Ağayın "Qara Fatma"sı

 

 

 

Qönçə Almaz Ağay (Gonca Elmas Akay) bir neçə ay bundan əvvəl Bakıya gəlmişdi. Atatürk Mərkəzindəki görüşümüzdə bütün aydınlığı ilə hiss etdim ki, Qönçə xanım yeni nəsil Türkiyə (ümumən türk) ədəbiyyatının ən intellektual, geniş dünyagörüşlü, vətənpərvər nümayəndələrindən biridir. Və bu təbii, gülərüz, simpatik xanımın vətənpərvərliyi üzdən, yaxud populist deyil, ruhundan, daxilindən, mənsub olduğu millətin özünəməxsus (və tarixi!) mentalitetini qürurla daşımasından irəli gəlir.

 

İstanbulda artıq üçüncü nəşri çıxmış "Qara Fatma" kitabını mənə bağışlayıb dedi ki, bu əsər Mustafa Kamal paşanın məşhur Qara Fatması haqqında ilk romandır, onu çoxlu araşdırmalardan sonra yazmışam.

 

Təəssüf ki, kitabı elə həmin günlərdə oxuyub müəlliflə fikir mübadiləsi edə (əslində, bu dəyərli, istedadla, ilhamla yazılmış romana görə yazıçını təbrik eləyə) bilmədim.

 

Oxudum... Və gördüm ki...

 

Qönçə Almaz Ağay Qurtuluş Savaşının ilk qadın subayı (zabiti) Fatma Səhərin qəhrəmanlıq öyküsünü (hekayəsini) sonsuz məhəbbətlə, dastanlarla müqayisə ediləcək bir bədii keyfiyyətdə qələmə almışdır.

 

Romanın qısa, lakin məzmun- münbərəcəli "Ön söz"ündə müəllif yazır:

 

"Başlarkən əllərim titrədi. Böyük bir qəhrəman haqqında layiqiylə yaza bilmək, onu tarixin tozlu səhifələrindən çıxarıb sizlərlə görüşdürmək asan deyildi. Müharibə illərinin yetərli olmayan arxivi qorxmağıma səbəb olsa da, məni çəkindirmədi. Çünki türk ədəbiyyatı Qurtuluş Savaşında çarpışan qadın zabitin həyatından bəhs edən bir romandan məhrumdu"...

 

Yazıçının bu mütavaze mövqeyinə baxmayaraq roman yalnız türk ədəbiyyatı haqqında danışılan "məhrumiyyət"dən qurtarmaqla qalmır, həm də (və daha çox!) onu gözəl (və təkrarsız) bir əsərlə zənginləşdirir zənnindəyik.

 

Roman Ərzurumun bir kəndində Yusif ağanın ailəsində sonralar bütün Türkiyədə "Qara Fatma" adı ilə tanınacaq, tarixə düşəcək bir qızın doğulmasıyla başlayır. Və bu qızla birlikdə onun acı, məşəqqətli taleyi də doğulur. Anasını erkən itirən Fatma özündən bir neçə yaş kiçik qardaşlarına analıq etmək məcburiyyətində qalır...

 

"...Əvvəllər qorxmuşdu, ancaq kəndin qadınları ona hər şeyi öyrətdi. Atası ağaydı. Üstəlik kənddə çox sevilir və sayılırdı... Fatma Səhər ev işlərini öyrəndikdən sonra heç kimsənin yardımını istəmədi. Çünki işlərin öhdəsindən gəlməzsə, atası evlənə bilərdi. Bir gün atasının qarşısını kəsib "bu evdə əsla bir başqa qadın görmək istəmirəm" deyəndə hələ səkkiz yaşındaydı. Zatən bilirdi ki, atası da anasının üzərinə gül qoxlatmaz"...

 

Gələcəyin Qara Fatması yalnız atasına və qardaşlarına "ana"lıq eləmir, həm də kişi kimi böyüyür... "Səhərlər gün doğmamış qalxar, mal- heyvana baxar, evi təmizlər, yemək bişirərdi. Hər gün meşəyə gedib tək başına dolaşmaq, bəzən içindəkiləri hayqırmaq və güllə atmağı öyrənmək ona böyük zövq verirdi. O, kəndin digər qadınları kimi toplaşıb dedi- qodu eləməkdən həzz almırdı".

 

Fatma Səhər gələcək həyat yoldaşı minbaşı Ezdeşinlə də məhz meşədə tanış olur. Və çox keçmir ki, onlar adət- ənənə ilə evlənir, ailə qururlar.

 

Ancaq bu, adi ailə deyildi. İstiqlal Mücadiləsi dövrünün döyüşçü ailəsi idi.

 

Ezdeşin minbaşı cəbhəyə gedir. Fatma da "heç qadın əsgər yoxdur. "Niyə ki?" deyə özü özündən soruşdu. Mən əsgər olsam, fənamı olardı?" düşünüb Ezdeşin ardınca Türkiyənin (və hər bir türkün) alnına yazılmış müharibəyə atılır.

 

Kəndlərindəki, eləcə də qonşu kəndlərdəki dul qadınları toplayıb yaralı əsgərlərə qulluq etmək üçün bir komanda yaradıb cəbhəyə yollanır. Çox keçmir ki, bu kiçik komanda tədricən böyüyür...

 

"Qadınların komandanı Fatma Səhər idi. Yüzlərcə qadını tək- tək tanımışdı. Kim yaxşı tikiş tikər? Kim azacıq ərzaqdan artımlı yemək bişirər? Kim yaranı müalicə edər? Hamısının məziyyətlərini ayrı- ayrı öyrənmişdi".

 

Fatma Səhərin sevgili əri minbaşı Ezdeşin Sarıqamışda - Allahuəkbər dağlarının ətəklərində ruslarla döyüşərkən həlak olur. Qadın əsgər həm igid ərinin, həm də Vətənin qisasını alacağına and içir...

 

"Nə qədər kafirin ürəyinə neçə güllə sıxmışdı? Heç saymamışdı. İçindəki nifrət hər keçən gün daha da böyüyürdü. Düşmən öz zibilliyinə dönənə qədər onların kabusu olmaq qərarında idi".

 

Fatma savadsız da olsa, artıq kifayət qədər böyük bir həyat- mübarizə məktəbi keçmişdi. Ona görə də anlayır ki, vətənin ağır günündə ona layiqincə xidmət etmək, düşdüyü acınacaqlı vəziyyətdən qurtarmaq üçün təkbaşına, yaxud beş- on nəfəri bir yerə yığmaqla mücadilə aparmaq faydasızdır. Odur ki, İstanbula getməyi qərara alır...

 

"Fatma Səhəri İstanbula sürükləyən səbəb Mustafa Kamal Paşaya heyranlığı ilə yanaşı, dövlətin aldığı qərarları yaxından izləməkdi.

 

Bütün ümidi aydın görüşlü olduğuna inandığı Paşayla görüşüb, dövlət tərəfindən rəsmən vəzifə almaqdı".

 

Paşanın Sivasda konqress keçirəcəyini öyrəndikdə özünü oraya çatdırır, bütün çətinliklərə baxmayaraq onunla görüşüb söhbət edir... Və Paşanın məktubu ilə İstanbula qayıdır.

 

Onu erməni, yunan qaçaq- quldurları ilə mübarizə aparmaq üçün kiçik bir dəstə ilə gizlicə İzmitə göndərirlər. Oğlu Seyfəddinlə qızı kiçik Fatmanı da özüylə aparır.

 

İzmit kəndlərinin düşmən əlində əsir- yesir qalmış əhalisi ilk günlər Fatma Səhərin onları müdafiə edə biləcəyinə inanmır, yaxud onu da növbəti qaçaq- quldur dəstəsinin başçısı hesab edirlər... Lakin tez bir zamanda onun və get- gedə güclənən komandasının nə qədər mübariz, düşməndən qorxmayan və vətənpərvər olduğunu görüb ürəklənirlər. "Mən Mustafa Kamalın Qara Fatmasıyam. Söhbət Vətəndən gedirsə, qalanı təfərrüatdır" - deyə düşünən Fatma komandan ordu rəhbərliyində də cəsur döyüşçü kimi böyük nüfuz qazanır.

 

Və ona uniforma - hərbi geyim verilir...

 

"Qərargaha gələrkən hiss etdikləri başqa birinə aiddi sanki. Atının qulağına əyildi.

 

- Artıq Fatma Çavuşu daşıyırsan, Ceyranım. Məsuliyyətin böyükdür - dedi..."

 

"Biz türk doğulduq. Türk kimi də ölməliyik. Qanımıza başqa qan qarışmamalıdır" deyə düşünən (və bu sözləri apardığı mücadilənin şüarı edən) Qara Fatma Ankarada Gül bayramında Mustafa Kamal Paşa ilə yenidən görüşür, Paşanın da müşahidə etdiyi güllə atmaq yarışında qalib gəlir... Və onun dilindən "Müvəffəqiyyətlərinin davamını diləyirəm, Fatma Teğmen!" təbrikini eşidir.

 

Milli mücadilə bitir. Qara Fatma üsteğmen rütbəsiylə istefaya buraxılır. Ona xidmətlərinə görə təqaüd kəssələr də, bundan imtina edir... Və komandandan xahiş eləyir ki, ona ayrılmış təqaüd Qızıl Ayın hesabına keçirilsin.

 

 Müharibədən sonrakı həyat artıq istefada olan Fatma Üsteğmen üçün "bomboş və qayəsiz idi". Ərini, qardaşlarını, oğlanlarını Milli Mücadilə cəbhələrində itirmiş qadın kantuziyalı, bir əlinin barmaqlarını itirmiş qızı ilə əvvəl Ərzuruma - ata yurdunu ziyarətə gedir. Oradan da Sarıqamışa - Allahuəkbər dağının ətəklərinə gedib ərinin məzarını ziyarət eləyir... Nəhayət, həmişəlik yaşamaq üçün İstanbula gəlir.

 

 Kiçik Fatma utandığından məktəbə getmək istəmir, şoka düşür, dili tutulur və təsadüfən tapıb qaldıqları evdə anlaqsız vəziyyətdə yanğın törədir. Onu anasından zorla ayırıb ruhi xəstəxanaya aparırlar. Qara Fatma küçələrə düşür, qızına qovuşmaq üçün yollar axtarır.

 

Nəhayət, qızını qaçırıb İstanbul yaxınlığındakı bir kəndə sığınırlar. Kəndin ağası Qara Fatmanı yaxşı qarşılayıb ona öz evində xidmətçilik işi verir.

 

Özünə gəlmiş, dili açılmış kiçik Fatma kənddə yaşayan Qadir adlı bir oğlana ərə gedir. Və onlar körpə oğulları ilə birlikdə İstanbula köçürlər ki, işləyib özlərini saxlaya, normal həyat qura bilsinlər.

 

Ancaq Qara Fatmanı (və onun qızı ilə kürəkənini) gözləyən faciələr, iztirablar hələ qabaqda imiş...

 

Kiçik Fatmanın "rəfiqə"si olan, son yaşadıqları kənddə dostlaşdıqları Kəzban İstanbula gəlir. Dolanmaq üçün küçələri dolaşan bu yaraşıqlı qız "qadın alverçiləri"nin əlinə keçir. Onlardan qaçıb qurtulmaq məqsədilə Qadirlə Fatmanın evində gizlənmək istəyən Kəzbanın arxasınca gələn silahlı adamlar müqavimət göstərən Qadiri öldürür, Kəzbanı aparırlar. Müharibədən qalmış xroniki şejofreniyası olan kiçik Fatmanın yenidən dili tutulur. Və onu xəstəxanaya götürürlər.

 

Teleqraf alan Qara Fatma İstanbula gəlməli olur... Təsadüfən "qadın alverçiləri"nin (və kürəkəninin qatillərinin) izinə düşür. Cəbhədə qazandığı təcrübə ona kömək edir ki, intiqamını layiqincə alsın...

 

Körpə nəvələri Hüseyn Ezdeşin və Safiyə ilə İstanbulda ev- eşiksiz, pul- parasız qalan Qara Fatma Tamara adlı xeyirxah bir xanımın bələdçiliyi ilə Qalatadakı Rus Monastrına sığınmalı olur.

 

Milli Mücadilə qəhrəmanının Monastrda olduğunu öyrənən "Yeddi gün" qəzeti ondan müsahibə almaq qərarına gəlir. Qara Fatma əvvəl etiraz edir. Sonra isə ürəyinə illər boyu yığılmış dərdlərini açıb tökür...

 

" - Neçə yaşındasınız?

 

- Bilmirəm... Əlli, əlli beş, bəlkə də daha çox.

 

- Dolanışığınızı necə təmin edirsiniz?

 

- Bəzən qonşular yeməklərinin artığını atmayıb mənə gətirirlər. Bəzən də nəvələrimin əlindən tutub küçəyə çıxıram. Onların nəvələrim olduğunu söyləmədən "Bu yetimlər acdır! Allah xatirinə kömək edin!" deyirəm. Verilən üç- beş quruşla çörək alırıq. Qızım neçə illərdir ki əsəb xəstəxanasındadır. Bilmirəm nə edir. Pul olmadığına görə gedib görə bilmirəm. Uşaqlar məktəbə getməlidirlər. İstəyirəm oxusunlar, böyük adam olsunlar. Yenə də pulsuzluq qarşımı kəsir.

 

Ağladıqca ağladı..."

 

Müsahibə dərc olunandan sonra Qara Fatma ilə, onun layiq olduğu səviyyədə olmasa da, maraqlanmağa başlayırlar. Nəvələrini hökumət himayəyə alır. Özü isə tamamilə əldən düşdüyündən Monastrdan xəstəxanaya köçürülür.

 

Tamara dövlətin ona "həyatda olduğu müddət ərzində" alacağı təqaüd kəsdiyi xəbərini çatdırmaq üçün xəstəxanaya gələndə artıq Qara Fatma həyatda yox idi. "Qara ölüm" Qara Fatmanı vətən uğrunda itirdiyi doğmalarına qovuşdurmuşdu.

 

Qönçə Almaz Ağayın bir yazıçı olaraq romandakı ən böyük ustalıqlarından biri (bəlkə də birincisi) öz qəhrəmanının - Qara Fatmanın həyat hekayəsilə Türkiyənin mücadilə tarixinin (və taleyinin) bir vəhdət, bütöv halında, bir- birindən ayırmadan təqdim etməsidir. Və tarix düşüncəsi romanda o qədər güclü, o qədər əyanidir ki, yalnız "Qara Fatma" oxumaqla Milli Mücadilə tarixinin necə başladığını, hansı yollardan keçdiyini və necə sona çatdığını təfsilatı ilə öyrənmək mümkündür desəm, düşünürəm ki, səhv etmərəm. Müəllif bəzən "soyuq" xronikalar verməklə, bəzən ictimai- siyasi proseslərin təfsilatına varmaqla, bəzən də tarixə münasibətdə fəlsəfi ümumiləşdirmələr aparmaqla romanın daxildən tarixiliyini təmin edir, bununla belə əsərin bədiiliyini arxa plana keçirmir...

 

"Çəkilən bütün acılar, yoxluqlar, ölümlər öz vətənlərində haqları olduğu özgürlük üçün idi. Belə bir qətliam və işğala boyun əyəcək bir millətmi idi türk milləti? Babalarının ərməğan etdikləri əsl qanı kirlədəcək bir güc varmıydı dünyada? Qaniçən dövlətlərin kədərli sonlarına tarix dəfələrlə şahidlik etməmişdimi? Tarix hər cür zülmə bütünlüklə qarşı çıxaraq düşmənə həddini bildirən türk dövlətinə zamanların ən böyük şahidliyini edirdi. Zalımların kədərli sonu yaxınlaşırdı. Aylarca çırpışdılar. Güclərinin tükəndiyini hiss etdikləri anda aldıqları bir zəfər xəbəriylə təkrar ayağa qalxır ya da bir şəhərin məğlub olduğu xəbəri gələndə mücadilə üçün daha çox hərəkətlənirdilər. Hər iki vəziyyətdə çiyin- çiyinə, birlik- bərabərliklə döyüşürdülər..."

 

Romanda keçmişləri xatırlamalar (bu, əsasən, əsərin qəhrəmanına aiddir) yalnız mühüm yer tutmur, həm də mətnin bədii keyfiyyətinin yüksəlməsinə xidmət edir. Qara Fatma tez- tez, xüsusilə çətin vəziyyətlərə düşəndə uşaqlıq dövrünü. Atasını, anasını, ərini, qardaşlarını, oğullarını xatırlayır və bu zaman onları, artıq həyatda olmasalar da, canlı kimi təsəvvür edir, doğmalarından mənəvi- ruhi güc, enerji alır, daha böyük inamla döyüşə, mübarizəyə, mücadiləyə atılır, yaxud mütəəssir olur.

 

Və həmin xatırlamalar romanın bədii strukturunu kompaktlaşdıran, birikdirən, ona xüsusi emosional ritm- intonasiya verən poetik manevrə çevrilir...

 

"Kiçik Fatma özünü biləli ilk dəfə anasıyla uzun müddətdə bir yerdə olmağın sevincini yaşayırdı. Anası acı- acı inləyəndə yanına qaçır, sarıqlı yerlərini oxşayırdı... Fatma Səhər də Süleymanın doğumunda qışqıran anasının yanına gedib onun acısını bölüşmək istəmiş, ancaq atası onu buraxmamışdı. Heç unutmadığı o gecənin peşimanlığı hər zaman ürəyində daş kimi ağırdı. Kaş gedəydi, kaş ki, ölümündən qabaq anasının üzünü son dəfə görüb öpəydi... Kiçik Fatma onu oxşarkən o gecəni xatırlayıb acı- acı gülümsəyirdi..."

 

Əsərdə "Dədə Qorqud" eposunun dastan təhkiyəsini, poetik sintaksisini xatırladan məqamlar kifayət qədərdir. Məsələn:

 

"Kiçik Fatma gözlərindən sicim kimi yaşlar axarkən, anasının yanına gəldi, qolunun altına girdi. Dağlanan yaraları ipisti dodaqlarıyla bir- bir öpdü. Qızının göz yaşları yanıqların üzərinə axarkən onun saçlarını oxşadı.

 

"Bunlar əhəmiyyətsiz yaralardı, göz bəbəyim. Ocağı qalayarkən yandırdım. Heç ağrımadı, sən üzülmə".

 

Anasına sarıldı kiçik Fatma. O bilirdi ki, anası uzun zamandır heç ocaq qalamamışdı"...

 

Yaxud:

 

"Kəndlinin könül razılığıyla verdiyi, halal etdiyi bir loxma çörək yemək varkən, çalıb- çaparaq qursağına haram loxma soxmaq insanlıqdan sayılırmı? Əl qədər körpənin ruzisini oğurlarkən ürəyiniz yanmadımı heç? Torpağıma göz qoyan kafir bir yana, öz qanımdan olan adamların bunu etməsini heç həzm edə bilmərəm..."

 

Romanın dil- üslub texnologiyalarını mükəmməlləşdirən göstəricilərdən biri də onun zəngin (və təravətli!) frazeologiyasıdır:

 

"Nuh demiş, peyğəmbər deməmişdi", "axırdakı süd verən inəkdən fərqimmi var ki, söz haqqım olsun?", "qurbanlıq qoyun kimi başı önündə getdi atasının yanına", "xatirələr gözümün önündə bir- bir rəqs edərkən", "aclıqla boğuşan xalq", "qeyb olub getdi arvadının gecə gözlərində", "süd tökmüş pişik kimi boyun bükərlər", "qurdlar süfrəsinə yem olmalarına icazə verməzdi", "acısıyla, düşüncələriylə boğuşaraq", "tapsam bir qaşıq suda boğacam onu" və s.

 

Və bir daha o fikrimizə qayıdıb təkrar etmək istəyirik ki, Qönçə Almaz Ağay "Qara Fatma"sı ilə türk ədəbiyyatını məzmunlu, təsirli gözəl bir romanla zənginləşdirmişdir.

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2015.- 11 iyun.- S.7.