Gecikdim

 

Həyatda yeni iz açmaq istədim,

Solu adlasam da, sağa gecikdim.

Dənizə çatmağa can atdım, fəqət,

Hər dəfə bir ləpə, dalğa gecikdim.

 

Döydü ünvanımı qüssə, qəm, kədər,

Tükəndi günlərim, tez oldu hədər.

Çalışdım yüksəlim zirvəyə qədər,

Dolaşdım aranda, dağa gecikdim.

 

Çalındı vədəsiz tale zəngləri,

Başlandı mənimlə əzab cəngləri.

Qarşıma töküldü baxtın rəngləri,

Boyandım qaraya, ağa gecikdim.

 

Bir ömür yaşadım qəlbim yatmadı,

Fikrimə sığmadı, ağlım batmadı...

Saray ucaldırdım, kərpic çatmadı,

Bağlaya bilmədim, tağa gecikdim.

 

Zəmanə qopmadı, bərk əssəm mən,

Dövran dinləmədi, söz kəssəm mən.

qədər yüyürüb tələssəm mən,

Hər dəfə bir gözəl çağa gecikdim...

 

Mənim qədər sevirsən

 

Sən gecəni sevirsən,

Mən isə al səhəri.

Ulduzları sevirsən,

Mən isə çiçəkləri.

 

Deyirsən ki, əzizim,

Qışa, qara aşiqəm.

Axı yaxşı bilirsən,

İlk bahara aşiqəm.

 

Sən vurğunsan göylərə,

Mənsə yerə bağlıyam.

Ey nəğmələr təşnəsi,

Mən şeirə bağlıyam.

 

Qəlbimə sevinc yatır,

Sənsə kədər sevirsən...

Ancaq qəm həyatı

Mənim qədər sevirsən...

 

Zaman

 

Günəşlə doğulur, batır görəsən,

Haçanlar azalıb, artır görəsən?

Axırı haracan çatır, görəsən,

Harada yenidən başlanır zaman?

Deyib son sözünü yoxsa ki, danır,

Bəlkə çox tez ötür, bəlkə dayanır?

Hər gələn xoş anı əzabmı sanır,

Yoxsa əzablardan xoşlanır zaman?

 

Hər yerdən küləklə keçir, elə bil,

Hər vaxtı əliylə ölçür, elə bil.

Küsüb zəmanədən köçür, elə bil,

Görən, hara belə daşlanır zaman?

 

Yollarla dil tapır, izlə anlaşır,

Bilmirsən, yol olur,ya zamanlaşır.

Həyat cavanlaşır, söz cavanlaşır,

Ancaq ki, qocalır, yaşlanır zaman.

 

Dəyişir

 

Tamam dəyişmir ki, həyat,

Dərdi, məlalı dəyişir.

Verə bilməyir cavabı,

Ancaq sualı dəyişir.

 

Şirinsə, demir halvadır,

Acı de, gör necə davadır.

Çaldığı köhnə havadır,

Azacıq xalı dəyişir.

 

Qırılıb kövrək simi ,

Dagılıb çoxdan himi .

Payız göyləri kimi ,

Daima halı dəyişir.

 

Vaxt ölür, özü böyüyür,

Susduqca sözü böyüyür.

Dərd görür, gözü böyüyür,

Fikri, xəyalı dəyişir...

 

Elə söz deyim ki...

 

Sözlər düyün düşür dodaqlarında,

Sən duman deyirsən çənin yerinə.

Mənalar səslənmir istədiyintək,

Mən nələr çəkirəm sənin yerinə...

 

Demə, çox görürsən ayrılıq, həsrət,

Mən qədər sən dərd-qəm yeyə bilməzsən.

İzn ver, danışım sən əvəzindən,

Hər sözü mənimtək deyə bilməzsən.

 

Sən demə o sözü ,qoy mən söyləyim,

Od düşsün dərdlərin aralarına.

Elə söz deyim ki, ruhu titrətsin,

Toxunsun qəlblərin yaralarına.

 

Fikirlər yükünə tab gətirməyir,

Dilində əzabım, ağrım çatlayır.

Kəlmələr açılmır, susur, lalmısan,

Söz deyə bilmirsən, bağrım çatlayır !..

 

Leysan

 

Göylər üfüq boyu tamam çökübdü,

Şimşəklər köksünü didib, sökübdü...

Bulud çadırları açıb tökübdü,

Büsbütün yer ilə yeksandır leysan.

 

Yağdıqca çayları daha kür edir,

Torpaqlar dirçəlib təşəkkür edir.

Təpələr diz qoyub, sanki şükr edir,

Tanrıdan verilən ehsandır leysan.

 

Sevdası başında yelə çevrlir,

Qıvrılıb belədən-belə çevrilir.

Bir daşqın, kükrəyən selə çevrilir,

Xisləti belədir, leysandır, leysan.

 

Silkələnir

 

Qopub zaman zəlzələsi,

Səma, torpaq silkələnir.

Gur dalğalı ümman, dəniz,

Hər dərə, dağ silkələnir.

 

Bəla gəlir şər tərəfdən,

Qərb tərəfdən, şərq tərəfdən.

Üstümüzə hər tərəfdən

Neçə barmaq silkələnir...

 

Hər ağrımız, hər acımız,

Dönüb olub qar saçımız.

Yad əliylə ağacımız,

Budaq-budaq silkələnir...

 

Yol bağlayır sərhəd, hasar,

Qiymət kəsir köhnə bazar.

Qürbət mənzil, qərib məzar,

Sönmüş çıraq silkələnir...

 

Demə, səhvmiş qandığımız,

Özgəyə inandığımız.

Bir vaxt arxa sandığımız

Hər bir dayaq silkələnir.

Azadlıq carçısı

 

Sevimli müəllimim Bəxtiyar Vahabzadənin əziz xatirəsinə

 

Nifrət bəsləyirdi zülmə, şərə ,

Gözünün düşməni əsarət idi...

Qopub kükrəyirdi, susa bilmirdi,

Hər sözü, kəlməsi cəsarət idi.

 

Qalxıb həqiqətin kürsülərindən,

Haqqı, ədaləti car eləyirdi.

Xalqın taleyinə xor baxanların,

Başına dünyanı dar eləyirdi.

 

Enişli-yoxuşlu həyat görmüşdü,

Keçməzdi yolların hamarlarından.

Azad doğulmuşdu, bəxtiyar idi,

Azadlıq axırdı damarlarından...

 

Hamının qəminə çıxırdı şərik,

Ev-ev gəzdirirdi öz şadlığını.

Narahat olduqca, hər dərd çəkdikcə,

Elə bil tapırdı rahatlığını.

 

Əzmlə deyirdi, gələcək bir gün,

Bu millət yetəcək istiqlalına.

Daim inanırdı öz varlığıtək,

Vətənin işıqlı istiqbalına...

 

Nifrət bəsləyirdi zülmə,şərə .

Gözünün düşməni əsarət idi.

Qopub kükrəyirdi, susa bilmirdi,

Hər sözü, kəlməsi cəsarət idi.

 

Qanadsız mələk

 

Bütün mələklərin öz adı olur,

Ancaq çağrılırsan sən adsız mələk.

Göydən gələnlərin qanadı olur,

Sənsə doğulmusan qanadsız mələk...

 

Əzəldən insanlar arasındasan,

Sənin ki, ünvanın fələk sayılmır.

Sübut eləmisən öz əməlinlə,

Təkcə qanadlılar mələk sayılmır.

 

Sən dözə bilməzsən...

 

Mən ki şərdən uzaq, xeyrə bağlıydım,

Eşqə, gözəlliyə, şeirə bağlıydım.

Torpaq övladıydım, yerə bağlıydım,

Göyləri sən saldın ağlıma, dünya.

 

İçində azmışam dumanın, çənin,

Kəsilib ayrılıq ömrümə qənim.

Haçandan olmuşam sevgilin sənin,

Basırsan özünü bağrıma,dünya?!

 

Yaxşı öyrənibsən hesab çəkməyi,

Dərdlərin siminə misrab çəkməyi...

Məntək bacarmazsan əzab çəkməyi,

Sən dözə bilməzsən ağrıma, dünya...

 

Səhəri gözləyirəm

 

Dumanlı fikirlərin

Əllərindən qaçaraq,

Gözlərimi qaranlıq

Xəyallarda açaraq

Zamanın səhnəsində,

Ömrümün yazılmamış

bir səhifəsində

Səhəri gözləyirəm...

Göylərin güzgüsündə

Daranan gözəl kimi,

Təbiət fırçasında

Yaranan əsər kimi,

Bu günümdən sabaha

Yeni bir nəzər kimi

Səhəri gözləyirəm...

Ulduzların iziylə,

Saatımın nəbziylə

Duyuram gəlişini,

Hər an yüksəlişini...

Ətrafımda tərtəmiz

Nəfəsini duyuram.

Sübh mehitək titrəyən

Kəlməsini duyuram.

Gözlərinin önündə

Yer yuxudan oyanır.

Şəfəqlərin rəngiylə

Zaman nura boyanır.

Günəşin çöhrəsindən

Sevinc kimi saçılan

Neçə-neçə işıqlı

Səhərlərə açılan

Səhəri gözləyirəm.

Arzular limanında,

Ümidlər karvanında

Səfəri gözləyirəm,

Səhəri gözləyirəm...

 

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2015.- 6 iyun.- S.28