Yaşam fəlsəfəsi
İctimai,
siyasi və iqtisadi həyatda geriqalma və onun səbəbləri
barədə suallara bir əsrdir ki, İslam dünyasının alim və ziyalıları
(Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə,
M.Ə.Rəsulzadə...) cavab
axtarır. Ancaq
elmdə (həm də təhsildə) geriqalmanın səbəbləri
son 20-30 illərin söhbətidir. Təəssüf
ki, biz elmin tarixini, elmin fəlsəfəsini öyrənməyə
zamanında diqqət yetirməmişik. Yaxşı
ki, son zamanlar elmin geri qalmasını bizim filosof alimlər və
araşdırmaçılarımız (professorlar S.Xəlilov,
H.Quliyev, E.Əliyev, S.Əlisoy...) də tədqiq edirlər.
Karl Yaspersə görə, “bəşəriyyət eyni
mənşəyə və ümumi məqsədə
malikdir”. Əgər belədirsə, bəs onda səbəbi
nədir ki, Şərq ilə Qərb biri-birindən bu qədər
fərqlənir? Müasir dövrdə müsəlman Şərqinin
elm və təhsildə geri qalmasının səbəbi nədir? Bu yazıda bu suallara
cavab axtarılır.
Orta əsrlərdə
İslam dünyasının bəşər elminə
böyük töhfələri olub. Ancaq bu
töhfələr obyektiv dəyərləndirilməyib, əksinə
bir sıra səbəblərdən, (o cümlədən,
dini-siyasi) gözdənsalma təbliğatı aparılıb. Müsəlman
dünyasının özü də bu təpkilərə
layiqincə cavab verə bilməyib, bugünkü geriliyi demək
olar ki, tarixi gerilik kimi qəbul edib. Bu
cür mövqesizlik Sovet dönəminin ideologiyasına da
uygun idi.
İslam
dünyasındakı elmi fəaliyyəti düzgün
qiymətləndirmək üçün 15 əsrlik dövr
iki yerə bölünür:
1.Orta əsrlər islam
dünyasında elm.
2.
Müasir islam dünyasında elm.
Məsələyə bu cür yanaşma bir tərəfdən
bizə obyektiv nəticə çıxarmağa, ikinci tərəfdən
gənclərimizə bugünkü geriliyin səbəbini izah
etməyə imkan verir.
ORTA
ƏSRLƏR İSLAM DÜNYASINDA ELM
“Qüvvət
elmdədir başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!”
Nizami Gəncəvi
Bu beytdən
də görünür ki, zamanında islam
dünyasında elmin böyük gücə malik olduğunu
biliblər. Böyük Nizami bu misralarla o
zamankı ictimai şüuru bədii formada ifadə edib. Orta əsr müsəlman elminin bəşər
elminə töhfəsi professor Həsən Quliyev tərəfindən
kifayət qədər geniş araşdırılıb. Ona Allahdan rəhmət diləyərək bu məqalədə
onun bəzi fikirlərindən geniş istifadə edəcəyik.
Müsəlman
mədəniyyətinin təşəkkülünün
obyektiv və tarixi səbəbləri olmuş və bu inkişaf bir
sıra hadisələrin mürəkkəb
qarşılıqlı təsiri zəminində baş
vermişdir. Bunlardan biri: 489-cu
ildə Bizans imperatoru Zenonun fərmanı ilə məşhur
Edesa təbiətşünaslıq və fəlsəfə məktəbi
bağlanır və onun bütün nümayəndələri
təqiblərdən qaçaraq, Sasanilər İranına
köçür və Yunanıstandakı akademiya kimi yeni bir
akademiya yaradırlar. 529-cu ildə digər Bizans imperatoru
Yustinyan Afina akademiyasının fəaliyyətini qadağan
edir və bu akademiya da Sasanilər şəhəri Gündəşapura
köçür. Bu regionun başqa
şəhərlərində də buna oxşar elmi məktəblər
fəaliyyət göstərir. Beləliklə, V əsrdən
başlayaraq
bugünkü müsəlman
coğrafiyasında yunan elmi ənənələrinin möhkəm bünövrəsi
qoyulur. Buna paralel olaraq elə həmin dövrdə
Bizans və Hind mədəniyyətlərinin yayılması
prosesi də baş verir. Bununla bərabər “yerli” ənənəvi
intellektual mədəniyyətin (islamdan əvvəlki ərəb
idrakı dəyərləri, zərdüştlük və
s.) inkişafı prosesi də müşahidə olunur.
Nəticədə VIII əsrdən başlayaraq müsəlman
elmi ənənəsinin intensiv formalaşması prosesi
başlayır. Müsəlman aləmi özgünlüyünü
saxlayaraq tədricən dünya elminin mərkəzinə
çevrilir. Bir çox xəlifələr hədiyyə
olaraq ləl-cəvahir deyil, məhz kitab qəbul edirdilər.
Kitab kultu cəmiyyətin yeni idealı, and yeri olur. Təsadüfi
deyildi ki, artıq ilk xəlifələr messenat olur,
“müdriklik evləri”, şəxsi kitabxanalar yaradır və
alimləri öz ətrafına cəlb edirlər. İnsanın ictimai vəziyyəti, şəxsiyyətin
nüfuz və elitaya mənsub olması şəxsi bilik
fondunun nə dərəcədə zəngin olması ilə
müəyyənləşdirilir. Bilikli
insan bir növ mədəni örnəyə, nümunə
götürmək üçün etalona çevrilir. İstər ictimai,
istərsə də şəxsi kitabxanalar Qərbdə yox,
ilk dəfə Şərqdə yaranmışdı.
Müsəlman
elmi ənənəsində obrazlı (humanitar) və məntiqi
(rasional) idrak formaları arasında həmişə dinamik
tarazlıq saxlanılırdı. Rasional və ya
humanitar elmi ənənəyə səmtləşməsindən
asılı ol-mayaraq, müsəlman alimi bu və ya digər dərəcədə
aralıq hadisəsini də əxz etmişdir. Alim həm də şair idi və tərsinə.
Alimin elmi maraqlar spektri bəzən onlarla elmi əhatə
edirdi: riyaziyyat, fizika, astronomiya,
məntiq, fəlsəfə, təbabət, poetika, musiqi və
şeir yazmaq nəzəriyyəsi, qrammatika, teologiya, əlkimya
və s. İslam dünyasında elmin və alimin
özgürlüyü baza prinsipi bu idi. Humanitar
alimlərin marginallığı bundan ibarət idi ki, onlar hər
bir halda rasional təfəkkürə öz münasibətlərini
müəyyənləşdirməyə məcbur idilər.
Alimliyin və
ya elmiliyin Qərb modelində adətən poetiklik ilə məntiqliyin eyni
zamanda bir adama xas olmasını istisna edirdi bu səbəbdən
də “fiziklər və liriklər” bölgüsü
mövcud idi.
Qərb universtlərində tələbənin
hazırlığı üçün kollektiv məsuliyyət
daşıyan alimlər korporasiyasına, təkmilləşmiş
ierarxiyaya malik orta əsr Avropa universitet olduğu halda, müsəlman
universitetlərinə ümumkorporativ cavabdehlik xas deyildi.
Müəllim
və alim arxetipi
Müsəlman
dünyasında
müəllim şagird (mürşüd
-mürüd) münasibətləri
nüfuz, təqlid, isnad və başqa prinsiplər əsasında
fəaliyyət göstərirdi. Müəllim şəxsiyyəti
ilə canlı ünsiyyət bu tərbiyə sistemində əsas
amil idi.Bir çox alimlər (V. Sementsov) hesab edirlər ki, ənənəvi
Şərq tərbiyə sistemində şagirdlə müəllim
arasındakı canlı ünsiyyət Şərq mədəniyyəti
üçün fundamental əhəmiyyət kəsb edir.
Müsəlman
alimliyi kitab
mədəniyyəti mühitində
formalaşırdı. Savad və
ensiklopedizm kultu həm də müsəlman elmi ənənəsi
özgünlüyünü səciyyələndirir.
Özgür alim şəxsiyyət tipi
formalaşmışdı: alimdən, hər şeydən əvvəl,
qədimdən qalan sərvətlərə və dinin
normalarına bələd olmaq, müstəsna təxəyyül
və hafizə, obrazlı və assosiativ təfəkkür tələb
olunurdu.
Öz müəlliminin yaradıcı surətdə hər
şeydə təqlid edərək onun həyatı ilə
yaşayan zaman, gələcək alim kimi şagirddə tədricən
müəlliminin “örnəyi” (arxetipi) formalaşır. Müəllimi
ilə birlikdə şagird yaradıcılığın sirlərinə
yiyələnir, lakin bu zaman o, yaradıcılığın
hansısa universal bir modelini deyil, öz müəlliminin
özgün, orijinal yaradıcılıq laboratoriyasını
dərk edir. Bəhmənyar maraqlı fikir söyləmişdir:
“Əqli elmləri dərk edərək onların
daşıyıcılarının keyfiyyətlərini mənimsəməyənlər
elmlərin mahiyyətindən məlumatsız olaraq
qalırlar, bağda yazın nişanələri
göründüyü kimi, alimin hərəkətlərindən
də onun müəllimlərinin müdrikliyi özünü
göstərir”.
Nobel
mükafatına layiq görülmüş pakistanlı fizik
Əbdüs Səlam “İdeallar və gerçəkliklər”
kitabında yazır: “Orta əsrlərdə
elmin ağırlıq mərkəzi İslam dünyasında
idi... Quranın yeddi yüz əlli ayəsi -təxminən
səkkizdə biri inananları təbiəti
araşdırmağa, həqiqət axtarışında
ağıllarını ən yaxşı şəkildə
istifadə etməyə, bilik əldə etməni və elmi
düşüncəni ictimai həyatın bir parçası
halına gətirməyə sövq edir”.
Belə tədris metodunun uğuru ilə bərabər
qüsuru da var idi. İslam alimləri bu qüsuru
görmüş və tənqid etmişlər. Misal
üçün, Əl-Məarri korkoranə nüfuz sahibinə
inanan tədris metodunu , qədim örnəkləri
qeyri-yaradıcı tərzdə təqlid edən ənənəvi
alimliyi kəskin tənqid etmişdi.
İslam
elm və təhsilin əsaslandığı prinsiplər: nüfuz, təqlid,
isnad, müxtəliflik prinsipi, canlı ünsiyyət, məhsuldar
mükalimə (seminar).
Maraqlıdır ki, müsəlman alim hazırlama
sistemində də şəxsi amil aparıcıdır. Alimi obyektivləşdirilmiş
intellektual mühit deyil (şəxsizləşdirilmiş mətnlər
və ya alimlərin korporasiyaları), tələbənin bilavasitə
müəllimlə ünsiyyəti formalaşdırır. Tələbəyə təkcə müəllimin
ona verdiyi obyektivləşdirilmiş bilik fondu deyil, həm də
müəllimin həyat tərzi, düşüncə
üslubu və xüsusilə onun şəxsiyyəti təsir
göstərir.
Müsəlman
şəxsiyyət tərbiyəsi sistemində təhsil
metodunun xüsusi bir müxtəliflik prinsipi işləyirdi. Tədris üsullarının fəlsəfi dərkindən
bəhs edərkən İbn Xəldun göstərirdi ki, ənənəvi
müsəlman tərbiyəsi elmilik xüsusiyyətlərindən
məhrumdur, çünki o, vahid şəklə
salınmamışdır.
İbn Xəldun yazır ki, “bilik öyrənmək
sənətdir ki, tədris üsulları arasındakı
mövcud fərqlər də buna şəhadət edir.
Hər bir məşhur müəllimin özünün tədris
üsulu və əvvəlcədən müəyyən
edilmiş tədris qaydası vardır: bu, ümumiyyətlə,
bütün sənət növlərinə xas olan cəhət,
məhz onu göstərir ki, belə tədris üsulu elmə
aid deyil, zira, əgər o, elmə aid olsa idi, onla-rın
hamısı üçün vahid olardı. Sən elmin hər
bir sahəsinin tədrisi üsullarında fərqlərə
rast gələ bilərsən və bu onu göstərir ki, hər
üsul bir sənətdir: axı elm vahid və ziddiyyətsizdir”.
İslam dünyasında alimlərə hörmət
böyük idi və bu İslam mədəniyyətindən gəlirdi. “Alimlər bu
dünyanın işığı, axirətin nurudur” paradiqma
səviyyəsinə qalxmışdır. Padşahlar,
şahlar, sərkərdər zaman-zaman alimləri ziyarət
edir və bu hadisələr geniş yayılırdi və nəticədə
gənc nəslin elm dalınca getmələrini
stimullaşdırırdı. Tarixdən məlum
olan bir neçə hadisəni yada salaq.
Əbu
Reyhan əl Biruni
Əbu Reyhan Biruni ömrünün son saatlarını
yaşayanda bir tələbəsi onu ziyarət edir. Tələbə onu
salamlayanda səsindən tanıyır və deyir: - Sən
filankəs deyilsən? Tələbə: - Bəli, - deyir. “Mənə deyilənə görə sən
İslamın miras hüququnda dolaşıq bir məsələnin
cavabını tapmısan, belədirmi? Tələbə:
“Ya Əbu Reyhan, indi sağlamlıq haqda düşünmək...”. Əbu Reyhan onun sözünü kəsir:
“Bunu bilmədən ölməkdənsə, bilib ölmək
daha xeyirli deyilmi, səncə?”
Zünnun
əl Misri
Sufiliyi, vəlayəti
( mürşid -mürid bağlarını) və sufi vəllərini
orda-burda inkar edən bir dəliqanlı gənci ədəbə
dəvət etmək üçün böyük ustad
Zünnun əl Misrinin (796 -859) yanına gətirirlər. Moizələrində uca Yaradanı “insan
oğlunun Tək və Mütləq Dostu, Sevgilisi”
adlandıran bu sufi ustadı barmağındakı qiymətli
daşa malik üzüyünü çıxarıb, həmin
gəncə uzadır və deyir: - Bunu adi bazara (I bazar)
aparıb, bir altun sikkəyə sat.
Bazarda heç kəs bu üzüyə heç
gümüş sikkə də vermədi. Çarəsiz
gənc Zünnunun yanına qayıdıb durumu ona söyləyir.
Bu səfər Zünnun ona deyir ki, üzüyü
mücəvhərlər (II bazar) satılan bazara çıxarsın.
Qızıl-zinət əşyaları
satılan bazarın sərrafları min altun sikkə təklif
edirlər. Eyni mala iki müxtəlif bazarda fərqli qiymətlərin
qoyulması təcrübəsi gənci
çaşdırır. Gənc böyük
sufinin yanına qayıdır və olanları
danışır. Zünnun ona belə deyir: - Sufiliyin və
o yolu tutub gedənlərin dəyəri ondan anlayanlara
yaxşı bəllidir. Arif olmayanların
aşağalaması ilə onlardan heç nə əskilməz.
Sənin onlara verdiyin dəyər isə elminin və
idrakının dayazlığından qaynaqlanır. Elə buna görə də o qara bazarda bu nadir
üzüyə verilən qiymətdən zərrəcə fərqlənmir.
Çingiz
xan
Çingiz xan Buxaranı fəth edəndə
atını şah sarayının pilləkəninə
sürür.
Bütün bəylər, zadəganlar, tacirlər
gəlib səmənd atın ayağından öpürlər.
Əllərini qurşağına qoyan 5-6 nəfər
isə başları ilə fatehi salamlayırlar və gəlib
atın ayağından öpmürlər. Çingiz xan
soruşur: “Bəs onlar niyə gəlib atı öpmədilər?”
Cavab verirlər ki, onlar da olar - alimlərdir.
Əmir
Teymurun vəsiyyəti
İslam mədəniyyətində alimin və müəllimin
nüfuzu çox böyük idi. Bir çox padşahlar,
sultanlar zaman-zaman nüfuzlu alimləri ziyarət ediblər.
Bu insanlar dünyasını dəyişəndə,
həyatlarının son anlarında da, vəsiyyətlərində
də alimi yada salıblar. Əmir Teymur
dünyasını dəyişəndə vəsiyyət edir
ki, məni Seyid Bərkənin ayaq tərəfində basdırın...
Müsəlman rasionalist fikrinin görkəmli nümayəndələri
İbn Sina, Fərabi, Biruni, Tusi və digərləri dünya
təbiətşünaslıq və fəlsəfi biliklər
sisteminin inkişafına əhəmiyyətli dərəcədə
təsir göstərmişlər.
Əl-Qəzali
hesab edirdi ki, həqiqət meyarı haqda məsələdə
“ürəkdə inam” kimi başa düşülən din
mövqeyində durmaq lazımdır və “biliyin həqiqiliyi”
meyarı din əsl bilik, hər bir əsl bilik isə dindir.
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2015.- 6 iyun.- S.27
(Ardı var)