Rənglərə boyanmış ömür

 

İş yerimdə Abdulla müəllimin kitab rəfinə tez-tez baxıram. Onda hər zaman maraqlı kitablar olur. Bir gün yenə onunla söhbətdən sonra kitab şkafına nəzər saldığımda Azərbaycanın Xalq rəssamı Davud Kazımov haqqında nəfis tərtibatda çap olunmuş kitabı gördüm. Götürüb vərəqlədim, bu gözəl insan ustad rəssam yenidən yadıma düşdü. Telefon nömrəsini tapıb həmən dəqiqə əlaqə saxladım. Dəstəyi xanım qaldırdı, Davud müəllimlə danışmaq istədiyimi dedikdə, bir az xəstə olduğunu bildirdi. Mən müsahibə üçün zəng etdiyimi anlatdıqda, görüşümüzü gələn həftəyə saxlamağı məsləhət gördü. Növbəti həftə, vədələşdiyim kimi, Xalq rəssamı Davud Kazımovun evinə getdim, qapı açılanda çox doğma səmimi simaları görüncə özümü sanki doğmalarımın yanında hiss etdim. Beləliklə, söhbətə Davud müəllimin səhhətini soruşmaqla başladım.

 

Davud müəllim eşitdim səhhətiniz bir balaca incidib sizi, indi necəsiz?

 

Sağ ol qızım, indi yaxşıyam. Yaş öz sözünü deyir... (Gülür. O, yaxşıyam desə , hələ üzündən səsindən xəstəliyi tam arxada qoymadığı bəlli olurdu).

 

Davud müəllim, İçərişəhərdə anadan olmusunuz. Bu gün orada yaşamasanız da, yəqin ki, oranı unutmursunuz.

 

1926-cı ildə Bakıda, İçərişəhərdə qulluqçu ailəsində anadan olmuşam. Ailədə dörd uşaq idik. 7 yaşım olanda atam rəhmətə getdi biz əmimin himayəsində böyüdük. Orda mənim ən kövrək uşaqlıq xatirələrim yatır. İçərişəhərə bu gün imkanım olduqca gedirəm. Evimizdə indi dayımın uşaqları yaşayır. İçərişəhər, demək olar ki, Bakının muzeyidir. Dəftərimi götürüb gedir, oraları gəzir, qeydlərimi götürüb dönürəm. İnsan doğma olan məkandan heç bir zaman qopa bilməz. Mən həmçinin.

 

Müəllimləriniz kimlər olub?

 

Mən məktəbdə oxuyarkən Pionerlər evi gedirdim. Şəkil çəkməyə həvəsim vardı. Kiçik yaşlarımdan bu işlə məşğul olmağa başlamışdım. Kamil Xanlarov, Maral Rəhmanzadə mənə dərs deyiblər. 8-ci sinfi bitirəndən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olundum. 1945-ci ildə bu təhsil ocağını bitirdikdən sonra yaxşı oxuduğuma istedadlı tələbə olduğuma görə məni məktəbdə müəllim vəzifəsində saxlayıblar. Beləcə, gənc yaşımdan etibarən dərs deməyə başladım. Sonralar Moskvaya, təhsilimi davam etdirmək üçün getdimsə , maddi durumum buna imkan vermədi, oranı yarımçıq qoyub qayıtmalı oldum. Bakıda İncəsənət Universiteti açıldıqda ali təhsilimi orada bitirdim. həmin vaxtdan da institutda pedaqoji fəaliyyətimi davam etdirirəm.

 

Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi möhürünüzü vurmusunuz. Bu sahəni seçməyiniz necə oldu?

 

Oqtay Sadıqzadə ilə mən yalnız biz ikimiz kitab illüstrasiyası ilə məşğul olurduq. Mən nəşriyyatda işləyirdim. Burada Pioner qəzeti jurnalı nəşr olunurdu. Mənə həmin jurnal üçün qrafik materiallar işləməyi tapşırırdılar. Daha sonra başladım kitab qrafikası işləməyə. Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə, bir sıra dastanlara çəkilmiş rəsmlərim bu qəbildəndir.

 

Davud müəllim, yaxşı rəssam necə olmalıdır sizcə?

 

Birinci növbədə, insanın mədəniyyəti olmalıdır. Mənə görə, mədəniyyəti olmayan insandan heç bir yaxşı nəticə gözləmək olmaz. Gördüyün işə sevgi əzmlə yanaşmaq vacibdir. Rəssamlıq incəsənətin elə sahəsidir ki, zəhmətkeş olmasan, rəssam kimi özünü doğrulda bilməyəcəksən. Xatırlayıram ki, saatlarla oturub emalatxanada işləyirdim. Bəzən mənə sifarişlə verirdilər, onu vaxtından da tez bitirməyi sevirdim. İşləməkdən yorulmurdum.

 

Hansı xarici ölkələrdə sərgiləriniz olub?

 

Bolqariya, Çexoslovakiya, Türkiyə, Almaniya, İspaniya s. ölkələrdə sərgilərim olub. Bizim gənclik dövrümüzdə xarici ölkələrdə sərgilər keçirmək çox çətin idi. Adətən, sərgilər keçmiş SSRİ-nin tərkibinə daxil olan ölkələr içərisində keçirilirdi. Həmin ölkələrin, demək olar ki, çoxunda əsərlərim nümayiş olunub.

 

Portretləriniz çox olub, dost-tanışlarınızdan kimləri çəkmisiniz?

 

Səttar Bəhlulzadəni, Baba Əliyevi, Əbdül Xalıqı çəkmişəm. Bunların hamısı mənim hər gün görüşüb dərdləşdiyimiz dostlarım idilər. Bəzən onlarla sutkanın 20 saatını bir yerdə olurduq.

 

Amma Füzulinin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundzadənin, Səməd Vurğunun da portretlərini işləmişəm.

 

Neftçi Qurbanın portretini isə rəhmətlik Heydər Əliyevin sifarişi ilə çəkmişdim. Bu əsəri çəkməyimin tarixçəsi maraqlı idi. Bir gün Mərkəzi Komitədən mənə tapşırdılar ki, bəs belə bir portret çəkmək lazımdır. Mən portreti deyilən vaxtdan tez işlədim. Sonra görüş keçirildi. Neftçi Qurbanın ailəsi iştirak edirdi. Heydər Əliyev bu portreti onun ailəsinə hədiyyə etmək üçün sifariş vermişdi. Mən şəkli təqdim edəndə o zamanın mədəniyyət naziri Zakir Bağırovdan soruşdu ki, rəssamın pulunu vermisiniz? Mən pul istəmədiyimi bildirdikdə qayıtdı ki, mənim adımdan kim sənə sifariş versə, işlə, amma əsəri təhvil verəndə mütləq pulunu istə, pulsuz əsərini vermə. Sonra onun tapşırığı ilə pulumu verdilər.

 

Əsərlərinizin rəngarəngliyi göz oxşayır. Hansı janrlara üz tutmusunuz?

 

Süjetli tablo, mənzərə, portret, natürmort kimi janrlarda çəkmişəm. Realizm üslubu isə bizim tələbəlik dövrümüzdə çox məşhur idi. O dövrdə bu üslubda çəkən məşhur rəssamlarla canlı ünsiyyətlər mənə bu üslubu daha da sevdirdi.

 

Mən mənzərə şəkilləri çəkməyi çox sevirdim. Yaradıcılığıma da mənzərə şəkilləri çəkməklə başladım.

 

Əsərlərinizdə müxtəlif zəhmət adamları əks olunub. Azərbaycanın bölgələrini gəzməyi özünüz sevirdiniz, yoxsa ezam olunurdunuz?

 

O dövrdə əmək mövzusuna tez-tez müraciət edirdilər. Mərkəzi Komitənin sifarişləri olurdu. Bizi tez-tez bölgələrə ezam edirdilər. Bu mənim özümünçox xoşuma gəlirdi, təmiz havada işləməkdən, bölgələri gəzib insanlarla təmasda olmaqdan zövq alırdım. Azərbaycanı qarış-qarış gəzir, yeni mövzular axtarır, eskiz və etüdlərini yaradıb, daha sonra emalatxanada onların üzərində işləyib tamamlayırdım. Quyu başında, Qızlar bulağı, Pambıq tarlası, Sağıcılar, Yollar, Mahnı, Rəfiqələr və digərləri o zaman çəkdiyim əsərlərdir. Bu tablolarla insan əməyini, insan əli ilə dəyişdirilmiş təbiətin gözəlliyini, hüsnünü əks etdirməyə çalışmışam.

 

Davud müəllim, uzun illərdir pedaqoq kimi fəaliyyət göstərirsiniz. Bugünkü gənclikdə sizin ürəyinizcə olmayan məqamlar hansılardı?

 

İndi əfsuslar olsun ki, hörmət anlayışı bəsitləşib, gənclərin çoxunda bunu, demək olar ki, görmürəm. Əvvəllər küçədə, hətta tanımadığımız, özümüzdən böyüklərlə rastlaşanda hörmət əlaməti kimi salam verərdik. İndi tanıdıqları adamlara belə sayğısız yanaşırlar. Mənim dayımgil bəstəkar Üzeyir Hacıbəylinin yaşadığı binada yaşayırdı. Dayım danışardı ki, biz balaca uşaq olanda Üzeyir bəy hər gün işə gedəndə həyətdə bizə yaxınlaşıb salamlaşar, kimin uşaqları olduğumuzu soruşardı. O dərsə gələndə çantasına uşaqlara yemək üçün bir şey qoyub gələrdi. Dərs başlamazdan öncə kimin ac olduğunu soruşub çantasında gətirdiklərini uşaqlara yedizdirib sonra dərsə başlayardı. Mənə görə, bax bu insanlığa verilən dəyərdi, hörmətdi hansı ki, indi bunları görmək olmur.

 

P.S. Söhbət zamanı Davud müəllimin həyat yoldaşı Tümarə xanım da bizə qoşuldu. Çox səmimiliyi ilə yanaşı, iti yaddaşının olmasına heyran qaldım. Tümarə xanım ali təhsilli memardı. Bir müddət işlədikdən sonra Davud Kazımova kömək olmaq və ailəsinin qayğısına qalmaq üçün işdən ayrıldığını bildirdi. 1952-ci ildə ailə qurublar. O zamandan indiyə kimi həyat yoldaşına bütün həyatı boyu dəstək olub, onun işləməyi üçün evin bütün yükünü üzərinə götürüb. Uşaqların təhsili, tərbiyəsi ilə məşğul olub. Yaradıcılıq elə sahədir ki, gərək ailə, uşaq dərdi çox çəkməyəsən ona görə çalışmışam ki, evdən arxayın olsun ki, gücünü yaradıcılığa sərf eləyə bilsin, deyə, Tümarə xanım qeyd elədi.

 

Gülnar MAYİSQIZI

525-ci qəzet.- 2015.- 7 mart.- S 24