Ədəbiyyat İnstitutunda Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olunub

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilən “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi” mövzusunda elmi konfrans keçirilib.

 

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim, akademik B.Vahabzadənin həyat və yaradıcılığından söz açıb. Prezident İlham Əliyevin görkəmli şairin 90 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamını B.Vahabzadəyə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsi olduğunu bildirib. Akademik vurğulayıb ki, xalqımız bu söz ustadının xatirəsini əziz tutur və əməyini yüksək qiymətləndirir.

 

Akademik İ.Həbibbəyli qeyd edib ki, görkəmli şair və ədəbiyyatşünas B.Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olub. Onun geniş əhatəli yaradıcılıq yolu, elmipedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli və yaddaqalan səhifələr yazıb. Şanlı tariximizə, doğma torpağımıza, dilimizə, mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza dərin köklərlə bağlı olan B.Vahabzadənin həm də insanları milli ruhda nəfəs almağa səsləyən şair, alim, pedaqoq və vətəndaş olduğu xüsusi vurğulanıb.

 

AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan xalq şairi ictimai xadim, vətəndaş kimi ana dilimizin də fəal təbliğatçısı və qoruyucusu olub.

 

Sonra alimlərin “Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi”, “İstiqlal şairi Bəxtiyar Vahabzadə”, “Bəxtiyar Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi”, “Bəxtiyar Vahabzadə pyeslərinin səhnə təcəssümü” mövzularında məruzələri dinlənilib. Məruzələrdə görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaratdığı obrazlardan, şeirlərindən, Azərbaycan dramaturgiyasına gətirdiyi yeniliklərdən bəhs edilib. Bildirilib ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatının ən görkəmli simalarındandır. Sənətkar əsərlərində insanı daim mənəvi ucalığa səsləyib, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr verib. Onun yaradıcılığında azadlıq, istiqlaliyyət, vətənpərvərlik ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır. İstedadlı və vətənpərvər şair saf əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb.

 

Digər çıxış edənlər də B.Vahabzadənin 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tariximüasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifi olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, B.Vahabzadənin yaradıcılığı vətənlə, xalqımızın həyat tərzi, mədəniyyəti, tarixi ilə sıx bağlı olub. Vətənə, Azərbaycan dilinə, onun saflığının qorunmasına, mədəniyyətinə, dövlətçiliyinə sevgi sənətkarın yaradıcılığının ruhunu təşkil edir.

 

Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoslayd, əsərlərindən ibarət sərgi nümayiş olunub.

 

525-ci qəzet.- 2015.- 11 iyun.- S.2.