AVTOPORTRET

 

Çəkib çox sınağa bu dünya məni,

Gözlərim hələ də yollarda qalıb,

Sevmişəm yurdumu, doğma Vətəni,

Şirin arzularım solub, saralıb.

 

Qəlbimi açmışam doğmaya, yada,

Qaranlıq yollarda çıraq tutmuşam.

Nə qədər əzablı yolum olsa da,

Haqqı, ədaləti unutmamışam.

 

Qəlbimin qapısın açıq qoymuşam,

Girib urulayıb kim necə gəldi.

Çoxuna bu yolda örnək olmuşam,

Bilmişəm mənalı ömür gözəldi,

 

Təzə söz əkmişəm neçə ürəkdə,

Halal yol açmışam saf könüllərə,

Gözüm qalmayıbdı güldə, çiçəkdə,

Xoş sədam çatıbdı, uzaq ellərə.

 

Xətrinə dəydiyim adamlar olub,

Heç vaxt çörəyinə toxunmamışam.

Süfrəm kasıb olub, yerim dar olub,

Paxıl kürsüsündə oxunmamışam.

 

Çox vaxt bu dövranla düz gəlməmişəm,

Hərdən mən deyəni deməyib zaman.

Giley deməkdi, mən bilməmişəm,

Ancaq tükənməyib qəlbimdə güman.

 

Ümidlə baxmışam gələn sabaha,

Yayılıb dağlara ahım, amanım,

Qoy Tanrı yazmasın bunu günaha,

Sevgiylə yoğrulub ürəyim, canım.

 

Əl tutmaq əzəldən olubdu peşəm,

Çoxunun dərdini ağlamışam mən,

Ağa , qaraya qara demişəm,

Qəlbimi göylərə bağlamışam mən.

 

Ümidsiz bir dündə yaşamamışam,

Savab qazanmışam əməllərimlə,

Sənət meydanında memar olmuşam,

Qalalar tikmişəm öz əllərimlə.

 

Gözüm olmayıbdı kürsüdə, taxtda,

Halal qazanmışam çörəyi, duzu,

Qənaət etmişəm zamana, vaxta,

Bəs edib bəxtimə yaxılan ruzu.

 

Üzə söyləmişəm dediyim sözü,

Qardaşa, bacıya bir dost olmuşam,

Başda oturtmuşam həmişə düzü,

Mehrimi torpağa, yurda salmışam.

 

Həsrətin çəkmişəm doğma dağların,

Ayrılıq qəlbimdə ah-aman olub,

Bülbülü perikib yaşıl bağların,

Bu nisgil gözümdə çən, duman olub.

 

Tərənnüm etmişəm doğma Vətəni,

Özüm qazanmışam bu adı, sanı.

Tanrım yalvarıram eşit sən məni,

Qürbətdə öldürmə Əziz Musanı.

 

QALIB

 

Qoy deyim o yurdda nəyimiz qalıb:

Bağımız, bağçamız, meşəmiz qalıb,

Arımız, şanımız, şirin balımız,

Külüngümüz qalıb, tişəmiz qalıb.

 

Qalıb o yerlərdə gor yerlərimiz,

Orda cənnət məkan guşəmiz qalıb,

Qalıb ürəyimiz, canımız orda,

Sinədə çatlamış şüşəmiz qalıb,

 

Qalıb yurd yerləri, sərin bulaqlar,

Uca zirvələrdə kirşəmiz qalıb,

Sınıq könlümüzü kim yamayacaq,

Toy-düyünümüz qalıb, nəşəmiz qalıb,

 

Qalıb bənövşələr boynu bükülü,

Hələ çox işimiz yarımçıq qalıb.

Unuda bilmərik Qarabağı biz,

Başımızın tacı Şuşamız qalıb.

 

lll

 

O yerlərdən mən düşəndən aralı,

Ruhum sızlar, yaralıyam, yaralı,

O zamandan dolaşıram havalı,

Görən səsim yaylaqlara çatırmı?!

 

Qeyrətimiz tez düşdü atından,

Bir səda yox, göyün yeddi qatından,

Qan süzülür ürəyimin çatından,

Hay-harayım o dağlara çatırmı?!

 

Dərd ağladır zülüm-zülüm hey məni,

Gözlərimdən necə qovum bu çəni,

Mən canımdan çox sevirəm vətəni,

Ahım-naləm qulaqlara çatırmı?!

 

Neyləyirəm bu taleyi, bu baxtı,

Fələk niyə bəndəsinə kəm baxdı,

Bülbülləri perikibdi vaxtdı,

Nəğmə səsi o bağlara çatırmı?!

 

Yada qalıb o dağlar, o dərələr,

Çoxdan uçub o bəndlər, o bərələr,

Başımıza nələr gəldi, gör nələr,

Ürək yanğım bulaqlara çatırmı?!

 

İRƏVANDA XAL QALMADI

 

İrəvandan gələn gözəl,

Yanaqların bir almadı,

Köçüb gəldi qızlarımız,

İrəvanda xal qalmadı.

 

Hər xalın bir dünya idi,

Düzdürmüşdün yanağına,

İrəvanın küçələri,

Döşənirdi ayağına.

 

Yurd, yuva dara düşəndə,

Yağı qovdu el-obanı.

Xalı sənə çox gördülər,

Küsdürdülər bir ceyranı,

 

İrəvandan gələn gözəl,

Dərd şəllənib kürəyinə,

Gözlərin qəm-kədərlidir,

Xal düşübdü ürəyinə.

 

ADIN ÇƏKİLƏNDƏ

 

Mən sözümün ağasıyam,

Körpü salıram sözünən,

Sözə elə vurulmuşam,

Qadalar allam sözünən.

 

Mənim sözümün canı var,

Hər ürəyə çatır sözüm,

Sözüm heç vaxt yerdə qalmır,

Dilim sussa, dinir gözüm.

 

Sözümdən dönən deyiləm,

Vardır məndə inad, dözüm,

Bircə adın çəkiləndə,

Titrəyir hər kəlməm, sözüm.

 

lll

 

Mən səni görəndə ruhum oynadı,

Sevincdən gözümü göz yaşı tutdu.

Ağlımı başımdan aldı camalın,

Ürəyim o nurlu göz, qaşı tutdu.

 

Dünyanı təzədən sən verdin mənə,

Göylər alqış dedi sevib, sevənə,

Çıxdım çəmənə ki, gül dərəm sənə,

Məni ilk baharın yağışı tutdu,

 

Qəlbimə, könlümə gətirdim səni,

Könlümdə əbədi bitirdim səni,

Heyif ki, baharda itirdim səni,

Məni bir gözəlin qarğışı tutdu.

 

MƏN ALLAH ADAMIYAM

 

Belə nazlı-nazlı baxma,

Ürəyimi oda yaxma,

Məni günaha batırma,

Mən bir Allah adamıyam,

Dərd məni yandırıb yaxar,

Allahımı unudaram,

Əlimdən bir xata çıxar.

 

Baxışların qan-qan deyir,

O gözlərin can istəyir,

Duruşun qurban istəyir,

Mən bir Allah adamıyam,

Gözlərimdən qan-yaş axar,

Allahımı unudaram,

Əlimdən bir xata çıxar.

 

Xoşum gəlir gül, çiçəkdən,

Naz-qəmzəli bir mələkdən,

Ağlım çaşır gözəllikdən,

Mən bir Allah adamıyam,

 

Çəmənin çiçəyi sənsən,

Ömrümün bəzəyi sənsən,

Əzizin ürəyi sənsən,

Mən bir Allah adamıyam,

O gözlər evimi yıxar,

Allahımı unudaram,

Əlimdən bir xata çıxar.

 

ANA

 

Bu vətəndə vətənsizəm,

Yox layla çalanım, ana.

Üstümüzü alıbdı qəm,

Qalıbdı olanım, ana.

 

Xəzan gəlib, talanmışam,

Elə bil ki, yalanmışam,

Od-alova qalanmışam,

qədər qalanım , ana,

 

Fələklər məndən küsdümü?

Görən yoxdu tay tüstümü,

Ölüm kəsdirib üstümü,

Yoxdu saç yolanım, ana.

 

Dərd birdimi açam, deyəm,

Bir kimsəm yox qaçam, deyəm,

Gücüm çatmır dərdi əyəm,

Başına dolanım, ana.

 

 

Əziz MUSA

525-ci qəzet.- 2015.- 12 iyun.- S.7.