Vətən, övladının üzündən öpdü!

 

 

Haqq üçün döyünən böyük ürək var,

Füzuli, Balakən, Şabran, Lerik... var;

Qarabağ ağrılı ən ağır yük var

Vaqif Bəhmənlinin misralarında.

 

Onu haraylayan mahal, el artır,

Hikmət mücrüsündə inci, ləl artır;

Novruz naxışları ilbəil artır

Vaqif Bəhmənlinin misralarında.

 

Çöl-çəmən, gül-çiçək, meyvə görürəm,

Qoca çay, uca dağ, zirvə görürəm.

Babalı, nənəli nəvə görürəm ,

Vaqif Bəhmənlinin misralarında.

 

Sağ ol, Mədəniyyət..., sağ ol ...Turizm!

Sizdə ustadımız çalışır bizim;

Var-sevgi, səxavət, igidlik, əzm...

Vaqif Bəhmənlinin misralarında.

 

Eşidib Ankara, London səsini,

Dincliyə çağırır Yer kürəsini;

Seyr edin təbiət mənzərəsini,

Vaqif Bəhmənlinin misralarında.

 

 

Yaşı təzələnib altmışı ötdü,

Vətən, övladının üzündən öpdü!

Var ata kəlamı, ana öyüdü,

Vaqif Bəhmənlinin misralarında.

 

Qışda da bar verir ümid ağacı,

Sözün şöhrətimi başının tacı?

Gün-şirin xatirə, gün-bəzən acı...

Vaqif Bəhmənlinin misralarında.

 

Boşalan ürəyi daim doludur,

Həmişə həm cavan, həm uludur.

Dünən uğurludur, sabah nurludur,

Vaqif Bəhmənlinin misralarında.

 

12.05.2015

525-ci qəzet.- 2015.- 13 iyun.- S.29.