Simli yaylıq

(hekayə)

 

O vaxtlar uşaq idim. Dünya mənim üçün elə o yaylıq rəngində idi, al-qızılı.

 

Təbərik xalanın oğlu Moskvada oxuyurdu. Yay tətillərində kəndə gələndə bəzi xırda-xuruş alıb gətirib kənd əhlinə altdan-altdan satardı ki, yol pulunu çıxartsın. Ona görə altdan-altdan ki, Sovet vaxtı alver cinayət sayılardı, tələbənin bu işə qurşanması isə ikiqat cinayət olardı, yazığı buna görə ali məktəbdən qova da bilərdilər.

 

Bu dəfə Təbərik xalanın oğlu beş-altı dənə simli yaylıq gətirmişdi. O dövrü yaşayanların yadında olar. Simli yaylıq matax bir şey idi, əsasən qırmızı rəngdə, qızılı milli kapron yaylıqdı. Hər adam o yaylığın vüsalına qovuşa bilməzdi, hər başda, boyunda rast gələ bilməzdin o yaylığa. Moskva kimi yerdən, özü asanlıqla gəlib çıxmırdı, ona görə baha olardı. Birini 12 rubldan satırdı Təbərik arvad. Beş-altı yaylıqdan birini boynunda gəzdirən qız-gəlin kənddə həsəd yeri indiki jarqonla ifadə etsəm, bərkgedən sayılardı.

 

Atam yaylığın birini bibim üçün almışdı. Bibim 18 yaşında bir cuvanəzən idi, yaylıq onun boynunda qırmızının qızılıya qarışığı ilə günəş şöləsi kimi bərq vururdu. Bu mənzərəyə heyranlıqla baxdığımı görən atam çıxardıb anama 12 rubl verdi ki, get o yaylığın birini qızıma al, gətir. Mənim qızım kimin qızından əksikdir ki, qoy, onda da bu yaylıqdan olsun. Uşaq da olsam, atasını itirəndən sonra gənc yaşlarından böyük külfətin yükünü təkbaşına çəkən atam üçün o 12 rublun necə böyük pul olduğunu anlayırdım. Zatən bacısı üçün o 12 rubldan ona görə keçmişdi ki, qız atasızlığını hiss etməsin, qardaşın hər zaman onun yanında olduğunu bilsin. İndi mənim üçün o yaylığın hansı anlamları daşıdığını hiss etməmiş olmazsınız. Təbərik xalagil bizim bağın aşağısında olurdular, anamın yaylığı alıb gətirməsi dəqiqələrin söhbəti oldu.

 

Bir gün sonra atamın qonşu kənddə bir qız uşağı ilə dul qalan böyük bacısı bizə gəldi. Onun gəlişini istəyirdim, çünki bibimi qızını da çox sevərdim, amma hər gəlişləri mənim üçün bir yara olardı. Niyə? Çünki ən sevimli gəlinciyimi, paltarımı götürüb özününkü edə bilərdi. Bunun üçün ona heç kim etiraz eləməzdi, bu səninki deyil deməzdi. Əksinə, məni çəkib kənara qoy, aparsın sonra sənə yenə alarıq - deyərdilər. Bu məntiqsizliyi anlaya bilmirdim, niyə ona heç kim gözün üstə qaşın var məsələsini isbat etmək istəmir. Yalnız ona görə ki, onun atası yoxdur mənim atam onun anasının qardaşıdır?

 

Anlaşıldı yəqin? Getdi sevimli simli yaylığım. Təbərik xala isə yaylıqları artıq satıb qurtarıb, indi mən ən yaxşı halda Təbərik xalanın oğlunun daha bir kursu başa vurmasını gözləməliyəm ki, gələn yay tətilinə gələndə mənə simli yaylıq alıb gətirsin, o da Moskvada satılıb qurtarmamış olsa. Hər halda mənə elə gəlirdi ki, simli yaylıqdan daha Moskvanın özündə qalmayıb.

 

Bir il ərzində heç kim ölmədi, Təbərik xalanın oğlu da sağ-salamat gəldi yay tətilinə, simli yaylıqdan da birini məxsusi mənim üçün gətirdi, atam daha bir 12 rublundan keçib yaylığı mənə aldı. Sadəcə o bir il ərzində mənim nəfəs yollarımda ciddi problem yaranmışdı, astma olmaq təhlükəm vardı. Həkimin müalicələri azacıq vəziyyətimi yaxşılaşdırsa da xəstəlik canımdan bütünlüklə çıxmırdı. Kimsə anama demişdi ki, uşağın ən sevimli bir əşyasını, paltarınımı, oyuncağınımı nəzir deməlisən ki, xəstəlik onu tərk etsin. İşə düşmədik, sənin dilin yansın bu məsləhəti verdiyin yerdə... Yazıq anam da boğulanın saman çöpündən yapışması kimi bu sözdən yapışıb ürəyində mənim nəyimisə nəzir dediyini anladım. Güman ki, siz anladınız.

 

Sevimli yaylığımın evdən çıxarılması kino lenti kimi gözlərim önündədir. Daha öskürmürəm, tam sağalmışam, bir gün anam məni sığallaya-sığallaya başa salmağa başladı ki, simli yaylığı mənim sağalmağım üçün seyidin qızına nəzir deyib, onun aidiyyatı üzrə təhvil verilməsinin vaxtı çatıb. Qonaq otağındakı sandıqçada əziz-xələf saxlanılan yaylıq qatı açılmamış halda ordan çıxarıldı, qapıdan mən görüb ürəyim xarab olmasın deyə, bükülü halda keçirilib aparıldı. Onu bir kənd toylarından birində seyidin qızının başında gördüm. Heç yaraşmırdı da ona, geyimi ilə tam əks mütənasib idi, ümumiyyətlə mənim aləmimdə simli yaylıq seyidin qızı arasında tam bir əks mütənasiblik hökm sürürdü. Onun başında mənim yaylığım ola-ola dönüb mənə baxmasında mənim başımda onun yaylığı olması anlamı vardı.

 

Simli yaylıqdan yenə alındı mənə, hərçənd, hətta seyidin qızında da o yaylıqdan vardısa, mənim üçün ilkin anlamını itirməyə başlamışdı, amma o qız olmayan toya boynuma bağlayıb gedə bilərdim. Toyda bu dəfə bir mən idim, bir Bağdadda kor xəlifə, çünki boynumda simli yaylıq vardı ətrafdakıların həsəd dolu baxışları üstümdə idi, hər halda mənə elə gəlirdi.

 

Birdə isə səs-küy qopdu, kimsə isə axtarırdı, hamı bir-birinə indi başında idi ki, bəlkə oturacaqların altına düşüb-deyə qarışıq sözlər deyirdilər. Bu qarışıqlığın içində Fatma xala mənə yaxınlaşıb yaylığı boynumdan açmağa başladı. - İndicə qızımın başından sürüşüb düşüb, o saat götürüb boynuna bağlamısan ki, guya sənindi? - deyə hikkə ilə yaylığı boynumdan çəkib dönüb getdi. Sarsıntıdan bir yaşla dolduğundan torgözənək görən gözlərimlə sevimli yaylığımı onun qızının başında görüb ayıldım. Ətrafdakılar da mənim kimi çaşqınlıqda idilər deyəsən, hamı mənzərəni görürdü heç kim bir kəlmə demirdi. İçimdən elə bir haykırtı gəlirdi ki, çıxsaydı xanəndənin zənguləsi onun yanında itib batardı, amma çıxarda bilmirdim, boğulmuşdum. Yaylıq umrumda deyildi, təhqir olunmuşdum, camaatın qarşısında kimsə məni oğurluqda ittiham eləmişdi, məni, ərli-arvadlı xalxın uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olan filankəslərin qızını.

 

Evə necə çatdım, əhvalatı nə cür nəql elədim, bilmirəm, o yadımdadır ki, anam qızmış pələngə döndü. Elə bildim anamın toy mağarına yetişməsi ilə Fatma xalanın tikəsi ələ gəlməyəcək, anam onu parçalayacaq.

 

Anam mağara yaxınlaşıb Fatma xalanı tapdı, onu çəkib kənara sakitcə, hətta ehmalca olayı başa saldı, Təbərik xalanı Allah şahidi gətirə biləcəyini dedi və yaylığımı alıb verdi mənə. Bayaq susanların hamısı düşdülər ortaya, xoşavazlıq elədilər ki, bəs, biz dedik, ay Fatma, o uşaq elə şey eləməz, onun atası-anası elə tərbiyə verməz, filan-bəşməkan. İçimdə tüstüləndim, indiki ağlım olsaydı, hamısının üzünə onların necə bir vücud olduqlarını deyərdim, sizin ucbatınızdan uşaqlar tez böyüyüb sizə oxşamağa başlayırlar. Bayaq birinizin səsi çıxmışdı..?

 

Fatma xala nə məndən üzr istədi, nə də anamdan. Hər şey ilk baxışda bu olaydan əvvəl olduğu kimi axara düşdü, amma mənim uşaq dünyam öz zərbəsini aldı. İndi də nə onu, nə də onun yeganə qızını həmin olayın təsirindən qeyri xatırlaya bilmirəm.

 

Həmin yaylığı Sumqayıtdan yay tətilinə bizə gələn xalam qızı gecə yanan çırağın başına tutdu və yaylığın ortasında böyük bir cırıq yarandı od qarsalanmasından. Xalam qızı qonaqdır, pərt olmasın deyə nəinki öz göz yaşlarımı boğdum, həm də yaylığın yandırılması günahını da öz boynuma götürdüm.

 

O vaxtlar uşaq idim. Dünya mənim üçün elə o yaylıq rəngində idi, al-qızılı.

 

İllər keçdi, bir gün mən gəlin göçürdüm. Gələcək baldızım rəhmətə getmiş anasının gələcək gəlini üçün bir vaxtlar sandığına yığıb saxladığı əziz-xələf nə vardısa hamısını mənə verdi: Ola bilər ki, bunların əksəriyyəti çoxdan dəbdən düşüb, sən onları istifadə etməyə bilərsən, amma anam bunları çox sevə-sevə alıb saxlayıb, arzusu sənə vermək idi - deyə böyük bir bağlamanı mənə sarı uzatdı. Bağlamanın lap üstündə al-qızılı, həmin matax simli yaylıqdan vardı. Mən simli yaylığın həsrətini çəkdiyim, qovuşa bilmədiyim uşaqlıq illərimdə hardasa bir ana gəlini olacaq qıza - mənə o yaylığı əzizləyib saxlayırmış.

 

Ramilə QURBANLI

525-ci qəzet.- 2015.- 26 iyun.- S.29