Əbülfəs Qarayevin müsahibəsi Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetində

 

 

Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetinin baş redaktorunun müavini Məhəmməd Sələmə tədbir çərçivəsində mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə apardığı müsahibəni dərc etdirib.

 

Müəllif Ə.Qarayevin müsahibəsində iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişlənməsini vurğuladığını, Misirin İsgəndəriyyə kitabxanasında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin büstünün qoyulmasını yüksək qiymətləndirdiyini qeyd edib. Məhəmməd Sələmə nazirin iki ölkənin geniş turizm imkanlarından söhbət açdığını da diqqətə çatdırıb.

 

"Əl-Məsəiyyə" qəzetinin baş redaktorunun müavini iki gün davam etmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verərək, Misirdən geniş tərkibli nümayəndə heyətinin iştirak etdiyini bildirib.

 

Sözügedən qəzetin digər nömrəsində isə M.Sələmə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin Bakı Forumundakı çıxışından bəhs edib. Müəllif ISESCO-nun baş direktorunun dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğunu, ekstremizmin terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığını bildirməsini onların qarşısını almaq üçün siyasi yolların axtarılması bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurətindən danışdığını qeyd edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 4 iyun.- S.7.