlər, arxasız və dayaqsız, özüldən məhrum substansiyalar yoxdur. "Kanyon" yazısının əsasında da sözlər, obrazlı deyimlər, hətta elmi informasiya və məlumatlar da məlum bədii və fəlsəfi-estetik tələblərdən mayalanır. "Kanyon" uzunluğu 18-20 km, eni 15-20, bəzi yerlərdə 120-150 metrə çatan Göyçayın Əlvan dərəsi... Bu gün ən acınacaqlı günlərini, yaxud belə demək mümkünsə, son nəfəsini yaşayan Vətənin bir parçası. O nə vaxtsa qürrələndiyi və qürrələndirdiyi şırıltılı çay ömrünü də yaşaya bilərdi, yaxud bu gün toxunulmaz, əziz-girami, müqəddəs bir təbiət abidəsi də ola bilərdi. Çox təəssüf, heç biri olmadı. Müəllifi ağrıdan da budur. Ümumiyyətlə, Məzahirin əksər yazılarında ən adi (bəzən də elə qeyri-adi) ictimai motivlər bəşəri problem səviyyəsində təqdim edilir. Bu yanğı və hayqırtılar çox təəssüf ki, elə sətirlər arasında öləziyib qalır... Belədə Məzahir neynəsin?.. Jurnalst silah götürüb döyüşməlidirmi?..

Əlvan dərəsini uzunluğu 320 km, eni 1.800 metr olan Amerikanın Kolorado ştatındakı "Böyük Kanyon"a bənzətməsi, müqayisəli təhlilləri də bu ağrıdan, bu yanğıdan doğur. Niyə, nə üçün, bu yerin, yurdun, elin, obanın öz "Böyük Kanyon"u ola bilməzmi? Oxuduqca sətirlərin tropik istisi vurur adamı. Sərin meh əvəzinə. Axı "Kanyon"luğunu itirən dərələrdən meh də qaçaq düşür...

Yazının sonu yenə Məzahirvari alqoritmik metomarfozayla bitir - yenə də professor Qara Mustafayevə müraciətlə. Bilirsinizmi bu müraciətdə hansı məntiq yatır?.. Çox ağrılıdır. Bu məntiqin açılışına bir kitab bağlamaq olar. Nə olar, qoy bu da qalsın hər bir ayıq oxucunun öz öhdəsinə.

Qeyd etdiyimiz kimi, Məzahir ən adi-operativ jurnalist yazılarında - reportaj, zarisovka, korrespondensiyalarında da (qəzetlərimizdə çoxdan unudulmuş janrlar... O da məqalələrində göstərmir, amma oxuyan kimi bu janrların tələblərini hiss edirsən) yenilikçidir, obrazlı düşüncə sahibidir. "Region" rubrikası ilə Şəkinin sosial-iqtisadi inkişafından yazdığı "Hər səhəri xoş güzarla açılan şəhər" (görürsünüz, ad da poetikdir) adlı zarisovkada bir sıra vacib rəqəmlərin sadalanmasıyla yanaşı, poetik düşüncə və deyimlər də kifayət qədərdir. Cümlələrin biri belədir: "Bu qədər işgüzar və ciddi bir adam Şəkinin təbəssümünü, gülüşünü də geri qaytara bildi..." Sözsüz, belə cümlələr adi bir operativ və ciddi yazıya da şirinlik, təbiilik verir.

Uşaqlıq barədə filosofların, mütəfəkkirlərin fikirlərinin bir məntiqi var: uşaqlıq dövrü insanlığın məhək daşıdır. İnsanın varlığı, mənəvi aləmi, potensiyası, ruhi yüksəlişi və ehtirasları, daha çox uşaqlığın əksidir. A.Ekzüperi: "Biz hamımız öz uşaqlığımızdan gəlirik" - deyir. Məzahirin yazılarında da bu hiss və duyğular dalğavari, lakin nostalji notların yüksələn xəttilə keçir. Uşaqlıq xatirələri onunçün əlçatmaz deyil: "Orda bir kənd var - uzaqlarda", "Stadion", "Bağışla, doğma məktəbim", "Kanyon" və başqa yazılarda yaşanan o uşaqlıq məkanları, xatirə guşələri bu gün də mövcuddur, pis-yaxşı yaşayır, elə tənbəllik eləməyib ayağını irəli qoysan, o kənddəsən, yaxud həmn stadion yenə köhnə missiyasını yerinə yetirə-yetirə ayaqdadır, yaxud məktəb, yaxud... Amma bu məkanlar o məkanlardımı?... Səni sənə qovuşduran o uşaqlıq həmin məkanlara da qovuşdururmu? İndi yoxdur o yerlər, o uşaqlıq guşələri, o xatirə dolu isti yuvalar, qaranquş yuvası kimi dağılıb. A.Çexov deyir ki, biz hamımız uşaqlıq adlanan məmləkətdən gəlmişik. Bizim ilk vətənimiz uşaqlıqdır. Amma biz, sanki nə vaxtsa oradan qovulmuşuq. Sanki bir günahımız olub, suçumuz olub, qovulmuşuq o məmləkətdən və ora qayıtmaq şansımızı itirmişik. Və ondan sonrakı ömrümüzü elə bil qürbətdə yaşamağa məhkum edilmişik...

Məzahir Əhmədoğlunun köhnə uşaqlıq xatirələrini çözələyən yazılarında bu nostalji bir az da ağrı-acı kimi, fəryad kimi səslənir. O yerlər hamısı durur, əlçatandır. Həmin məkanlara qayıdanda o yerləri başqa biçimdə görürsən, dəyişmiş, adətən, sanki balacalaşmış, sıxılmış... Sanki o yerlər deyil, onların proyeksiyasıdır. Əslində isə dəyişən, sıxılan, ölçülərini itirən və havasını dəyişən xatirələrimizdir. Gedirsən, görürsən, toxunursan, amma sənə yad gəlir, sən yaşamaq istədiklərini yaşaya bilmirsən. Sən duymaq istədiklərini duya bilmirsən, əlin çatır, ünün yetmir, ərkin keçmir, eynən qürbətdəki kimi. Sanki ilğım içərisində çabalayırsan... Məzahir yazır: "Elə bil bu kəndin əzəli gözəlliyini, doğallığını, əzəmətini hifz edən görünməz bir təbəqəni hansısa cadugər feli ilə onun üzərindən çəkib uzaq-uzaq səhralara atıblar". Yox, əzizim, kənd o kənddir, insanlar da, təbiət də odur. Dəyişən sənsən, zamanın cadusu səndədir. (Qürbətdəsən axı...) Dəyişən o böyük duyğular, o nəhəng hisslərdir. Onları uşaqlıq çağları oğurlayıb aparıb...

 

O gözəl, cazibədar jurnalist adı...

 

80-ci illərdə "Sovet kəndi" qəzetində yeni jurnalistika məktəbi yaratmış böyük alim, pedaqoq, istedadlı jurnalist, müdrik redaktor, ən başlıcası da gözəl, xeyirxah insan Nəriman Zeynalov həmişə deyərdi ki, peşənizi sevin və onun qədrini bilib qoruyun. Jurnalistika qədər azad peşə, jurnalist qədər müstəqil sənətkar yoxdur. Amma əsl jurnalist. Bütün rəsmi və qeyri-rəsmi məclislərdə, yığıncaqlarda ilk badəni jurnalistikanın sağlığına qaldırardı, böyük şövqlə, ehtirasla, "içək peşəmizin sağlığına",- deyərdi... Ruhu şad olmuş, nə yaxşı ki, jurnalistikanın indiki zəlil gününü görmədi. Bu da bir dərd olardı ona...

Lakin vəziyyət o dərəcədə ümidsiz də deyil. Necə deyərlər, ümidsiz şeytandır. Jurnalistikada professionalların küncə sıxışdırıldığı indiki məqamda sənətin Məzahir kimi təəssübkeşləri, qoruyucuları və müdrik apostolları da var... O xəstə canıyla, məhdud fiziki imkanlarıyla jurnalistika yolunda fədakarcasına döyüşür. Publisistik yazıları, ədəbi-bədii etüdləri, fəlsəfi qeydləri bu gün də jurnalistikamızı zənginləşdirmək, irəli aparmaq amacındadır. Bunun bir adı var - sevgi və fədakarlıq. Sənəti sevəndə istər-istəməz onun fədaisi olursan. Sevgidə eyni zamanda sadiqlik əsas şərtdir. O, sevgisinə sadiqdir, məhəbbətində baqidir. Peşəsinə vurğun bu adam həm də ona sadiqdir. O, jurnalistikanın təəssübünü təkcə vizual şəkildə, adi sözlərdə, hərəkətlərdə deyil, yazılarında, toxunduğu mövzularda, qaldırdığı problemlərdə daha çox çəkir...

Sel gələndə zir-zibil də gətirir. Demokratiya, insan azadlıqları, sərbəst iqtisadiyyatın da müsbət tərəfləri kimi, mənfi aurasını, xəstə, infeksion sosial bəlalarını da yaşamalı olduq. Mətbuat, xüsusilə ciddi zərbə aldı, başlı-başına buraxıldı. Yeni adlar da qazandı - "reket", "bulvar" qəzetləri, "sarı" mətbuat... Kənd yerlərində fikir veribsinizmi, dəlisov bir dana çatısını qırıb düşür kəndin canına. Heydən düşənədək ora-bura yortur. Yorulandan sonra dayanıb nə edəcəyini bilmir, laqeyd-laqeyd qulaqlarını qırpır, quyruğunu bulayır... Bu azadlığı həzm eləyə bilməyən dana nə edəcəyini kəsdirə bilmir, qalır veyl bir vəziyyətdə. Mətbuatımız da elə lap ilk günlərdən azadlığın yükünü çəkə bilmədi. Bu işdə professionallar da az günahkar deyil. Azca aşım, ağrımaz başım, deyib kənara çəkildlər. Meydanı boş, dərəni xəlvət görən tülkülər meydan sulamağa başladılar. Nəticəsi nə oldu?.. Dediklərimiz, "sarı"lar, "bulvar"lar, "reket"lər mətbuatın simasına çevrildi. Və baytar, zootexnik, mexanik, tacir və s. redaktorların sayı artmağa başladı...

Mətbuat dünyasının patriot vətəndaşı olan Məzahir ömrü boyu bu çəyirtkə misallı qəzet dəllallarına qarşı həmişə döyüşüb və öz gözəl yazılarında onları satira, sarkazm, incə yumor və kinayə ilə ustalıqla sancıb. Məzahir jurnalistikamızın bu gün yaşadığı ağrı-acıları öz şəxsi dərdi, qayğısı, problemi kimi yaşayır və yazır... "Qəzet məsələsi", "Vəlvələ", "Məscidin qapısı", "Pressa-PRESS", "Post Skriptum", "Peşəkarlığın imperiyası", "Peşə oğruları", "İmla qonaqlığı" və başqa yazılarında Məzahir yumoru və sarkazmı onun ürək ağrıları kimi çırpınır. Bir-iki misal gətirmək istəyirəm: "...Ölkəmizdə hər yerindən duran elə hey bu məkana dürtülür. Qapılar taybataydır axı" (Yəni məscidin açıq qapısı və həyasız köpəklər məsələsi). Qabağına "Pressa" yazılmış maşınlar... "onlar hətta yol hərəkəti qaydalarını poza da bilər, üstəlik sənəd-filan da göstərmədən, keçər gedərlər. Arvad-uşaqlı, yemiş-qarpızlı..." "Məsələ burasındadır ki, ölkə mətbuatı, indiki halda bəlkə də qəribə səslənən bazar iqtisadiyyatına tam sərbəstliklə daxil oldu. Başqa heç bir sahədə bu dərəcədə sərsəm və ironik demokratiya töhfəsinin şahidi deyilik..."

 

(Ardı var)

 

Loğman RƏŞİDZADƏ

yazıçı-publisist

 

525-ci qəzet.- 2015.- 22 iyul.- S.7-8.