Son nazlama

 

Əngin şair Yahya Kəmal Bəyatlıya

 

Dünyanın gözəl yazıymış, Allah!

Nazlı bənövşələr saplaq üstündə...

Aləm öz kefində: quş da, böcək ;

Demə ki: mən yoxam

bir dağ üstündə.

 

Hər təpə bir qoyun, mən çoban idim;

Yerə , göyə pasiban idim!

Mən hardan bilərdim: haracan idim?!

Boy atıb bitmişdim torpaq üstündə.

 

Palıd ocağında yanan közlərdim;

Murovu canımdan çox əzizlərdim!..

Axşamdan-səhərə sübhü gözlərdim:

Bir şeh damlasıtək yarpaq üstündə.

 

Dağdan-dağa qonmaq ömürlük peşəm:

Hər zirvə sirrinə aşiyan quşam!

Şahlar görmədiyi gün keçirmişəm:

Bir daxma altında, çardaq üstündə.

 

Bu, son gözgörüşü; bu, son nazlama;

İstər sızla könül, istər sızlama!..

Səda verməz sazın, bir sazlama;

Qismətin qalmadı bulaq üstündə.

 

Çıxar qönçəsindən söz birər-birər;

Hər kəs əkdiyini aqibət dərər.

Pərvaz qanadlardan tərlanlar törər:

Nəsil qaymaq tutar ocaq üstündə.

 

Baxma hər yazdığım dastan olmadı;

Qəlbim toy-düyündən, yasdan olmadı...

Qəm etmə ki: Məmməd Aslan olmadı;

Axtarsan, taparsan varaq üstündə.

 

19 aprel 2015. Xırdalan

 

Kənardan baxana döyüş asan gələr

 

İndi əyalətlərdən gənclər şeir sevdası ilə Bakıya dəstə-dəstə tökülüşüb gəlirlər. Allah xeyrə calasın.

Gənclik dəstə-dəstə şeirə gəlməz;

Toplaşıb əkinə-biçinə gələr.

İşindən-gücündən baş çıxardası -

Qandığı bir toplum içinə gələr.

 

Allah verməyibsə, bəndə verməz;

İstər arxada ol, öndə ... verməz!..

Yaxında, uzaqda, gendə verməz!..

Şair ancaq ilham gücünə gələr!

 

Şeir şairlərin xəyal ölkəsi!

Bir dodaqdan qopan bir soyun səsi!

Şeir şeirdirsə, qızıl külçəsi! -

Yığışıb ərənlər köçünə gələr!

 

Təklikdən dikələr ən böyük hünər!

Şair təkbaşına artar, güvənər!..

Dalğa-dalğa gələn, sahildən dönər;

Təmkinsiz söz kimin vecinə gələr?!

 

Kağız arxac deyil! Söz qalaq-qalaq...

İtirir yönünü daha yol-yolaq.

yazırsa-yazsın, hər şeydən qabaq;

Şairlik qələmin ucuna gələr!...

 

Haqqı bəsirətlə nəzm etməyənlər;

Aşılası dağı əzm etməyənlər;

Sözü gərəyincə həzm etməyənlər

Görərsən: çeçinə-çeçinə gələr...

 

Şairlik ibrətdir, sözün hasili!

İbrət kəlamları göydən asılı!

Şairlik bir uca Ruhun Rəsulu!

Bir sirli aləmin tacına gələr!

 

06.05.2015. Xırdalan

 

Qazi Gülxanə paşa

 

Buludlar kişnədi, ildırım çaxdı,

Sanasan dağları göy yıxacaqdı!..

Yubanma ömrümə, Qazi Gülxanə,

Cərrah bıçağını sıyırma vaxtı!!!

Xəstəlik ölümün birər əsgəri;

Birlərdən törəyir zülmün ləşkəri.

Sən meydana çıx ki, Qazi Gülxanə:

Ölümün nəfəsi çəkilsin geri!

 

Tapdı mincə Qazi nicatı burda,

Qurtuldu yenidən həyatı burda!

Şairə, yazara ömür bəxş etdi..!

Nura dəyişirlər zülməti burda.

 

Gülxanə: Rəhmani ordunun başı!

Fəryada, zillətə, ölümə qarşı!

Ulu dərgahına pənah gətirdim:

Məni bu zülmətdən sabaha daşı!

 

Tibbin Qazinin müştərək bürcü!

Gülxanə bıçağı - həyat ülgücü!

Yüz ildən artıqdır aləmə bəlli:

Cərrah bıçağında kamalın gücü!

 

Gülxanədə gül yox, gül həkimlər var!

Yıxılma, yıxılsan, gör ki kimlər var!

Gələni ümidli, gedəni rahat;

Sevinc ortamında təlatümlər var!

 

Sən Türkün fəxrisən, fəxarətisən!

Bir soyun şahlanmış kəramətisən!

Sən haqqın fərahı, sağlıq neməti;

Millətin ziqiymət bir sərvətisən!

 

Həyat qovğasında hər dəfə Qazi,

Sən Haqqından razı, Haqq səndən razı!

Bir nurlu məşəlsən məğrur əllərdə;

Fəthin təzələnir hər həftə azı!

 

01 mart 2015.

Ankara. Gülxanə Əsgəri Tibb Akademiyası

 

Bu da ki belə...

 

Bu bostanı necə əkib-becərim?!

Yağışı quruyub, su da ki belə...

Kasadlıq afətdir; fərqi varmış:

Ya muşovul yesin, ya da ki belə...

 

Kotan nədi, fil qaldırar bu qırğı!

Heç nədən yarılır dağların bağrı...

Kor quyudan səs bitər, qarğı:

Dibində boğulub səda ki belə...

 

Laxlamış bir iman sağ qala, qalmaz!

Pozulmuş o hörmət saqqala qalmaz!

Bir budaq ucunda çaqqala qalmaz;

Nəylə gəlir-gəlsin, qada ki belə...

 

Bu qaçqınlıq hardan soya, nəsilə?!.

Axşam nəslə gəlir, səhər nəs ilə.

Qorxuram bu torpaq şoran kəsilə:

Göz yaşıyla doyur cada ki belə...

 

Sultanheydər zirvədəki pir idi!

Ağrıyla üzbəüz, qəlbi bir idi!..

Keytidağda Qu gölümüz qurudu;

O göl qudan getdi; qu da ki belə...

 

Qaneyəm dünyanın azı-çoxuyla;

Uyuşum tapaydım, ey kaş, yuxuyla;

Aradım səbrimi Yahu-Yahu!yla,

Qəzəbnak olmayıb Xuda ki belə...

 

Hər açan çiçəklə bir bahar səndim;

Bir qom bənövşəyə can dəyişərdim...

Ömrümün boyunu ölçdüm; üşəndim:

İndidən düşmürəm yada ki belə...

 

Belə xor baxmazdı bəndə Allaha:

Ulduzlar daş kimi qorxuram yağa...

Bu ormanda palıd bitməz bir daha:

Hindilər tumunu uda ki belə!..

 

Bu mövzu ağlıma gəldi ha sondan;

Dadanmışdım: qoşma yazam asandan.

Sonunu gözləmə Məmməd Aslandan!..

Yetər bu qədəri!... Bu da ki: Belə!!!

 

Qayadan qumacan

 

Dağın ayağından asılar daşlar;

Belə mənzil kəsər daş ağır-ağır...

Tükənmək bilməz ki, çılğın savaşlar;

Daşlaşmış canlardan kövrəklik yağır.

 

Soyumun daşını döşümə döydüm,

Döyə bilmədimsə, kimə borcu?!

Qayaya kök atıb, daşda böyüdüm;

Daş-daşla qovuşsa, daş - qala bürcü!

 

Çiyninə baş əysək bir-birimizin;

O daş yastıq olar, baş yarmaz daha!

Boğmaz işığını gecə gündüzün;

Sağ-salamat çıxar axşam sabaha!..

 

Bir soy ki bir daşa baş qoysa əgər,

O daş millət üçün səcdəgah olar!

Kök özünü sevsə, Haqq onu sevər!

Bir soyun ayarı tam agah olar.

 

Qaya sədası var başın yasında:

Baş, daşın üstündə heykələ dönər!

Orxon-Yeniseyin daş-qayasında,

Hələ Türklüyümün nəbzi döyünər.

 

14 yanvar 2014. Bakı.

 

Uçub getdi o günlər ki...

 

(Hümmət müəllim Məşədihəsənliyə)

 

Ömrü tülək tərlan ömrüydü onun:

Fəzada dövr etdi, fəzada getdi.

Gah Sultanheydərdə, Quş yuvasında:

Ha yana üz tutdu, azada getdi.

 

Qocalıq ölümdən betərmiş demə;

Ömür hardan-hara yetərmiş demə!..

Əkdiyin-biçdiyin itərmiş demə;

Getdi o nemət , urza da getdi.

 

Bu gəldi-getdi , bu qovğa nədi?!

Nədən daşıb-törər bu işin bədi?!

Saxsağan daşıdı, muşovul yedi;

Nələr kimə çatdı, zada getdi?!

 

İki ombabaşı birdən zay olsa,

İki qüdrət birdən heçə sayılsa;

Platin qızıldan hətta yey olsa,

İki qanad bir cüt əzada getdi...

 

Qəza - qəza üstən: qoymur göz açam!

Dəmir-dümür oldu üst-üstə qılçam...

Mən quş yarandım ki: göylərdə uçam;

Bir canım neçə yol qəzada getdi...

 

Qınayır fağırı ağzıgöyçəklər:

... Zərə dəmir - demə, deyəcəklər?!

Qartalın dərdini duymaz böcəklər;

Məna toxumada, əzada getdi...

 

09.03.2015. Bakı.

 

Ürəyə ismarıc

 

Cənnət Dəlidağda böyütdüm səni:

Çeşmələr başında, güllər içində.

Ulular ruhundan fışqırıb gələn

Bayatı mayalı dillər içində.

 

Çəmini tez qurdum ərşi-fələklə;

Pərvazın uyuşdu göydə mələklə;

Köksünə sığmayan bir dağ ürəklə

Necə bəxtəvərdim ellər içində.

 

Mənim dolub-daşan nəfəsim idin;

Ləşkərlər pozmağa sən bəsim idin!

Dünyam batar olsa, qəvvasım idin;

Naçar qoyma məni yollar içində...

 

13.05.2015. Xırdalan (Bakı).

 

Rübailər

 

Düşünmə: səninlə ta bitdi dünya;

İnsansız xaraba tabutdu dünya.

Cındırlı pir gördüm yol kənarında;

Qoynu-qoltuğuyla yaqutdu dünya!

 

Bu dağların o üzündən yaz gəlməz;

O yaza qoşulub ötkəm saz gəlməz.

vaxtadək ərş üzündən baxacaq?!

Laçınqaya çimçəşməsə, səs gəlməz!...

 

Səhəri kim açır kitabıma bir avtoqraf

 

Bəxtəvər başına uşaqlığımızın!

Ardınca ox çatmaz o şuxluğumuzun!

Hərəmiz bir dağın Məcnunu olduq:

Bəxtəvər başına aşıqlığımızın...

 

O dağlardan səs gələr, səda;

Dəlidağdan yüz il tufan əssə .

 

Laçınqaya, Xor-xor bulaq, Göydərə:

Dağ ərənlər uça Sultanheydərə!

zamandı gur leysana həsrətik!

Yer əyirə buludları bükdərə!

 

Bu büsatı bir görək, inşallah!

Göydə görək, yerdə görək, inşallah!

 

8 may 2015. Xırdalan.

 

 

Məmməd ASLAN

 

525-ci qəzet.- 2015.- 6 iyun.- S.29.