Azərbaycanın dövlətçilik və mədəniyyət

tarixində Qarabağın yeri və rolu

 

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan məskənlərindəndir. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilib. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən, Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. 1968-ci ildə Azıx mağarasının alt təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılıb. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Eneolit, tunc və ilk dəmir dövrlərində (e.ə.IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş verib. Son tunc və ilk dəmir dövrü (e.ə.XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı alıb. Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam edir.

Azərbaycanın cənubunda qüdrətli Manna meydana gəlir. Bu dövrdə, nəinki Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda erməni etnosu yox idi. Makedoniyalı İsgəndərin ölümündən sonra imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV - e. VIII əsrlərdə mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynadı. Albaniya sərhədlərini genişləndirərək bütün Qarabağ ərazisini əhatə edirdi və bu vilayəti öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apararaq, bəzi istisnalarla buna nail ola bilirdi.

Qarabağ tarixi - etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olub. Qarabağın tarixində əsas dəyişikliklər VII əsrdə Ərəb Xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmayıb. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin, ümumiyyətlə, dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.

Sonralar məşhur Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı da məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olunub. Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi. Bu andlaşma ilə 84.000 erməni Qarabağ və ətraf rayonlara köçürülüb.Rəsmi məlumatlara əsasən, 1828 -1830 -cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 1825-1826 tarixləri arasında 18.000,1828-dən sonra 50.000, Osmanlı imperiyasından isə 84 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Beləliklə, çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən, Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdığı ermənilər kütləvi surətdə bu torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli - azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.

Lakin 1918-ci ilin mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Təbiidir ki, başqa Şimali Azərbaycan torpaqları kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ da Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil idi. Lakin bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Bununla da, ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər.

SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.

Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanıb. Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilib. Özübu addım həmin hissədə - Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılıb.

1991-ci ilin avqustunda SSRİ-nin dağılması prosesi sürətlənir. Avqustun 30-da Azərbaycan parlamenti respublikanın müstəqilliyini bəyan edir. Bundan 2 gün sonra DQMV bu bölgəyə heç bir dəxli olmayan Şaumyan rayonu Xalq Deputatları sovetləri birgə sessiya keçirərək Dağlıq Qarabağ Respublikası adlı saxta qurum yaradırlar. Respublika Təşkilat Komitəsi Stepanakertdən Ağdama köçməli olur. Ardınca Dağlıq Qarabağda azərbaycanlıların total etnik təmizlənməsi - qanlı müharibə başlayır.

Hazırda Qarabağ onun ətrafında daha 7 rayon tam ya qismən erməni işğalındadır.

 

(Ardı var)

 

S. ABDULLAYEVA

 

525- ci qəzet.- 2015.- 24 iyul.- S.4.